Cəmiyyət içindən müharibə çağırışları daha uca səslə
eşidilməyə başlarkən, soyuqqanlı şəkildə bizi gözləyən real
müharibə tablosu üzərində intensiv düşünməyə başlayırsan. Təbii ki,
bu dəfə vətənşivənlərin, bayraqbazların, siyasət qaragüruhçularının
söyləntilərinə aldırmadan diqqətlə çözməyə məhkum olduğumuz bir
tablodan söhbət gedir.
Təsəvvür edin ki, bütün bu kimi sosial şəbəkələrdə və başqa
informasiya məkanlarında çağırışlar bitir və müharibəyə başlamaq
barədə qərar verilir. İlk sual da buradan başlamalıdır: Müharibəni
hansı güc başlayacaq və sonadək aparacaq?
Potensial olaraq dünya təcrübəsində olan anoloji variantlar
bizdə də keçərlidir. Fikrimizcə, müharibəni dörd güc apara bilər:
Birinci, dövlət öz hərbi təsisatları ilə, ikincisi, dövlətlə xalqın
siyasi və praktiki birliyi ilə, üçüncüsü, dövlətə tabe olmayan
gerilla-partizan-diversant qruplarla, dördüncüsü isə bizim
əvəzimizdən güclü dövlətlərdən biri öz ordusu və ya qeyri-rəsmi
birləşmələri ilə.
Birinci variantı sonra dönəcəyəm. Xalq müharibəni istəyirmi?
İstəsə belə uzunmüddətli müharibə apara bilərmi? Erməni xalqının
müharibəyə davamlılığı ilə bizimki arasında hansı ciddi fərqlər
var? Bəlkə daha başqa sualları da əlavə etmək olar. Təbii ki,
müharibə başladığında hər şey xalqın adına istinadla aparılmalıdır,
lakin xalqın özünə istinad etmək necə, mümkündürmü?
Hər zaman bu sual bizi düşündürməlidir. Azərbaycan xalqı təbiəti
etibarilə öz mahiyyətində əsgər xarakteri formalaşdırmamış bir
xalqdır. Bunun iki bəsit sübutu 1918-ci ilin hadisələrində və
1988-1993-cü illərin hadisələrində hərbi cəhətdən təşkilatlanma
qabiliyyətinin ortaya qoyulmamasını göstərə bilərik. Detallara
varılarsa, 1918-ci ildə türk ordusunun, 1988-1992-ci illərin
uğurlarında da yabançı birliklərin rolu haqqında müəyyən detalları
xatırlatmaq olar. Səbəb Çar Rusiyası dövründən, ardınca da Sovet
dövründən sabit hərbi elita ənənəsinin qurulmaması, səhra və ya dağ
sərtliyinin, döyüşkənliyinin böyük çoxluğun xarakterinə
yansımaması. Daha çox ticarət zəkasının qabarmasının da kökü burada
axtarılmalıdır. Üstəlik də yanlış din anlayışı səbəbinə Vətən
uğrunda savaşın İmandan olması, Allah rizası üçün aparılması
fəlsəfəsinin Azərbaycan insanın düşüncə sistemində sabit şəkildə
yer almaması. Ona görə də bir gün döyüş bölgəsinə təhlükəsiz
ezamiyyətə və ya konsertə getmiş hər kəs veteran kağızını tələb
etmə yarışının içində görməkdə özünü haqlı sayırdı. Ona görə də
hansısa adı, imtiyazı ala bilməyənlərin, yaxud da haqsız alanların
ritorikasının içində hərdən müharibədə məğlub olduğumuzu da unuda
bilirdik.
Baxın, hələ müharibə başlamayıb, epizodik və məsafəli döyüşlərdə
şəhid olan bir neçə hərbçidən sonra xalqın görüşlərini ifadə edən
şəxslərdən hansı iradları daha çox eşidə bilərsiniz? Ən populyarı
budur: Niyə ön cəbhədə varlıların deyil, yoxsulların uşaqları
ölməlidirlər?
Bu ifadədə həqiqət payı var, çünki səfərbərlik
planlaşdırılmasında illər uzunu hansı prinsiplərin işlədiyini
gözardı etmək olmaz. Eyni zamanda da bu iradda müharibəyə
münasibətdə düşünülmüş bir bəhanə var. Əgər geniş miqyaslı müharibə
başlasa, ölənlərin sayı yüzlərlə olsa, o zaman 1992-ci ildə olduğu
kimi tabutları gətirib Prezident Aparatının qarşısınamı qoyacaqlar?
Müharibə dediyin bir fenomenin yükünü əsasən xalqın passionar
hissəsi öz üzərinə götürür, yayınan onsuz da yayınacaq, pulla
xəstəlik kağızı düzəldənlər onsuz da düzəldəcək, xaricə qaçanlar
onsuz da qaçacaq. Dövlətin qanunları normal işlərsə, bunları
minimuma endirmək mümkündür. Lakin bundan sonra da Cəbiş
müəllimlərin çox olacağını gözləmək sadəlövhlük olardı. Yəni bəhanə
üçün çox-çox səbəblər həmişə mövcuddur, ancaq xalqın içindən kimsə
söyləyirsə ki, niyə kasıb uşaqları ölür, bu artıq ən münbit bəhanə
üsulu sayılmalıdır.
Zənginlərin də sağlam düşüncəli, Vətənə borcunu verməyə hazır
övladların olduğunu kimsə inkar edə bilməz. Vətənə sevginin, borcun
bu cür differensiyasını əlbəttə, Çeçenistanda aparsan, çoxları
gülümsəyib keçər və bunun proletar məzmunlu bir yanaşma olduğuna
diqqət çəkər. Eyni zamanda narkomaniyadan, avtoşluqdan,
xuliqanlıqdan ölən zəngin uşaqları ilə səngərdə ölən yoxsul
uşaqlarının da talelərinin uğurlu və ya uğursuz olması müqayisəsini
də aradabir aparın. Açığı, bu və ya başqa səbəblərdən dövlətin
xalqın resurslarına söykənərək daha genişmiqyaslı müharibə aparmaq
imkanlarını görmürəm.
İkinci güc olaraq gerilla-partizan-diversant hərəkətlərinin
müharibənin əsas yükünü götürəcəyini düşünmək olardı. Burada da
potensialımız xeyli zəif. Hətta ötən günlərdə Kəlbəcərdə tutulan
vətəndaşlarımızın fəaliyyəti az-çox ümid yaratsa da, bunun sistemli
xarakter daşıdığını son 22 ilin təcrübəsinə dayanaraq söyləmək
mümkün deyil. Vaxtilə Qarabağ partizanları adlanan dəstələrin də
düşmən arxasında real fəaliyyətdən öncə reklam təşəbbüsləri boşuna
adamları həbsxanalara daşıdı. Böyük əksəriyyət adsız qəhrəman olmaq
istəmədiyindən, qəhrəman adını almağa üstünlük verdilər və nəticəsi
də odur ki, son 22 ildə Ermənistan bir yana dursun, işğal olunmuş
ərazilərimizin heç birində ermənilərə zərbə vuracaq ciddi bir
diversant hərəkətin şahidi olmadıq.
Başqa dövlətlərin güclərinin də bizim üçün döyüşəcəyi illüziyası
da artıq 1993-cü ildə əfqanların gedişi ilə tamamlanıb. Ən yaxın
müttəfiqimiz Türkiyə İraqda və Suriyada heç öz prestiji üçün döyüşə
bilmir, Qarabağda bizim üçün döyüşəcəyini ancaq NATO sistemindən
xəbərsiz sadəlövhlər təsəlli üçün söyləyə bilərlər. ABŞ, Rusiya,
İran kimi güclərin isə bizə qarşı döyüşməməsi bizim üçün ən böyük
lütf olardı.
Demək ki, bizi gözləyən müharibəni aparacaq tək bir güc var,
birinci variantda qeyd etdiyimiz Azərbaycan dövlətidir. Yəni öz
ordusuna, xüsusi təyinatlı qüvvələrinə, daxili və sərhəd
qoşunlarına isnad edərək bu müharibəni apara bilər. Təbii ki,
əlverişli siyasi şərtlər yaranmadan, dünya gücləri ilə konfliktə
girərək dövlətin belə bir qərar alması çox az ehtimal ola bilər.
Əslində bu gün hücumdan tez-tez danışsaq da, günün reallığında
bizim əsasən müdafiə olunma haqqımız mövcuddur. Çünki Rusiyanın
zəifləmə müddətinə qədər ən azı səngərdə daha az itki vermək və
düşməni daha çox itkiyə məruz qoyma taktikasına ciddi əməl
etməliyik. Buna görə də bütün Azərbaycan vətəndaşları öz dövlətinin
müharibə aparacaq real təsisatlarının sağlam zəmində formalaşmasına
maraqlı olmalı, öz dəstəyini əsirgəməmlidir. Nöqsanlar boğazdan
yuxarı, ancaq kimsə bizlərdən 20 il, 50 il sonrakı nəsillər hansısa
nöqsanları soruşmayacaq, niyə məğlub olduğumuzu görə, sadəcə
özümüzə və ya qəbrimizə söyəcək.
Müharibəni kim aparır-aparsın, qələbəni mütləq biz götürməliyik
- Azərbaycan xalqı! Kasıbı, zəngini, ortababı, şiəsi, sünnisi,
türkü, talışı, ləzgisi, avarı, tatı, kürdü birlikdə olan Azərbaycan
xalqı!