Vətənin hüdudlarından
kənarda yaşadığım üçün səhərlər çay masasında ilk işim saytlara
nəzər yetirmək, xəbərləri incələmək olur. Adətən, səhər ovqatı
günlük yaşamın necəliyinə birbaşa təsir edir. Yəni səhər pozitiv
düşüncələr, xoş şeylərlə qarşılaşırsansa, günün də o qədər gözəl
keçir. Əksi də məlumdur.
Planşeti açıb təzə dəmli çayından bir udum alırsan ki, görəsən,
ölkəmdə vəziyyət necədir, nələr yaşanır? Azərbaycan saytlarına
daxil olanda başlıqlar insanı həyatdan soyudur, hətta intihara
sürükləyir. "İsmayıllıda ər xəncərlə arvadını yaraladı", "Qubada
qısqanclıq zəminində kişi arvadını altı yerdən bıçaqladı", "Bakıda
gənc oğlan sevgilisini öldürdü", "Lənkəranda kişi qadını boğaraq
qətlə yetirdi", "Gəncədə qətl hadisəsi baş verdi" və s.
Heç xəbərə daxil olmadan səbəb məlum olur. Azərbaycan kişisinin
qeyrət, namus fobiyası əsasında baş verən cinayətlər - Xəyanət!
Öncə onu qeyd edim ki, xəyanətin cinsi olmaz. Və individual
xarakter əskikliyidir. İstər kişi olsun, istərsə də qadın, heç bir
fərqi yoxdur. Demək ki, şəxsin xarakteri bütöv deyil. Burada
qadın-kişi ayrımçılığı mövzu bəhsi ola bilməz. İnsan faktoru rol
oynayır. Tərəflərdən biri digərindən narazıdırsa, yolları ayırmalı,
hərəsi öz istəyi doğrultusunda həyatını istədiyi kimi
yaşamalıdır.
Bəzən sosial şəbəkələrdə paylaşımların altında belə rəylər olur:
"Xəyanət etməyə necə baxırsınız?" Bu sualı verən beyin
primitivliyin altındadır. Heç bir məntiqi əsası yoxdur, boş çoxluq
kimidir. Xəyanətə necə haqq qazandırmaq olar ki?! Amma xəyanət,
aldadılma, ümumiyyətlə, münasibətdə əyrilik varsa, iki tərəf də
günahkardır, qarşı tərəfdə çatışmazlıq qaçılmazdır.
Xəyanət bizim kişilərdə fobiya halındadır. Kişilər var, hər gün
qadınının telefonunu qurdalayır, mesajlarına, gedib-gələn
zənglərinə baxır, nəzarətdə saxlayır. Bu, nə sevgi adı altında
məhəbbətə yamadığımız qısqanclıqdır, nə də normal insan
hərəkətidir. Eyni zamanda, belə qadınlar da mövcuddur. Şübhə
münasibətin içini yeyən qurd kimidir. İçinə düşdüsə, yeyib
bitirəcək. O, səni bitirmədən, sən ya onu içindən söküb atmalı, ya
da münasibətini bitirməlisən. Sonu cinayətə dayanan yaşam hər iki
tərəfi bədbəxt edəcək.
Bizim insanımızda sivillik yoxdur. Elə bil, can almağı,
zorakılığı özlərinə peşə ediblər. Namus, qeyrət filan deyibən insan
öldürüb, öz həyatını da, dünyaya gətirdiyin övladlarının həyatını
da puç etmək ən böyük ağılsızlıq və cahillikdir. Heç bir xəyanətin
qarşılığı ölüm ola bilməz! Ayrıl, boşan və uzaqlaş. Bu qədər
bəsit... Sənin öldürməyin kimə nə qazandıracaq? Kimə nəyi sübut
edirsən bununla?
Hə, camaat deyəcək ki, filankəsin arvadı gəzirdi, kişi bıçaqla
boğazını kəsdi. Kişi adamdı! Bunu eşitmək sizin illərinizdən,
övladlarınızın yetim və öksüz qalmağından önəmlidirmi? Bir
münasibət - eşq, evlilik, ilişgi, flört varsa, onu sivil və insani
dəyərlərlə yaşamaq lazımdır. Əsl insan kimi, vəhşiləşmiş,
zombiləşmiş formada yox.
Xəyanəti yaradan səbəblər nədir?
Ailədə xəyanəti yaradan səbəblər müxtəlif ola bilər. Öncəliklə,
əgər xəyanət baş veribsə, deməli, münasibətdə boşluq var. Cinsi
həyatın təmin olunmaması, qayğı və nəvaziş əskikliyi, tərəflərin
bir-biri ilə dil tapa bilməməsi, sevgi qıtlığı, həddindən artıq
sosial problemlər və s. səbəb kimi göstərilə bilər.
Xəyanət aşkarlanarsa, ən ağıllı seçim ayrılıqdır. Heç bir
xəyanətin və ya səhvin qarşılığı ölüm, cinayət ola bilməz, buna
kimsənin haqqı yoxdur. Dünya sivil qanunlarla idarə olunduğu halda,
affekt halında düşünülməmiş və qızmış beyinlə edilən qeyri-insani
davranış hər iki tərəfin həyatının puç olması ilə
nəticələnəcək.
Dünyanı sevgi toxumları ilə çiçəkləndirək. Əgər sevgi və sayğı
bitibsə, bu ilişgini davam etdirməyin mənası yoxdur. Danışın,
anlaşın və qarşılıqlı anlaşma ilə ayrılın. Övladlarınıza
ayrı-ayrılıqda daha yaxşı valideyn ola bilmək imkanınız var ikən,
birlikdə zəhərli bir həyat yaşayaraq, onları da bu çirkabda
çabalamağa məcbur etməyin.
Belə xəbərlərin günümüzdə yer almaması üçün düzgün seçim
mütləqdir. Lütfən, insan həyatı ilə oynamayın! İcazə verin, bir
stəkan çayımızı ağız dadı ilə içə bilək...