Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun qızı Səfiyə Mehbalıyeva Dubayda qurduğu bizneslə bağlı maraqlı açıqlama verib.
Axar.az Bestmedia.az-a istinadla xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında rəhbərlik etdiyi “Gemaee” lüks təkrar satış platformasını satması üçün aldığı yeddirəqəmli təklifdən imtina etdiyini bildirib.
Mehbalıyeva qeyd edib ki, Dubayda yeddi il ərzində qurduğu biznesi inkişaf etdirmək üçün böyük əmək sərf edib. O, “Gemaee” brendinin təsisçisi olduğunu vurğulayaraq, şirkətin fəaliyyətini lüks məhsulların təkrar satışının yeni konsepsiyası əsasında qurduğunu bildirib.
Səfiyə Mehbalıyeva paylaşımında özünü elmlər doktoru (PhD), keçmiş professor və iki oğul anası kimi təqdim edib. O, uzun illər müxtəlif proseslərin necə işlədiyini öyrəndiyini, indi isə həmin bilikləri öz biznesini qurmaq və inkişaf etdirmək üçün tətbiq etdiyini yazıb.
“Biznesimi satmağım üçün yeddirəqəmli təklifdən imtina etdim. Dubayda yeddi il ərzində qurduğum biznesin təsisçisiyəm. Mən elmlər doktoruyam, keçmiş professoram ("keçmiş professor" olmur - red.). İllərlə proseslərin necə işlədiyini öyrənmişəm, indi isə onları özüm qururam.
İki oğul anası olaraq həm şirkətimə, həm də övladlarıma eyni yüksək standartlarla yanaşıram. Burada moda, lüks və kapital sahələrində əslində nələrin baş verdiyini, adətən nümayiş etdirilməyən tərəfləri açıqlayıram.
Genişlikdən daha çox dərinliyə üstünlük vermək sadəcə strategiya deyil, bu, intizamdır.
Yeni mağaza üzərində işləyirəm. Bu dəfə isə biznesin pərdəarxasında baş verənləri – hər bir xərci, hər qərarı izləyicilərimlə bölüşəcəyəm”, - Mehbalıyeva qeyd edib.
Mehbalıyevanın sözlərinə görə, yeni mağazanın yaradılması prosesi də sosial şəbəkə izləyicilərinə açıq olacaq. O, biznesin qurulması zamanı verilən qərarları və çəkilən xərcləri mərhələli şəkildə nümayiş etdirməyi planlaşdırır.
Səfiyə Mehbalıyeva kimdir?
Səfiyə Mehbalıyeva daha əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında müəllim vəzifəsində çalışıb. O, həmçinin “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub.
1990-cı il təvəllüdlü Səfiyə Mehbalıyeva Milli Məclisin sabiq deputatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri Səttar Mehbalıyevin (Möhbalıyev) oğlu, Qaradağ Rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Mehbalıyevlə ailəli olub.
Mətbuatda yayılan məlumatlara görə, İsfəndiyar Mehbalıyev 2025-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, Əli Həsənovun oğlu Şamxal Həsənli də bir neçə ildir ABŞ-da yaşayır.
Səfiyə Mehbalıyevanın rəhbərlik etdiyi “Gemaee” Dubayda fəaliyyət göstərən lüks məhsulların təkrar satış platformasıdır.