Yuxarı

Ərəb-İran savaşı başladı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə baş verən son hadisələrin fonunda mövqelərini kifayət qədər gücləndirməyə müvəffəq olmuş İran, ABŞ-la münasibətlərində son zamanlar müşayət olunan istiləşmə, Əsədin İŞİD faktoru səbəbi ilə arxa plana keçərək öz mövqelərini daha da möhkəmləndirməsi, eləcə də Qərbin başının Rusiyaya qarışdığı bir dönəmdə fürsətdən maksimum yararlanmaq qərarına gəldi. Və müntəzəm olaraq Yəmənin daxilində aktivləşdirilən Husilər faktorundan bəhrələnərək ərəblərin içinə doğru irəliləməyə cəhd göstərməkdədir.

Dəfələrlə qeyd etmişik ki, hazırda öz ətrafında kifayət qədər sağlam həlqə formalaşdrmağa müvəffəq olmuş İran Yaxın Şərqdə özünü təsdiq etməyi hədəfləyən bir qüvvə olaraq ilk növbədə ərəblərə özünü qəbul etdirməli idi. Suriya, post-Səddam dönəmindəki İraq və Hizbullahın Livanı buna kifayət etmirdi. Yəmən növbəti zəif bənd oldu. Və husilərin "Ənsərullah" adı ilə başlatdıqları hərbi-siyasi hərəkat yanvarda uğurla nəticələnsə də, bunun belə uzun müddət davam etməyəcəyi aydın idi. İlk növbədə ona görə ki, ərəblər artıq İrana "dur!" deməyin zamanı gəlib çatdığını anlamışdılar. Və gözlər ərəb liqasının hazırda lideri funksiyasını üstlənmiş Səudiyyə Ərəbistanında idi.

Yəmən Prezidenti Əbdürrabu Mansur Hadinin çağırışı isə səudların hərəkətə keçməsi üçün tutarlı əsas oldu. Ərəb yarımadası 100 hərbi təyyarə və 150 min əsgərlə sözdə "Ənsərullah" terror təşkilatı, əslində isə İranla müharibəyə başladı. O İranla ki, radikal təkfirçi qruplaşmalara görə Suriyada, "Hizbullah" amilinə görə Livanda, İŞİD və "Əl-Qaidə"yə görə isə İraqda varlığına göz yummağa məcbur olmuşdu.

Səudların hərbi əməliyyata başlamasına ilk dəstək Qərbdən gəldi. Gözlənilən idi. Ən azı iki vacib səbəbə görə: 1. Qərb İranın getdikcə artan çəkisi və eləcə də qiymətindən ehtiyat etməyə bilməz. İndi İran, Rusiyadan enerji asılığında olan Avropanın qurtuluş qapısıdır. Bu, məsələn, ABŞ-ın rəhbərlik etdiyi "5+1" formatını nüvə danışıqlarında rəsmi Tehrana daha loyal yanaşmağa məcbur edir - Tel-Əvivin bütün etiraz və hədələrinə rəğmən. Digər tərəfdən İraq və Suriyada dirəniş göstərən İŞİD-pro-səddamçı qüvvələrin qarşısında başlıca silahlı gücdür. Qərb birbaşa müdxilə etmir, etmək istəmir, Türkiyini isə bu müdaxiləyə məcbur etmək mümkün olmur. Demək ümid qalır kürdlərə və İrana. Amma Qərb meydanı İrana təhvil vermək də niyyətində deyil. Yəmən – İrana ərəblərin əli ilə yerini göstərmək imkanı verəcək; 2. Və nəhayət, Yəmənin özü ilə bağlı məqamlar. Bu ölkənin strateji mövqedə yerləşməsindən tutmuş Prezident Hadinin Qərb üçün önəmli bir isim olmasına qədər, vacib olan məqamları sıralaya bilərik.

Yəmən prezidenti radikal qruplaşmalara qarşı Qərbin əməliyyatlarına birmənalı şəkildə dəstək vermiş bir şəxs kimi xarakterizə olunur. Yəni, bir sözlə, Qərbin inanılmış adamıdır. Ərəblərin isə dəstəyi gözlənilən idi. Bunun öz siyasi-ideoloji səbəbləri var və bu səbəblərin ən başlıcası kimi ənənəvi məzhəbsəl sünni-şiə münaqişəsi fonunda islamda liderlik uğrunda tarixi Ərəb-Əcəm qarşıdurmasını göstərmək mümkündür. İslam coğrafiyasında bu qarşıdurmanın kökü dərindir və İran 1979-cu il inqilabından sonra bu qarşıdurmaya yeni bir çalar əlavə etməkdə idi. Ərəblər "ərəb baharı"nın nəticələrindən ayılmamış bir-bir ölkələrində baş qaldıran xaos və qarşıdurmaların fonunda güclənən İran kölgəsini gec fərq etdilər. Onların başı, məsələn, Misirdə, Tunisdə, elə Yəmənin özündə "İxvan-ül Müslimin"in axırına çıxmağa, Suriyada və İraqda baş qaldıran İŞİD faktorunun özü ilə birgə gətirmiş olduğu dəhşətlərin nəticələrini hesabamağa qarışdığı zaman İran İraqı ələ keçirmişdi, Suriyada möhkəmlənmişdi, Livandan isə "Hizbullah"ın dili ilə növbəti düşəcək ərəb qalasının Yəmən olacağına işarələr verməkdə idi. Yəmən bu baxımdan təkcə prinsip olaraq siyasi-ideoloji əhəmiyyət daşımır, eyni zamanda, iqtisadi qiyməti də böyükdür. Yəmən Oman dənizi ilə Qırmızı dənizin kəsişdiyi nöqtədə yerləşmiş, Şərqi Afrika sahillərini nəzarətdə saxlamaq imkanı ilə yanaşı, Sünni Ərəb dünyasının lideri və neft zəngini Səudiyyə Ərəbistanını cənubdan çevrələyən bir coğrafiyaya sahibdir. Bu səbəbdən Qırmızı dəniz-Oman dənizi-Bəsrə-Hörmüz istiqamətində işləyən enerji daşıma xəttinə nəzarət etməkdə və Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin edilməsi baxımından son dərəcə ciddi strateji əhəmiyyətə malikdir.

40 minə yaxın gəminin keçdiyi bu boğazın illik 2 trilyon dollara yaxın bir ticari həcmi var. Digər tərəfdən, Afrika ilə Asiya qitələrini bir-birindən ayıran bu boğaz dünya neft ticarətinin göz bəbəyi hesab edilir. 32 km uzunluğunda olan "Bab-ül Məndab" Qırmızı dənizi Hind okeanına bağlayır və məhz bu boğazdan on minlərlə gəmi Asiyadan Afrikaya keçə bilir.

Dünya neft ixracatının məhz yüzdə otuz faizi bu yolla aparılır. Və bu boğaz strateji əhəmiyyətinə görə Misir və İsrailin də xüsusi əhəmiyyət verdiyi məntəqə hesab edilir.

İçində Misir və Pakistanın da olduğu körfəzin onadək dövləti, birbaşa hərbi dəstək verəcəklərini bildirərək, səudlarla birlik nümayiş etdirməkdədirlər. Qərblə yanaşı, Türkiyədə də yeni yaranmış Ərəb koalisiyasına dəstək ifadə ediblər. İran isə ərəblərin liderliyi ilə yaranmış bu beynəlxalq koalisiyanın əslində özünə qarşı olduğunun fərqindədir. Lakin Yəməndən də geri çəkilmək niyyətində deyil. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin açıqlamasından da göründüyü kimi, "İran Yəməndəki krizisi nəzarətdə saxlamaq üçün sonadək əmək sərf edəcək".

Əslində, iranlı diplomatın "əmək sərf etmək" adı altında nəyi nəzərdə tutduğu aydındır. Ərəblər isə bu dəfə deyəsən, daha qətiyyətli görünürlər.

Və son olaraq: Təqribən 100 il əvvəl Yəməndə ərəblər ingilislərlə işbirliyinə girərək Osmanlını arxadan vurmaqla, türklərin 700 ildən artıq sürən Yaxın Şərq hökmranlığına son qoymuşdular. İndi eyni nəticəni İrana qarşı əldə edə biləcəklərmi?

Tarix
2015.03.27 / 01:01
Müəllif
Vüqar Zifəroğlu
Şərhlər
Digər xəbərlər

Sabah daha bir yol bağlanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla