Bakının Nardaran qəsəbəsində iki küçənin yenidən
qurulması ilə bağlı obyektlərin və yaşayış sahələrinin sökülməsinə
görə yaşayış və obyekt sahələrinin sahiblərinə kompensasiya
verilməsinə başlanıb.
Nəqliyyat Nazirliyinin "Azəryolsevis" ASC-nin mətbuat katibliyinin
rəisi Anar Nəcəfli APA-ya açıqlamasında deyib ki, ilkin olaraq hazırda
yenidənqurma işlərinin aparıldığı Abşeron küçəsində obyekt və
yaşayış sahələrinin sahiblərinə kompensasiya verilir.
Abşeron küçəsində
yenidənqurmanın sürətli aparılması üçün layihələndirmə, söküntü və
tikinti işləri paralel aparılır. İlkin siyahıya alınma zamanı bu
küçədə yolun tikintisi altına düşən 96 təsərrüfat qeyd alınıb,
söküntü və tikinti işləri eyni zamanda aparıldığı üçün yekun siyahı
sonda məlum olacaq. Qeydə alınan 96 təsərrüfatdan 21-i yaşayış
evidir. Bu yaşayış evlərindən 7-i ilə bağlı artıq kompensasiya
ödənilib, bu gün də 4 yaşayış evi ilə əlaqədar kompensasiya
veriləcək. Kompensasiyalar ilkin olaraq yaşayış evləri, sonrakı
mərhələdə isə həyət, yardımçı sahələr, hasarlar üçün
veriləcək.
Daşınmaz əmlakın təyinatından asılı olaraq, kompensasiyanın
miqdarı və vəsaitin ayrılması Maliyyə Nazirliyi tərəfindən həyata
keçirilir, "Azəryolsevis" ASC sadəcə, daşınmaz əmlakla bağlı
sənədləri toplayaraq Maliyyə Nazirliyinə təqdim edir. Yaşayış
sahələrinin məxsus olduğu şəxsin adına bankda hesab açılır və
vəsait həmin hesaba köçürülür. Kompensasiyaların miqdarına gəlincə,
daşınmaz əmlakın təyinatından asılı olaraq 1 kv.m üçün 100-400
manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün
1 kv.m üçün 400 manat verilir.
A. Nəcəfli bildirib ki, Abşeron küçəsinin sakinlərinə
kompensasiyaların verilməsi prosesi başa çatandan sonra Nəsrulla
Əsgərov küçəsində yolun tikintisi altına düşən yaşyış və obyekt
sahələrinin sahiblərinə kompensasiya verilməsinə başlanacaq.
Qeyd edək ki, Nardaran qəsəbəsində ilkin olaraq Abşeron və Nəsrulla
Əsgərov küçələrinin yenidən qurulması planlaşdırılır. Yenidən
qurulacaq iki küçənin ümumi uzunluğu 3 kilometrə yaxındır.
Küçələrin biri 18, digəri 14 metr enində genişləndiriləcək. Hazırda
genişləndirilən sahədə olan obyektlərin və yaşayış sahələrinin
sökülməsi işləri aparılır. İşlər tam başa çatandan sonra
genişləndirilmiş küçələr tam müasir görkəm alacaq. Abşeron
küçəsində hər iki istiqamət üzrə 1,25 metr enində, Nəsrulla Əsgərov
küçəsində isə hər iki istiqamət üzrə 1 metr enində səkilərin də
tikilməsi nəzərdə tutulub. Həmçinin işıqlandırma sistemi və yeraltı
kommunikasiya xətləri də yeniləri ilə əvəzlənəcək.