Azərbaycan Respublikasının
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşaviri, akademik Kamal Abdullayevin 7-10 iyul tarixlərində
Qarabağ və Gəncəbasar bölgəsinə səfəri baş tutub. Bərdə
İmamzadəsində, Ağcəbədi, Tərtər, Ağdam, Goranboy, Naftalan, Yevlax
Cümə məscidləri və ziyarətgahlarında olan görüşlərdə yerli və ətraf
rayonların ziyalıları, din xadimləri ilə, eyni zamanda bir neçə
hərbi hissədə maraqlı və faydalı görüşlər keçirilib.
Dövlət müşaviri Kamal Abdullayev səfərlə bağlı fikirlərini və
səfər təəssüratını Axar.az-la bölüşüb.
- Kamal müəllim, öncə səfərinizin məqsədi və səfər
etdiyiniz rayonlar haqda məlumat vermənizi xahiş
edirik.
- Bilirsiniz ki, cənab Prezident İlham Əliyev Ramazan bayramı
münasibətilə Azərbaycan xalqına səmimi sözlərlə dolu təbrik
ünvanladı. Bu təbrikdə Prezident Ramazan bayramının təkcə
ölkəmizdəki müsəlman əhalinin yox, eyni zamanda, bütün digər
dinlərə mənsub insanlarıımızın da bayramı olduğunu, hər bir
vətəndaşımızın bu müqəddəs, bəşəri günü birgə qeyd etdiyini
vurğuladı. Bu Azərbaycan xalqına xas multikulturalizmin və
tolerantlığın təntənəsi, bu istiqamətdə aparılan uğurlu dövlət
siyasətinin nəticəsidir. Bu il həm də ölkəmizdə "Multikulturalizm
ili" olduğundan, düşündük ki, yaxşı olardı, cənab Prezidentin
Ramazan təbrikini insanlarımıza – dindarlarımıza, vətənin
müdafiəçiləri olan əsgərlərimizə birbaşa çatdıraq və bu əziz
bayramı onlarla birgə qeyd edək. Elə bu məqsədlə də 7-10 iyul
tarixlərində Qarabağ və Gəncəbasar bölgəsində səfərdə oldum və
orada ictimaiyyət nümayəndələri, din xadimləri və vətənimizin,
xalqımızın, dövlətimizin keşiyində mərd-mərdanə dayanan əsgər və
zabitlərimizlə görüşdük. Prezidentin Ramazan təbrikini onlara
çatdırdıq.
- Qarabağ bölgəsində insanların əhval-ruhiyyəsi neçə
idi? Son dövr cəbhədə baş verən hadisələr sakinləri narahat etməyib
ki?
- Mən 2 il öncə də bu bölgəyə səfər etmişdim. Əminliklə deyə
bilərəm ki, aprel ayında baş verən və ordumuzun qələbəsi ilə bitən
qızğın döyüşlərdən sonra Qarabağ bölgəsində yaşayan insanlarımızın
ruhu təzələnib, sanki. Onlar balacasından ağsaqqalına qədər, hamısı
vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını bildirir və hər
addımda cani-dildən məhəbbət və ehtiram bəslədikləri Ali Baş
Komandanın əmrini səbrsizliklə gözlədiklərini dilə gətirirlər.
Ağdamın Sarıcalı, Çəmənli, Xındırstan kəndlərinin sakinləri,
bərdəlilər, tərtərlilər, goranboylular, ağcəbədililər hamısı son
dövrlərdə cəbhədə baş verən hadisələrdən dərhal sonra cənab
Prezident İlham Əliyevin öz xanımı ilə heç bir qoruyucu vasitə
olmadan birbaşa düşmən artileriyasının atəş zonasında yerləşən,
mənfur düşmənlərin dağıtdığı dinc əhalinin yaşayış evlərini ziyarət
etməsini çox yüksək dəyərləndirir, onların belə bir təhlükəli yerdə
yaşamasının yeganə səbəbinin Vətən eşqi və səbəbkarının Ölkə
Prezidenti olduğunu dönə-dönə qeyd edirdilər.
Bu gün Qarabağ bölgəsindən yaşayan hər bir insan mərd və cəsur
Azərbaycan əsgəri kimi vətənin keşiyindədir. Dillərinin əzbəri olan
bir söz var: "Cənab Prezident bizə dedi ki, mən sizinlə qürur
duyuram!"
- Ölkə Prezidentinin apardığı siyasəti, xüsusən,
din-dövlət münasibətlərinə dindarların münasibəti
necədir?
- Ulu Öndər Heydər Əliyev ölkəmizdə din-dövlət münasibətlərinin
ən ali formasını necə müəyyənləşdirmişdisə, bu gün də cənab İlham
Əliyev tərəfindən bu siyasət ləyaqətlə davam etdirilir. Ölkəmizdə
təkcə əksəriyyət təşkil edən müsəlmanlara deyil, bütün digər
ənənəvi din nümayəndələrinə də bərabər münasibət göstərilir. Dini
mənsubiyyətindən asılı olmayaraq bütün dindarlar bundan çox
razıdır. Onlar hər zaman dövlətin yanında olduqlarını qeyd edir və
bunu dövlətə və dövlətçiliyə xidməti borc kimi dəyərləndirirlər.
Bilirsiniz, Azərbaycan dünyəvi dövlətdir, burada din dövlətdən
ayrıdır. Amma dövlət həmişə dinin və dindarların yanındadır. Bunu
Prezident hər dəfə qeyd edir. Qədim Şamaxı məscidinin, Gəncə
İmamzadəsinin abadlaşdırılması, Bakıda möhtəşəm Heydər Məscidinin
inşa olunub dindarların istifadəsinə verilməsi, dini konfessiyalara
dövlət büdcəsindən maliyyə yardımlarının ayrılması, rayon
mərkəzlərindəki cümə məscidlərinin hər birinin abad və gözəl olması
dövlətin dinə münasibətinin bariz nümunəsidir. Bunu Bərdə
İmamzadəsində, Gəncə İmamzadəsində, olduğum bütün digər məscidlərdə
din xadimləri xüsusi ehtiramla dilə gətirdilər.
- Dindarlarımız, xüsusən onların toplandıqları
məscidlərimiz dövlətin dindarlardan gözləntilərinə
adekvatdırmı?
- Maraqlı məqama toxundunuz. Hesab edirəm ki, məscidlərimiz və
bir çox din xadimlərimiz hələ də dövlətin onlardan gözləntilərini
doğrultmur. Bizdə dövlətə və dövlətçiliyə xidmətin nümunəsi
şeyxülislamlıq institutu və bu gün Bütün Qafqazın şeyxi Allahşükür
Paşazadə nümunəsi var. Məncə, dindarlarımız dövlətimizin və
dövlətçiliyimizin yad dini təsirlərdən qorunmasında daha fəal
olmalı, məscidlərimiz təkcə namaz qılınan, ehsanlar verilən məkan
yox, həm də elm, fəzilət, mərifət, dövlətçilik, azərbaycançılıq
ocaqları olmalıdır. Biz hamımız bu istiqamətdə çalışmalıyıq.
- Mətbuatda məlumat qeyd edilmişdi ki, siz Gəncə
İmamzadəsində təkcə Gəncənin deyil, o regionda olan əksər din
xadimləri ilə birgə görüşmüsünüz, hətta, tədbirdə qadın axundlar da
iştirak edib. Bu görüş haqda fikirləriniz oxucularımız üçün
maraqlıdır.
- Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində
təmir və bərpa olunaraq möhtəşəm ziyarətgah kompleksinə çevrilən
Gəncə İmamzadəsi Azərbaycanın ən gözəl müqəddəs məkanlarından
biridir. Buraya ziyarətə gələn hər bir kəs öncə gözəl memarlıq
nümunəsi və səliqə-sahmanla qarşılaşır. İmamzadədə təkcə Gəncə
şəhərinin deyil, ətraf rayonların - Naftalan şəhəri, Qazax, Şəmkir,
Gədəbəy, Tovuz, Ağstafa rayonlarının axund və imamları ilə
görüşdük. Öncə Prezidentin Ramazan təbrikini onlara çatdırdıq. Daha
sonra dindarlarla ölkəmizdəki dini durum, din-dövlət münasibətləri,
tolerantlığın və multikulturalizmin Azərbaycan modeli haqqında
fikir mübadiləsi apardıq. Onları maraqlandıran məsələlərə aydınlıq
gətirdik. Bu işdə mənə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
regionlar üzrə şöbə müdirlərinin və Qafqaz Müsəlmanları İdarəsinin
nümayəndələrinin böyük köməyi oldu. Eyni zamanda hər bir rayon və
şəhərdə icra strukturlarının da fəaliyyətini xüsusi qeyd etmək
olar. Sevindirici hal ondan ibarət idi ki, dini məzhəbindən asılı
olmayaraq, hər bir dindar dövlətə və dövlətçiliyə xidmət naminə bir
olduqlarını söyləyirdilər. Bu görüşdə Gəncədə fəaliyyət göstərən və
axundları xanımlar olan qadın məscidinin axund və icma üzvləri
iştirak edirdi. Onların da dinə və dövlətçiliyimizə münasibəti
olduqca səmimi və birmənalı idi. Qadın axundlar ölkəmizin Birinci
xanımı Mehriban Əliyeva ilə görüşlərini sevinclə xatırladılar,
ölkənin Birinci xanımının gördüyü xeyirxah işlərdən ürək dolusu
söhbət açdılar, razılıq etdilər.
Onu da sizə deyim ki, mən Gəncədə olarkən tarixi Şah Abbas
Məscidini və Gəncədəki Rus Pravoslav Kilsəsini də ziyarət etdim,
dindarlarla görüşdüm. Rus Pravoslav Kilsəsinin baş keşişi
Varfolomey Ata, həmçinin Gəncə şəhər Yəhudi Dini İcmasının sədri
Arif Babayev bizimlə birgə İmamzadədə tədbirdə iştirak etdi,
həmçinin onlar İmamzadədə təşkil olunan bayram süfrəsində də
bizimlə birlikdə oldular. Bu isə təkcə Azərbaycana xas olan unikal
toleranlıq mədəniyyətidir.
- Səfər çərçivəsində ön cəbhədə hərbi xidmət edən əsgər
və zabitlərimizlə də görüşmüsünüz. Azərbaycan ordusunun hazırki
mənəvi durumu və əsgərlərimizin əhvalı ilə bağlı nə deyə
bilərsiniz?
- Bayram günlərində düşmənlə üzbəüz mövqelərimizdə xidmət edən
əsgərlərimizi görmək, onlarla bir süfrədə nahar etmək, düşməndən
yenicə azad edilmiş torpaqlarımızdan düşmən mövqelərini müşahidə
etmək unudulmaz və qürurverici idi. Səfər çərçivəsində 3 hərbi
hissədə oldum. Əsgərlərlə və zabitlərlə görüşdüm, onlarla son dövr
cəbhədə baş verən hadisələrin bütün xalqımızda yaratdığı yeni
qalibiyyət ruhu və arzusu barəsində söhbətlər etdik. Mərd, qorxmaz
və cəsur əsgərlərimizin döyüş ruhu, vətən məhəbbəti məni hədsiz
qürurlandırdı. Onların sözünün əvvəli də, sonu da bu şəkildə
bitirdi: "Torpaqlarımızı həmin an azad etmək üçün Ali baş
Komandanın əmrini səbrsizliklə gözləyirik!"
Tap-Qaraqoyunlu kəndi istiqamətində qəhrəman tankçılarımızın və
topçularımızın düşməndən təmizlədiyi doğma torpaqlarımıza qədəm
basmaq, 3 rəngli bayrağımızın o yerlərdə dalğalandığını görmək necə
də xoş və qürurvericidir. Bu hisləri tezliklə Dağlıq Qarabağın
müxtəlif yerlərinə qədəm basdığımızda da yaşayacağımıza əminəm.
Cənab Ali Baş Komandanın siyasəti bizi tam qələbəyə doğru
aparır.
- Alimlərimiz, ictimai xadimlərimiz ordumuza necə kömək
olmalıdır?
- Biz peşəsindən, ictimai, siyasi mənsubiyyətindən, vəzifəsindən
asılı olmayaraq, hamımız ordumuzun yanında olmalıyıq. Ordu xalqın
dəstəyini, ziyalılarımızın onlarla olduğunu görəndə daha əzəmətli
və qətiyyətli olur.
Bu gün ordu quruculuğu sayəsində ordunun nə ərzaq, nə geyim, nə
də silah-sursat çatışmazlığı var. Biz sadəcə öz qəlbimizlə,
cismimizlə, ruhumuzla əsgərlərimizin yanında olmalıyıq. Gənc
zabitlərimiz, əsgərlərimiz intellektual ünsiyyətə, tariximiz,
mədəniyyətimiz, dinimizlə bağlı fikir mübadilələrinə bəzən mənəvi
ehtiyac duyur. Bu istiqamətdə maraqlı proyektlər həyata keçirməyi
düşünürük. Onlara təkcə nəyisə öyrətmək yox, eyni zamanda onlardan
öyrənməyi də qarşıya məqsəd qoymalıyıq.
- Səfər əsnasında görüş keçirdiyiniz əsgər və
zabitlərimizin sizdən hansısa istək və ya xahişləri
oldumu?
- Əsgər və zabitlərimizin əsas xahişləri də elə bu oldu. Hərbi
hissələrdə mütəmadi olaraq müxtəlif mövzularda, əsasən də
tariximizlə, mədəniyyətimizlə, bugünümüzlə bağlı dəyirmi masalar,
elmi müzakirələr, dinləmələr keçirilsin. Müzakirələr elə bir
rejimdə keçirilsin ki, əsgər və zabitlər də müzakirələrə qoşulub
aktiv iştirak edə bilsinlər. Hərbi hissələrimizdə dövlətçiliyimiz,
vətənpərvərlik tərbiyəsi, tariximiz, ədəbiyyatımız və başqa
mövzularda konfransların, tədbirlərin keçirilməsi üçün çox gözəl
şərait var. Dediyim kimi bu təklifləri yaxın vaxtda dəyərləndirməyi
düşünürük.
- Kamal müəllim, bu səfər yeni layihə və proqramların
icrasına başlamaq üçün rəhbərlik etdiyiniz Xidmətin qarşısına hansı
yeni vəzifələr qoydu?
- İnsanlarla ünsiyyət, onları dinləmək həmişə yeni ideyaların
ortaya çıxmasına yol açır, yeni layihələrə başlanğıc verir.
Məscidləri ziyarət etdikdə orada yaradılmaqda olan məscid
kitabxanalarının daha da zənginləşdirilməsi üçün Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu, Milli Kitabxana,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə birgə
fəaliyyət göstərməsi üçün yeni layihələrə başlayacağımızı
düşünürəm. Həmçinin müxtəlif bölgələrdən olan din xadimlərimizin
bir-birilə görüşlərinin təşkili, hansısa sosial, mənəvi məsələ ilə
bağlı onların fikir mübadiləsi aparması üçün imkanların yaradılması
da yeni ideyalardandır.
Həmçinin hərbi hissələrimizdə ictimaiyyət nümayəndələri, dövlət
rəsmiləri, alimlərimizlə əsgər və zabitlərimizin dəyirmi masa,
konfrans formatında görüşlərinin təşkili də yeni ünsiyyət forması
sayıla bilər.
Bu istiqamətlərdə işlərimizi daha intensiv şəkildə davam
etdirəcəyik.