Region TV teleşəbəkəsinə daxil olan, Azərbaycanın ilk
uşaq telekanalı Günəş TV balacaların günündə onları
sevindirib.
Axar.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə
birgə "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" aksiyasında
maraqlı anlar yaşanıb. Balaca polislər böyük sürücüləri yol
hərəkəti qaydalarına riayət etməyə çağırıblar.
Azyaşlı uşaqlar yol qəza hadisələrindən sığortalanmayıblar.
Balacaların həyat və sağlamlıqlarının qorunması cəmiyyətin hər bir
üzvünü düşündürməlidir.
Vaqif Əsədov - Bakı şəhər BPİ-nin mətbuat katibi: "Sözsüz ki,
yol qəza hadisələrinin minimuma endirilməsində yol polisi təbliğat
işlərinin aparılmasına da önəm verir. Məhz bu gün 1 iyun -
Uşaqların Müdafiəsi Günüdə sizin televiziya ilə birgə əməkdaşlıq
edərək təbliğat aparması heç də təsadüfi deyil. Yəni yol hərəkəti
haqqında qanunun tələbləri uşaqların dili ilə saxlanılan nəqliyyat
vasitəsinin sürücülərinə tövsiyyə olaraq bildiriləcək".
Bayram günündə balaca polislər yol hərəkət qaydasını pozan hər
bir sürücü ilə tövsiyyə xarakterli söhbət etdilər. Azyaşlılar
həmçinin yol hərəkəti haqqında qanunla bağlı öz bilik və
bacarıqlarını da paylaşdılar.
Azərbaycanın ilk uşaq kanalı olan Günəş TV cəbhə bölgəsində
yaşayan uşaqları da unutmayıb. "Onlar uşaqlıqlarını yaşaya
bilməyiblər" adlı sosial çarxlarda mənfur qonşularımızın
balacaların əlindən aldıqları UŞAQLIQ ictimaiyyətə göstərilib.
Əfsanə Məmmədyarova - Günəş TV-nin baş redaktoru: "Yollarda
uşaqların təhlükəsizliyini qoruyaq layihəsi vasitəsilə biz
sürücülərə müraciət edirik. Və bildiririk ki, yol hərəkəti
qaydalarına riayət etsinlər xüsusilə də nəqliyyat vasitəsində
uşaqlar varsa xüsusilə diqqətli olmaq lazımdır. Çünki uşaqlar bizim
gələcəyimizdir. Gələcəyimizi yol qəzalarında itirməyək".
Telekanalın başlatdığı layihələrdə məqsəd balacaları daim
nəzarətdə saxlamaq, onların uşaqlıqarını yaşamaqlarına yardım
etməkdir.
Ötən il qəzalar zamanı ölənlərin 71-i, yaralananların 212 nəfəri
uşaqdır. Yollarda uşaqların təhlükəsizliyinini qoruyaq layihəsi də
qəzaların sayının minimuma endirilməsinə yönəlib.
Maarifləndirici tədbirlərlə yanaşı, telekanal Uşaqların
Beynəlxalq Müdafiəsi Günündə balacaların görüşünə rəngarəng bayram
konserti ilə gələcək. Balaca istedadlar tamaşaçılara bayram əhvalı
yaşadacaq.