Ana səhifə Toplum |
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman
Mehdiyev fevralın 6-da Lerik rayonunda ictimaiyyət nümayəndələri
ilə görüşüb.
Fonddan Axar.az-a verilən xəbərə görə, Heydər Əliyev Mərkəzində
keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, müxtəlif
təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak
ediblər.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırov rayonun sosial-iqtisadi inkişafı, icra olunan
çoxsaylı layihələr, aparılan abadlıq-quruculuq işləri, yaradılan
yeni iş yerləri barədə məlumat verib. DSMF sədri E. Mehdiyev
çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ölkədə bazar iqtisadiyyatının tələblərinə uyğun
reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi
konsepsiyası uğurla icra olunur. "Bunun nəticəsidir ki, dünyada
proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş
verdiyi hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar, o
cümlədən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri
vaxtında reallaşdırılır. Təkcə cari ilin yanvar ayında sosial
ödənişlərin artırılması sahəsində Azərbaycan Prezidenti tərəfindən
20-dən çox sərəncam verilib və sərəncamların icrası 1 milyon 800
mindən çox şəxsə şamil olunub. Bu sıradan olan əmək pensiyalarının
artırılması barədə sərəncamların icrasına il ərzində 210 milyon
manatdan artıq vəsait sərf olunacaq", - deyə E. Mehdiyev
bildirib.
E. Mehdiyev əlavə edib ki, ölkəmizdə qurulmuş möhkəm təməlin
ifadəsi kimi regionlarda, xüsusilə kənd yerlərində əhalinin gəlir
əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin
yaradılması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlüyünü
daha da artırıb. Lerik rayonunun hazırkı sosial-iqtisadi mənzərəsi,
aparılan böyük quruculuq işləri, sosial infrastrukturun müasir
əsaslarla tam yenilənməsi, əhalinin rifahının daha da artırılması
tədbirləri Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına
yönəldilən diqqətin əyani nümunəsidir.
"Bu gün dünyanın nüfuzlu maliyyə və iqtisadi qurumlarının qlobal
böhran şəraitində sosial-iqtisadi həyatın tənzimlənməsi
istiqamətində enerji daşıyıcıları ixrac edən ölkələr üzrə təqdim
etdiyi həll yollarına diqqət etsək, bir daha aydın olur ki,
iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın
azaldılması, biznes mühitinin və sahibkarlığın inkişafı Azərbaycan
Prezidenti tərəfindən hələ enerji bazarındakı qeyri-sabitlikdən
xeyli əvvəl əsas strateji kurs kimi elan edilib. Azərbaycan
Prezidentinin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir
paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın
ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına
yönəldilməsini təmin etməkdədir", - deyə sədr qeyd edib.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasından irəli gələn
vəzifələrdən danışan E. Mehdiyev bildirib ki, əhalinin gəlir əldə
etmək imkanlarının daha da genişləndirilməsi və iqtisadi
islahatların sosial müdafiə tədbirləri ilə tamamlanması əsas
prioritetlərdəndir.
Milli Məclisin deputatı İqbal Məmmədovun da iştirak etdiyi görüş işgüzar müzakirələr şəraitində davam edib və tədbir iştirakçıları regionlara göstərilən qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
Tarix
2016.02.06 / 14:29
|
Müəllif
Axar.az
|