Yuxarı

Stalinə qarşı çevriliş planı: Beriya-Bağırov savaşı – I yazı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Açılmamış tarixlər" layihəsində

Azərbaycan tarixinin bəlkə də açıqlanmasını gözləyən əsas mərhələlərindən biri 1920-1960-ci illər arasındakı 40 illik dövrdür. Bolşevik qoşunlarının Bakıya gəlişi, burada rus kəşfiyyatının fəaliyyəti, Stalin rejiminə qarşı gizli təşkilatlanma formaları, müxtəlif siyasi liderlərin bilinməyən siyasi savaşları məhz bu dövrü əhatə edir. İllərdir susub qalan tarix səhifələrini Axar.az yenidən canlandırmağa qərar verdi. Bu gündən etibarən saytımızda fəaliyyətə başlayan bu layihə həmin dövrün məşhur siyasi lideri Bağırovun indiyə qədər gözlə görünməyən tərəflərini özündə canlandıracaq. Layihə çərçivəsində ilk yazını təqdim edirik:

Mir Cəfər Bağırov SSRİ ilə yanaşı Azərbaycan tarixinin də tam deşifrə olunmamış simasıdır. Məhz onun dövründə ölkədə repressiyalar güclənib, Stalin xofu imperiyanı, özəlliklə də Qafqazı bürüyüb. Bu lider Stalin-Beriya cütlüyündən Azərbaycanı qorumaq, onun yox olaraq əyalətə çevrilməsinə imkan verməmək üçün vəzifəsindən istifadə edərək iki nəhəngə qarşı mühüm siyasi oyuna başlayıb. Əsas rəqib - Beriya.

SSRİ-də nüfuzu kifayət qədər güclü olan Beriya ilə yalnız Stalin mübahisə edə bilərdi. Bəzən isə Beriya öz rəqibləri haqqında əldə etdiyi məlumatlarla ölkənin birinci adamında mənfi fikir formalaşdırırdı. Stalinin hər hansı bir rəhbər vəzifədə çalışan şəxsə yaxşı münasibət göstərməsi və ya onun fikirlərinə qulaq asması Beriyanı qısqandırırdı.

Vəziyyətin gərgin olmasının digər sübutu isə bu gürcü komissarın "rəhbər"in özünün şəxsən inandığı adamları belə lazım olanda siyasi səhnədən kənarlaşdıra bilməsi idi. Bu sıraya isə hər kəsi – generalları, komissarları hətta xəfiyyələri belə əlavə etmək olardı. Əgər SSRİ tarixinə nəzər yetirsək, bununla bağlı kifayət qədər məlumata rast gələ bilərik. Bunun üçün ən bariz nümunə Baş Artilleriya İdarəsinin rəisi işləmiş artilleriya marşalı Yakovlevin xatirələridir. Marşal Beriyanın bir zamanlar Cənubi Qafqazın "qoçu"su olan Stalinlə başbaşa mübahisəyə girə bildiyini etiraf edir:

"Hər il güc strukturlarına ayrılan silahın siyahısı Stalinə təqdim olunurdu. Təqdim olunan siyahıda XDİK üçün 50.000 silah nəzərdə tutulurdu. Stalin bu rəqəmi görcək əsəbi vəziyyətdə soruşdu ki, kim XDİK üçün bu qədər silahın ayrılmağını təklif edib? Cavab verdik ki, Beriya, o, bunu təkid etdikdə biz də təəccüb etdik. Biz imtina etdik, ancaq o, tələb etdi. Həmin dəqiqə Stalin Beriyanı yanına çağırtdırdı, kabinetə daxil olan L.P.Beriya Stalinə gürcü dilində nə isə başa salmağa çalışdı. Ancaq Stalin onun sözünü kəsərək, rus dilində cavab verməyi tələb etdi və sualını təkrar edərək: - Bu qədər silah sənə niyə lazımdır?

– Bu silahlar XDİK-nin yeni yaranmış diviziyaları üçün nəzərdə tutulur, - Beriya cavab verdi.

– Sənə yarısı da kifayət edər – 25.000.

L.P.Beriya yenidən təkid etməyə başladı. Stalin iki dəfə onun sözünü kəsməyə çalışdı, ancaq Beriya ona qulaq asmayaraq fikrini əsaslandırdı".

O, bundan sonra Stalinin əsəbiləşdiyini və silahları 10000 ədədə qədər endirdiyini bildirir. Kabinetdən çıxdıqdan sonra isə Beriya Yakovlevə yaxınlaşaraq onları "bağırsaqlarınızı tökəcəm" deməklə hədələyir. Yakovlev buna fikir vermədiklərini və zarafat hesab etdiklərini desə də, sonradan bu fikirlərində yanıldığını söyləyir.

Əslən Bakıdan olan o zamankı Neft Sənayesi naziri Nikolay Baybakov öz xatirələrində gürcü komissarın sözündən SSRİ-də heç kimin çıxmaq ixtiyarının olmadığını bildirir. Stalin istənilən qurban bahasına öz qarşısına qoyduğu məqsədlərə nail olurdu. Baybakovun sözlərinə görə, Beriya bunu həyata keçirən uğurlu vasitəçi idi. Onun verdiyi əmrə qarşı gəlmək və ya hər hansı üzrlü səbəb ucbatından belə yerinə yetirməməyin qarşılığı ölüm cəzasıydı. Baybakov sonralar öz xatirələrində bu cümlələri qeyd edir:

"Müharibədən sonrakı illər olardı, angina ilə xəstələnərək 40 dərəcə temperaturda evdə, yataqda canımla əlləşirdim. Birdən telefon zəng çaldı. Həyat yoldaşım Klavdiya Andreyevna telefonun dəstəyini götürdü; dağınıq fikirli və həyəcanlı olduğundan qarşı tərəfin özünü təqdim etməyini yaxşı başa düşmədi və yenidən sual verərək soruşanda ona "axmaq qadın, danışan Beriyadır, mənə Baybakov lazımdır", - deyə, cavab verdi. Daha sonra Beriya öz kəskinliyi ilə dilləndi: hər axmaq xəstələnə bilər, qaloş geyinmək lazımdır, onu telefona çağır. Mən çox çətinliklə ayaq üstə duraraq telefona yaxınlaşdım, səhhətimi soruşmayaraq, Daxili İşlər komissarı Kruqlovla Ufada neft emalı zavodunda baş vermiş qəza ilə əlaqədar ora getməyimi əmr etdi. Artıq bir neçə saatdan sonra yüksək temperaturla Ufadaydım".

Beriya ilə mübahisəyə girəcək şəxslər arasında Stalindən sonra Mir Cəfər Bağırovun adı gəlirdi. Bağırov etdiyi siyasi gedişlərlə Beriyanı qorxuya salmışdı. Baybakov xatirələrinin başqa bir yerində bu sözləri yazmışdı:

"Bir dəfə gözlənilmədən Lavrenti Beriya zəng etdi və birbaşa sual verdi: -Yoldaş Bağırov hardadır?

Mən bu zəngdən çox, sualdan təəccüblənərək cavab verdim:

- Bağırov MK-nın katibidir və o mənə hara gedəcəyi haqda hesabat vermir.

Ancaq sonra məlum oldu ki, Bağırov Maçestada istirahət edən Stalinə baş çəkməyə gedib".

Beriya məhz bundan qorxurdu. Sözsüz ki, bunu Bağırov da bilirdi, amma konfliktə getməkdən çəkinmirdi. Beriyanın bu cür təşvişə düşməsi əsassız deyildi. Lakin maraqlı digər məqam Bağırovun da Beriyanı itirmək istəməməsi idi. Siyasi şahmat lövhəsində mühüm, köklü gedişlər edən M.C.Bağırov, görünür, bu addımı ilə keçmişindən təşvişə düşən gürcü siyasətçidən Azərbaycanın mənafeyinə uyğun yenidən istifadə etmək istəyirdi.

Beriya Stalindən sonra SSRİ-ni idarə etmək istəyirdi. Buna görə də Nazirlər Sovetinin sədri Malenkovun müavini kimi eyni vaxtda Dövlət Təhlükəsizlik Nazirliyi ilə Birləşmiş Daxili İşlər Nazirliyinə rəhbərlik edirdi. Stalinin ətrafında özünə mühüm yer etməsi və rəhbərlə münasibətlərinin səmimi olması sonrakı günlərdə çoxlarının ona tərəf can atmasına şərait yaratdı. Lakin Beriyaya tərəf gəlməyənlər də tapıldı ki, bunların çox hissəsi sonralar siyasi oyun və qaralamaların qurbanı oldular.

Beləliklə, Beriya güclənirdi. Gücləndikcə dövlətin əsas nöqtələrinə öz adamlarını qoyurdu ki, bu da gələcəkdə ona gərək olacaqdı. Bununla da Beriya imperiya içərisində hakimiyyətə gəlmək üçün özünə şərait yaradırdı. Bu isə Stalinə qarşı çevrilişə hazırlığın başlanğıcı idi.

P.S. Qeyd edək ki, yazıda tədqiqatçı Adıgözəl Məmmədovun araşdırmalarından və yardımından istifadə olunub.

Ardı var...

Tarix
2014.11.22 / 09:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla