Xalq artisti, Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru Yalçın Adıgözəlov Teleqraf İnformasiya Agentliyinə müsahibə verib.
Kult.az onunla müsahibəni təqdim edir:
- Yalçın müəllim, əsas pedaqoji fəaliyyətiniz Bakı Musiqi Akademiyası ilə bağlı olduğu halda, müsahibə üçün Heydər Əliyev Sarayını seçməyiniz nə ilə əlaqədardır?
- Bədii rəhbəri və baş dirijoru olduğum Niyazi adına Dövlət Simfonik Orkestri Heydər Əliyev Sarayının nəzdindədir. Vaxtilə AzTV-nin tərkibində idi, üç il yarım əvvəl qərar qəbul edildi, orkestr Mədəniyyət Nazirliyinin tərkibinə keçdi. Amma müxtəlif nüfuzlu ünvanlarda konsert proqramı ilə çıxış edirik - Filarmoniyada da, Heydər Əliyev Sarayında da, Heydər Əliyev Mərkəzində də. Ofisimiz isə burada yerləşir, yəni maaşı buradan alırıq...
- Bakıda tanınmış musiqiçi ailəsində dünyaya gəlmisiniz - babanız xanəndə Zülfü Adıgözəlov, atanız bəstəkar Vasif Adıgözəlovdur. Uşaqlıq illərinizin bir hissəsi Şuşada, bəstəkar Süleyman Ələsgərovun evində keçib...
- Bəli, uşaqlığım Şuşada, Süleyman Ələsgərovun evində keçib. Çünki ermənilər bizim öz evimizi 1905 və 1916-cı illərdə məhv etmişdilər. Babam Zülfü Adıgözəlovun anası Tubu xanım Məlikova Həsən bəy Zərdabinin bibisi olub. Onu da deyim ki, Zülfü Adıgözəlov əslən şuşalıdır, amma Ağcabədidə doğulub. Bu, köçəri həyat tərziylə, yaylaq-qışlaq məsələsilə əlaqədardır. Bizimkilər yayda Şuşada, qışda Ağcabədidə yaşayırmışlar.
Babam Üzeyir Hacıbəyli ilə eyni kənddə - Ağcabədinin Qaradolaq kəndində anadan olub. Üzeyir bəy də əslən şuşalıdır, atası, anası Xan qızı Natəvanın yardımçıları olublar, onun yazı-pozu işlərinə baxıblar. Zülfü Adıgözəlovun Bakıya gəlməsinin səbəbkarı Üzeyir bəy olub. 1927-ci ildə deyib, gəl Bakıya.
Babam əvvəlcə radioda, sonra operada solist işləyib. Atam Vasif Adıgözəlov da 1957-ci ildə 22 yaşında ilk fəaliyyətinə Azərbaycan radiosunda redaktor kimi başlayıb. Sonralar mən də AzTV-də işlədim, müəllif verilişim vardı - "Maestro".
- Qarabağ musiqi mühiti deyəndə ilk növbədə muğam yada düşür. Siz isə simfonik musiqi və dirijorluq sahəsini seçmisiniz. Bu seçim necə yarandı?
- Bunun təməlini Zülfü Adıgözəlov qoymuşdu. Babamın üç övladı vardı, atam Vasif Adıgözəlov, əmim Rauf Adıgözəlov, bibim Cəmilə Adıgözəlova. Bibim Cəmilə xanım memar idi.
Uşaqlar böyüyəndə babamın ətrafındakı bütün dostları - xanəndələr, musiqiçilər, şairlər, hamı deyirmiş ki, Vasifi tara, Raufu kamançaya ver, çünki Zülfünün övladları milli sənətdə olmalıdırlar. Babam da o vaxt deyib ki, muğam Azərbaycan xalq musiqisidir, Vasifin də, Raufun da həmişə qanında olacaq. Mənim istəyim odur ki, onlar Avropa klassik musiqisinə yiyələnsinlər.
Atam Qara Qarayevin tələbəsi olur, Rauf skripka üzrə Moskva Konservatoriyasında təhsil alır. Onu da deyim ki, atamın bütün əsərləri muğam üstündədir, "Segah" simfonik muğamı, "Natəvan" operası, "Qarabağ şikəstəsi" oratoriyası... Muğamı çox yaxşı bilirdi. Onların xəmiri muğamla yoğrulmuşdu - Vasif Adıgözəlovun da, Rauf Adıgözəlovun da. Mən isə fortepianoya getdim.
Maestro Niyazinin evində böyümüşdüm. Niyazinin bir şakəri vardı, hər ay uşaqları evinə toplayardı. Beş yaşımdan başlayaraq Yeni ili onun evində keçirdiyimi xatırlayıram. Təsəvvür edin, 40-50 uşaq Niyazinin evinə yığışırdıq. Bəstəkarların, yazıçıların, rəssamların uşaqları toplaşırdı, Şaxta baba gəlirdi. Atam pianonun arxasına keçirdi. Hamımız oxuyurduq, oynayırdıq, hədiyyələr alırdıq...
Atam deyəndə ki, Yalçın dirijor olmaq istəyir, Niyazi əsəbiləşdi, dedi, mənimlə niyə məsləhətləşməmisən? Yanımda dərs keçməyib, məşqlərimə gəlməyib, o, dirijor ola bilməz. Dirijorluq üçün gərək musiqiyə onun öz münasibəti olsun.
Mən də bir az özündənrazılıq etdim, qayıtdım ki, Maestro, mən Zülfünün nəvəsiyəm, Vasifin oğluyam, musiqiyə necə öz münasibətim yoxdur? Məni evindən qovdu. Amma Leninqrad Konservatoriyasına, professor İlya Aleksandroviç Musinin yanına gedəndə - o, Rusiya simfonik musiqi məktəbinin patriarxıdır - Niyazi məni yanına çağırdı. Bir bağlı məktub verdi, ciddi-ciddi baxdı və dedi ki, get görüm səndən nə çıxacaq...
Təşəkkür edib getdim, məktubu Musinə çatdırdım. Məktubu açdı, oxudu və cibinə qoydu. O məktubu bir də beş il sonra konservatoriyanı bitirəndə gördüm.
- Məktubda nə yazılmışdı?
- Yazılmışdı: "Yalçını öz övladınız kimi qəbul edin". Səmimi və istiqanlı bir məktub idi. Allah Niyaziyə rəhmət eləsin. Bu gün onun qoyduğu irsin bəhrəsini görürük, onun çörəyini yeyirik. Azərbaycanda dirijorluq məktəbinin əsasını qoyan, bu sənətin möhkəm və sağlam bünövrəsini formalaşdıran Maestro Niyazidir.
- Simfonik əsərləri muğam qədər hiss edirsinizmi?
- Öncə deyim ki, sovet dövründə dirijor olmaq üçün mütləq konservatoriyanı bitirməliydin. Konservatoriya diplomun olmasaydı, səni dirijorluq fakültəsinə götürməzdilər. Mən 23 il ali musiqi təhsili almışam. Bakıda və Leninqradda konservatoriyaları bitirəndən sonra Vyanaya getdim. Vyana Musiqi Akademiyasının ilk azərbaycanlı tələbəsi oldum. Oradakı müəllimim də çox məşhur idi - professor Karl Esterrayher. Bütün ciddi tələbələr onun yanına gedirdi.
İndi elə deyil, qısa dirijorluq məktəbi keçirlər, sonra gəlib deyirlər ki, dirijoram. Mənim diplomuma yazılıb: opera və simfonik orkestr, xor və bütün musiqi kollektivlərinin dirijoru. Yəni baleti də idarə edə bilərəm, operanı da, simfonik orkestri də, xor kollektivlərini də. Bu musiqini hiss etməsəm, səhnəyə necə çıxaram? Qara Qarayevin, Fikrət Əmirovun simfonik əsərlərini hiss etməmək mümkündürmü?
Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri cəmi 8 dəqiqədir, orada hər şey var: Babəkdən, Koroğludan tutmuş hətta 44 günlük müharibənin qələbəsinə qədər hər şey! 40-dan çox ölkədə konsert vermişəm, hansı ölkəyə gedirəmsə birinci “Azərbaycan kapriççiosu”nu proqrama salıram. “Azərbaycan kapriççiosu”nun adı gələndə artıq tamaşaçı bilir ki, bu dirijor hansı ölkəni təmsil edir. Dahiyanə əsərdir.
- Atanız Vasif Adıgözəlovun “Ölülər” operasını dirijor kimi yenidən səhnəyə qaytarmaq fikriniz varmı?
- Atamın bütün əsərlərini ifa etmişəm, yalnız “Ölülər” operası qalıb. Bu onun diplom işidir. Qara Qarayevin sinfində konservatoriyanı bitirəndə Cəlil Məmmədquluzadənin mürəkkəb əsərlərindən olan "Ölülər"ə müraciət edib. Hətta o vaxt deyiblər ki, 27 yaşlı gənc Cəlil Məmmədquluzadənin bu əsərinə necə cürət edib?
Maestro Niyazi o vaxt Opera və Balet Teatrının həm baş dirijoru, həm bədii rəhbəri, həm də direktoru imiş. Atama bu əsəri səhnəyə qoymağı təklif edib, beş tamaşa oynanılıb. Lütfiyar İmanov baş rolu ifa edib - bizdə tamaşanın afişası və şəkilləri də var.
Sonra Niyazi teatrdan gedir, tamaşanı repertuardan çıxarırlar. 50 ildir o opera səhnədə yoxdur. Bir ədəbiyyatşünasla məsləhətləşdim. Dedi, zəmanə dəyişib, indi dinə münasibət fərqlidir. Ona görə bəzi hissələri redaktə edilməlidir.
Mən niyə bu əsəri bərpa etmək istəyirəm? Çünki musiqisi möhtəşəmdir. 2006-cı ildə atam dünyasını dəyişəndə mənə dedi ki, "Ölülər” operası gənclik əsərimdir. Bir gün bərpa etsən, heyfsilənməzsən. Onu bərpa et. Allah ömür versə, edəcəm.
- İki il əvvəl Akademik Opera və Balet Teatrındakı dirijor vəzifənizdən ayrılmısınız. Hazırda teatrla münasibətiniz necədir?
- Teatrdan ayrılmağımın səbəbi vardı. Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini qısaltmaq istədilər. Bu, 40 ölkədə qoyulmuş üç pərdəli baletdir. Biz Azərbaycan klassik musiqisinin möcüzəsi sayılan bu baleti bərpa etdik. Heydər Əliyev Fondu böyük dəstək göstərdi, Moskvadan, Bolşoy Teatrdan ifaçılar və dekorasiya gəldi. Möhtəşəm tamaşa təqdim etdik.
Bir müddət keçdi, dedilər, gəlin bunu öz orkestrimizlə hazırlayaq. Belə fikir yarandı ki, əsər uzundur, üç pərdədir, bunu xarici ölkələrə gedəndə apara bilmirik. Bunu mənim xəbərim olmadan planlaşdırmışdılar. Eşidəndə cavab verdim ki, bu məsələdə mən yoxam. Arif Məlikovun qucağında böyümüşəm, atamın yaxın dostu olub.
Rəhbərlik dedi ki, gərək qərarımızı yerinə yetirəsiniz. Mən də teatrdan ayrıldım.
Yaxın günlərdə teatr rəhbərliyilə görüşdüm. Əl sıxışdıq, danışdıq. İnşallah, yanvardan Opera və Balet Teatrında tamaşalara başlayacam.
- Yalçın müəllim, Azərbaycanda dirijorluq sənətinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Bu sahədə gənc kadrların yetişməsi sizi qane edirmi? Opera və balet yazılırmı?
- Əlbəttə, gənclər yetişir. Opera və balet çox mürəkkəb janrdır. Yazılması bir kənara qalsın, onun səhnəyə qoyulması da vacibdir. Bu, çox böyük maliyyə tələb edir. Sovet dövründə hər il səhnəyə ən azı bir opera və ya balet qoyulurdu. Aparıcı teatrlarda, məsələn, Moksvada Bolşoy Teatrda hər il dörd baletə səhnə həyatı verilirdi...
- Simfonik musiqinin Azərbaycanda kifayət qədər dinləyicisi varmı?
- Statistikaya görə, 8 milyard dünya əhalisindən klassik musiqi ilə maraqlanan cəmi 200-300 milyon nəfərdir. Bu isə cəmi 2-3 faiz təşkil edir. Bizim ən böyük səhnəmiz Heydər Əliyev Sarayıdır. Oranı dolduranda Bakı əhalisinin 0,1 faizini təşkil edir. Mədəniyyət nədir? Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirovdur, şairlərimiz, yazarlarımızdır.
Azərbaycan bəstəkarlıq məktəbi həmişə öndə gedib. Keçmiş sovet ölkələrində Azərbaycanla ancaq ruslar rəqabət apara bilib, nə ukraynalılar, nə belaruslar, nə qazaxlar, heç kim bizimlə rəqabətdə ola bilməyib.
Maestro Niyazi keçmiş SSRİ-də ilk Sosialist Əmək Qəhrəmanı adı alan dirijordur. Bunu kim edib? Ulu Öndər Heydər Əliyev. Nə Svetlanov, nə Rojdestvenski, nə Mravinski kimi dünya çapında dirijorların heç biri belə yüksək adla təltif olunmamışdılar. Qara Qarayev, Fikrət Əmirov Sosialist Əmək Qəhrəmanı idilər...
- Simfonik musiqimizin inkişafında Qara Qarayev və Fikrət Əmirovun yaradıcılıq məktəbləri iki istiqamət kimi səciyyələndirilir. Azərbaycan simfonik musiqisində bu iki xəttin qarşıdurmada olduğu fikri, sizcə, nə dərəcədə əsaslıdır?
- Belə bir bölgünün olduğunu düşünmürəm. Qara Qarayev də dahidir, Fikrət Əmirov da, Maestro Niyazi də. Onların hər üçü Üzeyir Hacıbəylinin yetirmələridir. Üzeyir bəy Azərbaycan bəstəkarlıq məktəbinin təməlini elə möhkəm qoyub ki, onun yetişdirdiyi bu üç böyük sənətkar Azərbaycan musiqisinin inkişafı üçün kifayət qədər güclü bir məktəb formalaşdırıb.
Sonrakı nəsildə Soltan Hacıbəyov, Cövdət Hacıyev, Rauf Hacıyev, daha sonra Arif Məlikov, Vasif Adıgözəlov, Aqşin Əlizadə kimi görkəmli bəstəkarlar yetişiblər. Bu sənətkarların hamısının yaradıcılığında Üzeyir bəyin qoyduğu təməlin izləri var.
Qara Qarayev ziyalı, həkim ailəsində böyümüş, yüksək intellektual dünyagörüşünə malik sənətkar idi. Fikrət Əmirov isə görkəmli tarzən Məşədi Cəmilin oğlu idi. Bəlkə də buna görə bəzi dinləyicilər Fikrət Əmirovun musiqisini özlərinə daha yaxın hiss edir, onun əsərlərində milli musiqi ənənələrinin təzahürünü daha aydın görürlər. Ancaq Qara Qarayevin yaradıcılığı da öz miqyası, fəlsəfi dərinliyi və bədii təfəkkürünün genişliyi ilə seçilir. O, həqiqətən kosmik təxəyyülə malik, fantastik bəstəkar idi.
Əsas məsələ bu sənətkarları bir-birindən ayırmaq deyil, hər birinin Azərbaycan musiqisinə gətirdiyi yeniliyi və özünəməxsusluğu dəyərləndirməkdir. Biz Qara Qarayevin, Fikrət Əmirovun, Maestro Niyazinin, Cövdət Hacıyevin, Soltan Hacıbəyovun, Vasif Adıgözəlovun, Arif Məlikovun əsərlərini dünyanın müxtəlif səhnələrində ifa edirik və onlar hər yerdə böyük rəğbətlə, ayaqüstə alqışlarla qarşılanırlar. Bu sənətkarların hər biri özlüyündə bənzərsizdir və heç birini digəri ilə müqayisə etmək düzgün olmazdı.
Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan bəstəkarlıq məktəbi ən yüksək zirvədə dayanır.
- Dirijor kimi sizə emosional baxımdan ən çox təsir edən və çətinliyə salan əsərlər hansılardır?
- Mən peşəkaram, peşəkar üçün çətinlik olmamalıdır. Bəzən ifa zamanı çox emosional oluram, amma özümə nəzarət edə bilirəm. Dirijor emosiyalarına qapılıb özünü itirməməlidir. Səhnədə böyük heyəti idarə edirik. İstanbulda tamaşamda səhnədə 320 musiqiçi vardı. Onların hamısını idarə etmək üçün əlimizdə cəmi bir-iki qram çəkisi olan nazik çubuq olur. Deməli, səhv etməyə haqqım yoxdur...
Bunu sürətlə hərəkət edən, 60-70 vaqondan ibarət qatara bənzətmək olar. Öndəki lokomotiv relsdən çıxsa, arxadakı vaqonları da özü ilə aparar və faciə baş verər.
Tamaşa başlayandan sonra onu dayandırıb musiqiçilərə “gəlin, filan hissəni yenidən başlayaq” deyə bilməzsən. Başlamısansa, sona qədər davam etməlisən. İki saat yarım, bəzən üç saat bütün diqqətini səhnəyə yönəltməlisən. Səhnədə yüz alət səslənirsə, hamısını eşitməlisən. Ən kiçik səhvi belə həmin an hiss etməlisən.
Hər tamaşadan sonra tərəzidə çəkimi yoxlayıram, iki kilo, iki kilo yarım çəki itirdiyim məlum olur.
- Siz özünüz daha çox hansı musiqi əsərlərini dinləyirsiniz?
- Xüsusi olaraq dinlədiyim, daim bağlandığım bir əsər yoxdur. Mənim üçün ən sevimli əsər elə həmin gün üzərində işlədiyim əsərdir. Çünki o əsərlə bağlı bütün həyəcanı yaşayıram. Konsertdən sonra da bir həftə həmin musiqi beynimdə qalır, hətta gecələr yuxuma girir. Elə dahi əsərlər var ki, insanda xüsusi duyğular yaradır.
Atamın “Çanaqqala 1915” oratoriyası var. Orada bir ninni, eləcə də “Çanaqqala içində vurdular məni” adlı mahnı yer alır. Həmin əsərə hər dəfə dirijorluq edəndə gözlərim dolur. Çünki atam bu əsəri o qədər böyük duyğusallıqla işləyib ki, hər ifada eyni hissləri yaşayıram.
- Tarda ifa edə bilirsinizmi?
- Yox, ifa edə bilmirəm. Evdə tar da var, kamança da. Zülfü babamın qavalı da məndədir. Onları yadigar kimi qoruyub saxlamışam. Mənim əsas peşəm pianoçuluqdur.
- Bəs, səsiniz varmı?
- Məşqlərdə oxuyuram. Bəzi musiqi nüanslarını ifaçıya çatdırmaq üçün dirijorun oxumağı bacarması lazımdır. Vokal səsim yoxdur, amma istədiyimi səsimlə ifadə edə bilirəm. Oxuyanda fikrimi daha aydın çatdırıram.
- Geriyə baxanda sizi ən çox qürurlandıran qərarınız hansıdır, yenidən təkrarlamaq istəmədiyiniz qərar varmı?
- 1991-ci ildə bir qərar vermək qarşısında idim. Azərbaycanda o vaxt siyasi vəziyyət çox qarışıq idi, çox sayda musiqiçi ölkəni tərk etmişdi. Həmin vaxt məni Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə dəvət etdilər. Orkestrin qarşısına çıxanda gördüm ki, musiqiçilərin 60 faizi başqa ölkələrə gedir. Çünki maaşlar arasındakı fərq 10-15 dəfə böyük idi.
O vaxt məni də Türkiyəyə dəvət edirdilər. Atamdan soruşdum, dedi ki, sən də getsən, nə olacaq? Dövlət Simfonik Orkestri Üzeyir Hacıbəylinin övladıdır. O çətin illərdə Azərbaycanda qaldım və on ilə yaxın Üzeyir bəyin adını daşıyan simfonik orkestrin bədii rəhbəri və baş dirijoru oldum.
1998-ci ildə vəzifədən ayrıldım. O çətin vəziyyətdə ölkəni tərk etməyən musiqiçilərin mənim üçün dəyəri daha böyükdür. Mən həmişə o qərarımla qürur duymuşam və düşünmüşəm ki, düzgün seçim etdim.
- Üç övladınızdan sizin sənətinizi davam etdirəni varmı?
- Kiçik oğlum hazırda Estoniya Musiqi və Teatr Akademiyasında dirijorluq fakültəsində təhsil alır. Digər iki övladım isə başqa sahələrdədir.
Oğlum Tamerlan bu yay Azərbaycana gələndə qastrol səfərlərimiz zamanı dirijorluq da etdi. Deyilənə görə, çox istedadlıdır.
- Onu dəstəkləyirsinizmi?
- Dəstəkləyirəm, eyni zamanda bilirəm ki, o, nələrdən keçməlidir...
- Süni intellektin musiqiyə təsiri barədə nə düşünürsünüz?
- Süni intellekt heç vaxt insan istedadını əvəz edə bilməyəcək. Hər şeyi yüksək səviyyədə təşkil edə, istədiyi üslubda mahnı hazırlaya bilər. Amma insanın dərin emosiyası, həyəcanı, gözyaşı, ürək döyüntüsü süni intellekt üçün əlçatmaz olaraq qalacaq. Onun heç bir yüksək şansı yoxdur.