Yuxarı

Consonun Atatürkə “sərsəri” deyən babası Kamal…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin babası Əli Kamalın nəvəsi Boris!

Hörmətli mətbuatımız xorla eyni xəbəri verir…

Əli Kamalın nəticəsi Boris Conson İngiltərənin xarici işlər naziri olub. Ulu babası Osmanlıda daxili işlər naziri idi, nəticəsi kraliçanın xarici işlər naziri oldu.

*

Doğru.

*

Amma bu, hamısı deyil.

*

Doğru tərəfi budur… Əli Kamal 1903-cü ildə İsveçrədə özündən 10 yaş kiçik Vnifredə aşiq olub. Vnifredin anası ingilis, atası isveçrəli idi. Evləndilər. Nigahı Papa kəsdi. Vnifred müsəlman olmadı, amma Əli Kamal həyat yoldaşına "Fitrət" adı verdi. İlk uşaqları bir aylıqkən öldü. Sonra Səlma, sonra Osman doğuldu. 1909-cu ildə Fitrət 26 yaşında vəfat etdi. Əli Kamal depressiyaya düşdü, bir müddət Londonun Uimbldon rayonunda yaşamağa çalışdı, amma yaşaya bilmədi. Uşaqlarını qayınanası Marqaretə əmanət etdi, "vəziyyət düzəlincə, uşaqları yanıma aparacağam", - dedi. İstanbula döndü. Birinci Dünya savaşı başladı. İstanbul işğal olundu. Məmləkət yanğın yerinə döndü. Uşaqları gətirə bilmədi. Nənə Marqaret uşaqları ingilis kimi böyütdü. Osman adını dəyişib, Vilfred oldu. Zabit oldu, pilot oldu. İkinci Dünya müharibəsində göstərdiyi şücaətə görə, İngiltərə Yüksək Ləyaqət Medalı aldı. Evləndi, oğlu oldu. Oğlu da evləndi, Boris doğuldu… İndi deyəcəksiniz ki, Boris adında ingilis olar? Rus adına bənzəyir axı? Haqlısınız… Tam adı Aleksandr Boris de Pfeffel Conson… Anası ilə atası Meksikada tətildə ikən anası hamilə olur, doğuş əlamətləri yavaş-yavaş başlayır. Həyəcanlanırlar. Doğuşu Meksikada etmək istəmirlər. Hava limanında tələm-tələsik bilet axtararkən bir rusiyalı iş adamı yaxşlıq edir, özünə aid Nyu York biletini onlara bağışlayır. Doğuş Nyu Yorkda olur. Xeyirxah rusun xatirəsinə Boris adı əlavə olunur. Boris böyüyür, jurnalist olur, siyasətə atılır. Mühafizəkarlar Partiyasından millət vəkili olur, London meri olur. Və Xarici İşlər naziri olur.

*

Yaxşı, bəs natamam tərəf nədir?

*

O da bu…

*

Jurnalist idi Əli Kamal.

İngilis nökəriydi.

Vəhdəddin ilə birlikdə İngilis Dostları Dərnəyinin qurucusu idi.

Milli mübarizəyə düşmən idi.

"Avropa ilə başa çıxmağı hansı Asiya qövmü bacara bildi ki, biz də bacara bilək", - deyə, məqalələr yazılırıdı. Bugünkü AB-çilər kimi, avropalıların başımızda üstündə durmasını istəyirdi.

*

Mustafa Kamala nifrət edirdi, millətin başının bəlası olaraq görürdü. "Onunla salamlaşmaq quldura əl uzatmaqdır", - deyirdi. Hətta… "Dəlmə-deşik bir ordu, döyüşüb dururlar. Ağıllarına nə gəldi edirlər, "tam azadlıq istəyirik", deyib dururlar, halbuki ərəb nə demiş, "əlhəkmü limən qalebe" - qalibin dediyi olar, bu qədər sadə", - deyirdi.

*

Sürətini azalda bilmir, Mustafa Kamalçıları "sevinclə" belə təsvir edirdi: "Canları yanır, əhvalları çox pisdir, çoxu ayaqyalındır. Təchizatları zəifdir, gəl ki, bir neçə yük maşınları var, amma heç birini istifadə etmək olmaz. Mühərrikləri xarabdı, təmir etmək olmur. Yanacaqları yox, ehtiyat hissələri yox, daşımaq üçün yalnız camışları var. Mustafa Kamalçılar faydalı bir işə yaramaz, şükür, sayları azdır, xəstələnmiş üzv kimi kəsib atılmalı!".

*

Belə xain idi.

*

"Sərsəri" deyirdi Mustafa Kamala… "Mədəniyyət dünyasını əleyhimizə çevirmək üçün Anadoluda inanılmaz dəliliklər, cinayətlər törədilir", - deyirdi. "Eyy müsəlman qardaşlarımız, təşkilat-i milliyəyə aldanmayın. Bolşevik başı daşıyan yurdsuz sərsərilərdir bunlar", - deyirdi. "Bu millətçi məxluqlar qədər başları əzilmək istəyən ilanlar xəyal edilə bilməz, düşmən onlardan min kərə yaxşıdır", - belə deyirdi.

*

Nəticədə…

Cavabını ağır ödədi.

Linç edildi.

*

Övladlarını İngiltərədə qoyub İstanbula gələndə ikinci dəfə evlənmişdi. Özü 44 yaşında ola-ola Topxana marşalı Zəki Paşanın 18 yaşlı qızı Səbihə ilə nikaha girmişdi. Bir oğlu da olmuşdu.

*

Əli Kamal öldürüləndən sonra Səbihə oğlu ilə İsveçrəyə getdi. Oğlu hüquq təhsili gördü, universiteti bitirən kimi "məmləkətə dönəcəyəm", - deyə, təkid etdi. Ailə böyükləri etiraz etdi, "səni orada yaşatmazlar", - deyə, dil tökdülər, amma nə fayda… Mindi qatara, Ankaraya gəldi. İngiliscə, almanca, fransızca bilən təcrübəli bir gənc idi. Xarici İşlər Nazirliyinin məmur imtahanına girdi, qazandı.

*

Prezidentimiz İsmət İnönü idi. İmtahanı qazananların sənədlərini gətirdilər, masasına qoydular. Birinin üzərində "mənfi" qeydini gördü. "İşə götürülməsi uyğun deyil", yazılmışdı. Açdı sənədi, oxudu. Qırmızı qələmlə bildirilirdi, Əli Kamalın oğlu idi…

*

"Mənfi"nin üstündən xətt çəkdi, "müsbət" etdi. "Uyğun deyildir" sözünün üstündən xətt çəkib "uğun edirəm", yazdı, imzaladı. "Dövlətə kin yaraşmaz, biz bu cümhuriyyəti qanla qurduq, amma insanlıqla böyüdəcəyik, - dedi və əlavə etdi: - Mən bunu Atatürkdən öyrəndim".

*

Millətçilər…

Bax budur.

*

Əli Kamalın oğlu Zəki Kuneralpdı. Paris, Bern, London, Madrid səfirimiz oldu. Xarici İşlər Nazirliyinin katibi oldu. Ancaq Əli Kamal ABŞ-ın təsiri ilə şərqdəki şəhərlərimizi qızıl qarşılığında ermənilərə satmağımızı məsləhət görürdü… Qədərə baxın ki, oğlu Madriddə məhz ASALA-nın hücumuna məruz qaldı – xidməti avtomobilinə atəş açıldı. Zəki Kuneralp avtomobildə deyildi. Həyat yoldaşı Necla Kuneralp, bacanağı, təqaüddə olan səfir Bəşir Balçıoğlu və ispaniyalı sürücü Antonio Torres həyatını itirdi.

*

Bitmədi…

Əli Kamalın nəvəsi, Zəki Kuneralpın oğlu Səlim Kuneralp babasına açılan yolla getdi. Stokholm və Seul səfirimiz oldu, AB-də daimi təmsilçimiz oldu, Dünya Ticarət Təşkilatında təmsilçimiz oldu.

*

Çünki…

Bu cümhuriyyəti quran millətçilər onlara "başı əziləsi ilan, kəsilib atılmalı xəstə üzv", deyən, "edam" edilmələrini istəyən vətən xaininin cinayətini övladlarına çəkdirməmiş, sahib çıxmış, bağrına basmış, səndən-məndən ayırmamış, ayrı-seçkilik etməmişdi.

*

Və bu cür vəziyyətdə…

"Əli Kamalın nəticəsi İngiltərə Xarici İşlər naziri oldu", deyə tərifləyə-tərifləyə yazan, o biri nəvəsini yazmayan, o biri nəvəsindən bir cümlə belə bəhs etməyən hörmətli mətbuatımız millətçilərə nə deyir?

*

İrqçi, faşist, inqilabçı, xəstə təfəkkürlü deyir.

*

Ay sizi…

2016-cı il istehsallı Əli Kamalçılar!

(Uyğunlaşdırdı: Hacı Qulu)

Tarix
2016.07.15 / 16:42
Müəllif
Yılmaz Özdil
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla