Yuxarı

55 kitabı nəşr olunan şairə “Qəfil qonaq”da

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəfil qonaq" layihəsində

Çoxdandır qəfil qonaq olaraq kimsənin qapışın döymürdüm. Şair, tədqiqatçı alim, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləmanın əl qabiliyyətini, qonaqpərvərliyini sınamaq istədim. Yaşadığı evin yerini təxmini bilirdim. "Şamaxinka"dan Xırdalan istiqamətində aşağı enəndə yolun sol kənarında ağaclığın içində olmalı idi. Yenicə təmirə başladılan yolla aşağı düşürəm. Qarşıma çıxan ilk qadından Fəridə xanımın evini soruşuram.

İşim çoxdur

– Düz gəlibsiz , qonşumdur, - deyir və iki ev sonranı göstərir. Nişan verilən həyətin alaqapısını döyürəm. Gənc bir xanım qapını açır, evin sahibəsini xəbər alıram. "Evdədir", - deyir və geri dönür. Həyətə keçirəm. Səliqə-sahman göz oxşayır. Fəridə xanım pilləkəndə görünür. Gözləmədiyi qonaqla üz-üzədir.

- Qonaq gəlmişəm.

Anidən ayılır, sanki:

- Xoş gəlibsən, buyur, keç içəri.

Dəhlizdən bir başa qonaq otağına dəvət edir. İş otağında kompüterin işlək olduğunu hiss edirəm. Təklifimlə elə həmin otağa keçirik.

- Deyəsən boş vaxtınız yoxdur, iş-güc necədir?

- Doğrusu, işim lap çoxdur. Bir antologiya üzərində gərgin işləyirəm. "Azərbaycan - Qdlar Yurdu" adlanır. Sənin də Azərbaycanla bağlı şeirin varsa, göndər.

Stolun üstündə xeyli qəzet-jurnal var. Qeydlər edilmiş vərəqlər, açıq kitablar gözə dəyir.

Yorulmaq, rahat olmaqdır

- Göndərərəm. Amma deyin, bu qədər gərgin iş rejimi sizi yormur ki?

- İşləmək yaşamaqdır, istədiyin ümidlərə qovuşmaqdır. Yorulmaq isə mənim üçün rahat olmaqdır.

- Yəni elə deyirsiz ki, guya heç vaxt əlinizin arxası ilə alnınızın yazısını silirmiş kimi yorğunluğunuzu qovmaq istəməmisiz.

- Təbii, bəzən bir udum hava yetir yorğunluğu qovmağa. Enerjimi gözəl işlərə sərf edəndə yorğunluq barədə fikrləşmirəm.

Artıq diktofon danışıqlarımızı yaddaşına köçürməkdədir. Fəridə xanım çay tədarükü görür. Evdəki gənc qız bu işdə ona yardıçmı olir. Öyrənirəm ki, şairənin bacısı qızı, gənc şairə Pərvanə Nizaməddindir, qonaq gəlib.

- Qonaq qonağı sevməz, ev yiyəsi hər ikisini, - deyib zarafat edirəm.

- Nə danışırsan, hər ikiniz doğmamsız.

Baxışlar "qıyğacı" ola bilər

Bayaqkı mövzuya qayıdıram:

- Təbii, bayaq dedikləriniz bir yaradıcı xanımın fikirləri idi. Bəs, evin sahibəsi, ailə qadını, ana olaraq heç evin kişisinə "qıyğacı" baxdığınız olmadımı?

- Uşaq vaxtından gördüyümüz bir ailə ənənəsi olub bizdə. Ata-ana münasibətində gördüklərimizi özümüz də ailə olandan sonra etik bir norma kimi qoruyub saxlamağa çalışmışıq. Təbii səfərləri, yolçuluğu çıxmaq şərti ilə. Üstə-üstə düşməyən fikirlər olduqda baxışlar "qıyğacı" ola bilər. Səbir, məsləhət və qısa bir zaman kəsiyi bunları yerinə qoyur. Görünür, bu da mənim həyata və ətrafa nikbin baxış tərzimdən ibarətdir. Hər halda kişilər evdə birinci qüvvədir. Sözü çevirmədən dinləmək və düşünmək olanları yerbəyer edir, - deyir Fəridə xanım və şirin təbəssümlə fikrini "nöqtələyir".

Stolun üstündəki əlyazmalarına işarə edirəm:

Yazmaq ruhun boşalmasıdır

- Baxın, bu qədər yazırsız, şeir kitabları, araşdırmalar, tədqiqat əsərləri, "zarisovkalar" və sair. Niyə yazdız?

- Yox, Faiq. Sən ruh adamısan, yazmamaq olmur, bilirsən. Bu bir gerçəklikdir. Bulud dolanda ağladığı, kirpiklərini sıxdığı kimi, gecə-gündüz vaxtı gələndə öz yerini tutduğu kimi, ruhun boşalmasıdır yazmaq.

İyrənirəm bu sözdən

- Niyə axı, bütün bunlar ruhun ehtiyacı kimi yozulur, bəlkə dolanışıq, tanınmaq, şöhrət hissləri də adamı "qələmə sarır"?

- Mən 55 kitab yazdım, elmi dərəcəm var, yüzlərlə ölkə daxili və xarici mükafatlara sahib oldum. Bunlardan dolanışığa heç bir xeyir gəlmədi. Amma gəlsəydi yaxşı olardı. Hamı kimi mən də işlədiyim cüzi maaşa sığınmışam. Bir də elə şöhrətsizləri yüksək səviyyədə şöhrətləndirirlər ki, iyrənirəm bu sözdən. Xalq şairi Mirvarid Dilbazi mən AYB üzv olanda yazdığı zəmanətdə deyirdi: "Fəridə Ləman bundan sonra heç yazmasaydı da, onun "Torpağın yaddaşı" kitabı bütün yaradıcılığı boyu yetərdi".

- O ktabda nələri yazmışdız?

- Bu kitab sənədli bir əsərdir, 1984-cü ildə ermənilərə bağışlanan torpaqlarımız haqqındadır. Amma fikir verən kimdir?! Bu yazdıqlarım mənim vətəndaşlıq yanğılarımdır. Və hər zaman söz üstündə milli təəssüblə yana-yana yazmışam.

Xəyallar aləmindən söhbət açmaq istəmirəm

- Xalq şairi Mirvarid xanımı xatırladız. Heç olubmu ki özünüzü Xalq şairi kimi təsəvvür edəsiz?

- Faiq, yerinə düşən və düşməyən arzular var. Xalqın qələm adamıyam, yetər. Məsələ o deyil ki, mən özümü bu yerə layiq bilirəm, ya yox. Ümumiyyətlə, xəyallar aləmindən söhbət açmaq istəmirəm. Real işləri də bu cəmiyyətdən gözləmirəm. Nəyin necə olduğunu hər kəs gözəl bilir. Mən nüfuzlu qəzet və jurnallarda işləmişəm. Müharibənin ən qaynar vaxtında döyüş bölgələrini qarış-qarış gəzmişəm. Bölgə müxbiri kimi fəaliyyət göstərmişəm. "Cəbhədən-cəbhəyə" döyüş bölgələrindən reportajlar kitabım da çıxıb. Sən işlədiyim "Azərbaycan" qəzetinin 25 illiyində ordaydın. Sabir Rüstəmxanlıya da təqdim etdim o kitabdan. Amma halalları olsun, bir dəfə döyüş bölgəsinin üzünü görməyənlərə "Əməkdar jurnalist" adı veriblər.

- Hə, belə hallar olur. Fəridə xanım, deyəsən xanım olmanız özünü göstərdi. Giley etmənizi deyirəm. Axı xanımlar giley-güzarı sevir, deyirlər.

- Xeyr, bu məişət söhbəti deyil ki…

- Fəridə xanım, paytaxtdan uzağda, Qazxda doğulubsunuz. Arzularınızın ardınca düşdüz. Bu arzular sizi haralardan keçirtdi?

- Yaşadığımız bu dinamik həyat insanın məkan və zaman daxilində təbii ki, yerini dəyişdirir. Bölgədə doğulsam da, böyük axına qoşula bildiyim üçün uca Allahıma təşəkkür edirəm. Yer öz oxu ətrafında fırlandığı kimi, hara getsək də, hara dönəcəyimiz göbəyimiz kəsilən yerədir. Orada bizi gözləyən ruhlar və ana torpaq var.

Bilmirdim ki, evimə gələcəksən

- Danışdıqlarınızdan ən bəxtəvər adam təsiri bağışlayırsız. Elə üzünüzün, gözünüzün ifadəsi də bunu deyir. Amma ola bilməz axı, nədənsə narazı olmayasız. Hansısa gözləntiniz hələ də gözlərinizin kökünü saraltmaya.

- Vallah hər kəs elə mənə bəxtəvərlik verir əslində. Kim necə düşünürsə, təbii ki, o yönümdən deyir. Elə sən də o cür saydın. Çox sağ olun. Hər kəs bəxtəvər olsun. Gileyim hər zaman olduğu kimi haqsızlığadı. Haqq olan yerdə qulun haqsızlığı adamı yamanca sındırır, Faiq. Sən özün azmı haqsızlıqla üzbəüz qalmısan. Mən xalqıma bacardığım xidmətləri etdim və edirəm. Cəmiyyətdə olan nüfuzum, hörmətim yetər. Sizin kimi dostların olması mənim üçün önəmlidir.

***

Sonra bacısı qızının gətirdiyi təzə dəm çaydan süzür. Saçaqlı, bahalı konfetlərlə, meyvələrlə, məzələrlə dolu vazları qarşıma itəlyir. Təşəkkür edirəm, "çayı şirnisiz içirəm" deyirəm. Sonra indi görürmüş kimi, gülümsər çıhrəsinə şirinlik qatır:

- Bilmirdim ki, evimə gələcəksən, bu gün mənlə müsahibə götürəcəksən. Bu bir sürpriz oldu. Müjdələrimiz bir olan Allahdan gəlsin. Sənə də təşəkkür edirəm. Çunki yaxşı insan, yaxşı dostsan.

Amiranəliyi nə özümdə sevirəm, nə də başqasında

- Deyəsən, evdə amiranəliyiniz yetərincədir. Ailə üzvlərinin səsi diktafona düşmür.

- Əvvala, evdəkilər söhbətin getməsindən xəbərdardılar. İkinci də qonağa ehtiram və onu dinləmək yetər. O ki qaldı amiraniliyə. Yox, Faiq, mən çox sadə bir insanam. Amiranəliyi də nə özümdə sevirəm, nə də başqasında.

Fəridə xanımın bu arada ani olaraq mətbəxə keçib geri qayıtması ev sahibinin qonaq qarşısına təkcə sözlə çıxmaq istəməməsindən xəbər verirdi.

Sevgi ocağı Cəlilabadda alışdı

- Fəridə xanım, mənim qəfil gəlişim kimi, qəfil də gedişim olacaq. Siz heç narahat olmayın. Çayı isə belə dadlı dəmləməyə isə qız vaxtı təyinatla Cəlilabadda müəllim işləməyiniz səbəbdir, yəqin.

- Faiq, nə gözəl məqama toxundun. İnstitutu bitirəndə məni orada saxlamaq istəyirdilər. Rəhmətlik dayım, professor Mürsəl Həkimov da o zaman dekan idi. İstəmədim institutda qalmaq. Bilirsən, niyə? Gənclik hər zaman romantika axtarır. Sərhəd aşmaq istəyirdim, sərhəddən o yanda yaşayan insanları görmək istəyirdim. Biz iki rəfiqə - Ema müəllimə və mən Cəlilabadı seçdik. Mən Novoqolovka (indiki adı Uzuntəpə) Ema isə Maşlıq məktəbinə getdik. Rus şöbəsində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işə başladım. Və orada Naxçıvandan təyinatla gəlmiş tarix müəllimi Nurəddin müəllimlə tanış olduq. Bu sevgi ocağı Cəlilabadda alışdı. O sevgidən bir cəlilabadlı kimi sənə verdiyimiz çaya da qatdıq. Nuş olsun!

- Deyirəm axı, məni niyə çox istəyirsiz. Demək, Cəlilabad sizin ana və gələcəkdə nənə olmanız üçün zəmin olub.

- Nə gizlədək, bəli. Allah Azərbaycanımızın hər guşəsini var eləsin.

Sonra da qəfildən ayağa durdu:

- Hava da soyuqdur. Qurutlu xəngəlimiz var, dur keçək qonaq otağına.

Təşəkkür edirəm. Mənə olmaz.

- Faiq, onda bir az gözlə, çöl quşundan aş dəmləyim.

- Yox, bu, daha pis. Getmək vaxtıdır. Bir azdan tıxac olacaq hər yerdə

Tarix
2014.11.19 / 09:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla