Yuxarı

Azərbaycanlı dahinin ən böyük arzusu

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

2005-ci ildə payız günlərinin birində Bakının məşhur “Neftçilər” xəstəxanasında geniş olmayan səliqəli bir xəstəxana otağında XX əsr Azərbaycan elminin fenomen şəxsiyyətlərindən biri sayılan akademik Azad Mirzəcanzadə ilə sonuncu dəfə görüşüm oldu.

Xəstə insanı sıxmamaq üçün yorucu mövzudan yayınmağa çalışsam da, həmişəki kimi müəllimlik vəzifəsini yerinə yetirirmişcəsinə tövsiyyələrini sıralamağa çalışırdı. Bir düşüncə adamının cazibəsi hər zamankı kimi yerində idi. Sadəcə dinləmək istəyirdim və vaxt darlığından bir şeyləri öyrənmək fürsətini itirəcəyimdən çəkinirdim. Yorucu olmamaq üçün yarım saatın tamamında ayrılmaq üçün icazə istəyəndə yatağının yanındakı şkafdan böyük alman eksiztensialist filosofu Karl Yaspersin “Psixopatologiya üzrə” iki cildlik kitabını mənə uzatdı və bunu hökmən oxumamı tövsiyyə etdi. Məhz bu həyat epizoduna görə hər dəfə Azad Mirzəcanzadə barədə düşünərkən, onu müəllimlik missiyasını xəstə yatağında belə sonadək yerinə yetirən bir üstün azərbaycanlı olaraq yad edirəm.

“Mənim ən böyük arzum odur ki, Azərbaycan xarici bazara öz intellekti ilə çıxsın”. Bu sözləri alademik Azad Mirzəcanzadə son müsahibələrinin birində deyirdi. Əsl həqiqətdə o öz ömrünü bu arzunun gerçəkləşməsinə həsr etmişdi.

“Siz özünüzü dahi hesab edirsinizmi?” sualına isə təvazökarlıqla, “Mən özümü peşəkar sayıram” cavabını verərək, öz obrazını sadələşdirməyə çalışırdı. Və ardınca da bu arzunun mahiyyətini belə açıqlayırdı: “Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən peşəkarlar yetişdirməkdən ibarətdir”.

O, yalnız peşəkarlar yetişdirməklə kifayətlənmədi. Azərbaycanda elmin və sənətin bütün sahələrində düşünən insan obrazının bütöv sistemini yaratdı. Elmi-texniki bilgilərin hamının anlayacağı populyar dillə və müqayisələrlə anladılması isiqamətində Azad Mirzəcanzadənin çağırışlarına cavab verən insanların böyük çoxluğu öz çalışma və tədqiqat sahəsində uğur qazanmanın kodunu anlaya bildilər.

Bu böyük alimin elmi irsində dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqalə, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtirası və elmi kütləvi əsərlər yer alır. Lakin bu elmi irsin içində bir qədər qeyri-elmi irs sayıla biləcək “Təhsilin humanitarlaşması haqqında etüdlər” və “XXI əsrə doğru yol” əsərləri istənilən ixtisas sahibi üçün geniş dünyagörüşü və yaradıcı xarakteri aşılayan təkrarolunmaz mənbələrə çevrildilər. Bu əsərlərin illər sonra Azərbaycan mühitində elmi bilgilərin daha anlaşılan üslubda təbliğində əvəzsiz rol oynaması ilə yanaşı, gələcəkdə bir mənbə ədəbiyyatı kimi klassik mətnlər olaraq daha çox əhəmiyyət qazanacağı şübhə doğurmur.

2006-cı ilin 17 iyul günündə Azərbaycanda 78 illik Azad Mirzəcanzadə epoxası başa çatdı. Bu itki cəmiyyətin hafizəsində ilk dövrlər hiss olunmadı. Ancaq illər ötdükcə elm mühitimizdə bir azad zona yarandığını fərqində olduq və bir daha geri dönərək Azad Mirzəcanzadəni axtarmağa başladıq. Azad Mirzəcanzadəni məkan olaraq axtarışa çıxanlar anidən anladılar ki, burada Çin fəlsəfəsindən yaddaşlarımıza yerləşmiş Daonu, yəni Yolu xatırlamaq lazım gəlir. Bu Yol Azad Mirzəcanzadənin son kitabı olaraq miras qoyub getdiyi “XXI əsrə gedən yol”dur. Azərbaycan insanı üçün XXI əsrin yolunu aydınladan bu mütəfəkkirin dəyəri daha fərqli bir rakursdan anlaşılmağa başladı.

Onun üçün tarazlığın qorunub saxlanması, yəni müvazimət ən prioritet həyati nəzəriyyələrindən idi. Deyirdi: “Həyatda heç nə düz xətt üzrə gedə bilməz. Enişlər var, yoxuşlar var. Heç nə nə düz xətt, nə də artan xətt üzrə gedə bilər. İnsan yüksəlişdədi və onun pik nöqtəsinə çatanda özünü hazırlamalıdı ki, ordan sərt şəkildə enməsin. Elə etsin ki, çox zərər çəkməsin və sonradan özünə gələ bilsin”.

O, Azərbaycanın düşüncə sisteminə məhz bu həyati nəzəriyyəni yerləşdirdi. İnsanlar kimi xalqlar da bu müvazinətlə ayaqda qala bilirlər və gələcəyə doğru təlatümsüz və bilgə yaşam tərzini mənimsəyirlər. O, məhz bu nəzəriyyə üzərindən Azərbaycan cəmiyyətinin geriliyə düçar olmuş halını göstərməyə çalışdı və yenidən dirçəliş imkanlarının elmi biliklərə intizamlı yanaşma ilə başlayacağına diqqət yönəltdi.

Onun titulları çoxdur. Təltifləri də eləcə. Elmi dərəcələri də piramidanın ayağından başınacan tamamlanacaq səviyyədədir. Tanıyanlar bilir ki, o, xüsusi istedadlı bir şəxsiyyət olub. Bunun ilkin işarələrini də uşaqlığında açıqca göstərə bilib. 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olan Azad orta məktəbi 15 yaşında bitirməklə çevrəsindəkiləri heyrətləndirib. Ali təhsilini 1944-1949-cu illərdə, yəni 16 yaşından başlayaraq Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsində alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə 23 yaşında texnika elmləri üzrə namizədlik, 1957-ci ildə 29 yaşında doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik Azad Mirzəcanzadənin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri var. O, elm xadimləri arasında tətbiqi mexanika və neft-mədən işləri sahəsindəki qiymətli araşdırmaları ilə məşhurlaşmışdı. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər məhz Azad Mirzəcanzadə tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılırdı.

Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsinin və istismarının əsaslarına həsr olunmuş elmi tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdı.

Azad Mirzəcanzadə 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifidir. O özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirirdi. Dəniz neft yataqlarının işlənilməsi sahəsində dinamik metodların hazırlanması və tətbiq edilməsi Azad Mirzəcanzadənin başlıca elmi nailiyyətlərindəndir.

Azad Mirzəcanzadə Kazan Dövlət Universitetində, Qubkin adına Neft-Kimya və Qaz İnstitutunda, Novosibirskdə, Ufada elmi-tədqiqat müəssisələrində işləyib. Və işlədiyi hər məkanda böyük müəllim obrazını təsdiqləməyi bacarıb. Elmi diskussiyalarda öz fərqli üslubu və cazibəsi ilə çevrəsində xüsusi rəğbət qazanıb.

O, böyük alim olduğu qədər də peşəkar təşkilatçı olub. Lisey ideyasını Azərbaycana o gətirib. İki məktəb yaratmışdı. Biri 2 nömrəli texniki-humanitar lisey, digəri isə Xətai rayonu 47 saylı lisey idi. İlk dəfə Səbail rayonu 2 nömrəli məktəbdə riyaziyyat təmayüllü məktəb açıldıqdan sonra burada həm müəllimlər, həm də şagirdlər üçün mühazirə oxuyar, seminarlar təşkil edərdi. Onun keçdiyi dərslərdə riyaziyyat, ədəbiyyat, tarix, coğrafiya, həkimlik, musiqi harmoniyası vardı. O, auditoriyalarda 10-11-ci sinif şagirdlərinə əlavə dərslər keçər, onlara texniki, fiziki təfəkkür düşüncəsi aşılayardı.

Azad Mirzəcanzadə heç bir elm sahəsini riyaziyyatdan ayırmırdı. O deyirdi ki, ədəbiyyatın özündə də riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur ki, orada riyaziyyat olmasın. Riyaziyyat bütün elmlərin açarıdır. İnformatika riyaziyyatdır, fizika riyaziyyatdır, ədəbiyyat, tarix, kimya, coğrafiya, biologiya riyaziyyatdır. Ona görə də şagirdə birinci riyaziyyatı sevdirmək lazımdır. Onun ən böyük arzusu uşaqlara dünyəvi təhsil vermək idi. Mühazirələrə görə ona ödənilən pulu yaxşı oxuyan tələbələrə təqaüd kimi verirdi.

Azad Mirzəcanzadə çox dərin düşüncəyə, erudisiya genişliyinə, görmə əhatəliliyinə, fikrini anlaşılanadək yeritmək məharətinə, yüksək dinləmək qabiliyyətinə malik genişmiqyaslı alim, böyük pedaqoq idi.

Yeni informasiyanı sürətlə qəbul etmə qabiliyyətinə, aldığı məlumatı tez bir zamanda aşılayıb yeni keyfiyyətlərlə, elmi yeniliklərlə, ideyalar çoxluğuna çevirmə bacarığına malik idi. Azad Mirzəcanzadə adi adamın, bəlkə də sıradan bir alimin görə bilməyəcəyi problemləri görür-duyur, hədəfləri müəyyənləşdirir, prosesləri təhlil edərək onları riyazi üsullarla izah edirdi, amma ən başlıcası bu idi ki, o, ən mürəkkəb fikirləri belə adi insan düşüncəsinə yaxın tərzdə şərh edə bilirdi. Həmçinin o geniş elmi maraqları, zəngin məntiqi təfəkkürü, fitri istedadı, iti yaddaşı olan şəxsiyyət idi.

Azad Mirzəcanzadəni Azərbaycana qazandıran şəxsiyyətlərdən biri onun doktorluq işinin elmi məsləhətçisi akademik İlyuşin olmuşdur. Bakıda Azadın yaşadığı mənzillə tanışlıqdan sonra akademik çox narahat olur və Bakı Şəhər Sovetinin sədri ilə görüşüb deyir ki, əgər bu gənc və çox perspektivli alimə normal mənzil verməsəniz, onu özümlə Moskvaya aparacağam. Bu müraciətdən sonra ona şəhərin mərkəzində üçotaqlı mənzil verilir və Azad müəllim ömrünün sonuna qədər həmin mənzildə yaşayır. Jurnalistlər akademik İlyuşindən birgə fəaliyyət dövründə Azadın ondan nələr öyrəndiyini soruşanda onun cavabı maraqlı olub: “Mən Azaddan daha cox öyrənmişəm, nəinki Azad məndən”. Budur bir vicdanlı alimin örnək davranışı.

Azad Mirzəcanzadə musiqi melodiyalarının strukturunda riyazi məntiq elementlərinin olmasını göstərən maraqlı məqalələr toplusunun müəllifi kimi oxucuların yaddaşında silinməz izlər buraxmışdır. O, qanın kapilyarlarda və damarlarda hərəkətinin, neftin boru kəmərləri ilə axını və məsamələrdə süzülməsi ilə eyni olduğunu göstərərək, tibb sahəsində də bir çox məsələlərin həllini vermişdir.

Akademik Azad Mirzəcanzadə dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirmişdir. Onlar Azərbaycanın, Rusiyanın, Özbəkistanın, Tatarstanın, Türkmənistanın, Ukraynanın, Əfqanıstanın, Almaniyanın, Bolqarıstanın, Suriyanın, Misirin, Əlcəzairin, Koreyanın, Vyetnamın, İordaniyanın, Yəmənin, Sudanın və digər ölkələrin elm və təhsil müəssisələrində yüksəkixtisaslı kadrlar kimi müəllimlərinin elmi irsini uğurla davam etdirirlər. Şübhəsiz onun tələbələrinin böyük əksəriyyəti azərbaycanlılar olmuşdur. Azad müəllimin rəhbərliyi ilə yalnız Başqırıstanda 34 nəfər elmlər namizədi, 18 nəfər elmlər doktoru hazırlanmışdır. Ondan soruşanda ki, bir rəhbərin 300-dən çox alim yetişdirməsi nə qədər realdır? Cavabında belə deyərdi: “Mənim yüzlərlə ideyalarım olmuşdur ki, həmin ideyalar həm geologiya, həm qazma, həm neft və qazın hasilatının, nəqlinin, mədən mexanikasının və s. elm sahələrinin əsaslarının formalaşmasına xidmət etmişdir. Beləliklə, bir ideya bir neçə istiqamətin elmi bünövrəsini təşkil edərsə, onda burada qeyri-adi bir şey yoxdur”.

Müstəqil Azərbaycanın Dövlət Elm və Texnika Komitəsinin yaradılması və fəaliyyəti də onun ilk sədri Azad Mirzəcanzadənin adı ilə bağlıdır. Onun 10 il ərzində rəhbərlik etdiyi Elm və Texnika Komitəsi Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirmiş, ölkəmizdə Patent Agentliyinin əsasını qoymuşdur.

Müstəqilliyimizin ilk illərində akademik Azad Mirzəcanzadə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsinə təyin edilir. Məhz onun rəhbərliyi dövründə Elmi Müdafiə şuraları günün tələbləri səviyyəsində formalaşdırılmış, dissertasiyaların keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görülmüş, saxtakarlıq və proteksionizmə qarşı mübarizə aparılmışdır.

Azad Mirzəcanzadə təhsil və intizam məsələlələrinin prioritetliyi mövzusunda müqayisədə maraqlı metodologiyanın da təqdimatını vermişdir. Ondan soruşanda ki, tələbələrinizin təhsilinə çox üstünlük verirsiniz, yoxsa intizamına? O, belə deyərdi: “Nə oxumaq, nə də intizam əsasdır, bunlar ancaq nəticədir. Əsas isə insanın mənlik və istedadının olmasıdır. Bu iki amil olduqda təhsil də, intizam da öz-özünə əmələ gəlir”. Onun metodologiyasına görə, insanın öz potensialını kəşf etməsinin mənlik şüuruna qovuşması ilə ekvivalent olaraq ələ alınması zəriridir. Elmin təəssübünü çəkən məsuliyyətli insan həm də cəmiyyət qarşısında borc duyğusunu daha çox anlamış olur.

Azərbaycan elminin Azad Mirzəcanzadə yolu öz yolçularını gözləyir. Onun tükənməz irsini bu yolçuların azad düşüncə sahibi olaraq anlamasından çox şey asılıdır. Bu yolu addımlamaq üçün titullar, təltiflər bir işə yaramır. XXI əsrə doğru yolu göstərən böyük alimin arzuladığı elmdə peşəkarlıq borcunu dərk etmək ən vacib şərtdir.

Tarix
2022.01.01 / 15:20
Müəllif
Fazil Mustafa
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla