Hacıqabul rayonunda bir ailənin iki üzvünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Sabirabad rayon sakini, 1990-cı il təvəllüdlü Vilayət Qəhrəmanovun məhkəməsi başa çatıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə bu ilin yanvarın 2-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonunun ərazisindən keçən 113-cü kilometrliyində baş verib.
V.Qəhrəmanov idarə etdiyi VAZ-21074 markalı avtomobillə yol hərəkəti qaydasını pozaraq “Mersedes Benz C230” və “Citroen C5” markalı avtomobillərlə toqquşub. Qəza zamanı V.Qəhrəmanovun özü də daxil olmaqla, ailə üzvləri - 7 yaşlı qızı Günel, həyat yoldaşı 29 yaşlı Aminə və 9 yaşlı qardaşı oğlu Yusif yaralanıb.
Bundan başqa, digər avtomobillərdə olan sürücülər və sərnişin 9 yaşlı Elvin Sarıyev də müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Daha 2 nəfər ambulator yardım alıb.
Hadisə nəticəsində sürücünün həyat yoldaşı Aminə Qəhrəmanova və qızı Günel, həmçinin qardaşı oğlu Yusif vəfat ediblər.
İstintaq araşdırması zamanı yol qəzasının baş verməsində sürücü V.Qəhrəmanov təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hazırda himayəsində bir azyaşlı uşağı var: “Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində arvadım Aminə və qızım Günel vəfat ediblər. Ailədə bir azyaşlı uşağımla özüm qalmışam. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəm var. Atama məxsus olan avtomobili idarə etmişəm”.
Müttəhimin sözlərinə görə, yanvarın 2-də yaşadığı Sabirabad rayonundan Hacıqabul rayonuna getmək üçün yola çıxıb:
“Avtomobilimdə arvadım Aminə, qızım Günel və qardaşım oğlu Yusif olub. Avtomobili Bakı-Qazax avtomobili yolu ilə saatda təxminən 90-100 kilometr sürətlə idarə etmişəm. Xeyli yol getdikdən sonra Hacıqabul rayonu ərazisində, yolun kənarında yerləşən “Qədirxum” istirahət mərkəzinin qarşısına çatan zaman avtomobili sağ zolaqla idarə etdim. Qarşıdakı geriyə dönmə yerinə daxil oldum və yolun Qazax rayonu istiqamətinə olan hissəsinə keçəcəyim üçün sola istiqamətləndim. Soldan birinci zolağa keçdim və hərəkəti davam etdirdim. Bir az getdikdən sonra avtomobilin sürətini azaltdım. Təxminən 25-30 kilometr sürətlə geriyə dönmə yerinə daxil oldum. Qazax rayonu istiqamətində hərəkətdə olan avtomobillərin uzaqda olduğunu gördüm və dayanmadan yolu keçmək istədim. Yolu düzünə keçməyə davam etdim və birinci zolağı keçdim. İkinci zolağa daxil olanda düzünə hərəkətdə olan “Mercedes” markalı avtomobil gələrək mənə çatdı və qabaq hissəsi ilə avtomobilimin sağ yan hissəsindən vurdu. Toqquşmadan sonra özümdən getdim və ayılanda xəstəxanada olduğumu gördüm. Bundan sonra məlum oldu ki, baş vermiş yol qəzası nəticəsində arvadım Aminə, qızım Günel və qardaşım oğlu Yusif aldığı xəsarətlərdən vəfat ediblər. Diqqətsizliyim nəticəsində bu hadisənin baş verməsinə görə özümü təqsirli bilirəm”.
Qeyd edək ki, V.Qəhrəmanov və ailə üzvləri “Qədirxum” istirahət mərkəzinə istirahət etməyə gedirmişlər.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.
Həmçinin onun 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunması qərara alınıb.