Ana səhifə Reportaj |
Atam ateist deyildi...
Bu gün Rafiq Tağının ölümündən 2 il keçir. 2011-ci il noyabrın 19-da yaşadığın binanın yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanmışdı. Xəstəxanaya yerləşdirildikdən 4 gün sonra xəstəxana palatasında dəqiq məlum olmayan səbəbdən vəfat etdi. İki ildir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılan cinayətin hələ də heç bir nəticəsi yoxdur. Bu cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Qatil və sifarişçilər hələ də azadlıqdadır.
Bu dəfəki "Şair ailəsi" layihəsini Rafiq Tağıya və ailəsinə həsr etmişik. Ədəbiyyatın və insanlığın kisəsindən gedən Rafiq Tağı haqqında həyat yoldaşı Mailə xanım və qızı Qəmər danışdı. Oğlu Asiman işlərilə bağlı söhbətimizə qoşula bilmədi. Söhbəti elə Rafiq mövzusuyla başladıq, daha doğrusu, Rafiqsizlik... Ruhu şad olsun.
Rafiqsizlik...
Rafiq Tağının ailəsi 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayır. 2 otaqlı sadə mənzilləri var. Evləri sadə, təmirsiz, amma eyni zamanda çox xoş auralı, rahat evdir. Bizi qapıda Mailə xanım qarşıladı, "necəsiz?" sualını soruşanda "Rafiq Tağısız necə olacağıq?" dedi... Elə söhbətimiz də belə başladı:
- 2 il Rafiq Tağısız... çətindi, çox çətindi... Bir-iki dostları var ki, gəlib yoxlayır. Adlarını çəkmək istəmirəm, ən çox Vaqif (V.B.Odər – red.) gəlir. Anasını iki ildi "aldadırıq". Xaricdədi, kitabı çıxıb deyirik. 90-a yaxın yaşı var, deyir, gəlsin, ölməmiş mən də görüm, gəlsin, Asimanı evləndirsin...
Mən də Masallıdanam. Anasının məndən xoşu gəlib, göstərib Rafiqə. Çox qız göstəribmiş, məni bəyənib. Moskvadan məzuniyyətə gəlibmiş, anası deyib, ta bu dəfə evləndirəcəm, buraxmayacam. Məni gördü, bəyəndi, alıb apardı, getdik Moskvaya. Çoxdan yaşayırdı orda. 89-un axırları avqustun 1-2-si Moskvada olduq.
Toyumuz olmayıb
Rafiq toy eləməyi xoşlamırdı, həm də tələsirdi. Bura məzuniyyət götürüb qardaşı Rafaelin toyuna gəlmişdi. Orda məni gördü, bəyəndi, alıb apardı. Toyumuz olmayıb bizim. Qardaşının toyuna qalmadı, qız toyunda oldu, oğlan toyu olmamış çıxıb getdik.
Moskvada evi var idi, mən qala bilmədim orda, bir neçə ay sonra çıxıb gəldik. Mən 1990-cı ilin 20 yanvar günü gəlmişəm. O qanlı-qadalı, dəhşətli gündə gəldim Bakıya. 6 ay sonra da qardaşı bu evi tapdı, ordakı evlə dəyişdik, ondan sonra da Rafiq gəldi. Orda da həkim kimi xəstəxanalarda işləyirdi. Əvvəldən bu evdə yaşamışıq. Rafiq bura gələndən bir neçə ay sonra burda da həkim kimi işləməyə başladı.
Rafiq bütün yeməkləri sevirdi, daşdan yumşaq nə versən, yeyərdi. Amma ən xoşladığı yemək plov (aş) idi. Mürəbbələri çox sevirdi, hamısını, elə arıq olmağına baxmağın, yeyimcil idi.
Qısqanclıqları vardı
Siqaret çəkməzdi, araq da ki, dilinə vurmurdu. Ümumiyyətlə, ailələri belədi, içib-çəkən deyillər, qardaşlığa çox mehribandılar. Mən belə mehriban qardaşlar görməmişəm.
Başqa qadınlarla – dostları, həmkarlarıyla danışıb-gülsə də, qısqanclıqları vardı, ailədə bir az başqaydı. Hər yerə aparmazdı məni, hara getsək də, özüylə aparıb, özüylə gətirərdi... Kinoya, teatra çox gedərdik. Moskvada da aparardı, burda da.
Evinin dirəkləri də qızıldan olardı
Rafiq Tağı ömrü boyu yazılarının pulunu almamışdı, axırıncı 3 yazısından başqa,- səhv eləmirəmsə. Bütün yazılarının qonorarını alsaydı, evinin dirəkləri də qızıldan olardı. Niyə almırsan, deyəndə də, mən pula görə yazmıram ki, deyərdi. Qəribə adam idi, rəhmətlik.
Çox ürəyiaçıq idi, heç kimi boş qaytarmazdı. Amma evə dostlarını-filan çox dəvət eləməzdi. Dostları gələndə də mən yemək hazırlayıb mətbəxdən verərdim, özüm gəlib oturmazdım heç vaxt. Sevmirdi belə şeyləri.
Kədərli mahnılar dinləyərdi həmişə, dinləyəndə də gözü dolardı.
Qərəzli yazılarını oxumurdum
Vaxtım olanda yazılarını oxuyurdum, maraqlı olanları, hekayələrini daha çox oxuyurdum. Rafiqin hirsli yazılarını, qərəzli hesab elədiyim yazılarını oxumurdum, qəti oxumurdum. Dalaşırdım ki, niyə belə yazmısan? Dediyindən dönmürdü heç vaxt. Amma sonralar hər şeyi yazmırdı, soruşurdu ki, bunu yazım, ya yazmayım, çıxarırdı sərt yerlərini, məsləhətləşib yazırdı.
Elçibəy haqqında yazıya görə hədələnmişdi
O vaxt həbs olunmamışdan əvvəl də hədələr olurdu. Elçibəy haqqında yazı yazmışdı bir dəfə, ona görə hədələyirdilər. Amma danışan adam deyildi, zəng-filan gəlirdi, amma heç vaxt demirdi bizə. 3 il vermişdilər o vaxt, 1 il 1 ay çəkib çıxdı.
Rafiqin yadigarları...
Asiman 1991-ci ildə anadan olub, Qəmər 1996-da. Rafiq nənəsinin adını qoyub Qəmərə. Qəmər BDU-da oxuyur, 1-ci kurs tələbəsidir. Asiman "Qərb Universiteti"ni bitirib.
Bacılarım, Rafiqin qardaşları, dostları kömək edirlər dolanışığımıza, başqa gəlir yerimiz yoxdu. Dövlətdən-filan yardım görməmişik. Vaqif müəllim Qəmərin Universitetə hazırlaşmağına çox köməklik edib, çox sağ olsun.
Qəmər danışır - xatirələr...
- Məktəbdə tanıyırdılar atamı. Müəllimlərim də oxuyurdular yazılarını.
Universitetdə də bildilər Rafiq Tağının qızıyam, hamısının atama hörməti var. Bir dəfə sevimli yazıçılarımız haqqında prezentasiya hazırlamışdıq. Mən təqdimatım da öz atam haqqındaydı.
Atamın yazdıqlarının demək olar ki, yarısını oxumuşam. İki cildlik "Şahzadə Dipendranın məhəbbəti" kitabını, hekayələrini oxumuşam. Oxuyub, deyirdim ki, niyə belə yazmısan? Deyirdi, mən həyatda olanları, gördüklərimi yazmışam.
Birinci atamın yanına qaçırdım
Bizim kimi ata-bala yox idi. Mən xəstələnəndə deyirdi, qızım mən xəstələnim, sən xəstələnmə. Atama hər şeyi danışırdım, ürəyim sıxılanda, ya nəsə darıxanda birinci atamın yanına qaçırdım. Arada soruşurdu ki, məni niyə bu qədər çox istəyirsən? Deyirdim, nə bilim, bütün qızlar atasına bağlı olur da, mən də elə...
Deyirdi, dəyən olmasa, 90-93 il yaşayacam. Heç bir xəstəliyim filan yoxdu. Zarafatla deyərdi ki, var-dövlətli adamlar mənim qədər rahat yatmırlar, mən başımı atıb yatıram, bir də səhər dururam. Onlar narahat olurlar ki, gəlib var-dövlətlərini aparacaqlar, mənim pulum yox, qiymətli bir şeyim yox, özümü aparmayacaqlar ki...
Bütün yazılarımın içində qızım var
İşdən gələndən sonra bütün günü bir yerdə olurduq. Arada ilham gəlirdi, gedib kompüteri açıb otururdu yazmağa. Mən də gedib "mane" olurdum, şuluqluq edirdim. Deyirdi, bütün yazılarımın içində qızım var. Hər hekayəmin içində sən varsan. Əslində, istəmirdim sərt yazılar yazsın, çay aparırdım, başını qarışdırırdım, "papa yazma" deyirdim. Asiman da deyirdi, elə sərt şeylər yazma.
Atam ateist deyildi
Çox adam deyir ateist idi, bu haqda heç söhbət gedə bilməz. Bütün günü atamla ailəsi, biz olmuşuq. Atam təkcə Allaha inanırdı. Elə mən də Allahdan başqa heç nəyə inanmıram.
Mailə xanım...
- Qəməri çox istəyirdi. Evə gələn kimi qucaqlayırdı, öpürdü, əzizləyirdi. Amma vurulmamışdan bir az qabaq, işdən gəlib otağına keçdi, fikirliydi elə bil. Həmişə olduğu kimi də Qəmər qaçdı yanına. İşə, ya uzağa gedəndə tez-tez zəng vurub ancaq Qəməri soruşurdu: Qəmər dərsdən gəldi, Qəmər yeməyini yedi, Qəmər nə bilim nə... Bu dəfə həmişə olduğu kimi yanaşmadı: "Qəmər, çıx çölə, bir azdan gələrsən",- dedi. Nəsə, zəng-filan eləmişdilər bəlkə, bilmirəm. Qapını örtüb tək qaldı otaqda.
Vurulub gələndə də Qəmərə bildirməmişdi. Həmişə işdən gec gələndə, zəng vurub deyirdi ki, narahat olmayın, bir az gec gələcəm. O gün işdən də tez gəlirmiş, evə çatanda 10-a qalırdı, təxminən 10 dəqiqə... Marşrutdan düşəndən sonra evəcən təxminən 200-300 metrlik yol var. Rafiq deyirdi, "marşrutdan düşəndən sonra bir az gəldim, sonra hiss elədim ki, kimsə qaça-qaça gəlir arxamca, fısıltı səsi gəlirdi. Fikirləşdim, yəqin pul-filan oğurlayacaq, çantamı boş tutmuşdum əlimdə, bərk sıxdım. Birdən fısıltı səsi kəsildi, onda gördüm arxadan dəfələrlə bıçaqla vurdu".
Yaxşı ki, götürübmüş
Çantasında bir kitab vardı, gənc yazarın idi, vermişdi ki, oxuyub rəy bildirsin. Onu götürüb yolda, işdə oxuyurdu. Deyirdim, niyə götürürsən, yorulursan, qoy evə. Deyirdi, yox oxuyuram. Yaxşı ki də götürübmüş. Sonra qatil önünə keçəndə əlbəyaxa olublar. Ürəyinə vurmaq istəyəndə portfeli qabağa verib, bıçaq kitaba dəyib, ürəyinə çatmamışdı. Evdə baxdım, portfel cırılmışdı, kitabın da üz qabığı.
İndi o kitab da portfel də polisdədi. Özü də çox yerdən vurmuşdular rəhmətliyi. Polislər deyirdi 8 bıçaq vurublar, amma paltosunda çox bıçaq yeri var idi, bəlkə də çoxu keçməmişdi.
O qədər bıçaq zərbəsindən sonra evə gələ bilməsi möcüzə idi, qonşular da belə deyirdi. Qəmərə görəmi gəlmişdi, mələklər gətirmişdi, ya necə, ordan bura piyada gəlməsi möcüzə idi. Həmin gün lift də işləmirdi, 5-ci mərtəbəyə nərdivanla çıxmışdı.
Necə gül kimi getmişdisə, elə də gül kimi gəlmişdi
Sonra müstəntiqlərlə ora baxmağa getdik, nə yerdə, nə də nərdivanlanlarda bir damcı qan yox idi. Heç paltarlarında da qan yox idi, necə gül kimi getmişdisə, elə də gül kimi gəlmişdi. Bütün qan içəridə qalmışdı, rəhmətlik üşüyən idi, qalın geyinmişdi, üstündən də qara qalın palto geyinmişdi. Evə girən kimi "məni vurublar" dedi. İnanmadım, dedim, zarafat eləyirsən. Ağ köynək geymişdi, üstündə toz-torpaq yox, bir qram qan yox idi, dalaşanda yerə-filan yıxılar da adam. Zarafatcıl adam idi, dedim, zarafat eləyirsən. Dedi, yox vallah. Onda inandım. Qəmərə dedi ki, keç o biri otağa, özü hamam tərəfə getdi. Sonra mən yaxasını açıb qanı gördüm, dəli oldum.
Sonra özüm hamama girəndə, balaca güzgü var hamamda, onda qan ləkəsi görmüşdüm, ora keçəndə yəqin götürüb baxıbmış yarasına güzgüdə.
Təcili yardıma özü zəng vurub çağırmışdı
Elə danışırdı, elə hərəkət eləyirdi, elə bil vurulmayıb bu adam. Özü təcili yardıma zəng vurub çağırdı, iş yoldaşıyla danışdı, sonra qardaşı İlqar gəldi, onunla bir xeyli danışdı. Birinci Qəmərə dedim ki, İlqara zəng vurub desin Rafiqi bıçaqlayıblar, tez gəlsin. Elmlərdən bura 15 dəqiqəyə güllə kimi gəlmişdi. İlqar yaralarını görən kimi, dedi, Rafiq sevinirəm ki, ürəyinə dəyməyib. Rafiq elə öz iş yoldaşlarına - həkim dostlarına zəng vurmuşdu, onlar gəlib apardı. Dalağı çox zədələnmişdi, ona görə çıxarmışdılar dalağını, bircə orası ağrıyırdı, bircə ora toxunanda yavaş ol, ağrıyır, deyirdi.
Həkimlər də günahkardı
Rafiqin ölümündə qatil qədər həkimlər də günahkardı. O cür ağır xəstəni reanimasiyadan bir gün sonra çıxarmazlar. Bir gün yarımdan sonra çıxardılar. Bir gün saxlayıb, işlərin görürmüşlər orda. O vaxt həkimin biri (adını unutmuşam) verilişdə çıxıb demişdi ki, yoldaşı küftə-bozbaş verib, ondan olub. Hamısı yalandı, axırıncı gün qardaşı zəng vurdu ki, bulyon gətir, həkim icazə verdi. Mən də gəldim bişirdim, sonra zəng gəldi ki, tez xəstəxanaya gəlin. Yanında Asiman qalırdı, məni qoymurdu ki, Qəmər tək qalmasın evdə. Asiman da təzə gəlmişdi, ordan Rafiq göndərib ki, neçə gündü burdasan, get dincəl bir az. O da təzə gəlmişdi ki, zəng gəldi, getdik xəstəxanaya. Biz gedəndə artıq keçinmişdi. O yeməyi də gəlib evdə çölə tökdüm, heç kim yemədi.
Bu dəfə otaqdan hazır şəkildə gətiriblər iynəni
Baldızımın oğluyla İlqar ordaydı həmin gün. Baldızımın oğlu deyir ki, həmişə dayımın yanında vururdular iynəni, özü baxırdı, filan şeydən filan qədər vurun deyirdi. Bu dəfə otaqdan hazır şəkildə gətiriblər iynəni, özü də o tibb bacısını görməmişdik biz, hamısını tanıyırdıq, onu birinci dəfə görürdük. Dərmanın rəngi sap-sarı idi, elə onda şübhələndik, amma heç nə etmədik. Bir az sonra pisləşib ölüb... Planlı şəkildə həyata keçiriblər hamısını.
Bu cinayətin dinlə heç bir əlaqəsi yoxdur
Bir neçə gün əvvəl polisə çağırmışdılar, amma getmədim. Dedim nə vaxt taparsız qatili, onda gələrəm. İki ildi çağırıb izahat alırlar məndən, ortada heç nə yoxdu. Özü də mən inanmıram, bu cinayətin dinlə heç bir əlaqəsi yoxdur. Kimlərinsə əli var burda, hissiyyatım belə deyir. Burdakı kameraların da hamısını yığıb apardılar, sildilər içini, məhv elədilər, Allah bilir...
Orda dəllək vardı, Rafiq həmişə ona vurdururdu saçını, deyirdi, kasıb adamdı, qoy çörək pulu olsun. Hər gün orda olardı, həmin gün o da olmayıb yerində. Hamısı əvvəlcədən qurulurmuş, neçə gün imiş təşkil edilirmiş.
"Məni vuran 30-35 yaşında, hündür, dolu adam idi"
Rafiq deyirdi, "Cumub arxadan vurdu, üzünü tam görmədim. Məni vuran, təxminən, 30-35 yaşında, hündür, dolu adam idi. Maska geyməmişdi, şərflə bağlamışdı üzünü. Mən ondan qorxmaqdansa o qorxurdu, tövşüyürdü, vurduqca həyəcanlanırdı, danışmırdı". Vurub qaçandan sonra maşın səsi gəlib, demək, tək deyillərmiş, gözləyən varmış onu. Qaçıb maşının qapısı vurulub, sürüb gediblər. Yəni, orda bu boyda həngamənin düşdüyü bir kamera olmayıb?! Qorxurlar, üstünü açmağa qorxurlar...
Mən ancaq qatilin kim olduğunu bilmək istəyirəm, kim vurub onu, kimdi bizim düşmənimiz? Kimsə təşkil elətdirib bu hadisəni? Nə pulunu götürmüşdülər, nə telefonunu. Çantasında nə vardısa hamısı ordaydı.
Rafiq Tağının Moskvadakı qızı...
Rafiqin ordakı ailəsiylə heç bir əlaqəmiz yoxdu. Bir qızı var, qızın anası ölüb. Qaynımgil əvvəllər gedəndə uşağa hədiyyə-filan alırdılar. Qadın pis qadın idi, xasiyyəti pis idi, uşağı da əmilərinə qarşı öyrədirdi. Sonra Rafiq qardaşına da qadağa qoydu onları yoluxmağı. 28-29 yaşı olar qızının, ailə qurmayıb hələ. Heç bir əlaqəmiz yoxdu, amma hər halda Rafiqin ölümünü bilər.
Tarix
2013.11.23 / 15:16
|
Müəllif
Nilüfər Muğantürk
|