Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Vəkilovun
həbs düşərgəsindən anasına və həyat yoldaşına yazdığı məktublar
Azərbaycan dilinə tərcümə edilib. Bu, sadəcə, həbsdə olan bir
insanın şəxsi duyğuları deyil. Bu, Azərbaycanın ilk hüquq
professorunun həm ictimai mövqeyini və bütövlükdə portret
cizgilərini əks etdirir.
"Axar.az" həmin məktubların ən maraqlı və
ibrətamiz məqamlarını oxuculara çatdırır.
Məktubları oxuduqca onun xarakterik cizgilərini qısaca belə
göstərmək olar: sevgisinə sadiq, ailəyə bağlı insan, daim elmi
düşüncə ilə yaşayan bir alim. Eyni zamanda M.Vəkilovun
düşüncəsindəki təbəddülatlar da özünü aydın şəkildə
göstərməkdədir.
Mustafa ağa Vəkilov həbsə alındığı ilk günlərdə tezliklə azad
olunacağına ümidlər bəsləyir. Həyat yoldaşına yazdığı ilk
məktublarından birində belə deyir:
Həmin gecəni bütün xırdalıqları ilə
xatırlayıram
"Bu günlərdə radio ilə Moskvadan Azərbaycan ədəbiyyatı
ongünlüyü ilə bağlı verilən Azərbaycan musiqisindən ibarət konserti
eşitdim. Bülbül "Koroğlu"dan ariyanı oxuyurdu. Yadıma düşdü ki,
ayrı düşməyimizdən üç gün əvvəl səninlə birlikdə bu operada idik...
Teatrdan evə həmin sərin, xoş gecədə piyada qayıtdıq...
O vaxtdan bəri nə qədər sular axıb. Amma adama elə gəlir ki,
bu, dünən olub - birlikdə keçirdiyimiz həmin gecəni bütün
xırdalıqları ilə açıq-aydın xatırlayıram. Və çox heyfsiləndim ki,
yanımızda kənar adamlar olmadan birlikdə keçirdiyimiz belə axşamlar
az olub.
Görüşənədək. Darıxma. Yanında Çingiz və Nigar var, mənim
ikinci tamamlanmış və düzəlişlər verilmiş kitabım var. Sənin
Mustafan. 28.V.1940-cı il".
Müvəkkillikdən hüquq professorluğuna
Bu günlərdə 115 illiyi qeyd olunan Mustafa Məhəmməd ağa oğlu
Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində anadan olub.
1917-ci ildə Tiflisdə 1-ci oğlanlar gimnaziyasında orta təhsilini
başa vurub, həmin il Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım
üzrə müvəkkil vəzifəsində çalışıb. 1918-ci ildə Azərbaycanın
istiqlalı elan ediləndən sonra Tiflisdə Azərbaycan Cümhuriyyətinin
daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsində çalışıb. Onun
rus, fransız, alman dillərini kamil bilməsi işinin öhdəsindən
uğurla gəlməsinə yardımçı olub.
Qeyd edək ki, M.Vəkilov görkəmli ictimai xadim Məhəmməd ağa
Vəkilovun ailəsində dünyaya gəlib. Atası Azərbaycan Xalq
Cümhuriyyətinin dəftərxana rəisi işləyib. Bibisi Badisəba xanım
Vəkilova maarifpərvər ədib Firudin bəy Köçərlinin həyat yoldaşı
olub.
Mustafa Vəkilov 1919-cu ildə Bakıya gələrək Azərbaycan Xalq
Cümhuriyyətinin xətti ilə xaricə təhsil almağa göndərilib. Fransada
Sorbon Universitetinin hüquq fakültəsinə daxil olub. Azərbaycan
Demokratik Respublikasının rus imperiyası tərəfindən süquta
uğradılması nəticəsində xaricdə təhsil alan əksər tələbələrin
təhsili yarımçıq qalıb, lakin M.Vəkilov öz imkanları hesabına
təhsilini davam etdirməyə müvəffəq olub.
Moskvada işləməkdən imtina
Sonra Azərbaycan Xalq Komissarlar Sovetinin sədri Nəriman
Nərimanovun təşəbbüsü ilə xaricdə təhsil alan tələbələrin təqaüdü
bərpa edilib. M.Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya,
Kremlə gələrək orada MİK-in sədri N.Nərimanovla görüşüb.
N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi
təklif edib. M.Vəkilov bu təklifi qəbul etməyib və 1924-cü ildə
Bakıya qayıdıb. O, Bakıda Konyuktor Bürosunda əvvəlcə katib, sonra
isə rəis vəzifəsində işləyib. 1925-ci ilin mayında M.Vəkilov hakim
kimi Ədliyyə Komissarlığına işə qəbul olunub. 1927-ci ildə Xalq
Ədliyyə Komissarlığında müfəttış-təlimatçı və xüsusilə Mühüm İşlər
üzrə Xalq Məhkəməsində hakim vəzifəsində çalışıb. Eyni zamanda Bakı
və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə
olunub.
1928-ci ildə M.Vəkilov öz xahişi ilə Ədliyyə Komissarlığındakı
işindən azad edilib. Sonralar, əsasən, 1927-ci ildən dərs dediyi
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində pedoqoji və
elmi fəaliyyətlə məşğul olub. AzDETİ təşkil olunduqda ali məktəbdə
öz müəllimlik işinə fasilə verərək, buranın sovet quruculuğu və
hüquq şöbəsinin aspiranturasına daxil olub. 1930-31-ci tədris
ilinin sonlarında aspiranturanı bitirərək (aspiranturasının ilk
buraxılışı) hüquq elmi üzrə dosent dərəcəsi alıb.
Mustafa ağa Vəkilov iki iri elmi əsərin müəllifidir: "İnqilabdan
əvvəlki Azərbaycanda nikah münasibətləri", "Hüquq və əxlaq".
1935-ci ildə isə gənc alim Azərbaycan SSR Konstitusiyası türk
mətninin redaktoru olub. M.Vəkilov eyni zamanda tərcümə və redaktə
işləri ilə məşğul olmuş, 1935-ci ildə professor dərəcəsi alaraq,
pedoqoji fəaliyyətini davam etdirib. Beləliklə o, Azərbaycanın
professor dərəcəsi alan ilk hüquqşünas alimi olub. 1941-ci ilin
yanvarın 25-də XDİK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova
"antisovet-millətçi təşkilatda iştirakına görə" cəzasını islah-əmək
düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Həbsxanadan məktublar
Həbsinin üçüncü ilində həyat yoldaşına göndərdiyi məktubda
yazır:
"Sənin məktubunu aldığım gün həyatımın son ilində ən fərəhli
gün idi. Təkcə anama məktub yazdığım, sənə isə heç nə yazmadığıma
görə inciməyinə heyrətləndim. Səbəbi sadədir. Düşərgədən məktub
alınmasına Bakıda nə cür münasibət göstəriləcəyini bilmədiyimdən
sənə lüzumsuz zərər yetirməkdən çəkindim, hərçənd deməliyəm ki,
burada məhbuslar hətta döyüşən ordudan məktublar alırlar. İndi
sənin məktubundan görürəm ki, Bakı da bu baxımdan istisna deyil,
çünki sən hətta məktub yazmadığıma görə məndən inciyirsən.
Açığını deyim, sənə yaxşı bəlli olmalıdır ki, heç bir
məhrumiyyət mənim mövcud vəziyyətə olan münasibətimi dəyişdirə
bilməz. Xarakterim yamanca dəyişib. Sən məni qaynar, ekspansiv,
həyata can atan, işdə və hər şeydə od-alovlu bir adam kimi
tanıyırdın. İndi isə ləng, yerindən ağır qalxan adam olmuşam, hətta
başım əvvəllər olduğu kimi yaxşı işləmir. 19.IV.1942-ci
il".
Xanımına yazdığı son məktub
Məktubdan artıq ümidsizlik hiss edilməkdədir. Taleyin acı
istehzasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə də, azad olub
Vətənə dönə bilmir. Həyat yoldaşı Müqəddənisə xanıma yazdığı son
məktubunu ürək ağırısı olmadan oxumaq mümkün deyil:
"Əzizim Müqəddənisə!
Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram.
Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün
müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağırılmışdım. Lakin
son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad
ediləcəyəm. Mustafa".
Lakin təəssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da
sürgündə vəfat edir.
Onun Bayıl həbsxanasından yazdığı məktubu da ailəsindən
nigarançılığını əks etdirir:
"Əzizim Müqəddənisə!
Mən Bayıl etap həbsxanasındayam. Yola salınmazdan əvvəl
görüşməyi yamanca istəyirəm. Ola bilsin ki, bizi tezliklə
göndərsinlər. Əgər sənin vaxtın yoxdursa, qoy evdən kimsə görüşə
gəlsin ki, uşaqlarımın və mənim üçün doğma və unudulmaz adamların
taleləri barədə xəbər tuta bilim. Əgər qalıbsa, alt paltarlarımdan
əlinizə keçəndən mənə göndərin. Əllərindən, gözlərindən öpürəm,
mənim yazıq, yeganə sevdiyim, bəxtsiz dostum. Neçə ki,
damarlarımdan qan axır, sənin olan Mustafa Vəkilov . 15.05.39-cu
il.
Məktublarının əksəriyyəti isə anasına ünvanlanıb:
"Əziz anam!
Mənə görə narahat olmayın. Mən sağ-salamatam. Hansı
birinizsə görüşə gəlin. Alça lavaşı və sarımsaq, eləcə də Bayılda
verdiyiniz kostyumun jiletini göndərin. Çox rica edirəm, şokolad
plitkası kimi şeyləri bir də heç vaxt göndərməyin. Bütün
doğmalarımı öpürəm. Fikrim həmişə sizlərin yanındadır. Çalışın,
uşaqlar məni az xatırlasınlar və kürlük etməsinlər. Hamınızı
bərk-bərk qucaqlayır və ayrıca borclu bəxtsiz və əziz dostumun
əllərindən öpürəm. Sizin hamınız üçün qalan, Mustafa.
27 iyun 1939-cu il. Bakının 1 saylı Keşlə həbsxanası".
"Əziz anam!"
"Ayda bir açıqca yazmaq hüququmdan istifadə edirəm.
Sağ-salamatam. Mən sarıdan nigaran qalmayın. Uşaqları yamanca
görmək istəyirəm. Lakin qorxuram, birincisi, onların bu istidə
buraya gəlmələri çətin olsun, sonrası da, bilmirəm onların məni
burada görmələri necə olar? Bu məsələni obyektivcəsinə həll edə
bilmirəm. Qoy Müqəddənisa özü yalnız uşaqların ruhi vəziyyəti üçün
bunun nə dərəcədə məqsədyönlü olması baxımından həll etsin. 150
manatı aldım. Sağ olun. Həbsxanaya yemək gətirərkən yalnız zəruri
şeylərlə: sarımsaq, soğan, alça lavaşı, kolbasa (ucuzundan), suxarı
və sair ilə kifayətlənin. Bahalı şeylər və naharlar göndərməyin.
Səni, atamı, Müqəddənisanı və uşaqları bərk-bərk öpürəm. Yaxşı
oxuduğuna görə Çingizi bir daha öpürəm. Ümidvaram ki, balaca
bacısını incitmir. Mustafa. 23.07.39-cu il. Bakının 1 saylı Keşlə
həbsxanası".
Bu məktubu öz ad günümdə yazıram
"Əziz anam!
Mən artıq sənə yazmışam ki, 1939-cu il dekabrın əvvəlində
Bakıdan yola salınmış bir məktub və bir poçt bağlaması almışam.
Bundan sonra sizdən heç bir xəbər gəlmədi. Nə üçün yazmırsınız?
Doğrudanmı indiyədək Moskvadan mənim işimə dair cavab gəlməyib?
Mənim işim Moskvadan geriyə - Bakıya çatan kimi onun nəticəsinin
necəliyindən - müsbət və ya mənfiliyindən asılı olmayaraq mənə
yazın ki, mən bundan sonra nə etməyi, hara müraciət etməyi bilim.
Ümidvaram ki, hamınız sağ və salamatsınız. Müqəddənisə rayona
ezamiyyətindən qayıtdımı, yoxsa indiyədək onu əvəz edəsi həkim hələ
göndərilməyib?
Bu məktubu öz ad günümdə yazıram, sizə isə ehtimal ki, hardasa
fevralın 10-da, Müqəddənisənin ad günündə çatacaq. Onu təbrik edir
və bərk-bərk öpürəm. Ümidvaram ki, bu, birlikdə keçirmədiyimiz
sonuncu ildir. Moskvada mənim işimə baxılacağına və həqiqətin
yerini alacağına ümidlər məni bir dəqiqə də olsun tərk etmir.
Uşaqlar necədirlər? Çingiz necə oxuyur? Hamınızı bərk-bərk öpürəm,
səadət və can sağlığı arzulayıram. Məktubunuzu gözləyirəm. Bütün
doğmalarıma salamlar. Oğlun Mustafa. 25 yanvar 1940-cı il.
P.S. Göndərdiyiniz pulu Volqaqraddan geriyə tələb et, mənə gəlib
çatmayıb. Bu pulları geri al və mənə göndərmə. Mustafa".
Zindandan ailəsinə təsəlli verir
Mustafa ağanın həyat yoldaşına yazdığı məktubları onun həyata
baxışlarını, ailəsinin gələcəyi ilə bağlı planlarını əks
etdirir.
"Əzizim Müqəddənisə!
Sənin məktubunun tonundan görürəm ki, bu illər ərzində
əsəblərin rahatlıq görməyib, bütün bunlar mənim üçün çox
kədərlidir. Lakin mən nə edə bilərəm? Mən yaxşı başa düşürəm ki,
sənin üçün asan olmayıb. Bir dəqiqə də olsun sənin layiq olmadığın
halda bəxtinə düşən bu ağır taleni unutmuram. Bu hallarda özümə
yalnız bununla təskinlik verirəm ki, bütün bu əhvalatda mən –
küçədə banditlərlə atışmanın getdiyi bir vaxt təsadüfən oradan
keçən və bəxtindən gülləyə tuş gələn yol adamı qədər müqəssirəm.
Bir qədər də döz, mənim əzizim. Özünü ələ al. Müharibə bitər, dünya
qəhvəyi taundan xilas olar, bəşəriyyət rahat nəfəs alar və biz
səninlə hələ nə qədər bəxtəvər illər yaşarıq, əlbəttə, əgər sən
mənə olan münasibətini dəyişməyəcəksənsə. Və ümidvaram ki, bu
münasibət dəyişməyəcək. Çünki etiraf etməliyəm ki, mən daha sən
gördüyün adam deyiləm.
Mən yalnız həmin adamın kölgəsiyəm. Təkcə fiziki baxımdan deyil, ən
pis olan budur ki, fikirlərim və mənəvi həyatım ağlasığmaz dərəcədə
zəifləyib və cılızlaşıb.
Hər şeydə özüm təqsirkaram. Lakin öz təbiətimi bildiyimdən,
ümidsizliyə qapılmıram. Şübhə etmirəm ki, azadlıqda, normal
şəraitdə xırda təmir aparılmaqla, bir neçə aylıq sərbəst həyat
fiziki və əqli baxımdan qüvvələrimi sürətlə bərpa edəcək. Sinqa
xəstəliyinə qarşı iynəyarpaqlı ağacın cövhərini bir həftədir
müntəzəm olaraq içməyə başlamışam və artıq bu həftə ərzində
səhhətimin yaxşılığa doğru xeyli dəyişdiyini hiss edirəm. Düşünürəm
ki, get-gedə daha da yaxşılaşacağam. Bircə tez-tez yazın, bilim ki,
necə yaşayırsınız. Məktublarınız mənə qüvvət verir, bunlar məni
həyata bağlayan tellərdir.
Rica edirəm, belə gerçək vəziyyətin təsvir edildiyi
məktublardan bundan sonra da yaz, hərçənd anamın sənin qanını
tez-tez qaraltdığını oxumaq mənə o qədər də xoş deyil. Lakin bu
məktub ailədəki gerçək vəziyyətə dair məndə heç bir şübhə yeri
qoymadı və məni xeyli sakitləşdirdi. Belə məlum olur ki, atam da
sağ və salamatdır, halbuki buna ümidim az idi. Çingizin ağıllı və
ciddi oğlan kimi böyüdüyünü oxumaq mənim üçün çox xoş
idi...".
Müharibə bitdikdən sonra azad ediləcəyəm...
"Əzizim Müqəddənisə!
Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram.
Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün
müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağrılmışdım. Lakin
son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad
ediləcəyəm. Mənim üçün bu ikiqat fərəhli gün yaxınlaşır. Hər gün
alman banditləri üzərində qələbələrimiz haqqında yeni xəbərlər
gəlir. Bu gün radio qoşunlarımızın Rostovu geri almaları haqqında
fərəhli bir xəbər yaydı. Deməli, əgər sən mənə məktub yazmaqdan
ötrü işdən vaxt tapa bilsən, əlaqələrimiz bundan sonra müntəzəm
şəkil alacaq. Yaxud da heç olmasa, qoy sənin əvəzinə Çingiz
yazsın.
Axı o mənim üçün vaxt tapmalıdır. Dərsləri ki, onun bütün
vaxtını almır. Ailəmə, vərdiş etdiyim namuslu əməyə, faciəli
anlaşılmazlıq nəticəsində qoparılmış olduğum namuslu sovet
adamlarının arasına qayıdışı gözləyə-gözləyə fiziki və mənəvi
baxımdan çox yorulmuşam. Elə dəyişmişəm ki, görüşəndə məni
tanımayacaqsan.
Əmimdən və Badisəba bibimdən rica edirəm (səndən ona görə
istəmirəm ki, dörd baş ailəni saxlamağın çətinliyini anlayıram)
mənə tənbəki bağlaması göndərsinlər və əgər mümkün olarsa, vitamin
və ya şirin bir şey. Əgər əlinizin altında olsa, köhnə
köynəklərimdən - gimnastyorka və köhnə şalvarlarımdan (yamaqlı olsa
da) mənə göndərin. Təzəsini alıb göndərməyiniz lazım deyil.
Görüşənədək. Yatmaq vaxtıdır. Səni, uşaqları, atamı, anamı, əmimi,
bibilərimi və bütün doğmalarımı bərk-bərk öpürəm. Tezliklə azad
ediləcəyimi gözləməklə, səni bir daha ürəyimin başına sıxıram.
Mustafa".