Yuxarı

“Rəsmiyyə Sabir olduğumu biləndə heyrətlənirlər”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Soraq" layihəsində:

Rəsmiyyə Sabirlə çoxdan idi ki, görüşmürdüm. Yox, o, heç də ölkəni tərk etməyib, paytaxtdadır. Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi katib vəzifəsində çalışır. Eyni zamanda da ali məktəb auditoriyalarında görünür, amma çoxdandır ki, ədəbi mühitdə nəzərə çarpmır desəm, yanılmaram. Bəlkə də, bu, belə deyil, amma bununla belə Rəsmiyyə Sabir imzasının sorağına düşdüm. Onunla "Soraq" layihəsində həmsöhbət olmaq üçün Elmlər Akademiyasındakı iş otağında səxavətlə açdığı çay süfrəsinin qonağı oldum. Sözarası işlərinin çox olduğunu demişdi, elə buna görə də ilk sualımı da bu istiqamətdə qurdum:

Heyrətdən məmnun oluram

- Elmi işlərin bədii yaradıcılığına nə qədər mane olur? Maşallah, gəncsən, amma vaxt tapıb ictimai işlərdə də öndə ola bilirsən, yorğunluq olmur ki?

- Təbii ki, elmi işlərim ədəbi yaradıcılığıma mane olur. Yaradıcılığa istədiyim qədər vaxt ayıra bilmirəm. Lakin şikayətçi deyiləm. Elm də yaradıcılıqdır. O ki qaldı sualın ikinci hissəsinə, əslində yoruluram, lakin gördüyüm işlərdən zövq aldığım üçün yorğunluq arxa plana keçir.

- Sən daha çox şairsən, yoxsa iqtisadçı alim? - sualımla xanım şairənin özünü hansı sferada daha rahat hiss etdiyini öyrənmək istədim.

- Bu sualı mənə tez-tez verirlər. Rəsmiyyə Sabiri tanıyan insanlar iqtisadçı, həm də iqtisad üzrə fəlsəfə doktoru, dosent olduğumu biləndə təəccüblənirlər. Bəzən iqtisadçı Rəsmiyyə Abdullayevanı (Əşrəfova) tanıyanlar da mənim yazar Rəsmiyyə Sabir olduğumu biləndə heyrətlənirlər. Düzünü desəm, bu heyrətdən məmnun oluram. İnsanları yaxşı nəsnələrlə heyrətləndirmək gözəldir. Çünki artıq "bilik iqtisadiyyatı", "kreativ iqtisadiyyat", "informasiya iqtisadiyyatı" əsrində yaşayırıq. İnsanları yaxşı nəsnələrlə təəccübləndirmək çox çətindir. Mən həmişə deyirəm ki, şair doğulurlar, iqtisadçı olurlar. Hər halda çalışıram yaxşı alim, yaxşı yazar olum.

- Ümumiyyətlə, hansı işlərlə məşğulsan? Nə qədər ictimai işlərlə gözə dəysən də, görünmürsən əvvəllərə baxanda...

- Hazırda Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda elmi katib vəzifəsində çalışıram. Çox məsuliyyətli və ağır işim var. Vaxtımın çoxu buna sərf olunur. Ali məktəbdə dosent olaraq çalışıram. Çoxlu sayda bakalavr, magistr və doktorant hazırlayıram. Elmlər doktorluğu üzrə dissertasiya işinin üzərində çalışıram. Üstəgəl yaradıcılıq. Ən əsası ailəm və qızım. İndi sualın cavabı aydındır, məncə.

Rəsmiyyənin elmi labarotoriyadan yaradıcılıq masasının arxasına gətirməyin lazım olduğunu düşünürəm. Mənə elə gəlir ki, xanım yazar elm sahəsindən bəhs edərkən həddindən artıq ciddi görünür:

O insanları görmək çox xoşdur

- Əvvəllər bəstəkarlar şeirlərinə tez-tez müraciət edərdi, indi necədir, alim olduqdan sonra onlarla az-az təmas qurursan, deyəsən.

- Yox, niyə ki? Mənim 100-dən çox şeirimə mahnı bəstələnib. Azərbaycanın ən gözəl ifaçıları da o mahnıları oxuyub. Hətta mənim şeirlərimə yazılan mahnılardan ibarət disk və kaset də işıq üzü görüb. Mən bütün mahnı mətnlərimi bir kitabda - "Unutdun məni"də cəmlədim. İndi də şeirlərimə musiqi bəstələnir, lakin düz deyirsən, bu, əvvəlki qədər deyil. Çünki əvvəllər "balvanka", yəni musiqiyə söz yazardım, indi buna vaxtım yoxdur. Həm də indi mahnıların çoxu peşəkarlar tərəfindən yazılmır. Bu da bayağı mahnıların yaranmasına səbəb olur. Bir də görürsən, söz, musiqi, ifa – hər üçü eyni adama aiddir. Nəticə də uğursuz olur. Bir neçə dəfə səsləndikdən sonra unudulur bu mahnılar. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mənim sözlərimə yazılan elə mahnılar ("Unutdun məni", "Uzaqda", "Əlvida", "Cəmilə", "Unuda bilməyəcəksən", "Aldatmayaq" və s.) var ki, onlar illərdir oxunur və oxunacaq da. Məncə, hər bir işi peşəkar görməlidir.

Bəlkə, xanım yazarı provokasiyaya çəkim, deyə fikirləşirəm:

- AYB-nin divarları arasında görünmürsən, küsməmisən ki?

- Niyə, bu yaxınlarda iki tədbirdə iştirak etdim. Tanınmış şair, publisist, tərcüməçi Anna Bartkulaşvilinin kitablarının təqdimatını keçirtdik. Bundan başqa, Türk Dünyasından gələn qonaqlarımızla birlikdə bir simpoziumda iştirak etdik. Sadəcə, vaxtın azlığından tədbirlərin çoxuna qatıla bilmirəm. Mən AYB-nin üzvü olmaqla yanaşı, həm də "Ulduz"un redaksiya heyətinin üzvüyəm. Ara-sıra vaxtım olanda çalışıram tədbirlərdə iştirak edim. AYB-də çalışanlar arasında çox dəyər verdiyim insanlar var. Ən azından ora gedəndə o insanları görmək çox xoşdur. Həm də hər yaşın özünün qanunauyğunluqları var. İndi işlərim, qayğılarım daha çoxdur.

Həyat kin saxlayacaq qədər uzun deyil

- Ümumiyyətlə, küsməyi necə, bacarırsan?

- Təbii. Ataların yaxşı sözü var. "Uman yerdən küsərlər". Mən də bu cür düşünənlərdənəm. Ancaq kinli adam deyiləm. Şair qəlbi kövrək olur. Bir xoş sözlə də bütün umu-küsünü unuda bilərəm. Ümumiyyətlə, xaraktercə, məni tanıyanlar bilir, səbirsiz olsam da, kin saxlamaq mənə görə deyil. Həyat kin saxlayacaq qədər uzun deyil. Qısa ömrü gözəl olan şeylərlə bəzəmək lazımdır.

- Səncə, ədəbiyyatımızın başına dolananlar çoxdur, yoxsa başını ədəbiyyatla qatanlar?

- Məncə ikinci. Ədəbiyyatın başına dolanmaq fanatiklərin işidir, onların da sayı bəllidir ki, çox olmur.

Ədəbiyyatı kütlə deyil, fərdlər yaradır

- Qadın yazarlarımızın çoxunda ədəbiyyat ulduzu olmaq həvəsi güclənməkdədir. Səncə, onlar ədəbiyyata bir şey verə bilir?

- Ədəbiyyatda cins bölgüsü aparmağa qarşıyam. Həmişə bu fikirdə olmuşam və bu fikirdə də qalıram. Ədəbiyyatda zəif, güclü (istedad anlamında) yazar anlayışı olmalıdır, nəinki kişi və ya qadın yazar. Yazarın qadın olması onun istedadının azlığına bəraət qazandırmamalıdır. Azərbaycan ədəbiyyatında kifayət qədər istedadlı yazarlar, o cümlədən də qadınlar var və onlar ədəbiyyata xidmət edirlər.

- Kişi yazarları ona görə soruşmadım ki, həmcinslərinin axınına münasibəti bilmək istədim.

- O ki qaldı kütlə halında ədəbiyyata gəlməyə. Buna yaxşı baxmıram. Ədəbiyyatı kütlə deyil, fərdlər yaradır. İndi təkcə ədəbiyyata deyil, musiqiyə də kütləvi axın var. Bu cür kütləvilik keyfiyyətə xələl gətirir. O şeylər ki, asanlıqla əldə olunur, o zaman istənilən keyfiyyət olmur. Əvvəllər çox az sayda oxuyan vardı, ancaq hamısı bir-birindən gözəl səslər idi. Diqqət edin, Anatolu Qəniyev, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə və s. Hər birinin səsinin rəngi var. İndiki səslərin çoxunun rəngi yoxdur. Doğrudur, indi də gözəl səsli müğənnilərimiz var, ancaq azdır.

O insanlar xoşbəxtdir ki...

- Sən ciddi xanımsan, yerini bilənsən. Bəs oxucuların, qələm dostların yazar olaraq sənə dəyər və yer ayıra bilirmi?

- Mənim çox gözəl dost çevrəm var. Siz də onları tanıyırsınız. Azərbaycanımızın ən istedadlı və vətənpərvər gəncliyidir onlar. Bir-birimizə dəyər verdiyimiz üçün dost, hətta ondan da ötə, bacı-qardaş olmuşuq. Ən çətin və xoş anlarımızı, uğurlarımız, itkilərimizi paylaşa bilirik. Belə bir deyim var: "Həyat paylaşdıqca gözəldir". O insanlar xoşbəxtdirlər ki, onların yanında səmimi, təmənnasız dostları var. O ki qaldı oxucularıma, bu haqda da şikayətim yoxdur. Bəzən deyirlər ki, indiki nəsil kitab oxumur, ədəbiyyata həvəs göstərmir. Bu fikirdə müəyyən qədər həqiqət var, lakin zamanı da nəzərə almaq lazımdır. Əvvəldə də dedim, "informasiya iqtisadiyyatı" əsrində yaşayırıq. Təbii ki, bəzi şeylər dəyişəcək. Müasir nəsil informasiyanı daha çox internetdən alır. Şeirləri orada paylaşırlar, münasibət bildirirlər. Dəfələrlə təsadüfən gənclərin mənim şeirlərimi paylaşaraq münasibət bildirdiklərini görmüşəm. Bu, məni çox sevindirib.

Rəsmiyyə xanımın bir müddət siyasətlə məşğul olması da yadıma düşür. Cavablarında da bu hiss olunur, mənim verdiyim suallara verilən cavablar ciddiliyi ilə yadda qalır. Amma olsun, yenə də istədiyimi almaq niyyətindəyəm, qarışdırıcı suala üstünlük verirəm:

- Səncə, ədəbi aləmdə yaşlı nəsil gənclərə yer göstərib, yaxud onlara öz yerlərini tapmaq üçün şərait yaradıbmı?

- Yeri heç kəs heç kəsə verməməlidir, o yeri sən özün istedadınla və zəhmətinlə qazanmalısan. Təbii ki, ədalətli rəqabət mühitində. Təkcə ədəbiyyatda deyil, həyatda da özün o yeri qazanmalısan ki, sonradan orada qərar tuta biləsən. Yaşlı nəsil hamıya deyil, bəzilərinə şərait yarada bilər. Təəssüflər olsun ki, bəzən istedadlıya yox, istedadsızlara şərait yaradılır. Bu zaman ədəbiyyat itirir, kimlərsə qazanır.

Tarix
2015.07.27 / 09:19
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla