Çox kədərlidir... İdollarımız bir-bir ölür.
Uşaqlığımızın, gəncliyimizin kumirləri bir-bir sıramızı tərk
edir.
Onlar özləriylə uşaqlıq dövrümüzün hiss-həyəcanlarını aparır,
kövrək xatirələrə çevrilirlər.
Biz uşaq olanda iki dünyaca məşhur idmançını çox sevərdik. Biri
Məhəmməd Əliydi, o biri – Pele.
Onları tanımayan, sevməyən uşaq vardımı? Yox idi. Hamının
dilinin əzbəriydilər.
Məhəmməd Əlini sevən uşaqların heç biri boksçu olmadı, heç
pelesevərlər də futbolçu olmadılar.
Məhəmməd Əli də, Pele də sadəcə idollar idi – bizim dövrün
uşaqları onlara tapınırdılar.
O zamanlar tay-tuşlarımızla tez-tez yumruqlaşardıq. Hər kəs
Məhəmməd Əliydi. Hər kəs inanırdı ki, məhz onun kimi döyüşür,
yumruğunu onun kimi atır. Rəqibə tutarlı vurulmuş yumruq Məhəmməd
Əli standartıydı.
Qonşumuz Fehruz kişinin idmansevər oğullarının boks əlcəkləri
vardı – iki cüt. Bir dəfə onları Fehruzun kiçik, bizimlə həmyaşıd
oğlu Nazirdən alıb məhəllə uşaqlarıyla boks turniri keçirdik.
Əllərimizə geydiyimiz boks əlcəyində hər birimiz özünü Məhəmməd Əli
sayırdı. Heç kəs Co Frezer olmaq istəmirdi. Çünki Məhəmməd Əli onu
məğlub etmişdi. O, qələbənin, gücün simvoluydu.
Bir dəfə, gərək ki, 1980-ci ildə "ABŞ imperializminin
iyrənclikləri"i vaxtaşırı ifşa edən sovet təbliğatı beynəlxalq
durumu şərh edən verilişlərin birində Məhəmməd Əlinin pozğun həyat
tərzi keçirdiyindən danışdılar. Əfsanəvi boksçu SSRİ-yə qarşı nə
etmişdisə, nə demişdisə (deyəsən, Moskva olimpiadasını boykota
çağıranları dəstəkləmişdi), adamın üstündən bir ləhzədə xətt
çəkmişdilər. Ancaq bu "dəhşətli ifşa" gözümüzdə Məhəmməd Əlinin
dəyərini azaltmadı.
Sonradan məlum oldu ki, o, eyş-işrət aludəçisi, pozğun həyat
tərzi keçirən biri deyil və elə o illərdə parkinson xəstəliyinə
tutulub. O, hərəkət edərkən, danışarkən titrəyirdi və milyonlarla
pərəstişkarını kədərə boğurdu. Bu, bir peşə xəstəliyi idi. Vaxtilə
başından aldığı yumruq zərbələri Məhəmməd Əlinin səhhətinə çox pis
təsir göstərmişdi. O zərbələr Məhəmməd Əlini 40-45 ildən sonra, bu
gün nokaut etdi.
ABŞ-da irqi ayrı-seçkiliyə ağır zərbə vuran iki-üş adamdan biri
məhz Məhəmməd Əliydi. O, öz olimpia medalını Oreqon çayının
körpüsündən axar sulara atmaqla bütün Amerikanın, dünyanın
diqqətini irqi ayrı-seçkilik probleminə cəlb etmişdi. Həmin gün
boks üzrə olimpiya çempionunu qaradərili olduğuna görə gecə barına
buraxmamışdılar və o, heç nəyə yaramayan bu medala da,
qaradərililəri adam saymayan Amerika "dəyərlər"inə də
tüpürmüşdü.
Sonradan ABŞ ona və qaradərililərə qarşı buraxdığı tarixi
səhvini düzəltdi. Qaradərili siyasilər dövlət katibi, prezident
oldular. Vaxt gəldi ki, dərisinin rənginə görə bara buraxılmayan
Məhəmməd Əliyə olimpiya oyunlarının məşəlini yandırmaq şərəfini
həvalə etdilər. Onun titrəyən əlləri ilə olimpiya məşəlini
çətinliklə yandırmasını izləmək çox kədərliydi...
İndi Məhəmməd Əli aramızda yoxdur. Bəşər tarixinin ən məşhur
simalarından biri vəfat edib və dünyanın nə qədər fani olduğunu hər
kəsə bir daha göstərib.
Bir neçə ilin içində görün, aramızdan kimlər getdi: yazıçı
Markes, Umberto Eko, musiqiçi Maykl Cekson, futbolçu Yohan Kroyf,
indi də Məhəmməd Əli...
Allah ömür versin, Pele də öləcək və bir-birinə "Pele, Pele"
deyə-deyə, çığırışa-çığırışa kameri yeddi dəfə yamanmış "nipelni"
topun dalınca qaçan uşaqların daha bir idolu həyatda olmayacaq.
Bizi, orta yaşda olan insanları tezliklə idolsuz bir dünya
gözləyir. İndiki məşhurlar bizim idollarımız deyil və olmayacaqlar.
Onlar indiki uşaqların idoludurlar – o da ola bilsələr.
Bəzən çox adama "əfsanəvi şəxs" deyirlər. Amma bu, hamıya
yaraşmır. Əsl əfsanə odur ki, karyerasını bitirəndən, həyatdan
gedəndən sonra yüz illərlə yaddaşlardan silinməsin, sözü-söhbəti
getsin. Məhəmməd Əli sağlığında da əfsanəydi...