Azərbaycan bütün sahələrdə tarixi dəyişikliklər
mərhələsindədir. Gənc müstəqil ölkəmiz Prezident İlham Əliyevin
rəhbərliyi ilə keçid dövrünün çətinliklərini inamla dəf edərək
ictimai-siyasi inkişafın, iqtisadiyyatın modernləşdirilməsinin,
Azərbaycan xalqının milli mənlik şüurunun yüksəlməsinin yeni
fazasına qədəm qoyub.
Yeniləşməkdə olan cəmiyyətimiz öz dinamizmi ilə xoşbəxt gələcəyə
- XXI əsr dünyasına istiqamətlənib. Həm Şərqə, həm də Qərbə aid
dünyəvi, müasir dövlət olan Azərbaycan üçün etnosların, dillərin və
dinlərin qaynayıb-qarışması, onların sülh və həmrəylik şəraitində
birgə yaşayışı səciyyəvi cəhətlərdir. Cəsarətlə demək olar ki, bu
gün burada təkcə ölkəmizin yox, həm də region dövlətlərinin taleyi,
sırf milli məsələlərlə yanaşı, transmilli, qlobal məsələlər də həll
edilir.
Azərbaycan fəal diplomatik əlaqələrin qurulduğu, intensiv
danışıqlar proseslərinin aparıldığı, ən mühüm tarixi sənədlərin
imzalandığı məkandır. Bizim dövlətimiz sözün həqiqi mənasında
müxtəlif sivilizasiyaların nümayəndələrinin görüş məkanına
çevrilib. Çoxmədəniyyətli, polietnik, tolerant, yeni zəfərlərə və
təşəbbüslərə hazır olan bu diyar qədim dövrün möhtəşəm abidələri
ilə eleqant yeni tikililərin harmonik şəkildə qonşuluq etdiyi,
müxtəlif arxitektura üslublarının və tarixi layların mozaikasının
hökm sürdüyü, neft-qaz bumu ilə yanaşı, genişmiqyaslı "mədəni
bum"un möhkəmləndiyi məkandır. İdeyadakı həyatdan reallıqdakı
həyata keçidi həm sosial-iqtisadi transformasiya, həm də keçmişdən
gələcəyə istiqamətlənmiş ölkəmizin ruhu nümunəsində əyani və aşkar
şəkildə görmək olar.
Şəksiz ki, Azərbaycanın müasir tarixi mərhələyə daxil olmasının
ən aşkar və parlaq əlaməti ölkəmizdə mədəni həyatın çiçəklənməsi,
Azərbaycan və ümumdünya mənəvi dəyərlərinin qarşılıqlı nüfuz
etməsinin yeni paradiqmaları və perspektivləridir. Ölkəmizdə həm
lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlər, forumlar,
konfranslar və seminarlar, həmçinin Azərbaycan xalqının mədəni
dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə onların üzvi
qarşılıqlı əlaqəsini təbliğ edən festivallar və müsabiqələr təşkil
olunur. Azərbaycan və Rusiya liderlərinin himayəsi altında
keçirilən Bakı Beynəlxalq Humanitar Forumu bu baxımdan nümunəvi
misal, özünəməxsus xalqlar dostluğu körpüsüdür.
2010-cu ildə iki prezidentin – İlham Əliyevin və Dmitri
Medvedevin qərarı ilə yaradılan və artıq ənənə halı alan bu Forum
tanınmış ictimai-siyasi xadimləri, görkəmli elm, mədəniyyət və
incəsənət nümayəndələrini öz məkanında birləşdirir. Bakı Forumunun
tribunalarından və onun kuluarlarında müxtəlif ölkələrin,
regionların və nəsillərin nümayəndələri ünsiyyət saxlayır,
diskussiya aparır və ümumi nəticələrə gəlirlər. Əlamətdar haldır
ki, bu, məhz Bakıda baş verir. Çünki Azərbaycan torpağı bütün
dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan xalqı isə
yaratmaq və birləşdirmək bacarığı ilə məşhur olub.
V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Azərbaycan
Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Forum son illər
ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu Forumun
beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan
beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz
hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq
əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol
oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox
beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı
Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir
ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il
bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü
keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalar Alyansının VII
Qlobal Forumu keçirilmişdir. Bütün bu mötəbər tədbirlər
çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və
digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr
aparılmışdır.
Azərbaycan son illər ərzində mötəbər idman yarışlarına da ev
sahibliyi edib. Təkcə bu il Bakıda ilk dəfə olaraq "Formula-1"
yarışı və Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Keçən il isə
tarixdə ilk dəfə olaraq Bakıda birinci Avropa Oyunları
keçirilmişdir. Bu, özlüyündə bir göstəricidir. Çünki ilk Avropa
Oyunları müsəlman ölkəsində keçirilmişdir və bu, Azərbaycanın
dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfəsi kimi
qiymətləndirilə bilər. Gələn il isə Bakıda IV İslam Həmrəylik
Oyunları keçiriləcəkdir. Yəni, bir şəhərdə cəmi iki il ərzində həm
Avropa Oyunları keçirilib, həm də İslam Oyunları keçiriləcəkdir.
Bugünkü Azərbaycan, bax, bu yolla gedir".
Bundan əvvəlki forumlar kimi, V Bakı Beynəlxalq Humanitar Forumu
da dövrümüzün çağırışlarına və risklərinə cavab verməyə, onların
aradan qaldırılması yollarını tapmağa çalışaraq iştirakçılarının
geniş tərkibi və təşkilati vüsəti ilə fərqlənirdi. Forumun işində
dünyanın 80-nə yaxın ölkəsindən 400-dən çox nümayəndə (o cümlədən
15 Nobel mükafatı laureatı) iştirak edirdi. Forumun saytında qeyd
edilir ki, "onun iştirakçıları təbiət elmlərinin, ictimai və
humanitar elmlərin, habelə dünyanın mədəni elitasının
nümayəndələridir. Onlar öz qarşısına ambisiyalı bir məsələ -
sonradan beynəlxalq miqyasda müzakirə etmək məqsədilə yeni
humanitar gündəliyin formalaşması məsələsini qoyurlar. Foruma həm
də "dünyanın böyükləri" – indiki və ya keçmiş dövlət başçıları və
transmilli korporasiyaların əsasını qoyanlar dəvət edilir. Bəşər
fəaliyyətinin bütün sahələrinin nümayəndələrinin birləşməsi yolu
ilə bəşəriyyəti narahat edən aktual məsələlərin optimal həlli
tapılır".
Azərbaycan xalqına üzvi şəkildə xas olan, onun mahiyyətini,
mentalitetinin xüsusiyyətlərini müəyyən edən və səciyyələndirən
multikulturalizm mövzusu bütün Bakı humanitar forumlarının işində
üstünlük təşkil edir. Xalqımızın əzəli, permanent xüsusiyyəti olan
multikulturalizm bütün dövrlərdə, hətta ən dramatik mərhələlərdə də
dünyanın hər yerində müxtəlif xalqların nümayəndələri ilə ortaq dil
tapmağa və ən başlıcası, öz yurdunda millətlərarası sülh və rifah
vahəsi yaratmağa imkan verib. Prezident İlham Əliyevin qeyd etdiyi
kimi, "Bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim
tariximiz multikulturalizm əsasında qurulubdur. Düzdür,
multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu,
həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq
Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma
məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil
dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin
inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu
müsbət meyilləri gündəlik həyatda gücləndirir.
... Təsadüfi deyil ki, Azərbaycanda bu il "Multikulturalizm ili"
elan edilmişdir. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılmışdır. Dövlət Bayrağı Meydanının, - bu bayraq
dövlətçiliyimizin rəmzidir, - yaxınlığında multikulturalizmə abidə
ucaldılmışdır.
Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır.
Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr bu məsələ ilə bağlı öz
mövqeyini bildirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki,
dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli,
bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm
iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir
meyilə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli
fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq, multikulturalizmə
alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə
alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi
ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır,
antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir
neçə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük
fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət
multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir.
Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz öz növbəmizdə,
öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı
dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür.
Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri
Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq
aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri
gücləndirək".
Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir.
Bu qiymətli sosial hadisə Azərbaycan xalqının əsl keyfiyyətini və
xarakteristikasını açıqlayır, onun hansı mənəvi yüksəkliklərə
çatdığını göstərir. Müxtəlif xalqların elitasının nümayəndələri,
beynəlxalq təşkilatların rəsmiləri ölkəmizdə həyata keçirilən
multikulturalizm siyasətini yüksək qiymətləndirir, vurğulayırlar
ki, Azərbaycan haqlı olaraq multikulturalizm ideyalarının bütün
dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir. Multikulturalizm
çoxmillətli dövlətlərdə siyasi sabitlik yaradılması üçün ən
səmərəli vasitədir.
Müasir cəmiyyətdə multikulturalizmin rolu Birləşmiş Millətlər
Təşkilatının baş katibi Pan Gi Munun V Bakı Beynəlxalq Humanitar
Forumunun iştirakçılarına ünvanlanmış, Forumun işində iştirak edən
BMT baş katibinin müavini Cihan Sultanoğlu tərəfindən oxunmuş
müraciətində də vurğulanıb. Müraciətdə deyilir: "Bu, bir sıra mühüm
mövzulara həsr olunmuş aktual tədbirdir. Miqrant və qaçqınların
insan kapitalı ilə bağlı "dəyirmi masa"da olduqca mühüm məsələ
müzakirə olunacaq. Bütün dünyada münaqişə və zorakılıq nəticəsində
yurd-yuvasından didərgin düşmüş insanların sayı hazırda 65 milyona
yaxınlaşır. Bu, İkinci Dünya müharibəsindən sonra ən yüksək
rəqəmdir. Bundan başqa, təbii fəlakətlər və iqlim dəyişikliyi
nəticəsində hər il 25 milyon insan öz yurdundan didərgin düşür.
Ümidvaram ki, bu "dəyirmi masa" Dünya Humanitar Sammitinin
nəticələrinin, miqrantlar və qaçqınlar haqqında Nyu-York
Bəyannaməsinin icrasına töhfə vermək üçün regional və qlobal
iştirakçılara fürsət yaradacaq".
Qazaxıstan Respublikasının dövlət katibi Gülşara Abdıkalikova
isə tədbirdəki çıxışında bu fikri söyləyib: "Bu Forum cəmiyyətin
hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya
miqyaslı məkandır. Burada cari yüzilliyin qlobal çağırışlarına
cavab axtarılır... Forumun ideyası bütün bəşəriyyət üçün maraq
doğuran dünya miqyaslı məsələlərin geniş spektrinə dair dialoqlar,
fikir mübadiləsi və müzakirələr aparılması məqsədilə beynəlxalq
birliyin siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri
üçün diskussiya məkanı yaratmaqdır".
Bu, ənənələrin inkişafına və həyatımızda innovasiyaların
mənimsənilməsinə çox ciddi diqqət yetirən Azərbaycan Prezidenti
İlham Əliyevin böyük xidmətidir. Bu diqqət nəticəsində cəmiyyətdə
dialoqa və həmrəyliyə münasibət həm Azərbaycan xalqının mehriban,
qonaqpərvər və tolerant olmasının nəticəsi, həm də bütövlükdə
dövlətin inkişaf impulsu, onun gələcək təkamülünün meyarı kimi
qiymətləndirilir. Bu xeyirxah meyillər Azərbaycan vətəndaşlarını
onların qarşısına qoyulmuş məqsəd və vəzifələrə nail olmağa
istiqamətləndirir, bu məqsəd və vəzifələrə çatmağın üsullarını
akkumulyasiya edir və cəmləşdirir.
Əlbəttə, bu obyektiv proseslərin işıqlandırılmasında KİV-lər
mühüm rol oynayır. Jurnalistlər öz məqalələrində, oçerklərində,
reportajlarında, hətta kitablarında Azərbaycanda multikulturalizmin
– dünya sivilizasiyasının müəyyən mənada nadir və eyni zamanda,
universal fenomeninin çoxvektorlu inkişaf yollarını araşdırmağa
çalışır; Azərbaycan xalqının dünyanın digər dövlətlərinin və
regionlarının nümayəndələri ilə, habelə ölkəmizdə yaşayan çoxsaylı
xalqlar və etnoslarla qarşılıqlı fəaliyyət meyillərini
işıqlandırır; bu sahədə təşkil edilən müxtəlif tədbirlər barədə
dünya ictimaiyyətini məlumatlandırırlar.
Prezident İlham Əliyevin yürütdüyü multikulturalizm siyasəti
nəticə etibarilə Azərbaycanın hüdudlarından kənarda getdikcə daha
çox sayda tərəfdarlar qazanır. "Trend.az" saytı Meksikada çıxan
"The News" qəzetinin baş redaktoru Tereza Marqolisin Azərbaycan
Prezidenti İlham Əliyevə həsr olunmuş "Nümunəvi lider" məqaləsinin
tərcüməsini dərc edib. V Bakı Beynəlxalq Humanitar Forumunun
iştirakçısı olmuş müəllif yazır ki, Azərbaycan dövlətinin başçısı
Forumdakı nitqində Azərbaycanda əcnəbi mədəniyyətlərə və etnik
qruplara münasibətdə mövcud olan qonaqpərvərlik ənənələri barədə
danışıb. Bu tezis öz təsdiqini həm də onda tapıb ki, Bakıya gəlmiş
Roma Papası Fransisk Azərbaycan Prezidentinin xahişi ilə şəhərin
mərkəzində, açıq səma altında dua mərasimi keçirib, həmçinin
şəhərin ən iri otelində Aşkenazi yəhudilərinin Roş-Ha-Şana dini
ayini mərasimində hökumət adından yerli yəhudi icmasının üzvlərini
Yeni İl münasibətilə təbrik edib. Marqolis yazır ki, həm Forumda,
həm də Roş-Ha-Şana bayramı münasibətilə şam yeməyi zamanı bu
tədbirlərin iştirakçılarından eşidib ki, Azərbaycanda heç vaxt dini
zəmində sıxışdırma halları olmayıb.
Məqalə müəllifi dövlətimizin başçısı barədə söhbət açaraq qeyd
edir ki, 2013-cü ildə beynəlxalq müşahidəçilərin iştirakı ilə
keçirilmiş prezident seçkilərində İlham Əliyevin qələbəsinə heç kəs
şübhə edə bilməz. Müəllif Forumda xarici diplomatlardan birinin
söylədiyi belə bir fikirlə həmrəydir ki, İlham Əliyev neft
sektorundan əldə edilən gəlirləri müdrikcəsinə infrastrukturun,
təhsilin inkişafına və sənayenin şaxələndirilməsinə yönəldir. Bu da
öz növbəsində, Azərbaycanın mövcud neft böhranından qorunmasına
kömək edir, hərçənd, son vaxtlar manat iki dəfə devalvasiyaya
uğrayıb.
Marqolis onu da qeyd edir ki, 1991-ci ildə ölkə öz
müstəqilliyini bəyan edərkən yoxsulluq səviyyəsi 49 faizə
çatırdısa, indi bu göstərici cəmi 5 faiz təşkil edir. Müəllif yazır
ki, Prezident İlham Əliyev güclü lider olmaqla bərabər, həm də
etnik və dini mənsubiyyətindən asılı olmayaraq xalqın bütün
nümayəndələrinin qeydinə qalır. Məqalənin sonunda deyilir: "İlham
Əliyev regional və iqtisadi-siyasi arenada öz xalqına rəhbərlik
edərək ölkəsini regionun ən sabit bölgəsinə çevirib".
Azərbaycan Prezidenti İlham Əliyevin Forumda toxunulan
məsələlərin geniş spektri və dərin institusional mənası ilə
fərqlənən proqram xarakterli nitqi tədbirin bütün iştirakçıları
tərəfindən çox ciddi rəylər doğurub. Onlar qeyd ediblər ki,
Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizmin inkişafı
üzrə fəaliyyəti çox böyük beynəlxalq əhəmiyyət kəsb edir, buna görə
də onlar həmin Forumda iştirak etdiklərinə görə məmnunluqlarını
gizlətmirdilər. Məsələn, ISESCO-nun baş direktoru Əbdüləziz Osman
əl-Tuveycri deyib: "Mən şahidəm ki, o, sülhün irəliləməsi, xalqlar
və millətlər, mədəniyyətlər və dinlər arasında dialoqun
əhəmiyyətini anlamaq, həmçinin Azərbaycanı indiki kimi firavan,
inkişaf etmiş, böyük ölkəyə çevirmək üçün böyük səylər göstərir və
mühüm təşəbbüslər irəli sürür".
AZƏRTAC informasiya agentliyi Azərbaycan Prezidenti İlham
Əliyevin Əbdüləziz Osman əl-Tuveycri ilə görüşünü işıqlandıraraq
yazır: "ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri bu
nüfuzlu tədbirin beşinci dəfə keçirilməsini qeyd edərək vurğulayıb
ki, Forumun işi çox uğurludur. O qeyd edib ki, indiyə qədər
keçirilmiş forumlarda qəbul edilmiş qərarlar bütün dünyada mühüm
nəticələrə nail olmaq üçün şərait yaradır. Əl-Tuveycri deyib: "Bu
Forumun uğuru ədalətə və sülhə çağıranlar üçün uğurdur". Görüşdə,
həmçinin Heydər Əliyev Fondu ilə ISESCO arasında uğurlu əməkdaşlıq
barədə söhbət gedib, bu əməkdaşlığın beynəlxalq əhəmiyyəti
vurğulanıb, əlaqələrin daha da genişlənəcəyinə əminlik
bildirilib".
Bakı Humanitar Forumunun iştirakçısı, Rusiya-Azərbaycan Dostluq
Mərkəzinin direktoru Nataliya Krasovskayanın moscow-baku.ru saytına
verdiyi "Azərbaycanda multikulturalizmin təsirini real zamanda
müşahidə etmək olar" sərlövhəli müsahibəsi rəmzi məna daşıyır:
"Müzakirə edilən məsələlərə gəldikdə, mənim fikrimcə, ən vacib
məsələ multikulturalizmin geniş yayılması məsələsi oldu. Təəssüf
ki, bu gün siyasətçilərin çoxu belə söyləməyə meyillidirlər ki, bu
mövqe öz dövrünü başa vurub, o, artıq aktual deyil – halbuki
nifrətin və destruksiyanın çarəsi yalnız multikulturalizmdir.
Yaranan münaqişələrin yalnız ağlabatan tərzdə idarə edilməsi və
xalqların bir-birinin mədəniyyətinə, ənənələrinə, adətlərinə hörmət
ruhunda tərbiyə olunması bugünkü dünyanı müharibələrdən və
dağıntılardan qoruya bilər".
Daha bir rəyi göstərək. Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun rektoru, Forumda iştirak etmiş Anatoli Torkunov qeyd
edib ki, dövlətimizin başçısının bu çıxışındakı fikirlər böyük
əhəmiyyət kəsb edir və müzakirələrin daha maraqlı keçməsi üçün
yaxşı imkan yaradır. Rektorun sözlərinə görə, Azərbaycan paytaxtına
hər səfəri, o cümlədən çoxlu görkəmli insanların toplaşdığı V Bakı
Beynəlxalq Humanitar Forumunda iştirak etməsi onun üçün əlamətdar
hadisədir. Torkunov qeyd edib ki, Rusiya nümayəndələri Bakı
Beynəlxalq Humanitar Forumuna böyük maraq göstərirlər ("Vestnik
Kavkaza").
Bizim mürəkkəb, ziddiyyətlər və təzadlarla dolu dövrümüzdə
xalqlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı dəstək müəyyənedici
anlayışdır. Bu baxımdan, Azərbaycan və Rusiya xalqları arasında
dostluq ənənələri rəmzi məna daşıyır. Əlbəttə, illər keçdikcə bu
qarşılıqlı əlaqələrin transformasiyaya məruz qalması izah edilə
biləndir, lakin bu əlaqələr heç də "minus" işarəsi ilə dəyişməyib,
sadəcə bizim həyatımız kimi tədricən və zamanın obyektiv
reallıqlarını hər yerdə əks etdirməklə dəyişir. Bu gün çox vacibdir
ki, Azərbaycan və Rusiya xalqlarının onilliklər ərzində topladığı
qarşılıqlı fəaliyyət təcrübəsinə etinasızlıq göstərmədən artıq əldə
edilənləri və hələ qarşıda duranları zənginləşdirməyə və çoxaltmağa
çalışaq. Forumda Rusiya nümayəndə heyətinin daha bir üzvünün –
Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) rektoru və
Universitetin Elmi Şurasının sədri, tarix elmləri doktoru,
professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovarın
fikri ədalətlidir ("Vestnik Kavkaza" nəşri bu fikri də sitat
gətirib). O, öz fikrini yığcam şəkildə ifadə edib: "Rusiya və
Azərbaycan strateji tərəfdaşlardır!".
Rusiya hökuməti Baş nazirinin müavini, Rusiya nümayəndə
heyətinin rəhbəri Olqa Qolodets öz çıxışında deyib: "Bu gün Rusiya
Federasiyası ilə Azərbaycan Respublikası arasında müxtəlif
sahələrdə 90-dan çox saziş bağlanıb". O, daha sonra deyib:
"Fikrimcə, bu əməkdaşlıq davam edəcək. Bu gün bizim üçün çox
vacibdir ki, təhsil, səhiyyə və digər sahələrdə peşəkarlar,
mütəxəssislər arasında həqiqətən yüksək səviyyədə olan
əməkdaşlıqdan əlavə, şəxsi əlaqələr də yaransın. Mən fəxr edirəm
ki, dostlarım arasında Azərbaycandan, Bakıdan olanlar çoxdur. Mənim
dostlarımın da dostluq etdikləri, şəxsi əlaqə saxladıqları
tanışları çoxdur. Bizim mədəniyyətlər bizi birləşdirir və hesab
edirəm ki, bizim missiyamız bu mədəniyyəti gənclərə, böyüməkdə olan
nəslə çatdırmaqdan ibarətdir. Ümidvaram ki, hər şeydən əvvəl
mədəniyyət sahəsində əlaqələrimiz genişlənəcək. Gələcək bununla
bağlıdır və bu, xalqlarımız arasında qarşılıqlı anlaşmanın gələcəyi
üçündür".
Nataliya Krasovskaya da yuxarıda xatırlatdığımız "Azərbaycanda
multikulturalizmin təsirini real zamanda müşahidə etmək olar"
sərlövhəli müsahibəsində bu barədə danışır: "Azərbaycan-Rusiya
münasibətləri qarşılıqlı hörmətə, hər iki tərəf üçün faydalı
iqtisadi əməkdaşlığa, birlikdə qoruduğumuz tarixi yaddaşa,
bir-birimizdən öyrənməyə hazır olmağımıza, xalqlarımızı bağlayan
milyonlarla insani əlaqələrə əsaslanır. Bu gün Rusiya və Azərbaycan
sadəcə strateji tərəfdaşlar deyil, onlar çətin şəraitdə bir-birini
dəstəkləməyə hazır olan mehriban qonşular və dostlardır. Bizim
Mərkəzin vəzifəsi bu münasibətlərin bütün tərəflərini möhkəmlətmək,
yeni əlaqələr yaratmaq, yeni körpülər salmaq, bizim bir-birimizi
mümkün qədər daha yaxşı tanımağımız və bir-birimizi anlamağımız
üçün azərbaycanlılara Rusiya haqqında, rusiyalılara isə Azərbaycan
haqqında danışmaqdır. Axı anlama nəticəsində insanlar arasında isti
münasibət, dostluq, qarşılıqlı maraq yaranır. Mən əminəm ki,
gələcəkdə dünya bütün bunlar üzərində qurulacaq".
Müxtəlif birgə humanitar aksiyaları, o cümlədən qlobal miqyaslı
tədbirləri daha fəal və daha geniş keçirməyin vacibliyi və
zəruriliyi göz qabağındadır. Tarixi, geosiyasi, mental baxımdan
bir-birinə bağlı olan Azərbaycan və Rusiya xalqları əsrlər boyu həm
birbaşa, həm də məcazi mənada yanaşı olublar. Bakı Beynəlxalq
Humanitar Forumunun yaranması bunu bir daha təsdiq etdi. Rusiyanın
çoxsaylı nümayəndə heyətləri həmişə bu Forumun iştirakçıları
arasında olur.
V Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Azərbaycan ilə
Rusiya arasında qarşılıqlı əlaqələrə əlavə impuls verəcək. Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin Forum iştirakçılarına
ünvanlanmış və Olqa Qolodetsin oxuduğu müraciətində bu məqamı
vurğulayaraq Bakı Forumunun tarixi əhəmiyyətini yüksək
qiymətləndirib və onun iştirakçılarına müasir dünyanın mürəkkəb və
aktual problemlərinin həllində uğurlar arzulayıb.
Prezident Vladimir Putin əmin olduğunu bildirib ki, Forumda
müzakirələr maraqlı olacaq, bütün ölkələrin və qitələrin xalqları
arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Rusiya
Prezidentinin məktubunda deyilir: "Forumun zəngin gündəliyi müasir
beynəlxalq münasibətlər üçün humanitar əməkdaşlığın artan
əhəmiyyətini əks etdirir... Bakı ali qonaqları, elmi və yaradıcı
ziyalıların nümayəndələrini qəbul edir. Siz qiymətli təcrübə
mübadiləsi aparacaq, mədəniyyət, elm və ətraf mühit sahəsində
perspektivləri müzakirə edəcəksiniz. Əminəm ki, sizin müzakirələr
səmərəli olacaq". Rusiya dövlətinin başçısının Forum
iştirakçılarına müraciətindən sitatlar gətirilən KİV materialları
təntənəli, bayramsayağı olması ilə fərqlənir və eyni zamanda,
Rusiya Prezidentinin Bakı Forumuna aşkar diqqət və marağını ifadə
edir.
Azərbaycan-Rusiya münasibətlərinin inkişaf meyilləri əyani
şəkildə göstərir ki, əsrlər boyu çoxmillətli dövlət kimi inkişaf
edən Azərbaycan dini etiqadından, siyasi quruluşundan və tarixi
xüsusiyyətlərindən asılı olmayaraq bütün xalqlar və dövlətlərlə
qarşılıqlı anlaşma və dostluq əlaqələrinin inkişaf etdirilməsi kimi
ali prinsiplərə dönmədən riayət edir. Azərbaycan ta qədimdən Qərb
və Şərq sivilizasiyalarını həm geosiyasi, həm də mənəvi baxımdan
birləşdirən, bütün ölkələr və xalqlarla sülhsevər siyasətə sadiq,
ən müxtəlif millətlərin və konfessiyaların nümayəndələrini dini
dözümlülük və qarşılıqlı anlaşma ruhunda birləşdirən çoxmillətli
dövlətdir. Qədim Azərbaycan torpağında onlarla xalqın və etnosun
(bu gün onların sayı 60-a yaxındır) nümayəndələri əsrlər boyu sülh
və firavanlıq şəraitində dinc yanaşı yaşayıblar.
Azərbaycan Respublikası öz milli qaynaqlarını dərk etməklə,
dövlətçiliyi və demokratiyanı inkişaf etdirməklə yanaşı, beynəlxalq
birliyə əzmlə inteqrasiya edir. Azərbaycan Prezidenti İlham
Əliyevin Forumdakı nitqində qeyd etdiyi kimi, "...beynəlxalq
tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk
növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan
çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin,
xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu
beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal
göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx
birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada
xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar,
müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan
tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən
dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri
gücləndirə bilər.
Biz bir neçə il bundan əvvəl fikirləşdik ki, yaxşı olar, Avropa
Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında bir əlaqə yaradılsın.
Bu məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət
nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və
birgə sessiya keçirilmişdi. Bu, dünyada çox böyük əks-səda
yaratmışdı. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq
görüldü və bu görüşə, bu təşəbbüsə "Bakı prosesi" adı verilmişdir.
2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin
mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan
mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim
təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz əlbəttə,
çox fəxr edirik ki, bu təşəbbüsə "Bakı prosesi" adı
verilmişdir...
İndiki zamanda daha çox bu məsələlər gündəlikdə olmalıdır,
müsbət meyillər üstünlük təşkil etməlidir. Bizi narahat edən
məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan
ibarətdir. Misal üçün, islamofobiya bütün İslam aləmini narahat
edir, incidir. Çünki həm bəzi kütləvi informasiya vasitələri, həm
də bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən İslam
haqqında, dinimiz haqqında mənfi rəy formalaşdırırlar. İslamı
terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən
elə müsəlman ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri "stop
İslam" deyirlər. Bəziləri deyir ki, biz miqrantları qəbul etməyə
hazırıq, ancaq müsəlman miqrantları yox. Bu, nədir? Bu, XXI əsrdə
Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun ki,
buna nə beynəlxalq təşkilatlar, nə ayrı-ayrı ölkələr reaksiya
verir, sanki bu, belə də olmalıdır. Çox təhlükəli meyillərdir və
biz mütləq bu barədə danışmalıyıq. Müsəlman aləmində gedən
radikallaşma, radikal qüvvələrin daha böyük dəstək qazanması da
narahatedici amillərdir. Ona görə, hesab edirəm ki, biz bu
məsələləri açıq şəkildə müzakirə etməliyik".
Virtual reallıq, texnogen qəzalar və elektron müharibələr
dövründə bəşəriyyətin hərtərəfli birləşməsini bəyan etmiş
qloballaşma, deyəsən, planetar birgəyaşayışın vahid nəzəri modelini
hələ işləyib hazırlamayıb, hərçənd həqiqətdə dünya yeni qaydada
dinamik şəkildə yaşayır və inkişaf edir. Beləliklə, qloballaşma
bəşəriyyətin ən mürəkkəb sosial, mənəvi, iqtisadi, geosiyasi
problemlərinin kompleks həlli imkanlarını hədsiz genişləndirərək
bizi dövlətlərin və regionların, millətlərin və xalqların
qarşılıqlı münasibətlərinin aktual olduğu qədər əbədi məsələləri,
nəsillərin və dövrlərin varisliyi barədə getdikcə daha tez-tez və
daha ciddi düşünməyə məcbur edir. Bəşəriyyətin qorunub saxlanması
təbii ki, sivilizasiyalı inkişafın müasir strategiyalarını, yeni
yola keçidi tələb edir, bununla əlaqədar texnogen mədəniyyət
dəyərlərinin tənqidi təhlili və yeni dəyər oriyentasiyalarının
axtarışı problemi yaranır.
UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqidanın Forumdakı
çıxışında qeyd etdiyi kimi, "Biz dünyaya yeni təhdidlər gətirən,
dağıdıcı sosial transformasiyalar və xalqların dramatik
yerdəyişmələri ilə səciyyəvi olan qloballaşma dövründə yaşayırıq".
Trend agentliyi Q.Enqidanın sözlərini konkretləşdirərək vurğulayır
ki, "dünya son dövrlərdə qaçqınlarla bağlı ən ciddi böhran
qarşısındadır və bu, tez-tez baş verən, radikallaşmanın və
ekstremizmin artması səbəbindən qızışdırılan və sonda milyonlarla
insana, ilk növbədə gənclərə iztirablar verən münaqişələrin birbaşa
nəticəsidir".
Təhlükəsizliyə təhdid yaradan ölkələrin və bu təhdidin bütün
mümkün üsullarla qarşısını almağa çalışan ölkələrin sayının
günbəgün artdığı planetdə sülhün qorunub saxlanmasını yalnız dünya
birliyi tərəfindən "birlikdə yaşamaq" məharəti vərdişlərinin
öyrənilməsi, mənimsənilməsi və tətbiq edilməsi şərti ilə təsəvvür
etmək olar. Ona görə də məlum olduğu kimi, sülh yalnız bərabərlər
arasında daha davamlı olur.
Prezident İlham Əliyev Forumdakı nitqində deyib: "Əfsuslar olsun
ki, dünyada təhlükələr artır. Biz birinci Bakı Beynəlxalq Humanitar
Forumunu təşkil edəndə bu gün mövcud olan təhlükələr yox idi. Son
bir neçə il ərzində dünyada - həm bizim bölgədə, Yaxın Şərqdə,
Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr baş
verib və baş verir. Qanlı toqquşmalar, müharibələr, bəzi ölkələr
tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub,
milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüb.
Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm
meyillərini gücləndirir. Həmçinin bu ölkələr dağılandan sonra, -
mən Yaxın Şərqi nəzərdə tuturam, - insanlar öz canlarını qurtarmaq
üçün Avropaya üz tutmağa başlamışlar. Miqrantlara qarşı çox
alçaldıcı hərəkətlərə yol verilmişdir, eyni zamanda, antimiqrant
meyillər güclənmişdir. Bu, Avropada radikal qüvvələrin xeyrinə
işləyir. Bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq görərik
ki, radikal qüvvələr daha böyük dəstək alır. Nəyə görə? Çünki onlar
bu vəziyyətdən istifadə edərək daha böyük siyasi çəkiyə malik
olurlar. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli
meyildir".
Məlum olduğu kimi, qloballaşmanın səciyyəvi cəhəti təkcə
mərkəzəqaçma hərəkəti deyil, həm də mərkəzdənqaçmadır. Bu halda
dəqiq oriyentasiyası olmayan zəif cəmiyyət müasir dünyada daha
güclü cəmiyyətlər tərəfindən udulmağa, ideyalar, dillər,
mədəniyyətlər və etnoslar dənizində əriyib yox olmaq riskinə məruz
qalır. Bununla əlaqədar hesab edirik ki, dövlətin, xüsusən inkişaf
etməkdə olan dövlətin milli təşəkkülü, onun milli identiklik kəsb
etməsi və qloballaşma prosesləri problemi aktual görünür. Bu,
qlokalizasiya deyilən vəziyyətə gətirib çıxarır. Aşkardır ki,
qloballaşma milli iqtisadiyyatın və mədəniyyətin birmənalı şəkildə
inkişafını inkar etmir, əksinə, bu, bir növ sağqalma testidir.
V Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında Qazaxıstan
Respublikasının dövlət katibi Gülşara Abdıkalikova genişmiqyaslı və
eyni zamanda, lokal, ümdə formatlı qloballaşma barədə danışaraq
deyib: "Müasir dünyada qloballaşma prosesi müxtəlif mədəniyyətlərin
və dinlərin öz miqyasına görə misli görünməmiş təmasına gətirib
çıxarır. Yüksək millətlərarası, dinlərarası, konfessiyalararası
dialoq mədəniyyəti üstün prioritetə çevrilir".
Gülşara Abdıkalikova bildirib ki, Qazaxıstanda 100-dən çox etnik
qrupun və 18 konfessiyanın nümayəndələri yaşayır: "Ölkəmiz
müstəqillik qazandığı ilk günlərdən vətəndaşların bərabərliyi,
etnoslararası həmrəyliyin və ümummilli birliyin, sabitliyin
möhkəmləndirilməsi siyasətini həyata keçirir. Qazaxıstan Prezidenti
Nursultan Nazarbayevin təşəbbüsü ilə Qazaxıstan Xalqları
Assambleyası yaradılıb. Assambleya dövlət başçısının rəhbərlik
etdiyi konstitusion orqandır. Onun missiyası bərabərlik, ümumi
dəyərlər, vətəndaşlıq əsasında vahid Qazaxıstan xalqını
formalaşdırmaqdır. Bu nadir ictimai və ümumxalq təsisatı ölkədəki
1338 etnomədəni birliyin, 1993 ictimai həmrəylik şurasının işini
əlaqələndirir, Parlament Məclisinə 9 deputat seçir. Biz ümumi
vətəndaşlıq və vətənpərvərlik dəyərlərinə əsaslanan ümummilli ideya
qazanmışıq. Bu, qurucu Qazaxıstan vətənpərvərliyinin əsasıdır".
Doğrudan da beynəlmiləlçilik və humanizm tərəqqinin sivilizasiya
ənənələrinin təbii davamı olması ilə şərtlənir. Bu gün bizim kiçik
Yer planetimizin dünya miqyaslı fəlakətlər təhlükəsi qarşısında
getdikcə daha aciz qaldığı bir vaxtda "sivilizasiyalılıq" anlayışı
ilk növbədə ayrı-ayrı insanlar və bütöv dövlətlər arasında
ziddiyyətlərin və münaqişələrin zor işlətmədən dincliklə "aradan
qaldırılması" deməkdir ki, bu da dünyanın yenidən qurulmasına
məsuliyyət daşıyan qloballaşma anlayışına immanentdir.
Güc vasitələrinə gəldikdə isə, tarixi təcrübə göstərir ki, onlar
yalnız müvəqqəti əmin-amanlıq xülyası yarada bilir. Axı məişətdə
olduğu kimi, dünya siyasətində də qarşılıqlı təhdidlər
strategiyasının faydasız olduğunu həyatın özü sübuta yetirir.
Bununla belə, qloballaşma çoxlarının təsəvvür etdiyi kimi
özbaşınalığı deyil, əksinə azadlığı, ictimai münasibətləri
tənzimləyən vəzifələri, mənəviyyat qanunlarına hörməti nəzərdə
tutur. Sonra qarşılıqlı məsuliyyət prinsipi gəlir. Postsovet
məkanında bu prinsip son dərəcə aktual olub; müstəqil dövlətlərin
yaranması, transformasiyaya uğrayan tarixi gerçəkliklər, birqütblü
dünyanın inkişafı həyatın praktik olaraq bütün sahələrində
yenilənmiş yanaşma və qərarları təkidlə tələb edib.
Bu fonda millətlərarası nifrətin qızışdırılması (təəssüf ki, biz
onun "böyük Ermənistan" versiyası ilə bilavasitə qarşılaşmalı
olmuşuq) bəşəriyyətin qloballaşma erasına daxil olmasına, yəqin ki,
ən böyük təhlükədir. Barbar münasibət, insanların bir-birini
kütləvi qırması dünya birliyi tərəfindən birmənalı şəkildə mənfi
qiymətləndirilir və beynəlxalq normalara görə, bunun təşkilatçıları
haqlı və sərt cəzalandırılmalıdır. Əgər bu cəza öz hədəfinə
çatmayıbsa (ermənilərin Azərbaycan ərazilərinə təcavüzü nümunəsində
olduğu kimi) ümid ona qalır ki, bu, yalnız zaman məsələsidir.
Azərbaycan Prezidenti İlham Əliyev nitqində vurğulayıb: "Qeyd
etdiyim kimi, Azərbaycan humanitar əməkdaşlığa həmişə böyük diqqət
yetirib. Ancaq onu da istəyirəm qonaqlar bilsinlər ki, bizim
ölkəmiz və xalqımız özü böyük humanitar fəlakətlə üzləşmişdir.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana silahlı
təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb.
Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan
artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun
ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib,
günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət,
Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində
613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü
uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib,
videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq
dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.
İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz
ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT
işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib
və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün
şəhərlər yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb.
Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar.
Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz
o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox
kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan
ediblər. Fərq bundan ibarətdir. Erməni faşizmi böyük fəlakət
törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət
çəkirlər.
Bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə
dəstəkləyir. Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu
olan BMT, onun Baş Məclisi dəfələrlə qətnamələr qəbul etmişdir. BMT
Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada erməni
silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və
dərhal çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Ermənistan
bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi
mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili
standartlar siyasəti kimi qəbul edirik. Çünki bəzi hallarda BMT
Təhlükəsizlik Şurasının qətnamələri, - yaxın tarix bunu göstərir, -
günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar
cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən
20 ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul
edənlər onların icrasını tələb etmirlər.
Digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul
etmişlər. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament
Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ATƏT, yəni,
bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Dağlıq
Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir. Eyni zamanda,
beynəlxalq hüquq baxımından da ayrılmaz hissəsidir. Ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir. Ölkəmizin ərazi bütövlüyü heç bir
başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir və
beynəlxalq hüquq təmin edilməlidir".
Konfessional dözümlülüyün və hüquq bərabərliyinin şəksiz
olduğunu müəyyən edən dinlərarası dialoq da Forumun çox mühüm
əlahiddə mövzusuna çevrilib. Forum iştirakçıları arasında din
xadimlərinin çox olması faktı da başadüşüləndir. Çıxış edənlər
bildirirdilər ki, din təkcə insanların həyatında deyil, həm də
bəşəriyyət naminə ekstremizmi və ksenofobiyanı qəti inkar edən
müvafiq hərəkətlərdə mənəvi oriyentir kimi müasir cəmiyyətin
ayrılmaz tərkib hissəsidir. Burada da ölkəmiz örnək olduğunu bir
daha göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev nitqində qeyd edib: "Biz
çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə
dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi
verək. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün
xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq
şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir
qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük
sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət
tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu
abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr,
sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı
birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir.
Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən
qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir.
Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün
fəaliyyət göstərir. Eyni zamanda, Şəki şəhərinin yaxınlığında
Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi
bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu
gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının
yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub
saxlanılır. Bu, bizim tariximizdir. Müxtəlif dinlərin,
mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar və
yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün
seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə
üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu
siyasəti bundan sonra da aparacağıq.
Bu dövlət siyasəti ölkə daxilində böyük rəğbət qazanır. Eyni
zamanda, bu, cəmiyyətin də əhvali-ruhiyyəsidir. Çünki dövlət
siyasəti o zaman uğurlu icra edilə bilər ki, cəmiyyət də buna
müsbət cavab verir. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə,
multikulturalizmlə bağlı meyillər bizim dövlət siyasətimizi daha da
gücləndirir".
Dövlətimizin başçısının fikirlərini Forumun iştirakçısı,
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya
Krasovskayanın "moskow-baku.ru" saytına müsahibəsində dediyi
sözlərlə şərh etmək olar: "Azərbaycan Prezidenti İlham Əliyev çox
əhəmiyyətli detalı qeyd etdi: ölkənin böyük nailiyyəti budur ki,
burada heç vaxt dini və milli zəmində qarşıdurma olmayıb. Səbəbi də
çox sadədir: məsələ bundadır ki, Azərbaycanda multikulturalizm heç
vaxt yuxarıdan tətbiq edilən ideya olmayıb. Çoxmillətlilik,
çoxkonfessiyalılıq burada həmişə norma olub. Ölkədə müxtəlif
mədəniyyətlər bir-birinə "edə bilmərəm yolu ilə" qaynayıb-qarışmır,
onlar həmişə dialoq vəziyyətindədir, bir-birinə daim təsir edərək
zənginləşir. Buna görə də təəccüblü deyildir ki, Azərbaycan
rəhbərliyi multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb
və öz vəzifəsini bu ənənələrin təkcə ölkədə qorunub saxlanmasında
deyil, həm də bütün dünyada yayılmasında görür. Bu modelin nə
dərəcədə işə yaradığını isə real zaman deyilən rejimdə - xəbərlərdə
müşahidə etmək olar. Hər yerdə konfessiyalararası münaqişələr
tüğyan edir, Azərbaycanda isə müsəlmanlar pravoslavları Pasxa
bayramı münasibətilə təbrik edirlər. İslam dünyasını sünnilərlə
şiələr arasında müharibələr didib-parçalayır, Azərbaycanda isə
onlar müqəddəs Ramazan ayının qədəm qoyması münasibətilə
məscidlərdə bir yerdə dua edirlər. Avropada multikulturalizmin
sonunun çatdığı barədə haray çəkirlər, Azərbaycanda isə onlarla
xalq bir-biri ilə sülh və mehriban qonşuluq şəraitində rahat
yaşayır".
KİV-lər Azərbaycan müsəlmanlarının başçısı Allahşükür
Paşazadənin nitqini də birmənalı xarakterizə edirlər. O, Foruma
gələn Rus Pravoslav Kilsəsinin iyerarxı, Volokolam mitropoliti
İlarion ilə görüşdə qeyd edib: "Bir şeyxülislam kimi məni belə bir
məsələ çox narahat edir ki, Avropada mühacirlərə ayrı-seçkilik
münasibəti bəsləyir, onları müsəlmanlara və qeyri-müsəlmanlara
ayırırlar. Buna görə də hesab edirəm ki, sivilizasiyalar və dinlər
arasında dialoq bütövlükdə dünya hadisələrinə mütləq müsbət təsir
göstərəcək. Siz dəfələrlə Azərbaycana gəlmisiniz və əmin olmusunuz
ki, Azərbaycanın yolu tolerantlıq və multikulturalizm yoludur. Ölkə
rəhbərliyi bütün konfessiyalar üçün bərabər şərait təmin edir".
Allahşükür Paşazadə dünyada baş verən fəlakətlər qarşısında
xalqların birliyinə və qarşılıqlı anlaşmasına Azərbaycan və Rusiya
xalqlarının dostluğunu nümunə gətirib. "eparhia.ru" saytı yazır:
"Azərbaycan müsəlmanlarının rəhbəri Forum iştirakçıları qarşısında
çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli işində Rus Pravoslav
Kilsəsinin və şəxsən Moskvanın və bütün Rusiyanın patriarxı
Kirillin sülhməramlı səylərinin böyük əhəmiyyət kəsb etdiyini
göstərib". Sayt "bugünkü dünyanın əsas təhdidlərini - ekstremizmi,
terrorizmi, dini məsələlərdə nadanlığı, habelə onların aradan
qaldırılması yollarını göstərən" mitropolit İlarionun sözlərini də
sitat gətirib.
Azərbaycanda dinlərarası dialoqla bağlı yazıçı Raul Loveri
Kontrerasın "The Porterville Recorder" qəzetində "Qurbanlar əbəs
idimi?" sərlövhəli məqaləsi də xüsusi xatırlanmağa layiqdir. Bir
növ Bakı Beynəlxalq Forumundan əvvəlki dövrə, əsasən bütün
Azərbaycan xalqının taleyinə - onun mənəviyyatını və mentalitetini
çox aydın xarakterizə edən əlamətdar olduğu qədər mürəkkəb, bəzən
isə məşəqqətli taleyinə həsr edilən bu məqalədə deyilir:
"İspaniyada anadan olmuş Roma Katolik Kilsəsinin keşişini,
Qvatemaladan (Cənubi Amerika) olan baptist yepiskopu və
Los-Ancelesdən müsəlman imamı nə birləşdirə bilərdi? Hamısı bir
yerdə təyyarə ilə İstanbula, sonra Humanitar Forumda iştirak etmək
üçün Bakıya uçublar. Sonra da birlikdə Qubada dağ yəhudilərinin
ənənəvi olaraq azərbaycanlılarla yanaşı yaşadığı Qırmızı qəsəbəyə
gediblər".
Müəllif sonra yazır: "Bakıda təkcə məscidlər deyil, rus
pravoslav, Roma katolik və alman lüteran kilsələri, sinaqoqlar
var". P.Kontrerası heyrətləndirən odur ki, 95 faizi şiə məzhəbinə
mənsub müsəlmanlardan ibarət olan Azərbaycanda dini dözümlülüyün və
tolerantlığın səviyyəsi bu qədər yüksəkdir. O, Roma Papası
Fransiskin bu yaxınlarda Azərbaycana səfərinin əhəmiyyətini xüsusi
vurğulayıb. Öz növbəsində Roma Papası da ölkəmizdə
multikulturalizmin inkişafının yüksək səviyyəsini xüsusi qeyd
edib.
Bakı Beynəlxalq Humanitar Forumunun işinə qayıdaraq qeyd edək
ki, Forumun keçirilməsinin dövriliyi, toxunulan mövzuların miqyası,
habelə bu tədbirin iştirakçılarının sayı onu qlobal statuslu
tədbirlər sırasına aid etməyə imkan verir. Forumda aşağıdakı altı
istiqamətdə iş aparılıb: "Multikulturalizmin müxtəlif modelləri:
nəzəriyyədən humanist təcrübəyə doğru"; "İnsanların kütləvi
yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi
davamlı inkişafın əsası kimi"; "Jurnalistikanın informasiya dövrünə
transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin
edilməsində rolu"; "Davamlı inkişaf və ekoloji sivilizasiya";
"Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb
sahəsində kadrların hazırlanması məsələləri: innovativ və etik
problemlər"; "Texnologiyaların konvergensiyası və gələcəyə dair
proqnozlar: XXI əsrin əsas çağırışları".
Tereza Marqolis "The News" qəzetində "Nümunəvi lider" sərlövhəli
məqalədə qeyd edir ki, multikulturalizm, aktual problemlər, o
cümlədən miqrantların və məcburi köçkünlərin müasir dünyada
getdikcə daha tez-tez rastlaşmalı olduqları etnik dözümsüzlük və
biganəlik Forumun əsas mövzuları idi. Məqalədə deyilir: "Forum
siyasətdən tutmuş sənaye, elm və dinə qədər məsələlərin çox geniş
spektrini əhatə etdi. "Dəyirmi masa" arxasında müzakirələr zamanı
cəmiyyətin bütün təbəqələrinin nümayəndələri ilə dialoq və fikir
mübadiləsi imkanı yaradılmışdı. Forum humanitar praktikada mədəni
müxtəliflik, kütləvi miqrasiya şəraitində insan kapitalının qorunub
saxlanılması, sosial təkamül şəraitində dayanıqlı inkişaf,
molekulyar biologiya və etik tibbi innovasiyalar,
sivilizasiyalararası dialoqun təmin edilməsində mətbuatın rolu, XXI
əsr kontekstində texnologiyaların yaxınlaşması... Nüfuzlu
intellektualların ikigünlük iclasında dəfələrlə səslənən çağırışın
mahiyyəti bundan ibarət idi ki, mədəni, etnik və dini müxtəliflik
özündə müasir cəmiyyətin sərvətini əks etdirir və əgər hansısa
millətlər bu müxtəlifliyi boğmağa, yaxud məhv etməyə çalışarlarsa,
onlar əslində öz sosial-iqtisadi təkamülünü məhv edərlər".
T.Marqolisin məqaləsindən söz açan "Trend.az" saytı vurğulayır ki,
"diqqəti bu çağırışın hansı geosiyasi mühitdə həyata keçirilə
biləcəyi üzərində cəmləşdirən müəllif onun möhtəşəmliyini qeyd
edib".
KİV-lər Forumun seksiyalarının fəaliyyətini işıqlandırarkən
onların hər birinin aktuallığını və əhəmiyyətini vurğulayıblar:
"day.az" saytı yazır: "Bakı Beynəlxalq Humanitar Forumu mövzusu
qabaqcadan təşkilatçılar tərəfindən müəyyən edilən beynəlxalq
konfrans deyildir. Bu, başqa səviyyəli və miqyaslı, habelə başqa
məzmunlu tədbirdir. Məlum olduğu kimi, Qədim Romada "forum" məfhumu
şəhərin bütün azad vətəndaşlarının toplantısı kimi başa düşülürdü.
Burada bütün vətəndaş cəmiyyəti üçün əhəmiyyət daşıyan istənilən
mövzu və məsələləri sərbəst müzakirə edə bilirdilər. V Bakı
Beynəlxalq Humanitar Forumunda da oxşar məzmunlu kontekst mövcud
idi. Fikir mübadiləsi üçün multikulturalizmin Azərbaycan modelindən
tutmuş tibb və əczaçılığın etik problemlərinədək altı əsas tematik
istiqamət müəyyən olunmuşdu. Hər biri özünün ekspert, məruzəçi və
mütəxəssislərdən ibarət auditoriyasını toplamışdı. Ekologiya və
davamlı inkişaf, müasir informasiya dünyasında jurnalistikanın
rolunun transformasiyası problemlərinə toxunulmuşdu".
Təəccüblü deyildir ki, mass-media jurnalistlərin fəaliyyətinə
həsr olunmuş seksiyaya xüsusi diqqət yetirib. Bu baxımdan
UNESCO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbsun fikirləri
maraqlıdır: "Bu gün dünyada münaqişələrin sayı artır. Belə şəraitdə
bizə obyektiv KİV-lər lazımdır. Biz münaqişələrin həllini yalnız
dövlətlərin üzərinə yükləməməliyik, eyni zamanda, vətəndaş
cəmiyyətlərini də bu prosesə qoşmaq lazımdır. Bu nöqteyi-nəzərdən
belə forumlar keçirmək və həmin məsələlərin həlli ilə bağlı
müzakirələr aparmaq çox əhəmiyyətlidir. UNESCO bu Forumdan sanballı
nəticələr gözləyir" ("Trend.az").
Sayt qeyd edir: "Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu
çərçivəsində panel müzakirələrinə toxunan M.Vorbs deyib ki, o,
UNESCO-nun işinə əhəmiyyətli töhfə verib. Burada aparılan iş
UNESCO-nun mandatına uyğundur. Dünya qarşısında duran çağırışların
müzakirəsi və onların həlli məqsədi ilə fikir mübadiləsinin
aparılması çox ciddi məsələdir".
Artıq vurğulandığı kimi, Bakı Forumunda ictimai-siyasi, elmi və
mədəni elitanın nümayəndələri sırasında müxtəlif sahələrdə Nobel
mükafatı laureatları da iştirak edirdi. "vestikavkaza.ru" saytında
qeyd edildiyi kimi, "Nobel mükafatı laureatları Bakı Beynəlxalq
Humanitar Forumunun fəaliyyətini yüksək qiymətləndirdilər, gözəl
təşkilatçılığa görə Azərbaycan rəhbərliyinə təşəkkür etdilər. Onlar
belə bir məsələyə diqqət yetirdilər ki, Bakı Forumu elmin inkişafı
üçün çox işlər görür, çünki tədbirlər zamanı müxtəlif ölkələrdən
olan alimlər aktual məsələləri müzakirə edir, elm üçün ən mühüm
problemlərin həlli yollarını birlikdə axtarıb tapmağa çalışır,
bununla da yeni ideyaların yaranmasına rəvac verirlər".
"Trend.az" saytında "Bakı Beynəlxalq Humanitar Forumu elmin
inkişafına əhəmiyyətli töhfə verir – Nobel mükafatı laureatları"
sərlövhəli məqalədə deyilir: "Forum çərçivəsində Nobel mükafatı
laureatlarının iştirakı ilə plenar iclas keçirildi. İclasda
laureatlar dünyada elm sahəsində baş verən tərəqqi və elm
qarşısında duran çağırışlar barədə öz fikirlərini bildirdilər.
Nobel mükafatı laureatları Bakı Beynəlxalq Humanitar Forumunun
fəaliyyətini yüksək qiymətləndirdilər, onun təşkilinə görə
Azərbaycana təşəkkürlərini bildirdilər. Onlar qeyd etdilər ki, Bakı
Forumu elmin inkişafına da mühüm töhfə verir, çünki dünyanın
müxtəlif ölkələrindən alimlər Forum çərçivəsində müzakirələr
aparır, fikir mübadiləsi edir və elmdə mövcud problemlərin birgə
həlli yollarını axtarır, bununla da yeni ideyaların yaranmasına
kömək edirlər".
KİV-lər konkret şəxslərə də müstəsna diqqət ayırıblar.
"1news.az" saytı "Nobel mükafatı laureatları Bakıda Beynəlxalq
Humanitar Forumun keçirilməsinin əhəmiyyətini qeyd edirlər"
sərlövhəli məqalədə "Molekulyar biologiya və biotexnologiya XXI
əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər" mövzusunda "dəyirmi
masa"nın fəaliyyətini işıqlandırır. Materialda bildirilir ki,
"dəyirmi masa"da altı Nobel mükafatı laureatı iştirak edib. Kimya
üzrə Nobel mükafatı laureatı (1993), professor Keri Benks Mullis
"Biotexnologiyanın yaranması", kimya üzrə Nobel mükafatı laureatı
(2013) Arye Varşel "Bioloji molekulların funksiyasının izahı üçün
kompüter modelləşdirməsindən istifadə və xəstəliklərə qarşı
mübarizə", fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatı
(1991), professor Ervin Neyer "İon kanalları ilə bağlı xəstəliklər:
XXI əsrdə insanın biologiyasını öyrənmək üçün böyük imkan",
fiziologiya və təbabət üzrə Nobel mükafatına layiq görülmüş (2013)
Stenford Universitetinin professoru, biokimyaçı və neyrobioloq
Tomas Kristian Züdhof "XXI əsrdə neyroelm: neyron şəbəkələrin
molekulyar məntiqini araşdırarkən", isveçrəli kimyaçı, kimya üzrə
Nobel mükafatı laureatı (2002) Kurt Vütrix "XXI əsrin biologiyası
və tibbi diaqnostikasında fundamental nüvə-maqnit rezonans
tədqiqatlarından istifadə" mövzularında və başqaları çıxış ediblər.
Professor Kurt Vütrix bu tədbirin keçirilməsinin əhəmiyyətini
vurğulayaraq deyib: "Biz azərbaycanlı həmkarlarla birlikdə
tədqiqatlarımızı müzakirə edirik. Bunu çox yaxşı təcrübə hesab
edirəm".
Trend agentliyi "Nobel laureatı Azərbaycanda tolerantlığa heyran
qalıb" sərlövhəli materialda ədəbiyyat üzrə Nobel mükafatı laureatı
Vole Şoyinkanın sözlərini sitat gətirib. O, V Bakı Beynəlxalq
Humanitar Forumu çərçivəsində "Multikulturalizmin müxtəlif
modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru" mövzusunda
"dəyirmi masa"dakı çıxışında bildirib ki, Azərbaycan özünün
tolerantlığı və multikulturalizmə münasibətilə onu ruhlandırır. O
qeyd edib ki, dünyanın bir çox ölkələrinin Azərbaycandan nümunə
götürməsini istərdi. Nobel laureatının sözlərinə görə, yaşadığı
Afrikada dini dözümlülüklə bağlı böyük problemlər var. O deyib:
"Müxtəlif ölkələrdə müxtəlif qruplaşmalar var. Onların məqsədi
başqa konfessiyaların nümayəndələrini təqib etmək, onları qorxu
içində saxlamaq, azadlıqlarını məhdudlaşdırmaqdır. Burada,
Azərbaycanda məni müxtəlif millətlərin və dinlərin nümayəndələrinin
dinc yanaşı yaşaması, ünsiyyət saxlaması və bir-birinə hörmət
bəsləməsi heyrətləndirir".
"vladikavkaz.ru" saytının verdiyi xəbərə görə, V Bakı Beynəlxalq
Humanitar Forumunda iştirak edən iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı, ABŞ-ın Arizona Dövlət Universitetinin iqtisadiyyatın
səmərəliliyi üzrə perspektiv araşdırmalar mərkəzinin professoru
Edvard Preskott bildirib ki, "ölkə böyük sürətlə inkişaf edir, özü
də Azərbaycan Qərblə ayaqlaşaraq irəli gedir". Preskotta görə,
bunun səbəbi Azərbaycanın yürütdüyü iqtisadi siyasətdir. O
xatırladıb ki, 2002-2012-ci illərin maliyyə böhranı Azərbaycandan
yan keçib. Nobel laureatının sözlərinə görə, Azərbaycan 2002-ci
ildən başlayaraq daim yüksələn xətt üzrə inkişaf edir, ölkə
rəqabətə davamlıdır və başqa dövlətlərə örnək ola bilər.
Göründüyü kimi, V Bakı Beynəlxalq Humanitar Forumunun fəaliyyəti
böyük sayda həm yerli, həm də xarici KİV tərəfindən işıqlandırılıb.
Son dərəcə məzmunlu və maraqlı keçən Forumun işlədiyi iki gün
ərzində xeyli material hazırlanıb. Bu və ya digər dərəcədə iri
mass-mediadan heç biri Bakı Forumunu diqqətdən kənar qoymayıb. Qeyd
etmək lazımdır ki, onlar bu məsuliyyətli vəzifənin öhdəsindən tam
gəldilər.
Jurnalistlər iştirakçıların müxtəlif aktual məsələlərə dair
fikirlərini təqdim və şərh edərkən Forumun çoxşaxəli işini, onun ən
mühüm mövzularını obyektiv, ardıcıl və ətraflı əks etdiriblər.
Onlar Forumun fəaliyyətinə hərtərəfli diqqət yetirərək və
iştirakçıların çıxışlarını təhlil edərək bütün bunları dəqiq və
aydın işıqlandırıblar. KİV əməkdaşları Forumun maraqlı hadisələri,
bu çərçivədə keçirilən tədbirlərdə səslənən yeni ideyalar barədə
cəmiyyəti məlumatlandırmaqla bərabər, onun fəal iştirakçılarına
çevriliblər. Mass-media nümayəndələrinin Forumun fəaliyyətini
təhlil etməsi, araşdırma materiallarının əhatə dairəsinin
genişliyi, işıqlandırılan hadisəyə şəxsi maraq hissi, peşəkar
şərhin ətraflı və etibarlı olması – bütün bunlar cəmiyyətin Forumun
işinin mahiyyətinə daha ciddi və dərindən nüfuz etməsinə, onun
yekunlarını və perspektivlərini başa düşməsinə imkan verib.
Yerli və xarici KİV-lərin icmallarında Forumun çox gözəl təşkil
edilməsi və yüksək səviyyədə keçirilməsi, mövzularının genişliyi,
xüsusi, qlobal statusu və qazandığı həqiqi uğur birmənalı şəkildə
vurğulanır. Təbii ki, Forumun məqsədi burada qəbul edilən tezis və
müddəaları sivilizasiyanın inkişafının təsirli vasitəsinə
çevirməkdir. Əlamətdar haldır ki, ideyaların, ictimai-siyasi mövqe
və əqidələrin müxtəlifliyinə baxmayaraq, demək olar, bütün
materialların müəllifləri belə bir məsələdə yekdil fikirdədirlər
ki, Forum baş tutub, onun ideyaları sırf müsbət və konstruktiv
xarakter daşıyır, çünki, əslində, onlar bəşəriyyətin əbədi və
başlıca probleminə - bütün dünyada sülhə həsr olunub. Yekun
Bəyannamədə isə zəmanəmizin və onun dəyişikliklərinin mahiyyətini
əks etdirən, Forumda toxunulan məsələlərin təkcə əhəmiyyətini
deyil, həm də onların həlli imkanlarını göstərən təyinedici
tezislər var.
Yaxud "1news.az" saytında qeyd edildiyi kimi, "Forum bütün
bəşəriyyət üçün maraq doğuran məsələlərin geniş spektrinə dair
dialoq və fikir mübadiləsi aparmaq məqsədi daşıyır. Forumun
nəticəsi beynəlxalq təşkilatlara, ölkələrin liderlərinə və hər bir
insana ünvanlanan tövsiyələrdə ifadə olunur". Məsələn,
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya
"moskow-baku.ru" saytına müsahibəsində deyir: "Mən ilk növbədə,
mübaliğəsiz desəm, bu çox mühüm hadisənin təşkilatçılığının yüksək
səviyyədə olduğunu qeyd etməliyəm. Bakı Humanitar Forumu beşinci
dəfədir keçirir, onun səviyyəsi ildən-ilə artır, tədbir müasir
dövrün "Ekstremizmin bütün növlərinin yayılmasının qarşısını necə
almalı və planetin dinc gələcəyini necə qorumalı?" kimi ən başlıca
sualına cavab axtaran ekspertlərin, dünyanın ən yaxşı intellekt
sahiblərinin diqqətini getdikcə daha çox cəlb edir.
Əvvəlki illərdə olduğu kimi, bu il də Forumun işində çoxlu böyük
şəxsiyyət, Nobel mükafatı laureatı, görkəmli siyasətçi və biznesmen
iştirak edib. Bütün bunlar həm qarşıya qoyulan problemlərin
aktuallığını, həm də dialoq meydanı və beyin hücumu kimi Bakı
Humanitar Forumunun nüfuzunun daim artdığını və möhkəmləndiyini
göstərir. Burada Prezident Vladimir Putinin sözlərini təkrarlamaq
istəyirsən. Onun təbrik məktubunda deyilir ki, Bakı Forumu çox qısa
müddətdə dünyada geniş tanınıb.
Gördüyümüz kimi, V Bakı Beynəlxalq Humanitar Forumunun
fəaliyyəti çox geniş vüsət alıb və əks-səda doğurub.
"vestikavkaza.ru" saytı vurğulayır: "Humanitar Forum tanınmış
dövlət xadimlərinin, elmin müxtəlif sahələrində Nobel mükafatı
laureatlarının, mötəbər beynəlxalq təşkilatların rəhbərlərinin
iştirakı ilə keçirilən nüfuzlu tədbirdir. Forumun əsas vəzifəsi
yeni humanitar gündəlik formalaşdırmaq, bundan sonra onu beynəlxalq
səviyyədə müzakirə etməkdir".
Həqiqətən də bu, beynəlxalq miqyaslı tədbirdir. Yəqin ki, onu
qısaca "Azərbaycan dünyada və dünya Azərbaycanda" kimi xarakterizə
etmək olardı. Heç şübhəsiz, Forum ölkəmizin və bütün mütərəqqi
dünya birliyinin tarixində, habelə yeni çağırışların həlli,
sivilizasiya böhranından çıxmaq yolunda şərtləndirici mərhələ
olduğunu göstərdi.
Yaxud tanınmış rusiyalı tarixçi və politoloq Oleq Kuznetsovun
"day.az" saytına müsahibəsində dediyi kimi: "Ənənəyə çevrilən Bakı
Beynəlxalq Humanitar Forumu oxşar formatda və nümayəndəlik
səviyyəsində analoji tədbirlər arasında özünə layiqli yer tapıb.
Dünya miqyaslı intellektualların müəyyən dövriliklə keçirilən
toplantılarının sayı ondan çox deyil. Bakı Forumu da onlardan
biridir. Bakı məhdud istiqamətli deyil, maksimum geniş mövzuda
qlobal tədbirin keçirilməsinə görə məsuliyyəti öz üzərinə
götürməkdən çəkinmədi. Buna görə də onun işində bərabərhüquqlu
tərəfdaşlar kimi siyasətçilər, politoloqlar, kulturoloqlar,
ekoloqlar, filosoflar, ilahiyyatçılar, jurnalistlər, bioloqlar,
həkimlər, əczaçılar, müəllimlər, məmurlar, ictimai xadimlər,
intellektual istehsalatın müxtəlif sahələrinin nümayəndələri
bərabərhüquqlu tərəfdaşlar kimi iştirak ediblər, müasir dünyanın
problemlərinə münasibətlərini bir-biri ilə "bəşəri ölçü" deyilən
nöqteyi-nəzərdən bölüşməyə çalışıblar".
V Bakı Beynəlxalq Humanitar Forumunun sonunda sülh və tərəqqi,
humanizm və millətlərarası anlaşma səylərinə əsaslanan yüksək və
dəyərli ideyalardan ibarət Yekun Bəyannamə qəbul edildi. Forumun
saytında deyilir: "Onun iştirakçıları etiraf ediblər ki, insan
kapitalının ən müasir bilik və vərdişlərin, o cümlədən fənlərarası
bilik və vərdişlərin fasiləsiz təhsil proqramına inteqrasiyası yolu
ilə inkişafı, eləcə də bu sahədə əməkdaşlığın genişlənməsi davamlı
inkişafın ən mühüm humanitar tərkib hissəsidir".
Sivilizasiyalararası, mədəniyyətlərarası və konfessiyalararası
səmərəli dialoqun təşkili məqsədlərinin əldə edilməsində
informasiya texnologiyalarının və kütləvi informasiya vasitələrinin
rolunun getdikcə artması qeyd edilib, ekoloji sivilizasiya haqqında
təsəvvürlərin formalaşması və məqsədəuyğun istehlak və istehsal
modellərinin tətbiqinə, təbii ehtiyatlara qayğıkeş münasibətə və
iqlim dəyişmələri ilə əlaqədar zəruri tədbirlərin görülməsinin başa
düşülməsinə dəstək məqsədi ilə müxtəlif hərəkatların təşviqi
zərurətinə xüsusi diqqət yetirilib.
Forum iştirakçıları humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan
müxtəlif beynəlxalq və milli strukturlara müraciət edərək, onları
tolerantlıq, qarşılıqlı hörmət, habelə müasir qlobal və lokal
çağırışların həlli mühitinin formalaşmasına yönələn forumların,
konfransların, "dəyirmi masa"ların sistemli keçirilməsinə də
çağırıblar. Bəyannamədə belə forumların iki ildən bir
keçirilməsinin vacibliyi qeyd edilib.