Ana səhifə Toplum |
Ötən il ərzində Azərbaycanda 2 220 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb. Nəticədə 894 nəfər həlak olub, 2 265 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bunu 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.
Onun sözlərinə görə, 2014-cü illə müqayisədə keçən il yol-nəqliyyat hadisələrinin sayı 15,7 faiz, həlak olanların sayı 20,5 faiz, yaralananların sayı isə 15,4 faiz azalıb: "Ölkə üzrə qeydə alınan YNH-lərin 94,5 faizi (2098) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 36,9 faizi (821) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 27,4 faizi (609) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 9,5 faizi (212) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4 faizi (53) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib".
O qeyd edib ki, hadisələrin 41,6 faizini (923) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 673-ü yaralanıb: "Piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində 65 yol-nəqliyyat hadisəsi baş verib".
Ramiz Zeynalov bildirib ki, ötən il ərzində 2,5 milyondan çox yol hərəkəti qayda pozuntusu aşkarlanıb, 4 241 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb:
"Avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı axtarışda olan 40 şəxs və 47 avtomobil saxlanılıb, aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 736 fakt və 71 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına verilib. İl ərzində Baş İdarəyə 196 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 130-u tapılıb".
Tarix
2016.01.16 / 17:27
|
Müəllif
Axar.az
|