Yuxarı

“Allah, ölmək istəyirəm” - deyirdi…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allah, nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni,

bəndəni hansı gözlə görəcəksən?

Allah,

özüm gəlim,

ya kimisə göndərəcəksən?

Bu, Vaqif Səmədoğlunun son şeirlərindən biridir. Üzüntülü, ağrılı misralardı. Gözləntisi vardı. Yaşamaqdan yorulmuşdumu? Dünyasını dəyişdiyi gün yaşadığı binaya çatana qədər içimdən yaddaşımda qalan şeirlərindən parçaları səsləndirirdim:

Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...

Qayığın bir təhər üzməsi, indiki anlamda ömrünün son günlərini bir təhər keçirməsi demək idi.

Yaşadığı son mənzil, keçdiyi son küçənin üstündədir. Neçə illər əvvəl yazıb axı bu şeiri:

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...

Yaşadığı binanın həyətinə addımlarımı "yağdırıram". Sakitlikdir. Bir iki gənc narahat halda ora-bura tələsir, Vaqif müəllimin son dəfə havasını udduğu mənzilə düşüb-çıxır.

Qonşularından Alqış Həsənoğlu həyətdədir. Dalğın və fikirli haldadır.

- Səsini eşidirdim. Öskürürdü. Srağa gün blokun girişində qarşılaşdıq. Zarafat etdi. Sonra da yuxusuzluqdan şikayət elədi.

Alqış müəllim deyir ki, son vaxtlar təkcə şeirinin dili ilə yox, elə öz dili ilə də ölümü arzulayırdı: "Mənzillərimiz alt-üstdür. Axşamlar sakitlik olur, səsi divarı dəlib keçirdi, "Allah, ölmək istəyirəm", - deyirdi. Çox ağrıyırdı…"

Hər halda ta gənclik illərində ölümlə məzələnən, çiling-ağac, gizlənpaç oynayan Vaqif Səmədoğlu o qədər də soyuq olmayan bir qış günündə, yanvarın 28-də dünyasını dəyişə bildi. Ona görə "dəyişə bildi" deyirəm ki, şeirlərinin çoxunda o dünya deyilən məkana tərəf boylanırdı.

Öləcəyini sözsüz ki, bilirdi. Bu baxımdan şeirləri vəsiyyətlə doludur:

Yağışsa yağır, yağır,
isladır gecəni,
öləndə isti geyindirin məni.

Görmüşdüm, son vaxtlar isti geyinərdi. Həm təbiətin, həm də ömrünün qış fəsli idi axı.

- Səhər Anar müəllim gəlib, gedib. Şairin dəfni üçün Aparatla danışacaq, - bunu kim dedi, indi heç fərqində də deyiləm. Sadəcə, indi artıq bir-neçə saat olar ki, Allahın rəhmətinə qovuşmuş şairin misraları ilə baş-başayam:

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədi.

Daha vaxtın, zamanın necə keçməsi onun üçün maraqlı deyil. Səməd Vurğunun sonuncu övladı da həyatla vidalaşdı:

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.

Dünyanın çox yerlərində olmuşdu. Şeirlərindəki müasirlik, modern pıçıltılar onun ancaq Bakısız qala bilməyəcəyindən xəbər verirdi:

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

Arzusuna çatmağa doğru gəlirdi. Neçə arzusu görəsən gerçək olmamışdı? Amma uzun illər qabaq arzuladığı istək gerçək olurdu:

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...

Ağrılarını, iztirabını bu dünyada tapdı və son günlərin yuxusuzluğunu da, acı və ağrısını da elə özü ilə apardı, əbədi yuxuya getdi...

Bir-iki saat olardı ki, şairi aparmışdılar – son mənzilə hazırlıq gedirdi.

Bir az da keçir, şairin cənazəsini Təzəpir məscidindən gətirirlər. Son dəfə Bakıda yaşadığı sonuncu mənzilə qaldırırlar, sonuncu mənzilə yola salmaq üçün. Cənazəyə girmək istəyirəm. Dəfnlə bağlı hansısa xidmətin işçiləri imkan vermir:

- Siz keçin, narahat olmayın, biz özümüz, bu bizim işimizdir.

İşimizdir? Fikirləşirəm. Onu tanıyanlar, sevənlər kədər içində olduğu bir zamanda bəlkə bu işçilər iş tapdıqları üçün sevinir də elə... İnanmasam da, içimdən keçir bu hiss. Yox, əgər bu, doğrudan da belədirsə, demək ən çox sevinən şairin özü, onun ruhu olacaq:

Məzarıma

Nə başdaşı qoyun,

nə heykəl.

Bir cür ayaqqabı qoyun,

Ayağıyalın

Geyib getsin..

Nizami Cəfərov gəlir. Sifəti tutqundur. Bir-iki TV jurnalisti onu dövrəyə alır.

Sonra bizə yaxınlaşır. Görüşürük. Bir-birimizə başsağlığı veririk. Saatına baxır, "mənə bir az olar deyiblər", - deyir. Və sözsüz ki, söhbət Vaqif Səmədoğludan gedir. Qəribə xatirələrdi:

- Ölümlə məzələnirdi bu adam. Ömrünün axırına qədər zarafatından qalmadı. Bir dəfə Anar buna zəng edir ki, ay Vaqif, bu Əkrəm Əylisli harasa müsahibə verib, deyib ki, bir ailədən 3 nəfər xalq şairi, yazıçısı çıxmaz, bu, düzgün deyil və sair ağzına gələni danışır. Sənin və mənim ailəmi nəzərdə tutub. Həmişə mən cavab verirəm, bu dəfə də sən bir şey yaz. Vaqif müəllim də deyib ki, qoy 1-2 gün fikirləşim. Anar müəllim deyir ki, bildim, heç nə deməyəcək. 2-3 gün keçmişdi ki, Vaqifin anası Xavər xanıma fəxri ad verdilər. Vaqif zəng etdi: Ay Anar, Əkrəm sizi nəzərdə tutub, bizi yox, biz 4 nəfərik. Özün cavab ver.

"Vaqif müəllim intriqa adamı deyildi", - deyir Nizami müəllim, ardınca bir xatirə də söyləyir:

- Demək, mən Ağstafadan, Vaqif isə Qazaxdan deputat seçilirdik. Seçicilərlə görüşürdük. Qazaxın icra başçısı Əsədlə Vaqif müəllimin araları yox idi deyə, görüş sonrası Ağstafaya gəlirdi, orda çörək yeyib istirahət edirdik. Bir dəfə dedi ki, seçicilərlə görüş zamanı bir nəfər yaşlı kişi söz aldı:

- Vaqif müəllim, sizin atanız böyük kişi olub. Siz də bizim fəxrimizsiz, xalq şairimizsiz. Amma Qazaxa bir dənə də olsun xeyrin dəyməyib. Problemlərin içində boğuluruq. Mən neçə ildir müəlliməm, maaşım da ki az. Bu tərəfdən də 5 ildir ki, uşağa toy etmişəm, gəlinin uşağı olmur. Bir deputat olaraq nə edə bilərsiz?

Dedim ki, vallah, mən o maaş məsələsini həll edə bilmərəm. O biri iş mənlik ola bilərdi, amma mən də qoca kişiyəm...

Və əlavə bir neçə də xoş xatirə. Birini də Alqış dedi: "Evi təzə almışıq. Qonşular yığışdı, Musa Urud qabağa düşdü ki, bəs gəlin, bir fond yaradaq. Binanın qazına, suyuna nəzarət-zad. Vaqif dedi ki, Musa, mənə bel bağlamayın. Bu vaxta qədər 8 evim olub, hər birini bir arvada verib çıxmışam. Bunu da gördün verdim bu arvada getdim".

Dözümlü adam idi. Yeganə xalq şairi idi ki, valideyninə qarşı olan haqlı, haqsız tənqidə də dözə bilirdi, - onun haqqında belə deyənlər də çoxdur. Dözürdümü, yəni? Atasına böyük sevgisi olub:

Salam, ata, salam.
Bilirəm, arxamdasan.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
trolleybus gözləyirəm.
Trolleybusa minib,
sənin yanına
gələnə qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi...
Salam trolleybus,
əlvida ata.

İndi trolleybusun özünün yoxa çıxdığı, şəhərə əlvida dediyi bir vaxtda Vaqif müəllim dediyini etdi. Atasının yanına gələnə qədər yaşadı. Atasının, qardaşının uyuduğu məzarlığa qədər trolleybusda yox, onu sevənlərin çiynində gedir.

Dünyasını dəyişdiyi günün gecəsi isə bu sözləri yazmışdım:

"Vaqif Səmədoğlu həmişə ölümə tərəf boylanıb. Şeirlərinin, misralarının arasından baxıb. Axır ki, çatdı istəyinə. 50 il bundan qabaq yanvar gecəsində "Yaşamaq istəyirəm demişdi", düz 50 il sonra, yanvar səhəri yaşamına son qoydu. Bütün gecəni onun şeirlərini oxumuşam. Siz də oxuyun".

***

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

***

Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar...
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm.

***

Qış gələndə

qapımı ölüb gedənlərim döyür...

Baharda süstlüyə qarışır başım...

Yayla birgə

pulsuzluq alır

başımın üstünü,

bir də Günəş...

Payızda

bilmək istəyirəm

kim nə deyəcək

mən öləndə...

1969

Tarix
2015.01.31 / 09:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla