Yuxarı

“Radara düşən” xalq şairinin polisə tarixi cavabı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Radara düşən” xalq şairinin polisə tarixi cavabı

Dünən Sabir Rüstəmxanlının 80 illik yubiley tədbirində çox təsirli çıxışlar səsləndi. Onun poeziyası, publisistikası, istiqlal ruhu, milli düşüncəsi, Azərbaycan ədəbiyyatında və ictimai həyatındakı yeri haqqında çox danışıldı. Amma bəzən uzun nitqlərin, rəsmi təbriklərin arasından bircə kiçik əhvalat, bir epizod olur ki, dinləyicinin yaddaşında hər şeydən daha dərin iz buraxır. Mənim üçün həmin gecənin ən unudulmaz anı da məhz belə bir söhbət oldu.

Şair və yazıçı Səlim Babullaoğlu danışdı ki, bir dəfə Sabir bəylə birlikdə Sumqayıta poeziya tədbirinə gediblər. Sükan arxasında da elə Sabir Rüstəmxanlının özü olub - ağ rəngli CİP-də. Gün uzun keçib. Görüşlər, söhbətlər, şeirlər, insanlar… Ədəbiyyat adamlarının bir şəhərdə yaratdığı o isti, poetik mühit gecə yarısınadək davam edib. Nəhayət, gecə saat 12-də Bakıya qayıtmalı olublar.

Yolda onları polis patrulu saxlayıb.

Gənc bir polis yaxınlaşıb və sükan arxasında Sabir Rüstəmxanlını görəndə öncə təəccüblənib, sonra fərəhlənib, təbəssümlə salamlaşandan sonra deyib ki, Sabir bəy, siz radara düşmüsünüz…

S.Rüstəmxanlının cavabına bütün zal güldü. Amma məncə, o cavab təkcə zarafat deyildi. O bir cümləlik cavabın içində bir Ömür vardı. Bir Tale vardı. Bir şairin öz missiyasını anlaması vardı...

Sabir bəy gülümsəyərək polisə cavab verib: "Narahat olma, oğlum. Mən Tarixə düşmüşəm".

Bu, böyük və təntənəli bir həqiqətin ifadəsi idi. Çünki doğrudan da bəzi insanlar üçün “radara düşmək”, gündəlik həyatın xırda qaydaları, qayğıları, zamanın keçici səs-küyü, xaosu əhəmiyyətini itirir. Onlar artıq başqa bir məkandadırlar - millətin yaddaşında, xalqın ruhunda, tarixin içində, mərkəzində…

Sabir Rüstəmxanlı məhz o insanlardandır - tarixə düşmüş, tarixləşmiş İnsan. O, təkcə şair deyil. Təkcə yazıçı və ya siyasətçi də deyil. O, Azərbaycan insanının milli özünüdərk dövrünün simvollarından biridir. Bir nəslin ruhunu formalaşdıran adamlardandır - "Ömür kitabı"dır, ömrümüzün kitabıdır. Onun şeirləri sadəcə misra deyil, şeir deyil; uzun illər insanların içində kök atan, cücərən, çiçəkləyən vətəndir, vətən sevgisi, azadlıq hissi, milli qürur və şövqdür...

Bəzən bir xalqın tarixində elə adamlar ortaya çıxır ki, onlar vəzifələri, statusları, titulları ilə deyil, yaratdıqları mənəvi enerji ilə yaşayırlar. Sabir Rüstəmxanlı da həmin şəxsiyyətlərdəndir. Çünki onun adı bizə yalnız kitab rəflərindən görünməyib. Onun səsi mitinqlərdə, meydanlarda, universitet auditoriyalarında, kənd kitabxanalarında, əsgər çadırlarında eşidilib. O səs Azərbaycanın Səsi olub. O, Azərbaycanı təkcə coğrafiya kimi yox, mənəvi məkan kimi sevən insanların şairi olub.

Ən maraqlısı isə budur ki, tarixə düşən insanlar bunu özləri də bilir, hiss edirlər. Amma bunu təkəbbürlə yox, müdrik bir təbəssümlə, bəzən zarafatla, yumorla ifadə edirlər. Sabir bəyin “Mən Tarixə düşmüşəm” deməsində də qəribə bir rahatlıq sezdim. Sanki həyatın ən böyük imtahanından keçmiş, missiyasını yerinə yetirmiş bir adamın sakitliyi, arxayınlığı…

Həqiqətən də o, artıq Azərbaycan tarixindədir, azərbaycançılıq ruhundadır, Azərbaycanın simvollaşmış azsaylı insanlarındandır. Dəyərdir...

Tarix deyirik, amma bu, yalnız yazılan, dərsliklərə, kitablara salınan tarix deyil. Bu, həm də insanların yaddaşında qalan, altşüura hopan, qəlblərdə yer tutan tarixdir. İnsanlarla doğmalaşan, qardaşlaşan Tarix. Bir misra ilə, bir çıxışla, bir sözlə, bir mövqe ilə, bir xarakterlə yaranan tarix. O tarix Yazılmayan Tarixdir... Güneydir, Təbrizdir - könlümüzün paytaxtıdır o Tarix. Canımızdan can, qanımızdan qandır. Şəhidlərimizdir - xınalı quzularımız... Çəkdiklərimizdir, çatdıqlarımızdır, Qələbəmizdir...

Tarixə düşən, tarix yaradan, tarixləşən insanlar canlı-qanlı əfsanədirlər. Necə xoşbəxtik ki, onlarla eyni dövrü, eyni zamanı, eyni mühiti paylaşırıq...

Dünən o yubiley gecəsində bunu bir daha hiss etdim. Sabir Rüstəmxanlı sadəcə 80 yaşını qeyd etmirdi. O, artıq özü də Azərbaycanın yaşayan yaddaşına çevrildiyini bir daha nümayiş etdirirdi, göstərirdi, təcəssüm etdirirdi. Ən fərqli düşüncəli insanlar toplaşmışdı Azdramaya. Düşündüm ki, S.Rüstəmxanlı həm də birləşdirə bilir. Bir-birini sevməyən, qəbul etməyən adamlar - böyüklü-kiçikli, bunu hər mənada deyirəm, - onun məclisi-ünsündə yan-yana, çiyin-çiyinə dayanır, dayana bilir və bu ortamı yaratmaq, yarada bilmək böyüklükdür, ərdəmdir, millətə xidmətdir, Vətənə xidmətdir. Heyrətamiz böyükkük və gücdür bu. Azərbaycanı ölkə edən, vətən edən, mənəvi sərhədlərini tarazda saxlayan güc...

Mən Sabir Rüstəmxanlıya bu tarazlığı uzun illər saxlamağı, daşımağı arzu edirəm, uca Tanrıdan da təmənnam budur...

Tarix
2026.05.27 / 14:14
Müəllif
Aynur Camalqızı
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla