Yuxarı

Nuru Paşa Bakıda Çanaqqala qəhrəmanını niyə asdırdı? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 sentyabr tarixi azərbaycanlıların həyatında dönüş yaratmış bir tarixdir. Qafqaz İslam Ordusunun Bakını daşnaklardan təmizləyərək Azərbaycana qaytarmasından 96 il ötür.

Axar.az həmin tarixi Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə ilə birgə vərəqləyib. Söhbət zamanı professor indiyədək oxuculara məlum olmayan bir sıra faktları açıqlayıb. Onlardan biri diqqətimizi xüsusilə cəlb edib.

Ədalət müəllim Qafqaz İslam Ordusunun Bakını azad etməsindən sonrakı ilk günlərdə şəhərdəki durumla bağlı ermənilərin qaldırdığı hay-küyə toxunaraq maraqlı məqamlara işıq salıb:

"1921-ci ildə İstanbulda erməni terrorçusu Torlakyanın şəhid etdiyi Behbud ağa Cavanşirin qətli ilə bağlı məhkəmə keçirilərkən həmin məhkəmədə "azəri tələbə Səməndər bəy" şahidlik edib. O, ermənilərin Bakıda törətdikləri vəhşiliyi ifşa edib və Nuru Paşa qoşununun şəhərdə nizam-intizam yaratdığını sübut-dəlillərlə təsdiqləyib".

Qeyd edək ki, məhkəmənin materialları Türkiyədə ayrıca kitab şəklində nəşr olunub və həmin kitabı professor Vilayət Quliyev Azərbaycan türkcəsinə uyğunlaşdıraraq 2008-ci ildə Bakıda "Behbud xan Cavanşirin məhkəmə prosesi" adı altında nəşr etdirib. Ancaq istər Türkiyə, istərsə də Bakı nəşrlərində şahid tələbə Səməndərin kimliyi naməlum qalıb.

Bəs Səməndər əslində kimdir?

Ə.Tahirzadə müəyyənləşdirib ki, o, Azərbaycan Cümhuriyyəti hökumətinin 1920-ci ildə xaricə oxumağa göndərdiyi 100 tələbədən biri olan Səməndər Axundzadədir. Səməndərin atası Axund Zəki Hacızadə uzun illər Qubanın qazisi işləyib və çox mütərəqqi ruhanilərdən biri olub; məsələn, qız məktəbinin açılmasında Hacı Zeynalabdin Tağıyevə dəstək verib.

"Səməndər Axundzadə Almaniyada – Frayberq şəhərində Dağ-Mədən Akademiyasında oxuyaraq oranı bitirib. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra uzun müddət xaricdə oxuyan tələbələrimiz təqaüd ala bilməyib və olduqca ağır həyat keçiriblər. Almaniyada oxuyanlar 1921-ci ilin mayında Səməndəri başqa bir tələbə ilə birlikdə Bakıya nümayəndə kimi göndəriblər. Onlar Azərbaycana gələrək hökumət başçılarına vəziyyəti izah ediblər. Hökumət Bəhram bəy Axundovu xaricdə oxuyan bütün tələbələrin vəziyyəti ilə tanış olmaq üçün müvəkkil təyin edərək Avropaya göndərib və ona müəyyən miqdarda valyuta malları (xalça, kürü və s.) ayırıb ki, sataraq pullarını tələbələrə versin. Səməndər Axundzadə və tələbə yoldaşı da Bəhram bəy Axundovla birgə Avropaya geri dönüb. Onlar Batuma, oradan İstanbula gəliblər".

Könüllü şahid erməniləri susdurdu

İstanbulda iki ay yarım ləngiməli olublar. Burada öyrəniblər ki, Behbud xan Cavanşir şəhid edilib və indi bununla bağlı məhkəmə prosesi keçirilir. Həmin məhkəmədə ittiham şahidlərinin üçüncüsü "azəri tələbə Səməndər bəy"dir. O, könüllü şəkildə ifadə verməyə gedib və məhkəmədə cəsarətli, ağıllı və məntiqli çıxışlarıyla erməni tərəfini susdura bilib, onları çətin duruma salıb.

Vilayət Quliyevin nəşr etdiyi kitabdan aşağıdakıları oxuyuruq:

Səməndər Axundzadə prokurorun suallarına cavabda deyir: "Adım Səməndərdir. Azərbaycan türklərindənəm. 1918-ci ilin mart ayında Bakıda idim. Təqribən 3-4 ay Bakıda qaldıqdan sonra İstanbula gəlmək məqsədilə oranı tərk etdim. Hazırda Sirkəçidə, Rəşidiyyə otelində qalıram".

1918-ci ilin martında Bakıda ermənilərin müsəlmanları qırdıqlarını öz gözləri ilə gördüyünü söyləyən S.Axundzadə 1918-ci ilin sentyabrında Türkiyə qoşunları Bakıya girməzdən öncə şəhərin təslim edilməsi üçün əhali arasında 2 dəfə elan yaydığını bildirir və o zaman şəhər üzərində nəzarətin ermənilərin, Daşnaksütun partiyasının əlində olduğunu deyir. O, türklər gələndən sonra şəhərdə qayda-qanun yaradıldığını və əhalidən silahların yığıldığını söyləyir:

"Mən də əhalidən əllərdə olan silahları toplayanların arasında olduğumdan, xalqın bütün silahları təhvil verdiklərini gördüm".

Canaqqaladakı əsgər niyə edam edildi?

S.Axundzadə söyləyir ki, Nuru Paşanın təyin etdiyi şəhərin yeni polis baş müdiri Bəhaəddin bəy erməni mənzilinə girmək istəyən üç müsəlmanı, talançılıq edən əsgəri yerindəcə güllələyib, başqa bir soyğuncu əsgəri teleqraf dirəyindən asdırıb və üstündə də ermənicə və rusca bu sözləri yazdırıb:

"Bu əsgər Çanaqqalada savaşdı. Millətin təhlükəsizliyini təmin etdi. Qalitsiyaya getdi. Oradan da şərəflə döndü. İndi edam olundu, çünki bir erməni evindən bir dəst camaşır götürmüşdü".

Şahid Səməndər Axundzadənin bu dediklərinin məhkəmə üçün böyük əhəmiyyəti vardı, çünki ermənilər 1918-ci ilin sentyabrında türklər gələrkən Bakıda ermənilərin kütləvi şəkildə qırılması haqqında hay-küy qaldırmışdılar, S.Axundzadənin ifadələri isə bunun əksini göstərir, türklərin necə qayda-qanun yaratdığını sübut edirdi.

"Sizin haqqınız yoxdur"

Erməni vəkillə onun arasında bu cür sorğu-sual gedir:

– Məşğuliyyətiniz?

- Tələbəyəm.

- Hansı ixtisas üzrə təhsil alırsınız?

- Dağ-Mədən Akademiyasında oxuyuram.

- Mədən nə deməkdir?

- Mədənin nə demək olduğunu bilirəm.

- Mən də sizi imtahan etmək istəyirəm.

- Sizin məni imtahan etməyə haqqınız yoxdur.

- …Maraqlıdır, hələ də 1918-ci ilin martında ermənilərin müsəlman qırğını törətməsi məsələsində israr edirsiniz?

- Bəli, israr edirəm. 1918-ci ilin martında ermənilər müsəlmanları qətlə yetirdilər".

Bundan sonra S.Axundzadə ermənilərin xəyanətləri haqqında danışır, onların Müsəlman Milli Şurasının sədri Əlimərdan bəy Topçubaşovla görüşərək müsəlmanlarla bolşeviklər döyüşəcəyi halda ermənilərin bitərəf qalacağını bəyan etdiklərini, ancaq az keçməmiş bolşeviklərlə birgə müsəlmanları qırdıqlarını bildirir.

Tələbə erməni vəkili susdurdu

Erməni tərəf Behbud xanın qatili Torlakyana haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxır. Onunla S.Axundzadə arasındakı söhbətin bu hissəsi də maraq doğurur:

Erməni vəkil:

- …Halbuki burada ittiham olunan şəxsin (Torlakyanın) bütün ailəsini sizin adamlarınız məhv etmişlər. Lakin siz ifadənizdə həmin hərəkəti artıq həyatda olmayan adamların adı ilə bağlamağa çalışdınız.

- Mən bura gəldim. Atam da, anam da sağdırlar, yaşayırlar. Lakin siz bir dəfə Bakıya gedib hər şeyi öz gözünüzlə görün. Orada elə bir ev, elə bir yuva tapmayacaqsınız ki, yandırılmamış, uçurulmamış, yaxud ailə üzvlərindən birini itirməmiş olsun".

Axundzadəni anası həbsdən xilas etdi

Ədalət Tahirzadə "azəri şahid"in bir fotoşəklini bizə bağışladı və bildirdi ki, Səməndər Axundzadə təhsilini bitirib Azərbaycana qayıtdıqdan sonra bütün həyatını maarifə həsr edib:

"Onu 1933-cü ildə ÇK həbs edib, ancaq Qubada böyük nüfuzu olan anası Seyid Məsumə xanım Bakıya gələrək birbaşa Mircəfər Bağırovun yanına girib və oğlunu da, onunla birgə həbs edilənləri də buraxdırıb".

Səməndər Axundzadənin övladları da atalarına layiq şərəfli insanlar olub. Məsələn, ikinci oğlu Sənan Axundov Bakı Kondisioner Zavodunun ilk baş direktoru, 1982-1987-ci illərdə yerli sənaye naziri, 1987-1990-cı illərdə Moskvada Azərbaycanın səlahiyyətli nümayəndəsi, sonra isə Dövlət Standartlaşdırma Komitəsinin sədri vəzifəsində çalışıb.

Tarix
2014.09.15 / 10:57
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla