Ötən gün Ağdaş rayonunun Qolqəti kəndində özünü yaşadığı
evin həyətindəki çardaqdan asan 1986-cı il təvəllüdlü Taleh
Allahverdiyevin atası oğlunun intihar etməsinin səbəbindən
danışıb.
ANS-ə açıqlama verən Nizami Allahverdiyev bildirib ki,
oğlunun borca görə özünü öldürməsi barədə yayılan məlumatlar doğru
deyil:
"Belə məlumatlar bilmirəm kimlər tərəfindən, nə üçün yayılır.
Ancaq onu deyə bilərəm ki, oğlumun heç kimə bir manat da olsa borcu
yox idi. Bəzi kütləvi informasiya vasitələri yalandan Talehin külli
miqdarda borc üzündən özünü asdığı barədə məlumatlar dərc ediblər.
Həmin məlumatları yayanların hər biri məhkəmə qarşısında cavab
verəcəklər".
Nizami Allahverdiyev oğlunun
ölümünün dəqiq səbəblərini bilmədiyini dedi: "Bütün ailə hazırda
onun nə üçün intihar etdiyini düşünür. Oğlum istixanada işləyirdi.
İşdən evə gəlib yuyundu və daha sonra küçəyə çıxdı. Küçədən saat 22
radələrində qayıtdı, evə girdi və evdən yenidən çıxıb həyətə düşdü.
O, həyətə düşdükdən bir neçə dəqiqə sonra anası da həyətə düşdü və
Talehin özünü asdığını gördü. Hələlik onun kimlə görüşdüyünü, nə
səbəbdən belə bir addım atdığını araşdırırıq. Ancaq son dəfə evə
girəndə onun kefi yerində idi, bizimlə danışıb-güldü".
Oğlu intihar edən ata oğlunun işsizlikdən intihar etməsinə də
aydınlıq gətirdi:
"Düzdür, Taleh uzun müddətdir işsiz idi. Hazırda Ağdaşda biyan
zavodu tikilir. Oğlum oranın mühafizə xidmətinə rəhbər kimi işə
başlayacaqdı. Ötən gün onun işə təyinatı baş tutacaqdı. Ancaq
təyinatdan bir gün əvvəl Taleh belə bir addım atdı", - deyə ata
əlavə etdi.
N. Allahverdiyev Talehin onun tək oğlu olduğunu da əlavə etdi:
"Ondan mənə iki övlad miras qaldı. Biri 6 yaşlı Mahnur, digəri 4
yaşlı Aliyə. Bütün ömrümü bu körpələrə baxmağa həsr edəcəm".
İntihar hadisəsi ötən gün Ağdaşın Qolqəti kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev
yaşadığı evin həyətindəki çardaqda özünü kəndirlə asıb.
Prokurorluqdan bildirmişdilər ki, ilkin ehtimala əsasən, 30
yaşlı kişinin intihar etməsinə səbəb onun uzun müddət işsiz qalması
ilə bağlıdır.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi
açılıb, araşdırmalar davam etdirilir.
Dünyasını dəyişən Taleh Allahverdiyev Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin Ucar rayon şöbəsinin müdiri Nizami
Allahverdiyevin oğludur.