Yuxarı

Prezident Laçında açılışlar etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:10

Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.

Axar.az xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlət başçısı İlham Əliyevə fabrik barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.

Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşüb.

Prezident İlham Əliyev: Necə yaşayırsınız doğma torpaqda?

Sakinlər: Yaxşı, Sizin sayənizdə yaxşı.

Prezident İlham Əliyev: İş yeri də açılıb.

Sakinlər: Hər şey gözəldir.

Prezident İlham Əliyev: Evlərlə də təmin olunmusunuz.

Sakinlər: Bəli, çox yüksək səviyyədə. Allah canınızı sağ eləsin. Sizin kimi gözəl Prezidentimiz var.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Biz həmişə Sizə dünya Lideri deyirik. Siyasi cəhətdən, mənəvi cəhətdən, maddi cəhətdən xalqımıza çox böyük dəstək olursunuz. Sizə çox-çox minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun

Sakin: İnşallah, gələn il bu vaxt gələndə şəxsən bizim evə qonaq gələrsiniz.

Prezident İlham Əliyev: Gələrəm.

Sakin: Başımız üstə yeriniz var, 495 nömrəli evdə Sizi gözləyirik.

Prezident İlham Əliyev: Şəhərdə qalırsınız?

Sakin: Bəli. Bayraq meydanı ilə üzbəüz. Gözümüz üstə. Siz çox sadə adamsınız. Xalqınızı çox sevənsiniz. Hər bir şeyə dəyər verənsiniz. Bizim üstümüzdə Sizin haqqınız çox-çox yüksəkdir.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Biz də fəxr edirik ki, Sizin kimi gözəl Prezidentimiz var.

Prezident İlham Əliyev: Mən də sizinlə fəxr edirəm. Uzun illər ərzində işğal həyatını yaşamısınız, ancaq ümidlərinizi itirməmisiniz. Bilirdiniz, inanırdınız ki, qayıdacaqsınız və qayıtmısınız. İndi həm evlərlə təmin olunmusunuz, həm də iş yeri ilə, gözəl sənaye zonası yaradılıb. Düzdür, Laçın cənnətin bir parçasıdır, burada yaşamaq da xoşdur, çalışmaqda, işləmək də. Əsas odur öz torpağında, öz doğma torpağındasan.

Sakin: Vətənimizdəyik, ata-baba yurdumuzdayıq. Çox-çox minnətdarıq.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sakinlər: Çox sağ olun, var olasınız.

Prezident İlham Əliyev: Sabah Müstəqillik Günüdür.

Sakin: Gələn ayaqlarınız var olsun, Allah kölgənizi daimi etsin.

Prezident İlham Əliyev: Sağ olun, sizinlə bayram ərəfəsində görüşürük.

Sakin: Ən böyük şansdır bizim üçün.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın.

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib.

“Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək.

Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır.

“Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.

Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. “Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzindən şəhərin ərazisində yerləşən istehlakçıların - yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyinin və dayanaqlılığının təmin olunması nəzərdə tutulur. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün “Laçın” yarımstansiyasından 4,8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib. Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu isə öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır.

Mərkəzdə, həmçinin istehlakçıların elektrik enerjisi verilişində planlı fasilələrin yaranması barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılma imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdarəetmə Mərkəzində avtomatik idarə olunduğundan elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, həmçinin cihaz və avadanlıqların qarşılıqlı koordinasiyasını tam təmin edən mərkəz vasitəsilə əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması həyata keçirilir. Bununla yanaşı, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyası da icra olunur. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətinə ehtiyac olmur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinə ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.

İşğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında çox mühüm sosial-infrastruktur layihələri həyata keçirilməkdədir. Bu xüsusda Laçında turizm infrastrukturuna xüsusi diqqət yetirilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışında iştirak edib.

“AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri barədə məlumat verdi.

Bildirildi ki, bu günədək istismara verilən 32 və artıq istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılır. Yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır.

Dövlətimizin başçısına “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları haqqında məlumat verildi. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Yeni istismara verilən stansiyalarda Laçın rayonunun sakinləri çalışacaqlar.

Prezident İlham Əliyev “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarını işə saldı.

Tarix
2025.05.27 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bizim İsrailə xüsusi rəğbətimiz var - General

Ceyhun Bayramov Stiv Deynslə görüşdü

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

Bakı və Pekin yeni tarixi səhifə açır - Səfir

Finlandiya prezidenti İlham Əliyevi təbrik etdi

Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…

Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?

Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla