Yuxarı

Şirvanın Vüqarı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirvanın Vüqarı

Bu gün Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Vüqar Mahmudoğlunun doğum günüdür.

Kult.az xatırladır ki, Aşıq Vüqar Mahmudoğlu 2018-ci il yanvarın 10-da infarktdan dünyasını dəyişib. Yaşasaydı bu gün onun 56 yaşı olacaqdı.

Şair İlqar İlkinin Vüqar Mahmudoğluya həsr etdiyi və 2010-cu ildə “Birlik” jurnalında dərc edilən yazısını təqdim edirik:

Şirvanın Vüqarı

Şirvan aşıq mühiti Azərbaycan aşıq sənətinin ən qədim, zəngin və özünəməxsus ənənələrə malik qollarından biridir. Bu mühitin spesifik xüsusiyyətləri saz, balaban, nağara və qoşanağaranın müştərək ifası, həmçinin səmavi rəqslərin mövcudluğudur.

Bunun da genetik səbəbləri var. Belə ki, Türklərin İslamı qəbul etməsindən - XI əsrdən etibarən qam inanc sisteminə bağlı olan əski Türk dünyagörüşü İslam dini fəlsəfəsində daha geniş şəkildə yer almağa başladı. Nəticədə dini-mifoloji baxışların formalaşdırdığı magik rituallar da İslam dini inancına uyğunlaşdırıldı.

Başqa sözlə, elmi ədəbiyyatda “türk təsəvvüfü” kimi qəbul edilən və İslam fəlsəfəsində xüsusi, möhtəşəm bir səhifə açan xalq sufizminin mahiyyətində qam-şaman, həmçinin maq (zərdüştilik) baxışları və əski dini-mifoloji rituallar dayanırdı. Türklərin İslamı qəbul etməsindən sonra İslam dini çərçivəsində mübahisəli münasibətlə qarşılanan ritmik musiqidən ekstaz vasitəsi kimi istifadə türk təkkə-təriqət ocaqlarında tətbiq edildi.

Lakin hər bir ocaq yerləşdiyi coğrafi ərazidə mövcud olan ritualları ümumiləşdirilmiş şəkildə qəbul edir, onlara müəyyən yeni çalarlar əlavə etməklə İslam dini təfəkkürünə uyğunlaşdırırdı. Şirvan bölgəsi də həm qam, həm də maq düşüncəsinin çarpazlaşdığı ərazi kimi daha zəngin və köklü əski ənənələrə bağlı olduğundan, burada formalaşan ocaqların istifadə etdiyi ekstaz vasitələri qədim inancların geniş spektrini əhatə edirdi.

Məsələn, qamlama mərasimində qamın istifadə etdiyi davul-nağara, nəfəsli alət olan “ağız qopuzu” - balaban, qopuz (qamuz) - saz və digər alətlər islamlaşdırılaraq şamanların ruhani aləmə səyahətlərində yararlandıqları vasitələrdən mürşidlərin ekstaz vasitələrinə çevrildi. Sonrakı mərhələdə - aşıqlar xalq arasına çıxanda və toy ifaçılarına çevriləndə də təmsil etdikləri ocaqların atributlarını yaşatdılar.

Bu baxımdan Şirvan aşıq mühiti ən qədim dini-ritual adət-ənənələri yaşadan, xüsusi tədqiqat tələb edən böyük və mükəmməl bir mühitdir.

Təəssüf ki, bəzən bu sənətin mahiyyətini bilməyənlər Şirvan aşığının özünəməxsus səmavi rəqsini rəqqaslığa, ritmik ifasını isə yüngül əyləncəyə çevirərək bu mühitin böyük ənənəsinə qətiyyən uyğun olmayan ifalar təqdim edir və yanlış təsəvvürlərin yaranmasına yol açırlar.

Lakin bu, Şirvan aşıq mühitinin aşılanması anlamına gəlməməlidir. Bu mühitin ənənələrini Aşıq Bilal, Aşıq Bəylər, Aşıq Şakir, Aşıq Məmmədağa, Aşıq Abbas Cəyirli, Aşıq Mahmud Ələsgəroğlu, Aşıq Rza Qobustanlı kimi sənətkarlar yaşatmış və müasir nəslə ötürmüşlər. Hazırda da bu sənətin incəliklərini bilən mükəmməl aşıqlar az deyil.

Bu sırada Aşıq Vüqar Mahmudoğlunun adı öncül yerlərdən birini tutur.

Ustad oğlu şəyird olmaz

Vüqar Şirvanın böyük aşıqlarından biri olan Aşıq Mahmud Ələsgəroğlunun övladıdır. Şirin ləhcəsi, xoş avazı, ən əsası isə mühitin havacatlarını mükəmməl bilməsi və yaradıcılığı ilə yaddaşlara həkk olunan Aşıq Mahmudun yarımçıq qalmış ömrünü Aşıq Vüqar Mahmudoğlu davam etdirir. Vüqarın aşıq sənətinə ən böyük xidmətlərindən biri uzun illər Aşıq Mahmudun sinəsində dillənən sazı susmağa qoymaması, onu yaşatması və inkişaf etdirməsidir.

“Ustad oğlu şəyird olmaz”, - deyiblər. Vüqar da gənc olmasına baxmayaraq, Şirvan aşıq mühitini mükəmməl bilən sənətkarlardandır. Gəncliyinin enerjisi isə bu havacatları yüksək və şaqraq səslə ifa etməsinə kömək edir.

Vüqarın maraqlı tərcümeyi-halı var: o, Şamaxı Musiqi Kollecinin qarmon sinfini və Mirzəğa Əliyev adına İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib.

Bu, onun musiqi təhsilidir. Vüqar musiqi savadına malik olan azsaylı aşıqlardandır. Ancaq aşıq olmaq üçün təkcə musiqi savadı kifayət etmir. Çünki Azərbaycanın musiqi ocaqlarında aşıq mühitlərinin tədrisi hələ də lazımı səviyyədə deyil. Aşıq sənəti Azərbaycanda ənənəyə uyğun olaraq ustadlardan şagirdlərə ötürülə-ötürülə yaşayır.

Aşıq Vüqarın uğurunun əsasında da 12 yaşından etibarən qarmon ifaçısı kimi atası Aşıq Mahmudun yanında el şənliklərində iştirak etməsi dayanır. Düz 20 il Vüqar Aşıq Mahmudla çiyin-çiyinə ellər-obalar dolaşıb, böyük-kiçik məclislər görüb və atasını müşayiət edib. Bu müşayiətlər onun aşıq sənətini mükəmməl bilməsini şərtləndirən başlıca amildir.

Atalı xatirələr

“Doqquz yaşım olanda Bülbül adına Musiqi Kollecindən Şamaxıya istedadlar seçməyə gəlmişdilər. Atamın xəbəri olmadan mən də orada iştirak etdim və indi də şamaxılıların yaddaşında yaşayan “Sarı bülbül” xalq havasını çox zil kökdən ifa etdim. Münsiflər çox təkid etsələr də, atam Bakıda təhsil almağıma razı olmadı. Deyirdi ki, bu yaşda oxumazlar, keçid dövründə, 15-16 yaşında səsin bata bilər. Allah qismət eləsə, yeniyetməlikdən sonra oxuyarsan.

Aşıq Vüqar bunları xatırlayır. O, təsdiqləyir ki, həmin vaxt onların arasından seçilərək Bülbül adına Musiqi Kollecində oxumağa aparılan uşaqların böyük əksəriyyətinin səsi yeniyetməlik illərində batıb.

“Məclislərin birindən çıxıb o birinə yollanardıq. Yol boyu ifamızla bağlı məsləhətlərini verirdi, səhvlərimizi deyirdi. Hərdən ovqatının yaxşı vaxtında cəsarətlənib bir ağız oxuyurdum. Atam deyirdi ki, səndən çox gözəl aşıq olar. Çünki mən böyük çətinliklərlə, ayrı-ayrı ustadlardan oğurluq-doğurluq öyrənmişəm, sənə isə könüllü olaraq bütün bildiklərimi öyrədirəm. Səsini də Allah verib”.

Etiraz edirdim:

“Sənin yanında oxumaq olar?” - deyirdim.

Həmişə bu barədə söhbəti bircə sözlə yekunlaşdırırdı:

“Məndən sonra oxuyarsan!”

Sanki Aşıq Mahmud bu sözləri deyəndə Tanrı dərgahına erkən gedəcəyini bilirdi. Dediyi kimi də oldu: 55 yaşının tamamından 12 gün sonra dünyasını dəyişdi.

Yeddi ilin uğurları

Adamı geyimi ilə qəbul edib, ağlı ilə yola salmaq elimizin köklü adət-ənənələrindən biridir. Xalqımız sənətkarı da xarici görünüşünə, üz cizgilərinə görə qəbul edir, səsi, sözü, avazı, nitqi və davranışı ilə dəyərləndirir.

Aşıq Vüqara Tanrı hər şeyi verib: gözəl qamət, yaraşıqlı sima, xoş üz, şirin ləhcə, ecazkar səs. Şübhəsiz ki, Aşıq Vüqarın aşıqlığa başladığı yeddi il ərzində qazandığı uğurların əsasında bunlar da dayanır. Amma Şirvan aşığını səciyyələndirən və yaşadan cəhət onun fitri istedadı ilə yanaşı, bu qədim sənətin incəliklərinə bələdliyidir. Çünki Şirvan aşıq mühiti mühafizəkarlığı ilə xüsusi seçilir. Bu mühitin auditoriyası klassik havacatların nəinki sözlərini, hətta zəngulələrini dəyişməyi belə sevmir.

Bu mühit dastanların da yerli-yerində, olduğu kimi ifasını aşıqdan tələb edir. Ona görə də burada parlamaq, elin sevimlisinə çevrilmək üçün klassik dastanları və havacatları mükəmməl bilmək vacibdir. İfaçının özünəməxsus zəngulələri havacatın ruhuna toxunmamalı, onu azacıq da olsa dəyişməməlidir.

Aşıq Vüqarı sevdirən cəhətlərdən biri məhz bu ənənəni qoruması, havacatları klassik üslubda təqdim etməyi bacarması, bir çox aşıqların çətinliyindən çəkinərək ifa etmədiyi və ya unutduğu qədim havaları oxuya bilməsidir. 12-16 qatar sözün dayanmadan ifa olunduğu “Köpək şikəstə”, üç fərqli ritmdən istifadə olunmaqla üç lad üzərində oxunan “Qara qafiyə”, həmçinin “Qədim peşrə” və “Qobustani” kimi havacatların ifası aşıqdan böyük nəfəs, peşəkarlıq və ustadlıq tələb edir. Aşıq Vüqarın ifasında bu qədim havacatların yüksək istedadla səslənərək lent yazılarına köçürülməsi Şirvan aşıq mühitinə böyük töhfədir.

Vüqar, həmçinin digər aşıq mühitlərinin havacatlarını Şirvan üslubunda, Şirvan biçimində, ritmik və dinamik şəkildə ifa etmək bacarığına malik azsaylı aşıqlarımızdandır.

Yeri gəlmişkən, qeyd edək ki, bu keyfiyyət də Aşıq Vüqara irsən keçib. Aşıq Mahmudun hazırda fonotekanın qızıl fondunda saxlanılan “Misri”, “Orta Sarıtel”, “Şaqaydı Gəraylı” və digər Qərb aşıq mühitinə məxsus havacatları böyük ustalıqla ifa etməsi bütün sazsevərlərə bəllidir. Aşıq Vüqar da bu ənənəni peşəkarlıqla davam etdirir.

Onun Qazax aşıq mühitinin təmsilçisi Zülfiyyə İbadova, Təbriz aşıq mühitinin yetirməsi Aşıq İsa, Borçalı aşıq mühitinin öncülləri Aşıq Tərmeyxan və Aşıq Cahangir, həmçinin Aşıq Qələndərlə ifa etdiyi mükəmməl duetlər musiqi mütəxəssislərini belə heyrətə gətirir. Klassik havacatların fərq qoyulmadan bu cür müştərək ifası aşıq sənətinin qədim və zəngin ənənəsinin əzəmətini nümayiş etdirməsi baxımından da olduqca maraqlıdır.

Şirvanın aləmdəki səsi

Azərbaycan aşıq sənəti UNESKO-nun qeyri-maddi mədəni irslə bağlı siyahısına daxil edildikdən sonra bu nüfuzlu təşkilatın seçdiyi ifaçılardan biri də Aşıq Vüqar oldu. Hazırda Aşıq Vüqar Mahmudoğlu Azərbaycan aşıq sənətini dünyada təmsil edən istedadlı aşıqlarımızdan biri kimi xatırlanır.

Aşıq Vüqar Fransa, Almaniya, İsveçrə, Norveç, Türkiyə, Rusiya, İran və bir çox başqa ölkələrin böyük konsert salonlarında Azərbaycan aşıq sənətini yüksək səviyyədə təmsil edib. Dövlətin dəstəyi ilə əsası qoyulan bu ənənə sonralar da davam etdirilib.

Təbii ki, onun uğurları Şirvan aşıq mühitinin, bu mühiti yüzillər boyu yaşadaraq günümüzə çatdıran ustad aşıqların və bu sənəti bu gün də yaşadan, Aşıq Vüqara “Şirvan aşıqlarının vüqarı” kimi baxan böyük elin-obanın uğurudur.

İnanırıq ki, Aşıq Vüqar bu müvəffəqiyyətlərlə kifayətlənməyəcək. Çünki Aşıq Mahmudun illərlə sinəsində daşıdığı sazın mistik-mənəvi enerjisi Aşıq Vüqarı hələ çox zirvələrə aparacaq...

Tarix
2026.11.03 / 14:00
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla