Yuxarı

Papanın və Avropa Parlamentinin “görmədikləri”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya yalan üstündə qurulub deyirlər. Yox, mən buna inanmıram. Çünki yalanın ayaq tutsa da heç bir zaman yeriməyəcəyinə inandırıblar bizi.

Biz də o qədər inandıq ki, yeriyən yalanları görəndə onların yalan olmadığına özümüzü inandırmağa çalışdıq. Başqalarına aldandığımız yetmədi, hələ üstəlik özümüz də özümüzü aldatdıq.

Nəticə isə göz qabağındadı: yalanlar daha yerimir, artıq qanad açıb uçurlar...

Ərəblərin məşhur deyimi yadıma düşür: "Həqiqətlə yalan arasında (yəni göz ilə qulaq arasında) dörd barmaq məsafə var". Bizdə də təxminən belə bir deyim var: "Gördüyümə inanım, yoxsa eşitdiyimə?"

Nə isə, gündəmdə "soyqırım" söhbətidi...

papa yaxşı iş görmədi. Heç avropa parlamenti də.

Orfoqrafik qaydaları əsəbimdən pozdum, onların adını kiçik həflərlə yazdım. Yaxşı da elədim. Onsuz da onlar məlum bəyanat və qərarları ilə nə qədər cılız, nə qədər kiçik olduqlarını göstərdilər. Bütün dünya da gördü.

Və dünya ictimaiyyətinin tərəfsiz, vicdanlı hissəsinin bu tarixi saxtakarlığa qarşı etirazı başlandı. Bu öz yerində. Bu haqda çox yazılacaq, çox dartışılacaq.

Gündəmi qarışdıran budur ki,

papa və avropa parlamenti bütün ermənilərin səsinə səs verib, 100 il bundan qabaq guya hansısa erməni "soyqırımı"nın baş verdiyi iddiasında bulunurlar.

LAKİN

papa və avropa parlamenti müsəlman ölkəsi olan Azərbaycanın Xocalı şəhərində baş vermiş analoqu olmayan dəhşətli qətliamı görmür.

Fələstində günahsız müsəlmanların üzərinə yağdırılan fosfor bombalarını, sahildə top-topu oynayan uşaqların gülləbaran edildiyini görmür.

Bosniyada serblərin törətdiyi qırğınları, vəhşicəsinə öldürdükləri 8300 müsəlmanı görmür.

ABŞ-nın İraqda neftə görə öldürdüyü 2 milyon yarım günahsızı, Əfqanıstanda məhv etdiyi 200 min müsəlmanı, Vyetnamda öldürdüyü milyon yarım insanı, Yaponiyaya atdığı 2 atom bombasını, bunun da nəticəsində baş vermiş dəhşətli fəlakəti, məhv olmuş 400 min nəfəri, Amerika qitəsində özünə dövlət qurarkən kökünü kəsdiyi aborigen qırmızıdərililəri görmür.

İngilis "demokratiyasının" qonaqpərvər Avstraliya əhalisinin su quyularına zəhər atıb kütləvi şəkildə qırdığını, Hindistanda və Cənubi Afrikada törətdiyi vəhşilikləri, kütləvi qırğınları görmür.

Çinlilərin Şərqi Türkistan vilayətində qanına qəltan etdiyi on minlərlə uyğur türkünü görmür.

Fransanın Əlcəzairdə amansızcasına qətlə yetirdiyi milyon yarım müsəlmanı görmür.

Buddistlərin diri-diri yandırdıqları 200 min müsəlmanı, eləcə də müsəlman qadınlar üçün qurduqları təcavüz düşərgələrini də görmür.

Ruandada 21 il əvvəl (1994-cü il) məhv edilmiş 800 min günahsızı da görmür.

Liviyada, Suriyada, İraqda, Yəməndə, Fələstində və ümumilikdə Yaxın Şərq ölkələrində, müsəlmanların kompakt yaşadıqları istənilən ölkədə Qərbin əliylə alovlandırılan münaqişələri, saysız hesabsız terror aktlarını görmür...

Hansını deyəsən? Birdirmi, ikidirmi?

Yuxarıdakı bütün "görmür" sözlərinin hamısını kinayə ilə işlətmişəm, əlbəttə.

Yəni demək istəyirəm ki,

papa yalançıdır, saxtakardır, kölədir, alətdir; o, həqiqi xristian aləminin təmsilçisi deyil.

avropa parlamenti qlobal saxtakarlıqlara, bəşəri cinayətlərə, irqi ağalığa qanuni siyasi don geyindirmək üçün yaradılan bir qurumdur; ondan ədalət gözləmək - yalnız özünü aldatmaqdır.

...Bəli, o qədər özümüzü aldatdıq ki, daha bizi kimlərinsə aldatmağına ehtiyac qalmır.

Mən rasist deyiləm, humanistəm: zərurət olanda, bütün qərblilərdən kosmopolit ola bilirəm; riyakar deyiləm, ədalətpərəstəm: kiminsə haqqı məndə qalanda gecə yata bilmirəm; "vəhşi müsəlman" deyiləm, ürəyimdə Allah xofu var: bir qarışqa suya düşəndə, çöp uzadıb xilas edirəm.

Ancaq,

Ey insanlığın düşmənləri, sizin kökünüzü kəsməyə hazıram!

Tarix
2015.04.17 / 12:40
Müəllif
Əvəz Qurbanlı
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla