Bu gün görkəmli ədibimiz Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.
Kult.az xəbər verir ki, Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib. 1974–1975-ci illərdə ordu sıralarında xidmət edib. Bu sırada elmi işlə də məşğul olub, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. S.Rüstəmxanlı 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.
İlk kitabı 1970-ci ildə nəşr edilib. Ədibin Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr və publisistik kitabları nəşr edilib. Sabir Rüstəmxanlı "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şeir kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. Onun "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli-azadlıq hərəkatının mənəvi təməllərindən biri olub.
1978-88-ci illərdə "Yazıçı" nəşriyyatının baş redaktoru olub. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis edib, iki il onun baş redaktoru olub.
1991–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1993–1995-ci illərdə isə mətbuat və informasiya naziri olub.
Sabir Rüstəmxanlı eyni zamanda ictimai-siyasi fəaliyyətlə də məşğuldur. O, Azərbaycanın ən böyük diaspor təşkilatlarından olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olub. Sabir Rüstəmxanlı Azərbaycan Respublikasının xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
Sabir Rüstəmxanlı həmçinin parlament seçkilərində Azərbaycan Milli Məclisinin I, II, III, IV və VI çağırış deputatı (1995–2015, 2020–2024) seçilib.
2005-ci ildə Prezidentin sərəncamı ilə "Xalq şairi" adı alıb, 2021-ci ildə "Şöhrət" ordeni, ötən gün isə “Şərəf” ordeni ilə təltif edilib.
Sabir Rüstəmxanlını təbrik edir, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.