Yəqin, bir çoxunuz xarici ulduzların biləyinə qırmızı ip
taxdığını müşahidə etmisiniz. Hətta XXI əsrin əvvəllərində qırmızı
iplər Amerika şou-biznesinin ulduzları arasında böyük populyarlıq
qazanmışdı. Bu dəb Türkiyə və Rusiyaya qədər gedib
çıxmışdı.
Təbii ki, burada hər kəsi bir sual düşündürür: "Böyük var-dövlət
sahibi olan ulduzlar niyə qoluna adi bir qırmızı sap bağlayır? Ən
əsası, bunun mənası nədir?"
Ehtimal olunur ki, bu talisman insanı paxıllıqdan və ətrafdakı
insanların pis gözündən, nəzərdən qoruyur. Qırmızı ipin mənfi
enerjidən, o cümlədən, istənilən zaman qarşılaşa biləcəyimiz
təhlükədən qoruduğu da iddia edilir.
Publika.az-ın "Kokteyl" layihəsi çərçivəsində
qırmızı ipin qeyri-adi qüvvəsi haqqında maraqlı məlumatlardan bəhs
etmişik.
Yəhudi gözmuncuğu (amulet)
Qırmızı ip islama qədərki dövrdə bir neçə xüsusiyyətlərə malik
olub. İsraildə biləyə qırmızı ip bağlamaq, əslində, bir ənənədir.
Bu ölkəyə səyahət edən hər kəs qolunda belə bir iplə qayıdır.
İsraildə inanırlar ki, qırmızı ipdən düzəlmiş qolbaq yəhudilərin
böyük Allahlarından biri Raxilenin rəmzidir. Onun türbəsi də
qırmızı iplərlə dolanıb.
Sağlamlığa nəzarət etməklə yanaşı, şəxsi həyata təsir edən bu güclü
qoruyucu talisman sahibinə müxtəlif sahələrdə uğur və şans gətirir.
Bu ayində iplərin düyünlənmə üsulunun da mühüm detallardan biri
olduğu hesab olunur. Məsələ ondadır ki, ipə yeddi düyün atmaq üçün
siz ruhən özünüzə yaxın olan birini seçməlisiniz. Eləcə də, qırmızı
ipin pulla alınması vacibdir, onu öz əllərinizlə toxumaq və
hazırlamaq olmaz.
Qırmızın ip slavyanlarda
Əslində, bu qoruyucu talismanın tarixi çox qədimdir. Qədim slavyan
inanclarında bilək üçün nəzərdə tutulan qırmızı iplər böyük
əhəmiyyət kəsb edib. Slavyan xalıqının əcdadları keçmişdə onun
böyük şəfaverici gücünə inanıb və qoruyucu iplərdən sehrli qolbaq
əvəzi istifadə ediblər.
Din əleyhinə təbliğat dövründə biləyə bağlanan qırmızı iplər barədə
bəzi stereotiplər yaranmışdı. Məsələn, qırmızı iplər mütləq yundan
olmalı idi. Qırmızı rəngin simvolik xüsusiyyətləri ondan ibarət idi
ki, o, oynaq ağrılarını və çıxıqları sağaldır, artrit xəstəliyinin
ilkin əlamətlərini aradan qaldırır. Sağalandan sonra isə həmin
qırmızı iplər şamla yandırılmalı idi.
Adətən, bu cür qırmızı ipləri uşaqların biləyinə bağlamaq dəbdə
idi. Qısa desək, qırmızı iplər eyni ilə müsəlman dünyasında məşhur
olan gözmuncuğu funksiyasını yerinə yetirir.
Qırmızı ipin bağlanma qaydası haqqında
Zərif yun iplərdən, hətta qanaxmanın dayandırılması üçün də
istifadə olunub. Əslində, qoruyucu talisman olan qırmızı ip həm
vətərləri zədələmədən xilas edir, həm də pis göz və şər qüvvələrdən
qoruyur. Lakin onun gücü təkcə qırmızı rəngdə deyildi. Onun
bağlanma üsulu da böyük rol oynayır. Onlar ənənəvi olaraq, üç dəfə
düyünlənir. Qolbağı taxdıqda bu sehrli sözləri demək lazımdır:
"Tanrı köməyin olsun, müqəddəs güclər pisliyi qovacaq. Amin!"
Üstəlik, onu taxdıqdan sonra çıxarmaq olmaz. Əgər ipin özü
açılarsa, bu, həyatı təhlükənin və ya zərbənin sizdən yan keçdiyini
bildirən xeyirli əlamət hesab olunur. Müəyyən bir müddət qırmızı
ipin itdiyini müşahidə etmisinizsə, deməli, sizi mənfi enerjidən
qorumaq funksiyası layiqincə yerinə yetirilib.
Slavyanlar inanırdı ki, sol biləyə qırmızı ip bağlamaq maddi rifahı
yaxşılaşdırır, sahibinə uğur və şöhrət gətirir. Deyirlər ki, o, qan
dövranını yaxşılaşdırır, baş verə biləcək bütün bəla və müsibəti
insanın üzərindən götürür. Qırmızı iplərin insanın fikir və
qərarlarına təsir göstərə biləcəyi də iddia olunur. Belə iplər
insana öz təfəkkürünü təkmilləşdirməyə, özünü inkişaf etdirməyə və
yeni zirvələrə çatmağa yardım edir.
Digər xalqlarda
Qırmızı iplərin uğur gətirdiyinə dair inanclara hətta alman
rəvayətlərində də rast gəlinir. Məsələn, alman deyimlərində
göstərilir ki, naxoşlayan zaman qola qırmızı sap bağlamaq xəstəliyi
müalicə edir. Qırmızı iplərin müasir dövrə qədər gəlib çatması da
onların bir çox torpaqlarda yayılmasının təsdiqidir. Yeri
gəlmişkən, Şimali Amerikada məskunlaşan qoe hinduları da bu sahədə
örnəkdir. Belə ki, onlar da bir çox xalqlar kimi biləyə bağlanan
qırmızı iplərin ilahi qüvvəyə malik olduğuna inanır, şəfa tapmaq
istəyəndə onların gücünə arxalanır.
Yaxın Şərq mədəniyyətlərində
Əksər Şərq xalqlarında da qırmızı ipdən istifadə olunub. Məsələn,
hind mədəniyyətində qırmızı ip rakxi adlanır və qohumluq
əlaqələrinin güc birliyini ifadə edir. Onun köməyilə istənilən
adamın ürəyini ələ almaq olar.
Kabbala - yəhudi mistikası
Nazik qırmızı iplər kabbala (red: Tanrının mahiyyətini dərk etməyə
və dünyadakı məxluqların, o cümlədən, insanın var olmasının
səbəbini anlamağa çalışan, yəhudiliyə məxsus mistik ənənə,
təlimdir; ibranicə "qəbuletmə, təhvilvermə" deməkdir) – yəhudi
mistikasının ayrılmaz atributdur. Müasir dövrdə qırmızı ip daha çox
insanın mənəvi rahatlıq və sağlamlığını qorumaq məqsədilə
taxılır.
Niyə qırmızı rəng?
Qırmızı rəng Mars planetinin, qanın və həyatın rəngidir. Qırmızı
rəngin inanılmaz xüsusiyyətlərə malik olması bir çox dinlərdə öz
əksini tapıb. Məhz bu rəng bizə təhlükə barədə məlumat verir.
Ezoterizm mütəxəssisləri bildirirlər ki, məhz bu rəng təhlükədən
xilas olmağa kömək edir. Deyilənlərə görə, insan dünya enerjisini
məhz topuq və biləyi vasitəsilə əldə edir. Bu səbəbdən, bu qırmızı
qolbaq insana mənfi axınların nüfuz etməsinin qarşısını alır.
Qırmızı ipi sağa, yoxsa sola taxmaq düzgündür?
Bu gün insanların çoxu qırmızı ipi sol biləyinə taxır. Əlbəttə ki,
bu, prinsipial deyil. Belə ki, ipin sağ və sol biləyə taxılmasının
müxtəlif izahı var. Mənalarından asılı olaraq, onu hansı tərəfə
taxacağınıza siz özünüz qərar verməlisiniz.
Sol bilək üçün
Bir çox dinlərin təlimlərinə əsasən, sol əl adamın bələdçisi rolu
oynayır: sol əl götürür, sağ əl isə verir. Məhz buna görə də, ipi
sol ələ taxmaqla biz sanki neqativ axınların giriş kanalını
bağlamağa çalışırıq. Beləliklə, sol biləyə bağlanan qırmızı ip
nəzərdən, pislikdən və düşmənlərdən müdafiə edir.
Sağ bilək üçün
Bəzi etiqadlara görə, ərsiz qadınlar qırmızı ipi sağ biləyə
bağlanmış taxırlar. Adətən, bu ritualı hind məbədlərinə gedən
qadınlar yerinə yetirir. Onlar məbəddən çıxarkən qollarına qırmızı
ip bağlayır.
Ərli qadın və kişilər isə qırmızı ipi sol qoluna taxır. Bu da
onları bir-birindən fərqləndirən əsas detaldır. Bəzi müdriklər
deyir ki, qırmızı ip var-dövlət gətirir. Xüsusilə də, onu sağ
biləyə taxmaq adama uğur, firavanlıq və pul bəxş edir. Əlbəttə, bu
hələ sübut edilməyib, ancaq şou-biznes ulduzları və bir çox
insanlar buna inanır və öz gündəlik həyatlarında da ondan geniş
istifadə edirlər.