Yuxarı

Dahilik burulğanı və ehtiras tufanı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"100 Böyük kitabdan biri" layihəsində

Balzak okean kimi nəhayətsizdir. O – bir dahilik burulğanı, böyük hiddət fırtınası və ehtiraslar tufanıdır.

Balzak Puşkinlə eyni ildə (1799), cəmi iki həftə əvvəl dünyaya gəlib, lakin ondan 13 il çox yaşayıb. Hər iki dahi insan qəlbinin və bəşəri münasibətlərin elə dərinliklərinə nüfuz etməyə cəsarət göstəmişdilər ki, onlara qədər hələ heç kim buna müvəffəq ola bilməmişdi. Balzak öz epopeyasını dahi florensiyalının böyük əsərinə analoji olaraq "Bəşəri komediya"adlandırmaqla Dantenin özünə belə çağırış göndərməkdən çəkinməmişdi. Ancaq elə burası da var ki, eyni əsaslarla bu əsəri "Fövqəladə" ("İnsan qüvvəsindən xaric") də adlandırmaq olar. Çünki belə bir möhtəşəm yaradıcılıq məhsulunu yaratmağa yalnız bir titanın (qədim yunan əsatirində allahlarla vuruşan div – tərc.) gücü yetərdi.

"Bəşəri komediya" yazıçının özünün roman, povest və hekayələrinin geniş silsiləsinə verdiyi ümumi addır. Silsiləyə daxil edilmiş əsərlərin əksəriyyəti Balzakın onlara ümumi birləşdirici ad seçməsindən xeyli əvvəl nəşr olunmuşdu. Yazıçı öz ideyası barədə belə yazırdı:

Təxminən otuz il əvvəl başladığım əsəri "Bəşəri komediya" adlandırarkən onun ideyasını izah etməyi, bu ideyanın haradan doğması haqda danışmağı, planı qısaca şərh etməyi, həm də bütün bunları sanki onlara heç bir aidiyyətim yoxmuş kimi ifadə etməyi lazım bilirəm. "…"

"Bəşəri komediya"nın ilkin ideyası qarşımda sanki hansısa bir xəyal kimi, oxşayıb əzizlədiyin, lakin tuta bilmədiyin həyata keçməz ideyalardan biri kimi canlanırdı; məsxərəçi xülya özünün qadın simasını belə göstərir, fəqət həmin an da qanadlarını açaraq fantaziyalar aləminə uçur. Lakin bir çox digər xəyallar kimi bu xülya da canlandırılır: o, hökmranlıq edir, onun mayası hüdudsuz hakimiyyətdən yoğrulmuşdu və ona tabe olmaq gərəkdir. Bu əsərin yaranması ideyası insanlığın heyvanlar aləmi ilə müqayisəsindən doğdu. "…" Bu baxımdan cəmiyyət təbiətə bənzəyir. Axı cəmiyyəti insanlar yaradır, müvafiq olaraq onun fəaliyyətdə olduğu mühitdə də heyvanlar aləmində movcud olduğu qədər müxtəlif növlər var. Əsgər, fəhlə, məmur, vəkil, sərsəri, alim, dövlət xadimi, tacir, dənizçi, şair, yoxsul kəndli və keşiş arasındakı fərq, nə qədər çətin dərk edilsə də, elə canavar, şir, uzunqulaq, qarğa, akula, suiti, qoyun və s.-ni biri-birindən ayıran fərq dəyərindədir. Beləliklə, heyvanlar səltənətinin növləri kimi insan cəmiyyətində də növlər mövcuddur və həmişə də mövcud olacaq.

Əslində, "Bəşəri komediya"nın məşhur "Müqəddimə"sindən gətirilən parçada Balzakın yaradıcılıq metodunun sirlərini açıqlayan əqidəsi öz təcəssümünü tapıb. Nəbatat alimləri və zooloqlar bitki və heyvanlar aləmini sistemləşdirdikləri kimi, o da insan tipləri və xarakterlərini sistemləşdirirdi. Bu zaman, Balzakın sözlərinə görə, həyatın böyük axınında heyvanlar aləmi (heyvanilik) insanlar aləminə (insaniliyə) nüfuz edir, qarışır. Ehtiras – bütün insanlıq budur! Yazıçı hesab edir ki, insan nə xeyirxahdır, nə qəddar, sadəcə, o, instinktlər və meyillərlə doğulur. Yalnız təbiətin özünün bizə verdiyi materialı mümkün olduqca daha dəqiq təsvir və təlqin etmək qalır.

Yazıçı ənənəvi kanonların və hətta təsnifatın formal-məntiqi qaydalarının xilafına "varlığın üç formasını" göstərirdi: kişi, qadın və cansız əşya. Başqa sözlə, insanlar və "onların düşüncələrinin maddi təzahürləri". Ancaq, görünür, elə məhz bu "xilafına" da Balzaka öz roman və povestlərinin təkrarolunmaz dünyasını yaratmağa imkan verdi və bunu heç nə ilə qarışıq salmaq olmaz. Balzakın qəhrəmanlarını da heç kimlə səhv salmaq olmur. "Müəyyən bir dövrün üç min insanı" – yazıçı özü onları fəxrlə belə xarakterizə edirdi.

Balzakın özünün də istədiyi kimi, "Bəşəri komediya"nın mürəkkəb strukturu var. Hər şeydən əvvəl, o, üç müxtəlif böyük hissəyə ayrılır: "Xislət haqqında etüdlər", "Fəlsəfi etüdlər" və "Analitik etüdlər". Əslində isə bütün başlıca və böyük əsərlər (cüzi istisna ilə) birinci hissədə toplanıb.

Balzakın "Qobsek", "Qorio Ata", "Yevgeni Qrande", "İtirilmiş xəyallar", "Kurtizankanın dəbdəbə və səfaləti" və s. kimi dahiyanə əsərləri məhz buraya daxildir. "Xislət haqqında etüdlər" də öz növbəsində "səhnələr"ə bölünür: "Özəl həyat səhnələri", "Əyalət həyatı səhnələri", "Paris həyatı səhnələri", "Hərbi həyat səhnələri" və "Kənd həyatı səhnələri". Bəzi silsilələr tam geniş işlənməmiş qalıb: Balzak "Analitik etüdlər"dən yalnız "Nikahın fiziologiyası"nı, "Hərbi həyat səhnələri"ndən isə macəra romanı "Şuanlar"ı yaza bildi. Halbuki şair nəhəng planlar qurmuşdu. O, Napoleon müharibəsinin bütün panoramını yaratmaq istəyirdi (çoxcildli, lakin fransız nöqteyi-nəzərindən yazılmış "Hərb və sülh"ü təsəvvürünüzə gətirin).

Balzak özünün böyük əsərinin fəlsəfi statusa malik olduğunu iddia edirdi və hətta orada xüsusi "fəlsəfi hissə" də ayırmışdı. Buraya digər əsərlərlə yanaşı "Lui Lamber", "Absolyut axtarışları", "Gizli şedevr", "Uzunömürlülük iksiri", "Serafita" və "fəlsəfi etüdlər" içərisində ən məşhuru "Şaqren dərisi" də daxildir. Ancaq Balzakın dahiliyinə böyük hörmət hissilə qəti və aydın şəkildə demək lazımdır ki, yazıçıdan, sözün əsl mənasında, böyük filosof alınmadı: mənəvi həyatın bu ənənəvi sahəsində onun bilikləri nə qədər geniş olsa da, tamamilə səthi və eklektik (bir-birinə zidd olan fikirləri, nəzəriyyələri prinsipsiz olaraq bir-birilə birləşdirməyə çalışan alim, filosof yaxud siyasətçi – tərc.) səviyyədə idi. Burada qəbahətli heç nə yoxdur. Ələlxüsus da ona görə ki, Balzak özünün bənzərsiz fəlsəfəsini – insan ehtirasları və instinktləri fəlsəfəsini yaratmışdı.

Sonuncular sırasında Balzaka xas ölçülərə görə, ən başlıcası, əlbəttə ki, sahiblənmək instinktidir. Hansı konkret formada təzahür etməsindən asılı olmayaraq: siyasətçilərdə - hakimiyyət hərisliyində; işbazda – qazanc hərisliyində; manyakda – qan, zorakılıq və zülm hərisliyində; kişidə qadın hərisliyində (və əksinə). Sözsüz, Balzak insan meyil və davranıışlarının ən həssas siminə toxunmuşdu. Bu fenomen özünün müxtəlif aspektlərində yazıçının ayrı-ayrı əsərlərində açılıb. Ancaq bir qayda olaraq bütün aspektlər, fokusda olduğu kimi, onların istənilən birində cəmləşmişdi. Bəziləri isə təkrarolunmaz Balzak qəhrəmanlarında təcəssümünü tapıb onların timsalına və mücəssəməsinə çevrilib. Dünya ədəbiyyatının ən məşhur əsərlərindən biri - eyniadlı povestin baş qəhrəmanı Qobsek belədir.

Qobsekin adı İstismarçı kimi tərcümə olunur, ancaq məhz fransız vokalizasiyasında o, ümumi ismə çevrilib və qazancın özü naminə qazancın simvoluna çevrilib. Qobsek – kapitalist dahisidir, onun heyranedici duyma qabiliyyəti və insan taleyini amansızcasına tapdalayaraq tam mənasıyla ədəbsizlik və abırsızlıqla öz kapitalını artırmaq bacarığı var. Balzakın özünün də təəccübünə rəğmən, qızılın hakimiyyətini – "ümumilikdə hazırkı cəmiyyətin ruhi-mənəvi mahiyyətini" təcəssüm etdirən fantastik fiqur, sən demə, bu büzüşmüş qoca özü imiş. Lakin adı çəkilən keyfiyyətlər olmadan kapitalist münasibələri də prinsipcə, mövcud ola bilməz. Əks halda bu, tamamilə başqa bir quruluş olacaq. Qobsek – kaptalist mühitinin romantikidir: sələmçi toruna düşənlərin əsl hökmdarına çevrilən insanların bütün məqamlarda ruhunun necə tənəzzül etməsini və çirkinləşməsini seyr etmək ona mənfəətin özü qədər həqiqi zövq verir.

Fəqət Qobsek – həm də pulun hökmran olduğu cəmiyyətin qurbanıdır: o, qadın məhəbbətinin nə olduğunu bilmir, onun zövcəsi və uşaqları yoxdur, o, başqalarına sevinc bəxş etməyin nə olduğunu belə dərk etmir. Onun ardınca göz yaşı və acı, darmadağın edilmiş tale və ölümlər şleyfi (qadın paltarının yerlə sürünən uzun dal ətəyi – tərc.) sürünür. O, çox dövlətlidir, fəqət yarıac-yarıtox bir həyat yaşayır, bir qəpikdən otrü boğazını çeynəməyə hazırdır. O, mənasız simicliyin canlı mücəssəməsidir. Sələmçi həyata əlvida deyəndən sonra onun ikimərtəbəli evinin qapısı kilidli otağında xeyli çürümüş əşya, iylənib qoxumuş azuqə və sursatlar tapılır: həyatının sonuna yaxın müstəmləkə fırıldaqları ilə məşğul olan Qobsek rüşvət kimi təkcə pul və qiymətli əşyalar deyil, heç əlinin ucu ilə də toxunmadığı, arı sürfələri və kif cücülərinə qonaqlıq vermək üçün qıfıl altda gizlətdiyi hər cür delikateslər də alırdı.

Balzakın povesti – siyasi iqtisad dərsliyi deyil. Yazıçı kapitalist gerçəkliyinin amansız dünyasını personajlar və onların içərisində olduqları situasiyaların realist təsviri vasitəsilə yaradır. Lakin dahi sənətkarın əli ilə cızılmış portret və təsvirlər olmadan həmin gerçək dünya haqqında təsəvvürlərimiz natamam və yoxsul olardı. Budur, elə həmin Qobsekin xrestomatik xarakteristikası:

Mənim sələmçimin çallaşmış kül rəngli saçları tamamilə dümdüz, həmişə səliqə ilə daranmış idi. Üz cizgiləri Taleyranınkı kimi donuq və soyuq idi, sanki tuncdan tökülmüşdü. Safsar (xəzlik heyvan – tərc.) kimi kiçik və sarı, demək olar ki, kirpiksiz gözləri parlaq işığa tab gətirə bilmirdi. Odur ki, o, gözlərini didilmiş kartuzun (qabağı günlüklü furajka, papaq – tərc.) böyük günlüyü ilə qoruyurdu. Çopurlardan kələ-kötür olmuş uzun bununun iti ucu burğuya oxşayırdı, dodaqları isə Rembrandt və Metsanın rəsmlərindəki kimyagərlər və köhnə qocalarınkı kimi napnazik idi. Bu insan çox sakit, yumşaq danışırdı, heç vaxt hirslənməzdi. Yaşı əsl tampaca idi "…" Bu, hər gün qurulan hansısa avtomat-insan idi. Əgər kağızın üstü ilə sürüşən məryəmqurduna toxunsaq, o, anidən dayanacaq və donub qalacaq; bax, bu insan da eynən söhbət edərkən qəfildən susar, pəncərə altından keçən fayton və ya arabanın səs-küyü yatanadək gözləyərdi, çünki səsini qaldırmaq istəməzdi. O, Fontenellini örnək alaraq, özündə bütün insani hissləri boğaraq həyat enerjisini qoruyub saxlayıb. Qədimi qum saatındakı qum necə səssizcə axıb tökülürdüsə, onun həyatı da eləcə sakitcə keçmişdi. Hərdən onun qurbanları hiddətlənib qəzəblə qışqırırlar, sonra qəfildən ölü sukutu çökür, sanki mətbəxdə ördək kəsirlər.

Bir qəhrəmanın xarakteristikası üçün bir neçə ştrix. Balzakda isə belə qəhrəmanlar minlərlə idi – hər bir romanda onlarla belə obrazlar var idi. O, gecə-gündüz yazırdı. Amma yenə də düşündüklərinin hamısını yarada bilmədi. "Bəşəri komediya" tamamlanmamış qalır. O, müəllifin özünü də yandırıb-yaxır. Cəmi 144 əsər planlaşdırılmışdı, heç 91-i yazılmadı.

Əgər belə bir sual verilsə ki, XIX əsrdə Qərbi Avropada ən böyük, qüdrətli və əlçatmaz şəxsiyyət kim idi, cavab tapmaq çətin olmaz! Bu - Balzakdır!

Zolya "Bəşəri komediya"nı "Vavilon qülləsi" ilə müqayisə edirdi. Müqayisə tamamilə məntiqlidir: və əslində, Balzakın siklopik (nəhəng, çox böyük - tərc.) yaradıcılığında nə isə əzəli-xaotik və bütün hüdudlar dışında nəhəng bir şey var.

Yalnız bir fərq var: Vavilon qülləsi dağılıb alt-üst oldu, fransız dahisinin əli ilə ucaldılmış "Bəşəri komediya"isə əbədi qalacaq.

Tarix
2014.12.19 / 08:00
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla