Yuxarı

“Müğənnilər çörəyimizi əlimizdən alıb”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanalların birində onunla bağlı xəbər eşitdim: Azərbaycanı tərk edir, Türkiyəyə yola düşür. Əlaqə saxladım və görüşə razılıq verdi. Görüşəndə isə uşaqlıq illərində çox sevdiyim "Yarımştat" tamaşası gözümün önünə gəldi.

Yəqin, komediya aktyoru Natiq Fərzəliyevdən söz düşəndə, sizlər də o tamaşanı xatırlayırsız...

Hələ ssenari ilə tanış deyiləm

- Natiq müəllim, Azərbaycandan gedişiniz nə ilə bağlıdır?

- Azərbaycana qurban olum. Vətəndən müvəqqəti ayrılıram; türk rejissorlarından seriala dəvət almışam. Odur ki, bu ayın iyirmi ikisi gedəcəm, amma tez də qayıdacam. Yeni ili Bakıda qeyd edəcəm.

- Ölkəmizdə komediya obrazları ilə yadda qalmısınız. Bəs türk rejissorları sizə hansı obrazı həvalə ediblər?

- Seriala çəkiliş türk rejissorları ilə birinci işbirliyim deyil. Türkiyədə oynayacağım rol hələ bəlli deyil, ssenari ilə tanış deyiləm. Yalnız serialın adını bilirəm - "Azad".

Daim obrazda qalmaq olmaz...

- Komediya aktyoru olmağınıza rəğmən zəhmli insansınız. Gülərüz və zarafatcıl müsahiblə qarşılaşacağımı düşünürdüm. Tam əksinə oldu...

- (Gülür) Hər kəs elə deyir. Övladlarım evdə deyirlər: "Ata, bir az zarafat elə bizimlə, danış, gül". Deyirəm, səhnə-zad deyil ki, atılım- düşüm!

Bilirsiniz, aktyor yalnız səhnədə, kamera qarşısında obrazda olmalıdır. Qalan vaxt isə o öz həyatını yaşamalıdır. Daim obrazda qalmaq olmaz; insan havalana bilər!

- Dövlətimizin yaradıcı insanlara qayğı ənənəsi var. Amma deyəsən, siz o qədər də razı görünmürsünüz...

Müğənnilər çörəyimizi əlimizdən alıb

- Çox haqsızlıqlarla qarşılaşıram. Götürək elə bu sovet dönənimdən qalan "ad" məsələsini. Çoxları bu lazımsız "ada" görə dünyasını dəyişdi, əsəb xəstəsinə çevrildi. Bir şeyi anlamıram, əgər mən otuz il xalqıma xidmət edirəmsə, onsuz da mən xalqa aidəm. Ya bu "əməkdar", "xalq artisti" adları ləğv olunmalı, ya da başqa bir sistem düşünülməlidir. Vallah bu "ad" məsələsi aktyorlar arasında intriqadan başqa bir nəticəyə gətirib çıxarmır.

O ki qaldı mükafat məsələsinə, adi bir məsəl çəkim; dövlət aktyorlara hər il mükafat verir, düşünün ki, artıq on ildir hər il bu pulu eyni insanlar alır. Digərləri isə qalır kənarda. Elə aktyor yoldaşlarım var ki, onların heç yol pulu olmur işə gəlməyə. İki yüz manat məvaciblə təbii ki, ailə saxlamaq çətindir.

Müəllimlərin, həkimlərin məvaciblərini qaldırırlar, aktyorlar isə əziyyət çəkir.

Müğənnilər də əlimizdən çörəyi alıb; əvvəllər tamadalıq edərdik, dolanışığımız yaxşı olardı. İndi isə müğənnilər özləri oxuyurlar, özləri oynayırlar, aktyor kimi də toylarda aparıcılıq edirlər - biz qalırıq baxa- baxa.

Bəstəboy olmağımda bacım günahkardır

- Natiq müəllim, giley-güzar edirsiniz, amma adətən qısaboy insanların bütün çətinliklərə qalib gəldiklərini deyirlər...

- Boyuma işarət edirsinizsə, onu deyim ki, belə qısaboy olmağımda bacımın günahı çoxdur.

- Niyə məhz bacınızın? Mən düşünürdüm valideyni günahlandırarsınız.

- Valideyn öz yerində, amma məndən on beş dəqiqə böyük əkiz bacım var. Bilirsiniz necə hündürdür?

- Bağışlayın, bəs necə alınıb ki, siz tam fərqli görünüşdə dünyaya göz açdınız?

- Deyirəm axı, o günahkardır. Bütün payımı yeyib, özü normal inkişaf edib, mən balaca qalmışam (gülür).

- Elə bildim, heç zarafat edən deyilsiniz... Ümumiyyətlə sizinlə zarafat edən çoxmu olur?

- O qədər! Sayı-hesabı yoxdur. Bir dəfə mənimlə elə zarafat ediblər ki, indiyə qədər yadımdan çıxmır. Qış vaxtı idi, qar dizdən. Gecə zəng gəlib ki, bəs bəylə-gəlin sizin xeyir-duanız olmadan şadlıq evini tərk etmək istəmir. Gecə ilə birtəhər getmişəm çağırılan şadlıq sarayına. Gedib nə görsəm yaxşıdır? Toy-filan yoxdur. Yaxınlaşmışam gözətçiyə, deyir; "Müəllim, vallah neçə gündür burada heç bir toy-nişan olmur". Zəng etdim məni dəvət edən adama, telefon zəngimə cavab vermədi ki, ona "ürək sözlərimi" çatdırım.

- Deyəsən çox sadəlövh insansınz. Elə hər sözə inanırsınız?

- Hə, insanlara çox tez inanıram. O da mənim çatışmayan cəhətimdir.

Qardaşım yumurtanı başımda sındırmalıydı...

- Səhnədə sizinlə baş verən ən yaddaqalan maraqlı əhvalat hansı olub?

- Elə səhnədə də zarafatlar çox ediblər mənimlə. Təsəvvür edin ki, nağılda rol almışam. Ssenariyə görə "qardaşım" iki yumurta yeməli, üçüncünü mənim başımda sındırmalıdır. O, bir yumurtanı yeyir, ikincini də, üçüncünü alnımda sındıranda yumurta axıb töküldü üz-gözümə. Sən demə, kimsə qəsdən yumurtanı dəyişdirib, bizimlə zarafat eyləyir.

İndi bəxtə bax ki, qardaşın yediyi iki yumurta bişmiş çıxdı, mənim başımda sındırılan isə çiy.

- Tamaşa oynanıla-oynanıla səhnədə belə zarafatlar mümkündür yəni?

- Mən elə tamaşa gedərkən üzümü çevirdim teatr rəhbərinə (rəhmətlik Hüseynağa Atakişiyev həmişə tamaşaları pərdə arxası şəxsən izləyərdi) və bərkdən dedim: "Görürsünüz də bunlar mənim başıma nə oyun açır?"

Onun isə cavabı sərt oldu: "Üzünü çevir, tamaşanı oyna!"

Hələ bir dəfə də "Sehrli mücrü" tamaşasında Keçəl obrazını oynayırdım. Səhnəyə çıxıb orada mücrünü götürməli və deməli idim: "Bu nədir belə? Atım bunu kənara, kiminsə ayağı ilişər, yıxıla bilər!" Elə həmin an musiqi səsi eşidilməli, dekorasiya, rəqslər olmalı idi; yəni mücrü öz "sehrini" göstərməli idi!

İndi, ay başına dönüm, gəlmişəm mücrünü götürəm, ha çalışıram, mücrünü yerindən tərpədə bilmirəm ki bilmirəm! Sən demə, kimsə onun içinə səhnə üçün nəzərdə tutulan poladdan hazırlanmış lehim yerləşdirib ki, mənimlə zarafat eləsin.

Arzularıma çatmışam...

- Natiq müəllim, oxucularla bölüşmək istədiyiniz ən böyük arzunuz hansıdır?

- Vallah, mən həyatda arzuladığım istəklərə çatmışam. Ola bilsin ki, sadə olduğum üçün Allahım məni daim mükafatlandırıb.

Uzun illər Yevlax Mədəniyyət evində direktor vəzifəsində çalışmışam. İnsanlar məni sevir, hörmət edir. Teatr rəhbərimiz Mübariz Həmidov mənim əlli illik yubileyimi keçirtdi. O, mənə elə sizin sualınızla sonda müraciət etdi. Cavabım hər kəsi kövrəltdi. Dedim: "Əvvəl-axır hər kəsin bir sonu var. Ən böyük arzum son mənzilə millətimin çiynində getməkdir".

Həyat - açılmayan bir kartdır və sabahın necə olacağı bəlli deyil. Bəzən həyatda pis insanlar olmalıdır ki, yaxşının qədri bilinsin. Bu yaşadığımız ömrün danılmaz qanunudur.

Tarix
2014.12.18 / 08:15
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla