Yuxarı

Kirayə bazarında tufanqabağı sakitlikdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionlardan Bakıya əhali axınının sürətlənməsi kirayə ev verən və bu işdə vasitəçi olan maklerlər üçün əhəmiyyətli işə çevrilib. Heç bir iş-güc sahibi olmayan, lakin həyətində bir neçə kiçik otaq tikərək onların kirayə pulu ilə dolanan insanların sayı az deyil. Bu otaqların isə kirayə ev axtaranlara verilməsi işini təşkil edən, bu işdən bəlkə də kirayə ev verənlərdən daha artıq pul qazanan maklerlərin də sayı təxminən bir o qədərdir.

Hazırda insanların isti havalarla bağlı şəhərdən bir qədər kənarlaşması, həmçinin dərs ilinin başlamasına bir qədər qaldığından tələbələrin də rayonlarda olmasını nəzərə alaraq Axar.az olaraq kirayə bazarındakı vəziyyəti öyrənmək qərarına gəldik.

İlk olaraq metronun "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarının çıxışında yerləşən bir neçə "Ev alğı-satqısı və kirayəsi" ofisinə baş çəkdik. Əsasən metroya yaxın ərazilərdə kirayə evlərin olduğunu deyən Mahmud adlı makler qiymətlərin bahalığını, tələbələrin hələ ki tətildə olması ilə bağlı isə müştərilərinin az olduğunu bildirdi:

"Bizim işimiz əsasən sentyabrda başlayır və bir–iki ay hər şey əla olur. Sonradan isə kirayəçi tapmaq işi bir qədər zəifləsə də, yaydakı qədər çətinliyimiz olmur. İndi güc-bəla ilə bir-iki müştəri tapırıq, isti havada o qədər evlərə baxırıq, çox vaxt görürsən ki, o da evi bəyənmir, bizə də istidən yanmaq qalır".

Bu işdən nə qədər qazanc götürdüyünü soruşduqda, Mahmud dayı bildirdi ki, müştəri yaxşı olanda pis qazanmırlar. Ev alanla satan məbləğin iki faizi, kirayə verənlə kirayənişin isə 30 faiz məbləğində pul ödəyir. Kirayə evlərin qiyməti isə 150-500 manat arasında dəyişir.

Baş çəkdiyim digər iki ofisdə də təxminən eyni mənzərə və fikirlərə rast gəldim. Bu ofislərdə olduğum 1 saata yaxın müddətdə heç bir müştərinin ev üçün müraciət etdiyini görmədim.

Daha sonra "Neftçilər" metro-stansiyasının yaxınlığındakı parkın "Ev bazarı" adlanan hissəsinə baş çəkdik. Burada insanların sayı nisbətən çox idi, amma bunların da əksəriyyətini maklerlər təşkil edirdi. "Bazar"a kənar şəxs gəldiyini hiss edən kimi bizi dövrəyə alıb, məqsədimizi soruşmadan kirayə və satış üçün evlər təklif etməyə başladılar. Şəhərin müxtəlif yerlərindən müxtəlif qiymətə evləri sadalayan maklerlərdən birini kənara çəkib gəlişimizin məqsədini dedikdən sonra o, həvəssiz də olsa suallarımızı cavablandırmağa razı oldu. Digərlərinə nisbətən bir qədər gənc olan Sahib adlı makler bu işlə məşğul olmağa iki il öncə başladığını bildirdi. Qazancından razılıq edən Sahib hazırki vəziyyətə də aydınlıq gətirdi: "Elə insanlar var ki, gəlib bizə ev yazdırır, amma sentyabrda kirayə verməyimizi istəyirlər. Otaqlar kiçik olsa da, tələbələr 2-3 nəfər qala bilirlər. Bu da həm ev sahibinə, həm də tələbələrə sərf eləyir. Nəyi var ki, tələbənin - bir iki kitab-dəftəri, bir də pal-paltarı. Adambaşı 50-70 manat pul ödəyib özlərinə bir sığınacaq düzəldirlər".

Sahib deyir ki, həyət evləri ilə müqayisədə bina evləri həmişə baha olur və burda mövsümdən asılı olmayaraq qiymətlərin düşməsi baş vermir. İki otaqlı, orta təmirli bina evlərinin kirayə haqqı 300-350 manat arasında dəyişir. Amma hələ ki bu evlərə də müştəri tapmağın çətin olduğunu bildirən gənc makler ümidini insanların istirahətdən qayıtmasına bağladığını deyir.

Bu zaman diqqətimizi skamyada tək oturmuş yaşlı qadın cəlb edir. Yaxınlaşanda əlindəki "1 otaqlı, 2 otaqlı kirayə ev" yazılmış kağız olduğunu görürəm. Adının Səlimə olduğunu deyən yaşlı qadın həyətində kirayə üçün iki dənə bir otaqlı, bir dənə isə iki otaqlı ev olduğunu deyir. Səlimə xala onu da bildirir ki, ailənin yeganə qazanc yeri elə bu evlərdir:

"Oğlum xəstədir, işləyə bilmir, nəvələrim də hələ oxuyurlar. Ona görə də bu evləri kirayə verib başımızı dolandırırıq. Evlərin ikisi boşalıb, on beş gün olar ki, gəlirəm bura, adam tapa bilmirəm. Maklerlər deyir ki, qoy biz müştəri tapaq, mən də razı olmuram. Onlara verdiyimi də bir dərdimə-sərimə verərəm də".

Elxan adlı makler isə əlində bir neçə hazır ev olduğunu, həmin evlərə artıq müştəri tapdığını da deyir: "Mən tələbələrə kirayə ev verəndə onların telefon nömrələrini həmişə qeyd edirəm. Heç onlara ev lazım olmayanda da zəng vurub hal-əhval tuturam, evlə bağlı nə isə problem olarsa, mənə bildirmələrini istəyirəm. Yay tətili zamanı da yenidən onlarla əlaqə saxlayıb uyğun evlərin olduğunu deyirəm, beləcə, həm mənim işim rahat olur, həm də onların. Bu "klient"dir də, qardaş, gərək bununla işləyə biləsən. Kənardan baxanlar elə bilir ki, biz asanlıqla pul qazanırıq. Amma vallah, belə deyil, çox çətin işdir, amma yaxşı işləsən, yaxşı qazanacaqsan".

Beləcə, bir qədər də bu mənzərəni kənardan müşahidə edirik. Sanki hamının canında yorğunluq, gözlərində həsrət var. Yanımızdan keçən maklerlərdən birinin o birinə verdiyi ümid dolu təskinliyi isə onları kənardan eşidən maklerlər də başlarını tərpətməklə təsdiq etdilər: - Çətini sentyabra qədərdir.

Tarix
2014.07.30 / 22:37
Müəllif
Elnur Məmmədov
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla