Yuxarı

“Puşkinin bir cümləsində 6, Qorkidə 9 türk sözü varsa…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xatirə dəftəri" layihəsində

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva Təkləli ilə çoxdan görüşmək istəyirdim. Axır ki, vədəsini aldım. Budur, alim xanımın işlədiyi unuversitetə yaxın kafelərdən birində çay süfrəsi arxasındayıq. Suallarımı çox uzaqdan başlayıram, onun doğulub boya-başa çatdığı kəndlə bağlı "Xatirə dəftəri"ni vərəqləmək istəyirəm.

Onda anam sağ idi, atam vardı

- Minəxanım, mən hələ məktəbli olarkən siz gənc də olsanız Bakıda İnistitut müəllimi işləyirdiz. Bizlər sevinirdik ki, sizin kimi insanımız var. Siz necə, düşünürdünüzmü, bir eli, obanı təmsil etməyin məsuliyyətini? Yoxsa gənc bir xanımın uğurdan gözləri kəndə tərəf boylanmırdı?

Görünür bu sualı gözləmirdi. Ani olaraq duruxdu, gözlərini başımın üstündən "uzaqlara" dikdi. Xəyallarında gənclik illərinə döndü, o günləri yaşadı, bunu verdiyi cavabdan da hiss etdim:

- Əksinə, onda boylanmaq yox, kəndlə yaşayırdım, kəndin rəyi mənimçün əsil qiymət idi... Yerişim, geyimim kəndin, el-obanın zövqüncə, tələbincə olmalı idi. Bəlkə də bunlar zahir idi; yəni indi belə düşünürəm. İfrata varmaq lazım deyildi, bu qədər bağlılıq da mənimçün indi zəiflik, həyata birtərəfli yanaşma kimi gəlir. Bunlar olmasa da, ilkin ocağı sevmək, hörmət etmək və yaşamaq olardı. Bu bağlar bilərəkdən qırılmır ki…

Yenədə fikrə gedir, çayına limon salıram, təşəkkür etsə də, hiss edirəm hələ də o günlərdədir:

- Onda anam sağ idi, atam vardı - bağlar güclü idi... Onlar olmadıqca və onları heç kəs əvəz etmədikcə bu ocaq ancaq şirin, bir az da həsrətli xatirəyə çevrilir.

- Ara-sıra kəndə getdiyinizi bilirəm, tələbəlik illərinin Minəxanımı ilə, artıq tanınmış elm adamı olan bir xanımın baxışlarındakı kənd necədir?

- Xatirələri oyatdın, Faiq. Kitablarla tanışlığım orada başlanıb. Sehirli aləm orada qurulub. Bir sıra əsərlər var - lap 12-14 yaşımda oxuduğum romanlar - ilk dəfə necə oxumuşamsa filoloji təhsilimə rəğmən, bir daha təkrar oxumamışam, amma çalışmalarımda o əsərlərdən hazır örnəklər verə bilirəm... Kəndin 3 kitabxanası vardı, kənd sovetliyi ilə birlikdə. Hər üçündən istifadə edirdim... Dünyamalı dayıgildən "Hərb və sülhü"ü alıb oxumağım -unudulan şey deyil... Əslində, böyük bir ömrün 15-16 ilini yaşasam da, kənd mənimçün özülü möhkəm bir məktəb oldu.

Unutmuşam, unutmaq yaxşıdır

- Sizi görəndə sevinirəm. Müəllimim olmadız, kənddə sizi heç görmədim də, eləcə adınızı eşitdik, arzularımız böyüdü, uçdu şəhərə; gəlib təhsil alacağıq, sizi təhsilimizlə sevindirəcəyik, bir el oğlu kimi. Amma bu da olmadı. Siz necə, auditoriyaya girəndə heç düşündünüzmü kənddən, məsələn, filankəsin uşağına mühazirə oxuyacam, məni görəcəklər, yaxşı mənada həsəd aparacaqlar, yaxud onlara yardımçı olacağam?

- O vaxt kömək eləmək adəti vardı; imkanım daxilində etməyə çalışırdım. Ümumiyyətlə, az imkanla hətta yoxdan belə var edərək. Amma ayrı-seçkilik etmədən bölgə fərqi qoymadan etmişəm. Həm də unutmuşam, unutmaq yaxşıdır, çünki belədə sanki kimdənsə əvəz gözləyirsən və ya minnət qoymaq niyyətindəsən. Həm də insanın qanı qaynayan vaxt hər kəsə yararlı olmağa çalışır. Bəzən bunu kimsə mənə xatırladır, öz yadıma düşmür, bir az işartısı gəlir... İndi görürsən, bax, iş-qayğı o qədər çoxalıb, bəlkə kömək etmək ənənəsi korşalıb ki, öz uşağım üçün heç kimə heç nə demək istəmirəm. Müqayisə edirəm, bu müqayisə bir çox nöqtələrə işıq salar. Nə bilim… Yadımdadır, Axıska türkü bir oğlan müsabiqəyə düşdü, o zaman Arandakı Saatlı-Sabirabaddakı axıskalıların tələblərinə qarşı üstlərinə hərbi qüvvə göndərmişdilər, mənimsə ürəyim yanırdı. Türklük damarım tutmuşdu, həmin gəncə məsləhət gördüm sənədləri götürməsin, onun sənədlərini təzə açılan və dolmayan fakültəyə keçirsin, az bir müddətdə ellilərini başına yığdı, neçəsi eləcə sənədlərini təkrar verdilər və yəqin ki, güzəştlə qəbul oldular... Xatirələrə daldıq… mən də, onlar da unutsaq da Allah unutmaz...

- Nədənsə həmişə qayğılı görünürsüz? Səsinizdə də bu hiss olunur, elə mövzularınızda da. Son vaxtlar qələmə aldığınız, araşdırdığınız mövzularda millətin dərdi boy verir.

- Milli mövzular həm ürəkaçıqlığı verir, həm də kədər. Bəlkə kədəri daha çox. Niyə, bilirsinizmi? Baxın, məndə 70-80-lərdə çap olunmuş erməni xalqının tarixi kitabları var, oxuyuram, bu, sovet illərində yazılıb. Erməni tarixçiləri indi deyirlər ki, məcburən dəyişib yazmışıq, təzədən yazmalıyıq. Amma o zaman da ürəkləri istəyəni, yəni nəyi düzgün hesab ediblər, onlara nələr sərfəlidir, onu da yazıblar. Bu gün heç nəyi dəyişmədən həmin tarixi, elə ədəbiyyat tarixini, ana dili problemlərini sürdürə bilirlər. Amma Azərbaycanı deməyək, türk cümhuriyyətlərində rusların diktəsiylə nə qədər təhriflər olub, bir 200 il lazımdır o kök salan təsəvvürlərə, yalançı məlumatlara qarşı araşdırmalar aparasan. Mənim üçün türk problemi, əslində, ağır ittiham altında yatan bir varlıqdır. Bizə ortaq əlifba, ortaq orfoqrafiya, ortaq məktəblər lazımdır. Yoxsa zaman irəli getdikcə bu sorunumuz həll olmayacaq. Latına keçirik ki, rahat anlaşaq, amma hər bir xalq o əlifbaya istədiyi qədər əlavələr edir. Mənim kitablarımın elektron şəklindən istifadə edənlərə ürəyim yanır: yazıq çaş-baş qalır. Bu əlifbanı bu hala salanların heç xaricdə oxunmağa niyyətləri və qayğıları yox idi. Özləri ölüb getdilər, bunu bizim boynumuza yüklədilər. Türkmən əlifbası da elə. Daha Turan necə qurulacaq? Əlbəttə mən fikir-düşüncə turançılığını deyirəm. İndi sevindirici xəbərlər alıram, məsələn, filan türk yurdunda da latına keçəsidirlər. Həmən qayğı məni alır: indi görək onlar adı latın olan bu əlifbaya nələri əlavə edəcəklər.

Türklük bütün bəşəri sivilizasiyadan keçirdi

- Sizin, bir neçə araşdırma yazınız oxumuşam. Mahnılarımızla, yer adlarımızla, yaranan rəvayət və deyimlərlə bağlı. Əslində bizlərə - türk mədəniyyətinə olan haqsız basqılara bir cavab idi bu.

- Hamısının açarı mütaliədən gəlirdi. Rus dilində mütaliə zamanı bu mədəni təsirin aşkar izlərini görürdüm, odur ki, bu mövzular özü qarşımda durdu... Türklük, türkanəlik güclü bir xətt kimi bütün bəşəri sivilizasiyadan keçirdi. Fikirlərimi bəlli bir regionla - şərqi slavyanlarla bağlamaq qərarına gəldim. "Slavyanların tarixində türk-tatar mövqeyi". Kiyev Rus dövləti çağlarından güclənməyə başlayan təsir - türk təsiri. Xüsusən, Baskakovun və Oljas Süleymanovun xətti mənə rahat, əlverişli yol kimi göründü. Azərbaycandan isə gözəl müəllimlərim Tofiq Hacıyev və Qəzənfər Kazımov yaradıcılığı örnəyi... Türkoloji araşdırmalara məni gətirən bir mirasa sahib çıxma tələbindən irəli gəlirdi. Qoy heç kim inciməsin, axı hər kəs də tədqiqlərə bu tələb və istəkdən girişmir. Tələbə kurs işinə necə mərhələvi bir borc kimi baxırsa, eləcə baxılır. Nə deyim, bu, hər kəsin öz işidir. Mənimçün boynuma çəkdiyim vəzifə bir təbiri-caizsə, qoy deyim: bir qeyrət məsələsidir. Mən professor diplomunu alarkən AMEA prezidentinin "sizi təbrik edirəm" sözünə, mən də "Vətənə xidmət edirəm" dedim. Daha nə deməli idim? Sakitcə "sağol"mu? Axı o məni işimin nəticələrinə görə təbrik edir. Mən də nə qədər qəribə görünsə belə, bu cavabı verməyi məqbul sandım...

Yerindən durub qışqıra-qışqıra üstümə yeriyib

- Sizin türk əsilli rus ziyalıları - tanınmışları haqda çox böyük bir araşdırmanz da var. Millətçilikdə ittiham olunmadız ki, sovetlər dönəmində? Axı bu istək, araşdırma bu günün söhbəti deyil.

- Yox, axı mənim araşdırmalarımın nəticələri olan bütün kitablarım müstəqillik illərində ortaya çıxdı. Bir neçə dəfə demişəm ki, bu mövzuları işləyə bildiyimə görə müstəqilliyimizə borcluyam. Sovet dönəmində belə mövzulara yaxın düşməkmi olardı? Hələ ilk illərdə belə o rejimin tumarında yatan başlar bu mövzulara qarşı idilər və elmi şuralarda sözün həqiqi mənasında hücum çəkirdilər üstümə. Həqiqətən hücum: yəni yerindən durub qışqıra-qışqıra üstümə yeriyib. Qulağımın dibindəki bağırtılar və inanın, fiziki döyülmə də hiss edirdim. Qəzəb, kin o qədər artıq idi ki, elə bilirdim əlbəyaxa döyüş-filan olacaq. Girişdiyim mövzular adamları yerindən etmişdi: necə yəni, Moskva şəhərinin türk əsaslı tarixi, necə yənı böyük rus şəxsiyyətlərinin türk əsli və rus dili kimi zəngin dildə minlərlə türk sözü... Tolstoyun dilində türk sözü və ya Tolstoyun şərq görünüşlü və şərq təfəkkürlü qəhrəmanları və s.? Puşkinin nəsr əsərində elə cümləsi var, bir cümlədə 6, Qorkinin bir cümləsində 9 türk sözü - bu türkcənin qalibiyyəti deyə, ayrıca örnəklərim idi. Amma skeptiklər buna göz yumurdular. Burnundan uzağı görməyənlərlə iş çətindir. Ən çətini isə milli heysiyyəti, milli qüruru olmayanlarla işi başa vurmaqdır.

Kəndli də qalmazdın, indi deputat idin

- Ən azından bütün bunlar sizin Azərbaycan ədəbiyyatı tarixində qalmanızdır, bizlərin özümüzü tanımağımıza çox böyük yardımçı olmanızdır. Dostlarınız sizi bir insan, bir xanım olaraq da yükək dəyərləndirir. Minə xanım danışnda adam eləcə qulaq asmaq istəyir, kaş bu xanım deputat olaydı, deyirlər. Heç könlünüzdən keçibmi siyasi arenada da özünüzü göstərəsiniz?

- Bir dəfə yoruldum, "niyə gəldim, bir kəndli olub da qalsaydım", - yəqin bezdiriblərmiş məni, - dedim. Bir rəfiqəm – o, bakılı qızıdır – dedi: "Nə danışırsan, kəndli də qalmazdın, indi deputat idin". Bunlar zarafatdır. Məni elmi araşdırmalar qədər heç nə məşğul etmir. Bu illər ərzində o çalışmalar məni gözəl görüşlərdən, dost məclisindən, sevdiyim-hörmət etdiyim insanlarla ünsiyyətdən saxladı, uzaq durdum. Hətta nə gizlədim, evə qonaq gələndə də kitablardan, yazı masamdan uzaq düşəcəyəm deyə, dərd aparardı məni. Deyəsən mən maksimalistəm - sevəndə, bağlananda orta hədd bilmirəm, tam bağlanıram, tam sevirəm. İnsan münasibətində də belədir: hər nə var, onu ilk məhəbbət arşını ilə ölçüb qiymətləndirirəm... Söhbətə gəldikdə isə xoş müsahib oluram, sözü-söhbəti çox sevirəm, amma 1-2 cümlədən sonra söz məni qayğılandıran mövzulara istiqamətlənir. Odur ki, bəzən dostlarım mənə "velikiy rasskazçik" də deyirlər.

Məcnun məhəbbəti belə qarşıma çıxsaydı…

- Sevməkdən, bağlanmaqdan bəhs etdiniz. İndi nə qədər gənc və yaraşıqlı olsanınız da nənəsiz. Oğlunuz Mustafa sizi "qocaltdı", özü ata oldu, sizə nənə statusunu bəxş etdi. Ötənlərə qayıdaq, yəqin zamanında kəndimizdə də sizi gözləri tutan olub. Səmimi deyin şəhərdəki baxışlar isti, məhrəm olub, yoxsa kənddəki?

İlahi, insanda nə qədər məsumluq olarmış, sualımı eşitdikkdə sifətində yeniyetmə bir qızın çöhrəsinə dağılan xəfif bir qızartı dəydi gözlərimə.

- Məktəb illəri şirin roman qədər əhatəli, maraqlı romandır, o baxışlara cavab versəydim, yollar yarıda qırılacaqdı, böyük ideallara çata bilməzdim. Yolum bağlanardı. İndi özümə də əcaib gəlir... Vallah, məni ali məktəbə gətirən yolu tutub gedirdim, bunu heç nəyin xatirinə heç nəylə əvəz edə bilməzdim. Allah, necə oxumaq istəyirdim, Məcnun məhəbbəti belə qarşıma çıxsaydı, ali təhsildən, elmi taledən yan sala bilməzdi... Niyə? Bəlkə həyat çətin olub? Səadəti təhsildə görmüşəm. Onu nə uğurlu evlənmədə, nə də saxta məddahlıqda görmüşəm.

Boş çəlləyin səsi

- Bəlkə bir az da özünəvurğunluq varmış sizdə?

- Nə bilim, bəlkə də şöhrətpərəst olmuşam: arzudan arzu doğurdu: qəbul olan kimi əlaçı olmaq, ali məktəbi bitirən kimi, tətildən sonra aspiranturaya verilən bir yerə qəbul olmaq, ən çətin mövzudan yapışmaq... utanardım sərfəli, əlverişli yerdən yapışmağa... Zəhmət bəzilərinə cəza və hətta işgəncə kimi gəlsə də, mənim ücün bayram qədər fərəh verir, o iş və nəticəsi şirin görünür, etibarlı bilirəm onu. Hazır əldə etsəydim, şübhəm çoxalardı ki, onu əldə necə saxlayım, alın təri ilə qazananda bilirsən haqqınadır. Amma bunlarsız da işi yağ kimi gedən insanlar var. Maddiyatda çox irəli gediblər. Bir uğuru min uğur kimi təbliğ ediblər, həmişə öndədirlər. Düzdür, boş çəlləyin səsi bərk gələr, amma hər şeydən də yararlanan onlardır - bu bir haqsızlıq kimi insana bərk təsir edir.

- Mina xanım, gözəl səsiniz var. Mərhum Nərminə xanım haqda araşdırmanız, hazırladığınız veriliş var. Onun ifasında olan mahnını gözəl səslə zümzümə etmisiz. Zahiri cizgiləriniz də oxşardır.

- Nərminə mənim tək musiqi dünyamın deyil, ruhi dünyamın da gözəl ilahəsidir. Mən bir çox dostlarımı Nərminə sayəsində qazandım. Yəni ona ortaq sevgi bəsləyən insanlar çıxdı yoluma, kəşf etdim bu zövqü, bu heyranlığı daşıyan insanları. Doğrusu, bir dünya qazandım - hər zaman qulaqlarımda xoş avazlı, zümzüməli dünya... Yəqin mən musiqi yolunun da başında durmuşam, amma yetişdiyim mühit, məni qoynunda saxlayan bəlkə də məhdud təfəkkür dünyası musiqiyə gedən yolumu qapadıb. Nə olsun ki, bu duyum və qabiliyyət milli dəyərlərimizi kompleks halında dəyərləndirməyə mənə kömək edir. Rus və dünya musiqisində, elə erməni, gürcü musiqisində nə qədər türk etkisi çıxır meydana. Ayrıca Azərbaycan xalq havaları və türkülərinin istifadə olunduğu böyük peşəkar sənət əsərləri var bu xalqlarda...

- Minə, tanınan alimsiz, professorsuz, necə dəyər verildi sizə, hər hansı bir ödül, mükafat və sair…

- Bir neçə il öncə Mahmud Kaşqari beynəlxalq mükafatı almışdım... Bu il Rəsul Rza mükafatına layiq görüldüm. Amma türkoloji sahədə yazdığım kitablara ən böyük mükafat olan "Türk dünyasına xidmət ödülü" almamı həyatımda ən böyük uğur hesab edirəm. Bişkəkdə təqdimetmə mərasimində ürəyimdən keçirtdim; bu mükafat mənə əzizdir, çünki bu mənim yolumun adıdır, məqsədim və həyat amalımdır: Türk dünyasına xidmət - bu mənim ömrümün mənasıdır. Bu həm də bundan sonrakı fəaliyyətimə də məsuliyyət qatır: daha bu yoldan sapmaq, yorulmaq, dayanmaq olmaz, deyirəm... Bu amal da mənə yeni töhfələr verir: yaşamaq əzmi, çalışma həvəsi, fəaliyyət eşqi... Füzuli demiş: eşqdən başqa hər nə var bu dünyada, qilü-qal imiş...

Çayın üstündəki çayırlıq

Minə xanımın kövrəkliyi mənə də sirayət edir, kəndimizlə başlamışdım bu söhbəti, kəndimizlə də bitirmək istədim:

- Kəndimiz yuxunuza girirmi? Ən çox hansı yerini xatırlayırsız?

- Xatırlamadığım yeri yoxdu, məncə. İlk bahara girən vaxt cücərən çəmənlikdən salınan bəzkli çığırlar, bilirəm, indi o sahman dəyişib, pozulub gedib: çayın üstündəki çayırlıq, anamla xalça-palaz yumağa gedəndə anam əli ilə o yerləri göstərib deyərdi: "bunlar mənim ata torpaqlarımdır". Unuda bilmirəm - yadımda bostanlar qalıb, bilirsən, uralanma vardı, o günün bır sevinci vardı, nə qədər qəribə olsa da. Çayımızın sel yatağında ilk özgürlük tədbirimiz novruz şənlikləri, "bənövşə-bəndə düşə" oyunu... yeniyetmə dostluqlarım, yarımuşaq sərgüzəştləri, saatlarca oxuduğum mahnıların və əlimdəki gözəl kitablarımla gizləndiyim qapımızın dam-daşındakı xəlvət yerlər... Hanı?!.

- Heç biri qalmayıb, Minə, o çay quruyub, o çimərlik, çayırlıq, bənövşəlik, sarıçiçək otları, təkəsaqqal, yemlik, miyana, əvəlik, ağcaqovaq, cincilim, gəlinbarmağı, qazanaltlığı... heç nə qalmayıb o kənddə, Minə, kənd kəndliyini itirib… Heç şəhərləşməyib də hələlik. Sağ olun. Sizi çox istəyirəm!

Tarix
2014.11.27 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla