Hədəfiniz ABŞ-da təhsil almaqsa…
Övladınızın Amerikada bakalavr təhsili almasını
itəyirsinizsə, bilməlisiz ki, Azərbaycan Təhsil Nazirliyi "Xaricdə
təhsil üzrə Dövlət Proqramı" nda ABŞ-da bakalavr təhsilinə vəsait
ayırmırdı və proqram 2007-2015-ci illər üçün nəzərdə tutulduğundan,
artıq başa catmışdır.
Amma yeni proqramın başlanması gözləniləndir. Ümid edək ki,
qarşıdakı illərdə azərbaycanlı gənclər Dövlət Proqramından
yararlanıb Amerikada bakalavr təhsil ala biləcəklər.
Dövlət hesabına təhsil almaq mümkün deyilsə, ruhdan düşməyə
dəyməz. Mən çalışacam bu yazıda tələbə olmaq istəyənlərə təhsil
vəsaitini necə əldə etməyin yollarından yazım.
İlk addımınız övladınızda ingilis dilinə maraq yaratmaqdan
ibarətdir. Övladınızın xaricdə təhsil almasını istəyirsinizsə, onu
kiçik yaşlarından bu təhsilə hazırlamalısınız. İngilis dili
fənninin tədrisinə başlanan zamanı da gözləməyin. İngiliscə cizgi
filmləri, şəkilli kitab və lüğətlər alıb övladınızla təlimə
başlayın. İşinizi oyunlar şəklində qursanız uşaqda ingilis dilini
öyrənməyə böyük maraq yarada bilərsiniz.
İkinci addım uşağın hansı fənlərə daha çox meyil etdiyini
müəyyənləşdirir. Artıq VI, VII, VIII siniflərdə tam müəyyən
edəcəksiniz ki, övladınız hansı fənlərə meyillidir. Həmin fənn
dərsliklərindəki hər mövzu üzərində diqqət cəmlənməli, ayrıca
dəftər tutulmalı, mövzunun vacib məqamları yığcam şəkildə qeyd
olunmalıdır.
Üçüncü addım SAT qəbul imtahanlarına hazır olmaqdır. Bu, yuxarı
sinif dövrlərini əhatə edir. Qarşısına xaricdə təhsil almaq məqsədi
qoymuş abituriyent bilməlidir ki, Amerika universitetlərində oxumaq
istəyirsə, ondan Toefl, SAT və fənlərdən imtahan nəticələri tələb
olunacaq. İmtahan vermək üçün seçdiyiniz fənni ana dilimizdə
mükəmməl öyrənmədən ingiliscə həmin fəndən imtahana girməniz sizə
yüksək göstərici qazandırmaz.
İstər Bakıda, istərsə də rayonlarımızda SAT imtahanlara hazırlıq
müəllimləri çox məhduddur. Hətta müəyyən fənlər üzrə müəllimlər yox
dərəcəsindədir. Əgər SAT fənn müəllimləri tapmırsınızsa və fərdi
məşğul olmaq sizə çətindirsə, o zaman siz onlayn ("online")
proqramlardan istifadə edə bilərsiniz. Belə tədris proqramları
Amerikada kifayət qədərdir. Bu zaman evdə oturaraq sizə göndərilmiş
video-dərslərdən yararlanırsınız.
ABŞ-da ən populyar proqramlardan biri Kaplandır. Amma deyim ki,
yetəri sayda fərqli onlayn proqramlar da mövcuddur. Kredit kart
ödəmə sistemi ilə əldə etdiyiniz dərslərin üstünlüyü video
çəkilişlərin hər zaman əlinizdə olmasıdır. İstənilən vaxt mövzunu
hissə-hissə öyrənə, nə zamansa onu təkrar izləyə bilərsiniz. Onlayn
proqramlar hazırlığa sərf etdiyiniz məbləğdən qat-qat ucuz başa
gələcək və materiallar da həmişəlik sizdə qalacaq. İstifadə
etdiyiniz materialları sonradan ehtiyacı olan adama hədiyyə edə və
ya sata da bilərsiniz.
ABŞ-da dərsliklər olduqca bahadır. Siz "subject", "practice"
testlərin sizdən öncə istifadə edilmişlərini də əldə edə
bilərsiniz. Bu kitablar təzələrdən demək olar fərqlənmir. Sadəcə
qiymətləri kifayət qədər münasibdir.
Hansı SAT fənlərindən imtahan verəcəyinizi özünüz müəyyən
etməlisiniz. ABŞ-da Azərbaycandakı kimi qrup fənləri anlayışı
yoxdur. Siz ABŞ-da top 20 universitetlərdən birində təhsil almağı
hədəfləyirsinizsə, Toefl və SAT imtahanlarıyla yanaşı, yaxşı
bildiyiniz istənilən 2 fəndən imtahan verə bilərsiniz. Normalda 4
imtahan nəticəsi kifayət edir ki, seçdiyiniz universitetdə sizin
göndərdiyiniz müraciətə baxsınlar.
Dördüncü addımda ictimai fəallığınızı artırmalısınız. Qəbul
olmaq istədiyiniz universitetlər abituriyentin fəaliyyət göstərdiyi
sahələrə və bu sahələrdə qazandığı uğurlara xüsusi diqqət edir.
Əsasən IX-XI siniflərdəki olimpiadalara, gənclər təşkilatları,
beynəlxalq tədbirlərə qoşulmanız, elmi araşdırmalar edib proyekt
yarışmalarına qatılmanız sizə xeyli üstünlük qazandıra bilər. Onu
da əlavə edim ki, beynəlxalq olimpiada birinciləri və imtahan
göstəricisi üstün olan abituriyentlər universitetlərin güzəştləri
və təqaüd proqramlarından daha cox yararlanırlar.
Universitet seçərkən təhsil haqqı araşdırmalarında yanlışlığa
yol verməyəsiz deyə, söyləyim ki, saytda gördüyünüz məbləğ vergi
ödəyicisi olan amerikalılar üçün nəzərdə tutulub. Beynəlxalq
tələbələr üçün qiymətlər tam fərqlidir. Yataqxana və universitetdə
gündə 3 dəfə qidalanma xərcləriniz ayrıca hesablanacaq. Cib, yol
xərcləri, gəzintilər, tətil günlərində yataqxanada qalmaq və
qidalanmaq da əlavə vəsaitlər tələb edir. Ailə budcənizin 4 il
təhsilə sərf edəcəyiniz məbləği qarşılamağa gücü çatmırsa, növbəti
addımlarda bu məbləği necə əldə edəcəyiniz yollardan yazacam.
Beşinci addımla universitetdə hansı sahədə ugurlu fəaliyyət
göstərə bilmənizi müəyyənləşdirin. Bu zaman sizdən müəyyən
peşəkarlıq və bacarıq tələb olunacaq.
Məni universitetin rəqs və akrobatika komandalarına qəbul
etdilər. Siz də bu cür addım atsanız, əməkhaqqı alacaqsınız.
Altıncı addımda dərs yükü bölgüsünə diqqət edəcəksiniz. 4 illik
təhsil müddətini 3 tədris ilinə sığışdıra bilərsiniz. Bölgü nəinki
zamanınıza, maddi vəsaitin də xeyli hissəsinə qənaətə imkan
yaradar.
Yeddinci addım tapşırıq və imtahanlardan maksimal qiymətlər əldə
etməkdir. Bunun öhdəsindən gəlsəniz, universitetin Honors tələbələr
siyahısına düşəcəksiniz. Universitetin təşkil etdiyi əyləncələrə,
müxtəlif ştatlara həftə sonu gecələmək, qidalanmaq daxil
gəzintilərinə ödənişsiz istirahətlər əldə edəcəksiniz. Honors
tələbələr adətən II kursu bitirdikdən sonra arzusunda olduğu daha
nüfuzlu universitetlərə asanlıqla transfer ola, daha yüksək təqaüd
əldə edə bilirlər.
Mən honors tələbə siyahısındayam.
Səkkizinci addım universitet nəzdində təhsil vizasının sizə
verdiyi həftədə 10 saatlıq işləmək hüququndan istifadədir.
Baxmayaraq ki, universitetdə hansısa idman bölməsində fəaliyyət
göstərib əməkhaqqı alırsınız, onunla yanaşı, həftədə 10 saatlıq
işdə də çalışıb əməkhaqqı ala bilərsiniz. Mən də təhsillə yanaşı
universitetdə işə başladım.
Doqquzuncu addım yay tətilindən səmərəli istifadədir.
İnternşiplərə (İnternship) müraciət etməklə uyğun iş yerləri əldə
edirsiniz. Əməkhaqqı, yaşayacağınız məkan sizi qane edəcəksə, işə
başlaya bilərsiniz.
İnternşip əldə etsəniz işinizə son dərəcə tələbkar və
məsuliyyətli yanaşmalısınız. Qeyd edim ki, yay müddətində ABŞ-da
nüfuzlu hüquq şirkətlərindən birində işə qəbul olundum. Təcrübə
müddətində iş bacarığınız, komandayla işləmək vərdişləriniz
qiymətləndirilib "Recommendation Letter"da qeyd olunacaq. ABŞ-da
gələcəkdə işə qəbul olarkən həmin sənəd sizə olduqca vacib
dəstəkdir. Təcrübə sonucu universitetə təqdim edəcəyiniz sənədlər
təhsilinizə 3 kredit dərs yükü də qazandıracaq. Bu isə özlüyündə
tələbəni 1.600$ ödənişdən azad edir. Amma maliyyə məsələlərini həll
etmək üçün digər imkanlar da mövcuddur. Müxtəlif Dövlət və QHT
fondlarının elan etdiyi təhsil təqaüdləri, aktivlikləriniz və
yüksək təhsil göstəricilərinizə əsaslanıb vəsait ayırmağa hazır
olan sponsorlar, qrant əldə edə biləcəyiniz təşkilatlar, fondlar və
ən son məqamda aşağı faizlə əldə edəcəyiniz Uzunmüddətli Təhsil
Kreditindən də yararlana bilərsiniz.
Özünüzə inanın, arzularınızdan əl çəkməyin. İstəklərinizi heç
vaxt, heç kimə və heç nəyə güzəştə getməyin. İnanın ki, istədikdə
həmişə yol, istəmədikdə isə bəhanə tapılır.
ABŞ-dan Əminə Əmirxanlı