O, Rusiyanın ən varlı iş adamlarından biridir. Vaxtilə
Bakı Dövlət Neft Akademiyasında təhsil alıb. Sovet Azərbaycanının o
zamankı rəhbərliyinin dəstəyi ilə biznes qurub. İlk milyonlarını
qazanıb. Söhbət İordaniya əsilli Ziyad Manasirdən
gedir.
Publika.az
"Milyonçu" layihəsi çərçivəsində "Manaseer Group"un sahibi Ziyad
Manasiri təqdim edir.
Bakıda maşın biznesi
Ziyad Manasir 1965-ci ildə İordaniyanın paytaxtı Ammanda anadan
olub. Atası İordaniya krallığının zabiti imiş. Elə də varlı
olmasalar da, ailədə nə az, nə çox 12 uşaq doğulub. Ziyad 1983-cü
ildə Rumıniyada təhsil alıb. 1984-cü ildə İordaniya və SSRİ
arasında tələbə mübadiləsi nəticəsində Bakıda M. Əzizbəyov adına
Neft və Kimya İnstitutunda təhsil alıb. 1990-cı ildə institutu
bitirib. Paralel olaraq kiçik bizneslə məşğul olub. Hətta yaxşı pul
qazanıb. Deyilənə görə, o zaman Bakıya ilk BMW avtomobillərini də o
gətirib. Konkret olaraq, Livandan Bakıya 4 avtomobil gətirib
satdığı deyilir.
Vətənə qayıtmayan fərari
İordaniya ordusundan yayınmaq üçün 1999-cu ilə qədər ölkəsinə
qayıtmayıb. Həmin ildə Rusiya vətəndaşlığını alıb. Ali təhsilini
bitirdikdən sonra Moskvada "Koop Soyuz" assosiasiyasında işləyib.
Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçkonun
oğlu Pyotır Polyaniçko ilə birlikdə MB adlı şirkət qurub. Şirkət
taxta, gübrə, metal ticarəti ilə məşğul olub. 1994-cü ildə ortaqlar
"Stroyqazkonsaltinq" şirkətini yaradıblar. Amma Ziyadın biznes
qurmaq istəyi bununla bitməyib. 1995-ci ildə Tümendə mənzil-tikinti
kombinatını satın alıb.
İlk milyonlar
Versiyalara görə, Z.Manasir milyonlarını Tümendə qaz xətlərinin,
evlərin, yolların tikintisi sayəsində qazanıb.
2008-ci ildə "Stroyqazkonsaltinq"in dövriyyəsi 2-2,8 milyard dollar
təşkil edib. Hansı ki, şirkət gəlirlərinin 40 faizini magistral qaz
kəmərlərinin tikintisindən əldə edib. Manasir ölkəsində də beton
konstruksiyalar istehsal edən zavodlara, zeytun yağı istehsal edən
müəssisəyə, yanacaqdoldurma məntəqələrinə sahibdir. "Arabian
Business" internet portalı 2008-ci ildə onun sərvətini 1,6 milyard
dollar həcmində dəyərləndirərək dünyanın ən varlı ərəblərinin
arasında 45-ci sırada yer verib. İş adamının adı "Forbes"in
siyahısına isə 2009-cu ildən daxil edilib. Jurnalın
qiymətləndirməsinə əsasən, 2015-ci ildə onun sərvətinin həcmi 1,1
milyard dollar olub.
May ayında İordaniyaya
Z.Manasir İordaniyaya ancaq may ayında gedir. Əsasən Moskvada
yaşayır. Hazırda o "Manaseer Group"un sahibidir. İş adamı iki dəfə
evlənib və 5 övlada sahibdir. Birinci nikahından 2, ikincidən isə 3
övladı var. Milyarder ailəsi haqqında belə deyir: "Biz çox düzgün
ailə həyatı yaşayırıq. Mən diskotekaya, kazinoya getmirəm. Asudə
zamanlarımı ailəmlə birgə keçirirəm. Həftəsonları restorana,
karoekəyə gedirik".
- Necə oldu ki, Rusiyaya gəldiniz?
- İordaniyada yaxşı təhsil müəssisəsi var. Ancaq tək olduğu üçün
müraciət edənlərin hamısını qəbul etmir. Gənclər isə əhalinin 37
faizini təşkil edirdi. Bunu nəzərə alan atam oxumaq üçün məni
Rumıniyaya göndərdi. Oradan da mübadilə proqramı çərçivəsində
SSRİ-yə transfer edildim.
- Niyə İordaniyaya qayıtmamağa qərar verdiniz?
- Keçid dövrünə düşdüm. 17-18 yaş insanın ən şirin yaş dövrüdür.
Rumıniyada təhsil aldıqdan bir il sonra evə qayıdanda valideynlərim
haqqımda hər şeyi bilirdilər. Çünki yerli təhlükəsizlik orqanlarına
donos yazan tələbələr var idi.
- Sizə əməkdaşlıq təklif etməmişdilər?
- İmtina etmişdim. SSRİ-yə gedən kimi valideynlərimə yazdım ki,
"mən qayıtmayacağam, sağlıqla qalın". 12 il İordaniyaya getmədim.
Rusiyada isə heç bir iordaniyalı ilə ünsiyyət qurmurdum, sadəcə
salamlaşırdım. Hazırda İordaniyaya ancaq istirahət günləri gedirəm,
anamı görüb qayıdıram.
- Bəs qohumlarınızı necə, bura gətirmisiniz?
- Yox. Əvvəlcə bu qərar məndən yox, atamdan asılı idi. Sonra
qardaşım iki il Rusiyada işlədi. Lakin mentalitetə uyğunlaşa
bilmədiyinə görə geri qayıtdı.
- Ruslarla ərəblər bir-birindən nə ilə
fərqlənirlər?
- Tamamilə ayrı insanlardır.
- Hansı dildə fikirləşirsiniz?
- Rus dilində. Mən burada tərbiyə almışam və həyatımın böyük
hissəsi burada keçib.
- Biznes həyatınız necə başlayıb?
- İnstitutda oxuduğum zaman kompüter satmaqla məşğul idim. Sovet
hökumətinin dövrü idi. Hər şey qıt idi. Şirkət yaratdım və taxta,
metal satmaqla məşğul olmağa başladım. Ərəblər, italyanlar,
türklərlə müqavilə imzalamışdım. Novorossiyskə ayda iki dəfə
yüklənmiş gəmi gedirdi.
- İlk milyonunuzu nə vaxt qazandığınızı
xatırlayırsınız?
- Yəqin elə həmin vaxtlar. Amma mənim bu üçün əhəmiyyət
daşımır.
- 20 il sonra "Forbes"in siyahısına düşəcəyinizi xəyal
etmişdinizmi?
- Heç vaxt.
- Ərəb şeyxi olmaq istəməzdiniz?
- İordaniya Fars Körfəzi deyil. İordaniyada imkanlı insanlar
var, amma şeyx yoxdur. Fars Körfəzində isə şeyxlər var. Onlar varlı
doğulurlar və heç vaxt işləmirlər.
- Necə düşünürsünüz "Forbes" sərvətinizi düz
hesablayıb?
- Hesab edirəm, aktivlərimiz daha çoxdur.
- Qənaətcilsiniz?
- Məncə hə. Məsələn, kazinoya gedib qumar oynamıram. Dostlarım
kazinoya dəvət edəndə deyirəm sizi bayırda gözləyərəm.
- Yardım etməyi sevirsiniz?
- Bəli.
- Nəyə görə ictimailəşməkdən qaçırsınız?
- Vaxtım yoxdur.
- Çox işləyirsiniz?
- Çox. Səhər saat 09:00-dan 18:30-a qədər.
- Metro ilə gedib-gəlirsiniz?
- İşgüzar görüşə gecikəndə hə.
- Yəqin sizinlə də bir ordu cangüdən metroya daxil
olur?
- Mənim bir cangüdənim var. O da məni 1995-ci ildən qoruyur.