Hadi müəllim hər zaman medianın gündəmində olan
deputatdır. Ağzından çıxan sözü onu hər zaman mərkəz nöqtədə
saxlayıb. Amma əfsuslar ki, Hadi müəllimin dediyi söz elə söz olub
ki, hec vaxt boğazdan keçməyib. Çünki söz xatirinə danışmaq da xoş
nəticə vermir çox zaman.
Deputat hələ bir müddət əvvəl "müəllimlər maaşla dolana
bilmirsə, gedib, daş hörüb, fəhləlik etsinlər" deməklə hər kəsin
qınağına tuş gəlmişdi. Ara təzəcə sakitləşmək istəyirdi ki, indi də
Qarabağ əlillərinin, o cümlədən hər kəsin qınaq hədəfi oldu. Hadı
müəllimin dediyi "Qarabağ əlillərinə dərman, nəqliyyat niyə pulsuz
olmalıdır" kəlməsi hamını özündən çıxardı. Sağlamlığını sizin,
bizim yolumuzda qurban vermiş minlərlə Qarabağ əlilinin, onların
yaxınlarının heysiyyatı ilə oynamaq nədir? Məgər Hadı müəllimin
dünyanın hər yerində müharibə əlilinə qoyulan hörmətdən xəbəri
yoxdurmu? Yoxdursa, bu bir minusdur.
Uzağa getməyəcəm. Qonşu Türkiyədə millətin vəkili adlandırılan
şəxs Hadı müəllim kimi "niyə" sualını verib kimsəni özündən
çıxarmır. Türkiyədə savaş əlilləri, onların ailələri ölkədaxili
bütün nəqliyyat vasitələrindən pulsuz istifadə edir; xəstəxanalarda
həm özləri, həm də ailə üzvləri pulsuz müalicə alır, pulsuz
dərmanlarla təmin olunurlar. Onların təhsili, kredit güzəştlərini
demirəm hələ.
Yenə də fikirləşirəm ki, bəlkə Hadı müəllimin fikirləri
kontekstdən çıxarılıb, ya da düzgün anlaşılmayıb. Məncə, Hadı
müəllim demək istəyib ki, nəqliyyat, aptek özəl olduğundan, Qarabağ
əlilinin müavinəti artırılsa, daha məqsədəuyğun olar. Məsələn, Bakı
şəhərində yaşayan Qarabağ əlilinə nəqliyyatdan güzəşt şamil edilir,
amma Gədəbəydə Qarabağ əlili nəqliyyatdan istifadə edə bilmir. Mən
də o fikirlə razılaşardım ki, nəqliyyat və dərman güzəştinin
əvəzinə onların müavinəti artırılsa, daha ədalətli olardı.
Hadı müəllim yəqin Qarabağ əlillərinə müavinətin artırılması
yönündə düşünüb. Çünki "Hadı" adının mənası "yardım edən" deməkdir.
Hadı müəllimin də adına uyğun fikirləşdiyinə inanmaq istəyirəm.
Onun bu çağında dediyi sözlərə görə yüksək kürsülərdən danlanmasına
inanmaq istəmirəm.
Bir də ki, müharibə vəziyyətində olan bir ölkənin qanunverici
orqanının nümayəndəsinin indiki halda hər kəlməsinə fikir verib
qıcıq yaratmaması gərəkdir. Axı haqlarında "olmaz" dediyi o
insanlar hamımız kimi, Hadı Rəcəblinin də bugünü üçün
sağlamlıqlarını itiriblər. Onlar torpaq uğrunda savaşa atılanda
seçdikləri vəkillərin onların vəkili olmayacağını ağıllarının
ucundan belə keçirməyiblər. Düşmən üzərinə "Haydı, irəli" deyib
gedəndə Hadı müəllimin firavan ölkədə yaşamasını arzulayıblar.
Onlar kişi kimi savaşıb Qarabağ əlili statusunu qazanmayıblar ki,
bu gün deputatdan qulaqları ad və əməllərinə yaraşmayan söz
eşitsin...
Odur ki, Hadı müəllim, əsgər yarasını qoparan söz deməyin!