Yuxarı

İsrailin, ya Fələstinin yanında niyə olaq?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan savaşda ona görə arzularımızdan da irəli nəticəyə vardı ki, ortada həm də yaxşıya doğru dəyişən Türkiyə-Rusiya münasibətləri var idi. Bu münasibətlər ortaq maraqları müəyyənləşdirməkdə işə yaradı və tarixin bu dönəmində Azərbaycana öz problemini həll etməyə imkan yaratdı.

Təbii ki, Azərbaycan liderinin iradəsi və çevik diplomatik zəkası həlledici amil idi; təbii ki, Azərbaycan Ordusunun fədakarlıq motivasiyası möhtəşəm idi, ancaq bunun arxasında tamamlayıcı amil məhz bu regional güc mərkəzlərinin bir-biri ilə maraqlarını soyuq başla müzakirə etmək fürsəti dururdu. Münasibət qaydasında olmayanda müzakirə də mümkünsüz olur. Türkiyə ordusunun savaş başlamadan öncə Azərbaycanda birgə təlimlərdə iştirakından tutmuş, savaş sürəcində verilən dəstəyə qədər, ardınca da Rusiya hərbçiləri ilə birlikdə müşahidəçi statusunda bölgəyə yerləşməsi faktı da yuxarıda qeyd olunanların təsdiqi kimi anlaşıla bilər.

Fələstin məsələsinə də bu baxış bucağından boylanmaq daha doğru olmazdımı? Kimsəyə sirr deyil ki, HƏMAS-ın ən böyük hərbi-texniki dəstəyi İrandan və “Hizbullah”dan gəlir. Din təəssübkeşliyi baxımından bunlara irad bildiriləsi hansısa məqam olmasın gərək. Türkiyə də həm rəsmi səviyyədə, həm də müsəlman həmrəyliyi nümunəsi olaraq HƏMAS-a və Qəzza anklavına siyasi dəstək verir. Burada da anlaşılmaz bir şey yox. Ancaq İsraillə Fələstinin siyasi, hərbi, infrastruktur fərqlərinin nə qədər böyük olduğunu anlatmağı da burada artıq sayıram. Elə son hadisədə gözlənildiyi kimi HƏMAS-ın atdığı çoxsaylı raketlərdən yalnız bir neçəsi İsrailə zərər yetirə bildi. “Sirli günbəz”i (Dəmir Qübbə) yarıb keçməyəcəyi öncədən də bəlli idi. Həmin günbəzin dəyərini Bakıda rahat mürgüləyənlər deyil, Gəncədə xarabazarı görənlər daha yaxşı bilirlər. Əvəzində isə İsrailin qurudan, dənizdən, havadan vurulan raket zərbələri ilə Qəzza yerlə-bir olmağa başladı.

Bu məsələdə, əlbəttə, İsrailin göstərdiyinə “ölçüsüz güc istifadəsi” deyilir və bəlkə də insanlıq nöqteyi-nəzərindən əsaslandırılması çətin məsələdir. Bununla belə, adamların öz baxış bucağı var və ölkələri üçün təhlükə saydıqları hər bir addıma onqat ağırlıqla cavab verməyi dövlət siyasətinin “olmazsa olmazı” deyə görürlər. Anlaşılan budur ki, İranın qızışdırıb işə saldığı HƏMAS-ın vəziyyətdən çıxış imkanı yoxdur, eləcə də Türkiyənin gündəmə gətirdiyi “İsraili durdurmaq” çağırışları uzaqdan səslənən söyüşdən və təsəllidən başqa bir işə yaramamaqdadır. İsrail özü durmayınca, durduracaq güc isə hələ ki, üfüqdə görünmür. BMT-zad boş şeydir, beş ölkənin əlində oyuncaq qurum kimi ayrılan büdcəni iclaslara xərcləyib öz məmurlarının komfortunu təmin etməklə yetinir. Həmin BMT-dir ki, bizə də dörd qətnaməsini təsəlli üçün göndərmişdi, Ermənistan kimi cuppulu dövlət belə bu kağız parçasına sonadək əhəmiyyət vermədi. Məcbur olduq özümüz həmin qətnaməni icra etməyə.

İndiyədək Fələstin məsələsi ilə bağlı onlarla qətnamə qəbul edib, bircə bəndini belə reallaşdıra bilməyiblər. On minlərlə insanın evsiz-eşiksiz qalması, yüzlərlə insanın ölümü sadəcə bir müsəlman olaraq deyil, insan olaraq içimizi sızladır, ancaq əlimizdən gələn bir iş də yox.

Burada doğru siyasətin nə olduğunu daha dərindən anlamış olursan. Düşünək ki, bölgədə əsas güc mərkəzləri olan Türkiyə ilə İsrail çox yaxın münasibətlərə malikdir. Hadisələr bu miqyasda baş verərdimi? Əlbəttə, kiçik insidentlər bu barışmaz iki toplum arasında həmişə mövcud olmuş və olacaqdır. Ancaq bu qədər ölümünə yoxetmə iddiasını önləmək üçün dialoq qapısı bütün hallarda açıq olacaqdı. Yaxşı münasibət, həm də maraqların vaxtlı-vaxtında qarşılıqlı çatdırılması və qorunması deməkdir. Türkiyə İsrailə söz deyə bilmir, İran İsrailə söz deyə bilmir, üstəlik də meydanda məsələyə müdaxilə etməyə də imkanları yetmir. Əvəzində isə ildən-ilə Fələstin problemi daha ciddi şəkildə düyünlənir. Yeni siyasətə keçid, reallıqlara uyğun davranış da mənimsənilmədiyinə görə, bombaların altında insanların gələcəyi məhv olmağa davam edir. Bir yanda da iqtisadi, texnoloji baxımdan çiçəklənən İsrail reallığı gözlərinin önünə dikilir. Vaxtinda fürsətlərin doğru dəyərləndirilməməsinin yekunu belə də olmalıydı.

Məsələni oradan-buradan qızışdırmaqla deyil, gedən can fələstinlinin canıdır, onu qeyri-bərabər savaşın qurbanına çevirməklə nə Qüdsün, nə də Məscidi-Əqsanın taleyində bir dəyişiklik etmək mümkündür. İndi görün ki, doğru proqnozlaşdırılmayan bir siyasət nə deməkdir.

Türkiyə bizim qardaşımız, İsrail də, Fələstin də bizim dostumuzdur. Bir az aşırı olaraq bəziləri ermənipərəst Fələstin obrazı yaratmağa çalışırlar, əslində bir neçə ermənipərəstlik epizodunu yəhudilərin də içində tapmaq mümkündür. Bunu ümumi şəkildə Fələstinin bizə qarşı davranışı kimi təqdim etmək ədalətsizlikdir.

Bir də biz məzlumun haqqını tanımazdan gələn bir davranışı da özümüz üçün məqbul saya bilmərik. Bu məzlum müsəlman olmaya da bilər, enində-sonunda Qəzzada evi dağılan, qətlə yetirilən insandır axı...

Eyni zamanda biz Türkiyə ilə İsrailin qarşıdurma, nifrət ritorikasında bir-birini linç etməsini qətiyyən arzulamırıq. Bu, bizm də ziyanımızadır. Hansı ki, bir neçə il öncə Türkiyə-Rusiya münasibətlərində gərginliyin pik həddinə çatmasından ən çox narahatlıq keçirən ölkə Azərbaycan idi. Məhz bu münasibətlərin qaydaya salınması nəticəsində böyük bir tarixi problemimizin həlli üçün fürsətlər yarandısa, bu baxış bucağından da Türkiyə-İsrail münasibətlərinə yanaşmamız daha məntiqli olmazmı?

Bizdə yanlış düşüncə əsasən harada özünü büruzə verir? Biz dövlətlərə insan və ya xalq kimi yanaşmağa çalışırıq. Halbuki, heç bir dövlət bütövlükdə hansısa insanın və ya xalqın duyğuları ilə idarə olunmur. Rusiyada idarəedicilər arasında başlayıb özbəöz rus axtarsan, xeyli çətinliklə qarşılaşacaqsan. Rusiya mütləq şəkildə başlayıb rus xalqının iradəsini gerçəkləşdirsə, o zaman gərək məmləkətdə rusdan başqa millət yaşamasın. İsraildə də yəhudilərlə bərabər ərəblər və başqa dindən olan insanlar yaşayır. Eləcə də Azərbaycanda olduğu kimi, mozaik və etnik kültür əksər dövlətlərdə, o cümlədən Türkiyədə də bir reallıqdır. Demək ki, dövlətlərə öz dövlətinin marağı kontekstindən yanaşmalısan.

Yəni ilk növbədə bizdə Azərbaycan mərkəzli yanaşma olmalıdır. Necə ki, biz də İrana da, İsrailə də belə yanaşırıq. Əks halda İranda yaşayan milyonlarla hüquqsuz azərbaycanlının marağından yanaşsaq, o halda gərək bu qonşu dövlətlə münasibətlərimizdə hər zaman gərginliklər yaşansın. Biz torpağı işğal altında olan dövlət statusumuzu yenicə dəyişmişik və haqlı olaraq dövlətlərə münasibətlərdə üç baxış bucağını önə çəkirdik: düşmənimizə dəstək verənlər, bizə dəstək verənlər və neytral qalanlar. Bizə dəstək verən ölkələrin başında heç şübhəsiz qardaşımız, canımız-qanımız bir olan Türkiyə gəlirdi və gəlir. Bununla yanaşı bizə həm savaş, həm də informasiya platformasında dəstəyini əsirgəməyən az sayda dövlətdən biri də İsraildir. Kiminsə dini baxışı haqlı və ya haqsız formada yəhudu antipatiyası üzərində qurula bilər, ancaq biz İsraillə yəhudi dövləti kimi deyil, bizə dəstək verən, yeni texnologiya silahlarını satan və savaşda qalib gəlməmizdə rolu olan bir dövlət kimi baxırıqsa və buna görə dost dövlət hesab ediriksə, qafası qonşu ölkələrdən idarə olunanların məqsədyönlü təbliğatına alət olanlar bir daha bu mövzuda ciddi düşünməlidirlər.

“Bu məsələdə biz kimin yanında olmalıyıq?” sualına çox zaman cavab verirlər ki, əlbəttə, ədalətin yanında olmalıyıq. Ancaq etiraf edək ki, biz də bəri başdan məsələyə müsəlman təəssübkeşliyi ilə və ya yəhudi antipatiyası ilə yanaşmaqla ədalətli olduğumuza özümüzü inandırmamalıyıq. İnsan ədaləti ilə İlahi ədalətin nisbilik və mütləqlik fərqini anlamadan ədalət qoruyucusu olmaq iddiasına aludəçiliyin insanlığa bir faydası olmaz. Stefan Sveyq böyük dühaydı və “Erazm Roterdamskinin triumfu” əsərinə bu iqtibasla başlayırdı: “Erazm kimin yanında idi?” soruşurdular. Yəni o zaman alovlanan Papa və Lüther davasında mövqedən söhbət gedirdi. Müdriklər cavab verdilər ki, o, həmişə olduğu kimi özüyləydi”.

Duyğularımız nə olursa olsun, siyasətdə Azərbaycanla olmalıyıq, yəni özümüzlə.

Məhz Azərbaycandan boylanaraq, “Allah bütün məzlumlara yardımçı olsun, zalımları da islah etsin” deyirik.

Tarix
2021.05.17 / 14:08
Müəllif
Fazil Mustafa
Digər xəbərlər

Baləli bizə, Səbzəli ABŞ-a: birinə rəhmət, digərinə…

Yaşadığımız din düşüncə düşmənidir

Azərbaycanlı dahinin ən böyük arzusu

Ömürlük verin, lap axtalayın, nə dəyişəcək?

Ekspert nazirliyə görün necə “haqq qazandırır”...

Tərbiyəsizə tərbiyəsiz cavabın fəsadları...

Yaşadığımız din buna görə ya qatil, ya da cahil yetişdirir...

Şuşaya qalxdığımız kimi Xankəndiyə enmək...

İmkan verin, insanlar oynasınlar, amma...

Öz yubileyinə daş salan “ən pis azərbaycanlı”

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla