Qoca yazıçıların cavan yazıçılara "bicbala", "hansı
yuvanın quşu olduğu bilinməyən", "istedadsızlar yığını", onların da
qoca yazıçılara "yaltaq", "istedadslz" və sair epitetlərlə hörmət
qoyduğu günlərdə Milan Kunderanın bir əsərini oxuyarkən maraqlı bir
detalın üstünə çıxdım.
Öncə onu da deyim ki, çex yazıçısı Milan Kundera bizim yazıçı
Anardan da təxminən 10 yaş böyükdür, amma ona "qoca kaftar, rədd
ol" deyən yoxdur. Çünki onun yeganə vəzifəsi yazıçılıqdır. Heç
deputat da olmayıb. Hələ sovet dövründən başını aşağı salıb
yazıçılığını edib, Moskvanın, Praqanın xoşuna gəlməyən əsərlər
yaradıb. Hətta bu saat Avropa camaatı qorxur ki, birdən 85 yaşlı
ahıl yazıçının başına bir iş gələr, əlindəki yazılar yarımçıq
qalar. Öz ölkəsinin gənc yazıçıları da onun ölümünü istəmir,
ölümsüzlüyünü istəyir...
Yeri gəlmişkən, Kunderanın oxuduğum kitabının adı elə
"Ölümsüzlük"dür (ruscada "Bessmertie", çexcə - "Nesmertnost").
Bəli, yazıçının "Ölümsüzlük" əsərində rast olduğum və mənə
günümüzlə səsləşən detal kimi görünən həmin abzasda yazılır ki,
1812-ci ildə böyük alman bəstəkarı Bethoven qısa müddətə Teplitsaya
gəlir, burda ilk dəfə olaraq Höte ilə qarşılaşır. Bir dəfə onlar
birlikdə gəzintiyə çıxırlar, kurort xiyabanının yanı ilə gedirkən,
birdən fransız kraliçası, Napoleonun ikinci arvadı Mariya-Luiza
ailəsi və saray xidmətçiləri ilə birlikdə onların qarşısına çıxır.
Kraliçanı və əynlarıı görən Höte nə barədəsə danışan Bethovenin
sözlərinə qulaq asmağa son verir - yəni, ey xanə-xarab,
görmürsənmi, o tərəfdən kraliça gəlir. Şair tez yolun kənarına
çəkilərək şlyapasını başından çıxarır, yüz bir lütf ilə təzim edir.
Bethoven isə şlyapasını alnına basır, qaşqabağını tökür. Yəni çox
da ki, Mariya-Luiza imperator Vilhelmin qızıdır, Napoleonun da
arvadıdır, nə olsun, kimdir ki. Bu düşüncə ilə addımlarını
yavaşıtmadan irəliyə gedən bəstəkar saray əhlinə saymazyanalıq
göstərirır. Buna görə də kübar ailənin məiyyəti dayanmağa, ona yol
verməyə və baş əyməyə məcbur olurlar. Yalnız onlardan bir qədər
aralanandan sonra Bethoven dayanır və geri dönüb Höteni gözləməyə
başlayır. Höte saray adamlarını yola verdikdən sonra bəstəkara
çatır. Bethoven ağzını açıb, gözünü yumur, özündən 20 yaş böyük
şairi kölə hərəkətindən, kraliçaya təzim etməsindən, itaətkar
olmasından dolayı məktəbli uşaq kimi danlayır. Güman olunur ki,
bəstəkar şairə belə deyib: "Sən o boyda şairsən, dahisən, sənə
yaraşarmı durub saray adamlarına baş əyirsən, yaltaqlanırsan.
Qiymətini, Höteliyini bil".
Sözü nəyə gətirirəm? Ona ki, bu şair-yazıçı tayfasıyla
hökmdarların münasibəti əvvəlcədən birtəhər olub. Şairlərin, müasir
terminlərlə desək, ən bərkgedəni Nizami idi, o da padşahlara şeir
qoşub, ənam alırdı. Hökmdar Qəznəvi Firdovsiyə "Şahnamə" yazdırıb,
amma qonorarını kəsib. Sultan Süleyman Füzulinin 9 axçalıq
təqaüdünü vaxtlı-vaxtında vermirmiş. Kəsəsi, hamı Nəsimi olmayıb,
deyə ki, "haqq mənəm, haqq məndədir, haqq söylərəm". Hərçənd
qorxasan, klassikləri təftiş edərək, birini saray şairi, birini
seksual manyak, birini cinsi azlıq təmsilçisi çıxaran gənclər
Nəsimiyə də ilişələr, deyələr, o da o dövrün reket şairi olub,
idarə və müəssisələrdən haqq istəyirmiş, ona görə elə yazıb. Nə
desən, olar. Müasir gənclər çox təftişçidir.
Ancaq tarixdə, əlbəttə ki, istisnalar da var. Müasir dövrün azad
ölkələrində şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar hökmdarlara
endirmirlər. Hətta ikincilər seçkilərdə-filanda birincilərə
qılıqlanır, yanlarında durub şəkil çəkdirirlər ki, 50-60 min artıq
səs alsınlar. Arada Peruda məşhur yazıçı Varqas Lyosa prezident
Alan Qarsiaya etiraz edərək onun hansısa fərmanını ləğv
etdirmədimi? Prezident çıxıb dedi, yazıçı haqlıdır, səhv
eləmişəm.
Bu, azad ölkələrdə belə olur. Qeyri-azad ölkələrdə isə yazıçılar da
büdcə təşkilatlarında işləyənlərdən fərqlənmirlər, ənam, orden,
medal, ev, bağ, maşın və s. umurlar. Nəsimi kimi "haqq davası"
edənlərin bir-ikisini isə ya tuturlar, ya təqaüdünü kəsirlər, ya da
işsiz-gücsüz buraxırlar, o da gedib əyyaş olur.
Qoy nə qoca yazıçılar gəncləri təhqir eləsinlər, nə də gənclər
qocaları - təftiş. Kimin Bethoven, kimin Höte olduğu axırda
bilinəcək.