Ana səhifə İdman |
Futbolçularımı təbrik etmək istəyirəm. Qələbə üçün əllərindən gələni etdilər.
APA-nın məlumatına
görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu
çərçivəsində "Höteborq"u qəbul edib. İlk görüşdə İsveçdə minimal
hesabla (0:1) məğlub olan "köhlən atlar" Tofiq Bəhramov adına
Respublika stadionunda bunun əvəzini artıqlaması ilə (3:0) çıxaraq,
qrup mərhələsinə vəsiqə qazanıb.
Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini
bu sözlərlə davam etdirib: "Möhtəşəm azarkeşlərimizi, rəhbərliyi və
sizi təbrik edirəm. Çətin turnir oldu. Çempionlar Liqasındakı
məğlubiyyət bizə təsir etdi. Amma tez bir zamanda hamı başa düşdü
ki, bu, futboldu, belə hallar olur. Futbolçuların yüksək
motivasiyası bu gün bizə qələbə qazandırdı. Ardıcıl 3-cü ildi qrupa
düşdüyümüz üçün sevinirəm. Həmçinin "Qəbələ"yə də uğurlar arzu
edirəm. İndi də onların oyununu gözləyirik. Tez gedib, onların da
oyununa baxmaq istəyirəm. Böyük ölkələrin komandaları nə qədər çox
gəlsə, bizim üçün çox vacibdi".
- Dünənki mətbuat konfransından sonra korner yadınıza
düşdü, yoxsa əvvəldən planda var idi?
- Bir az başqa cür etdik. O zona boş qalırdı. Rəşad da bundan
istifadə etməyi bacardı.
- "Qarabağ" qrup mərhələsini də adlaya
bilərmi?
- Hələ püşkatmaya baxacağıq. İki il ardıcıl şansımız oldu. Bu
gün şadam ki, minimum vəzifəni yerinə yetirdik. Ola bilsin ki,
qrupda bu dəfə daha rahat oynadıq. Çünki futbolçular daha
təcrübəlidilər. Müəyyən səviyyəyə gəlib çatmışıq. İlk növbədə bunu
qorumağa çalışacağıq. İnşallah, qrupdan da çıxarıq.
- Rəqibin baş məşqçisi dedi ki, "Mançester Yunayted"lə
düşsəniz, onları parçalamağınızı arzu edirəm...
- Bizim öz arzularımız var. Çalışırıq işimizdə düzgün, səbrli
olaq. Kimlərinsə arzularını yerinə yetirmək üçün çalışmırıq.
İşimizin dəyərini bilməyi düşünürük. Belə olsa, nəticə özü
gələcək.
- Bu oyunda rəqibin müdafiəsində boşluqlar yarandı. Bunu nə
ilə əlaqələndirmək olar?
- Çünki rəqibi artıq daha yaxşı tanıyırdıq. Həm də öz
meydanımızda çıxış edirdik. Rəqib də öndə idi, müdafiəyə daha çox
diqqət ayırmışdılar. Bu da işimizə yaradı. Pressinq etsəydilər,
bizə çətin olardı. İstədilər ki, İsveçdəki oyunu təkrarlasınlar.
Amma bizim də başqa yolumuz yox idi.
- Meydançanın durumu bərbad idi. Olmaz ki, növbəti görüşü
Olimpiya stadionunda keçirəsiniz?
- Mən də oyunun gedişində narahat idim ki, hansısa futbolçu zədə
ala bilər. Şükür ki, hamısı sağlam oldu. Hələ bir qərar verə
bilmərik. UEFA da yəqin ki, öz etirazını bildirəcək. Hətta oyundan
sonra UEFA nümayəndəsi bunu qeyd etdi. Fikirləşirik ki, qrupda ilk
oyunu səfərdə keçirsək yaxşı olar ki, vaxt udaq. Bu stadiona
öyrəşmişik.
- Oyunun gedişində düşünmədiniz ki, biz bu rəqibə səfərdə
niyə uduzmuşuq?
- Xeyr, belə düşünmədim. Həmin görüşdə uduzmasaydıq, bəlkə də,
daha rahat çıxardıq və belə çıxış etməzdik. Burda üstünlük bizim
tərəfimizdə idi. Azarkeş dəstəyi də bizə əlavə motivasiya verirdi.
Meydanın durumu yaxşı olmasa da, uşaqlar çalışdılar nəticə
versinlər. Səfərdəki matçdan fərqli bir neçə hesablanmış hücum
qurduq. Künc zərbələri belə, istədiyimiz kimi alındı.
- Elvin Yunuszadə bu gün pis təsir bağışlamadı. Amma topu
qəbul edəndə daha çox qapıçıya ötürürdü. Bu sizin tapşırığınızdı,
yoxsa özünə inamı yoxdu?
- Elvin bir oyuna görə tənqid olundu. Daha çox həmin vaxt mən
tənqid olundum. Elvin ötən mövsüm birinci dövrədə hətta Rəşad
Sadıqovdan da çox oyun keçirmişdi. Oynamayanda praktika itir.
Düzdü, xarakterində zəiflik var, oynamaq üçün daha istəkli
olmalıdı. Amma belə görüşlərdə özünü yaxşı göstərə bilir. O, bizim
3 əsas müdafiəçimizdən biridi. Hər bir futbolçunun borcudu ki, öz
şansını gözləsin. Bəzi futbolçularda bu amil çatışmır. Elvində bir
az boşluqlar var. Hələ tam bacarmıram, amma hələ vaxtımız var.
- Bədavi meydanda olmayanda, həmin mövqedə axsama olur.
Müdafiəçi almağı düşünmürsüz?
- Açığı, maraqlanırdıq. Amma bəzən oyunçuların sayını artırıb,
digərlərinin önünü kəsmək istəmirik. Limitə görə, Elvin kimi
futbolçuya ehtiyac var. Hələ qəti qərar verməmişik. Bir neçə
varianta baxmışıq. Hərtərəfli sərf edən variant olsa, bir mərkəz
müdafiəçisi ala bilərdik. O ki qaldı qapıçıya ötürmə verməsinə,
rəqibin hücumçusu ona çox yaxın oynayırdı. Buna görə də, düzgün
addım atırdı. Ortaya çox pas olmasını istəmirdim. Çünki meydanın o
hissəsində problem var idi. Rəşad təcrübəli olduğu üçün ötürmə
verirdi.
- Qara Qarayevin daha çox geridə olması nəyə
hesablanmışdı?
- Rəqib 2 hücumçu ilə oynadığı üçün bunu özümüz belə
planlaşdırmışdıq. Bizə qol vurmaq lazım idi. Riçarda da irəli
getməyi tapşırmışdım. Qaranı özümüz geridə saxlayırdq ki,
əks-hücumdan oyunçuları sığortalaya bilsin.
- Çempionatda yaranmış fasilə ürəyinizcədimi?
- Fasilə hər yerdə olur. Bizdə daha çoxdu. Amma milli komanda
amili var. Bizim 9 oyunçumuz əsas yığmada olacaq. Bir yoxlama
görüşü keçirəcəyik. Futbolçularımız oyunsuz qalmayacaqlar. Bəzi
oyunçular üçün də formasını yaxşılaşdırmaq üçün bir fürsətdi.
- Bədavi Hüseynovun durumu necədi?
- Bədavinin zədəsi arxa əzələsindəndi. Ehtiyatli olmalıdı.
Deməzdim ciddidi. Amma qorunmalıdı. Namiq Ələsgərovda 3 dəfə belə
oldu, çox vaxt itirdi. Bədavi tam bərpa olunduqdan sonra məşqlərə
başlayacaq.
- Riçard Almeydaya görə qapınızı döyən yoxdu?
- Bir dəfə döyüb, gediblər (gülür). Riçard əsas oyunçularımızdan
biridi. Bu komandaya çox bağlıdı. Ərəbistandan təklif olmuşdu. Bizə
rasmi təklif göndərmişdilər. Ona burdakından da çox pul verirdilər.
Amma dedi ki, "Qarabağ"ı tərk etmək istəmirəm. Karyerası baxımından
daha yaxşı təklif olsa, hər bir futbolçunu göndərə bilərik.
- Hər qol epizoduna təəssüflənməyinizin səbəbi nə idi? Bu,
qisas almaq arzusundan qaynaqlanır?
- Hiss etməmişəm bunu. Ola bilsin ki, hər hansı bir reaksiya
olsun. Amma bizdə qisas yoxdu. Futbolda nəticəyə oynamağı
bacarmalısan. Qisas şəxsi həyatda olur. Qisas arzusu məğlubiyyətə
gətirib çıxara bilər. Hansısa məğlubiyyət bizə daha faydalı olur
ki, futbolçular özlərini daha yaxşı hazırlayırlar. İnsan elədi ki,
nə qədər desə mən qələbəni öz üzərimə götürməyəcəm, amma içində
fərqli hisslər keçirir.
- Qara Qarayev ötən mövsüm bəzən əsas heyətə düşə bilmirdi.
indi istədiyiniz formadadı?
- Qara həmişə öz üzərində çalışan futbolçudu. Biz komandaya
faydası dəyən hamıya heyətdə şans verməyə çalışırıq.
- Çempionatda komanda sayının azalması Avroliqada
çıxışınıza təsir edə bilərmi?
- 8 komandalı çempionat ölkə futbolu olaraq bizim üçün böyük
"minusdu". Amma bəzi situasiyalara görə, buna yox deyə bilmirik.
Əgər sponsor yoxdusa, yalandan komanda düzəltməyin faydası yoxdu.
Gələn mövsüm bəlkə 12 komanda oldu. İnşallah, gələn il iqtisadi
vəziyyət də düzələr, say artar. Bunun Avroliqadakı çıxışımıza təsir
edəcəyini düşünmürəm. Eyni proqram olacaq. Aprelin sonlarında
çempionat bitməlidi. Yenə sıx qrafik olacaq. Sadəcə, ola bilər ki,
bəzi komandaların səviyyəsi aşağı düşəcək. Amma başqa çıxış yolumuz
yoxdu.
- Sizin özünüzə hansısa ölkədən təklif olub?
- Biz azərbaycanlıyıq, burdayıq. Ölkənin reytinqinə baxmaq
lazımdı. Təklif üçün hələ tezdi. Bu barədə düşünsəm, özümdən çox
razı olmuş olaram. Bunun üçün çox təcrübə toplamaq lazımdı.
- Yenidən "Viktoriya" ilə düşmək istərdiniz?
- İnsan düşmənlə qarşılaşmağı heç vaxt istəmir. Onlarla bir
qrupa düşsək, yenə qisasla bağlı suallar olacaq. Kim düşsə, yenə o
istəklə oynayacağıq.
- "Qəbələ"nin oyununda fasilədi. Onların paltardəyişmə
otağına getsəniz, nə məsləhət verərsiniz?
- Mənim orda nə işim var. Onların çox yaxşı, istəkli baş
məşqçisi var. İşini bilən adamdı. O, hər şeyi yoluna qoya bilir.
Onlara inanıram. İnşallah, 90 dəqiqədən sonra təbrik edərik.
- Əl Hərbi Əl Jadeyui Avroliqada iştirak etmir. Onun gedişi
gözlənilirmi?
- Əl Hərbi oynayıb. Ötən il də meydana çıxıb. Keçən matçda
iştirak etdi, qol da vurdu. Avroliqada 16 oyunçu yazmalıyıq. Bədavi
zədələndi, Elvini oynatdıq. Sabah başqası da ola bilər. Elə bir
futbolçu yoxdu ki, ondan yararlanmayaq. Hər oyunçu Əl Hərbi kimi
özünü idarə edə bilmir. O, çox intizamlıdı. Hər futbolçuda belə
xarakter olmur.
- Avroliqadakı zəfər, Çempionlar Liqasındakı uğursuzluğu
unutdurdumu?
- Bu gündən danışaq. Keçmişə qayıtmaq istəmirik.
Tarix
2016.08.26 / 01:13
|
Müəllif
Axar.az
|