Ana səhifə Gündəm |
Bu gün Baş prokuror Zakir Qaralov ölkəmizdə keçirilən V
Bakı Beynəlxalq Humanitar Forumla əlaqədar Azərbaycanda səfərdə
olan Bolqarıstanın vitse-prezidenti, Beynəlxalq Antikorrupsiya
Akademiyasının (IACA) İdarəetmə Şurasının sədri xanım Marqarita
Popova ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata
görə, görüşdə Z. Qaralov ölkələrimiz arasında olan və möhkəm
təməllər üzərində qurulmuş siyasi, iqtisadi, elmi və mədəni
əlaqələr istiqamətində qarşılıqlı münasibətlərin yüksələn xətlə
inkişaf etdiyini bildirib.
Görüşdə həmçinin Azərbaycan prezidenti İlham Əliyevin siyasi
iradəsinə uyğun olaraq ölkələrimiz arasında mövcud strateji
əməkdaşlığın ruhuna uyğun olaraq hər iki ölkənin prokurorluq
orqanları arasında səmərəli ikitərəfli əlaqələrin inkişaf
etməsindən doğan məmnunluq ifadə edilib, korrupsiyaya qarşı
mübarizə sahəsində həyata keçirilən qanunvericilik və
institusional, cinayət təqibi və qabaqlayıcı tədbirlər barədə,
habelə Baş İdarənin strukturu və fəaliyyət istiqamətlərinə dair
ətraflı məlumat verilib.
Baş prokuror Z. Qaralov korrupsiyaya qarşı mübarizədə beynəlxalq
əməkdaşlığın əhəmiyyətini, təcrübə mübadiləsinin vacibliyini nəzərə
almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin
qurulmasına və daha da inkişaf etdirilməsinə daim önəm verildiyini
diqqətə çatdırıb.
Baş prokuror ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inkişaf
etdirilməsində, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyasının
(IACA) İdarəetmə Şurasının sədri kimi fəaliyyət göstərdiyi müddət
ərzində ölkəmizə ayırmış olduğu xüsusi diqqət və müsbət töhfələrinə
görə, o cümlədən bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığın
inkişaf etdirilməsində göstərdiyi fəal dəstəyə görə M. Popovaya
minnətdarlığını bildirib.
Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə
edən M. Popova ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə
edilmiş nailiyyətləri yüksək qiymətləndirib, Azərbaycan
nümayəndəsinin Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə
Şurasının üzvlüyünə seçilməsinin önəmini vurğulayıb və bundan sonra
da ölkəmizə fəal dəstək verəcəyini bildirib.
Sonra qonaqlar milli memarlıq üslubunda və müasir standartlar
səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin inzibati binasında müxtəlif səviyyəli
konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş
iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət
orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş
kitabxana, kriminalistika otağı, müasir proqram təminatı ilə təchiz
edilmiş 161 saylı "Qaynar xətt" əlaqə mərkəzi, dövlət orqanlarının
məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi
və əməliyyatların idarə edilməsi mərkəzi və vətəndaşların qəbulu
otağı ilə yaxından tanış olublar.
Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata
keçirilən tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten
və kitabçalar təqdim edilib.
Görüşdə Azərbaycan Milli Məclisinin deputatı və Beynəlxalq
Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasının üzvü Vüsal
Hüseynov da iştirak edib.
Tarix
2016.09.29 / 19:59
|
Müəllif
Axar.az
|