Ana səhifə Toplum |
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun www.sim-sim.az mədəniyyət portalının təqdimat mərasimi keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə jurnalistlər, ictimaiyyət nümayəndələri, elm adamları iştirak edib.
Tədbiri açan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov əvvəlcə Fondun tarixindən və fəaliyyət istiqamətindən danışıb:
"Yaradıcılıq Fondunun məqsədi yardım, kömək, xeyriyyədir. Mədəniyyətin bütün sahələrində fəaliyyət göstərən şəxslərə kömək etmək bizim amalımızdır. Son illər ölkəmizdə tolerantlıq, multikulturalizm meyilləri özünü daha qabarıq şəkildə göstərir. Bizim məqsədimiz bu tolerantlığı sistemli şəkildə insanlara çatdırmaqdır".
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bildirib ki, balaca və eyni zamanda, böyük ölkəmizdə unudulmuş genlərin canlanması müşahidə olunur:
"Multikulturalizm, tolerantlıq, digər xalqlara münasibət bütün sferalarda özünü qabarıq büruzə verir. Bu, ölkə başçımızın ideoloji hədəflərindən biridir. Multikulturalizm bizim tariximizdə, xislətimizdə, qanımızda var. Yeni mədəniyyət portalımız özündə bunları və renesansı əks etdirəcək".
Akademik Kamal Abdulla mədəniyyət portalının çoxistiqamətli fəaliyyətindən və çoxşaxəli planlarından danışdıqdan sonra yaxın gələcəkdə işıq üzü görməsi planlaşdırılan 3 kitabdan da bəhs edib:
"Multikulturalizm əslində bizim tariximizdə özünü göstərir, millətimizin xarakterindədir. Bizim ən dahi yaradıcılarımız öz fəaliyyətlərində bunu büruzə veriblər. Məsələn, Nizami Gəncəvi Afaqa necə aşiq ola bildi? Nəsimi, Füzuli ətrafdakılara tolerant və böyük məhəbbətlə yanaşırdı. Nəsimi erməniyə şeir həsr etmişdi. Füzulinin Nofəl səhnəsi ən böyük multikulturalizm nümunəsi hesab oluna bilər. Daha sonralar bu multikulturalizm çalarları müasir ədəbiyyatçılarımızda, o cümlədən Hüseyn Cavid yaradıcılığında öz əksini tapdı. Bütün bunlar bizim yaxın gələcəkdə işıq üzü görəcək üç kitabımızda cəmləşəcək. Onlardan biri "Azərbaycan multikulturalizmi: ədəbi-bədii qaynaqlar" olacaq. Burda multikulturalizmin ədəbiyyatımızda tutduğu yer və oynadığı rol araşdırılacaq. Digər iki kitab isə "Azərbaycan multikulturalizminin siyasi qaynaqları" və "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi qaynaqları"dır.
Yeni mədəniyyət portal ilə bağlı iştirakçılar da təbriklərini çatdırıb. Uğurlar arzulayıblar.
Qeyd edək ki, "sim-sim.az" portalına şair Qismət rəhbərlik edəcək.
Tarix
2015.09.09 / 14:22
|
Müəllif
Rəfiqə Əlisəfa, Əli Taleh
|