Ana səhifə Gündəm |
Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri tanınmış kimyaçı alim Nadir Seyidovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.
APA-nın məlumatına görə, başsağlığında deyilir:
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Respublikanın
tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü, kimya elmləri doktoru, professor
Nadir Mir İbrahim oğlu Seyidov 2015-ci il oktyabrın 5-də ömrünün
84-cü ilində vəfat edib.
N. Seyidov 1932-ci il aprel ayının 28-də Naxçıvan şəhərində anadan
olub. Orta məktəbi bitirdikdən sonra o, 1950–1955-ci illərdə ali
təhsilini Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində
alıb. N. Seyidov 1957–1960-cı illərdə Azərbaycan Elmlər
Akademiyasının Neft İnstitutunun aspiranturasında oxuyub.
Əmək fəaliyyətinə 1955-ci ildən etibarən Ümumittifaq Elmi Tədqiqat
Olefinlər İnstitutunda başlayan N. Seyidov 1961-ci ilədək burada
laborant, kiçik elmi işçi, bölmə rəhbəri və şöbə müdiri,
1961–1992-ci illərdə İnstitutun "Elastomerlər" laboratoriyasının
müdiri, 1992–1994-cü illərdə "Elastomer" kiçik müəssisəsinin
direktoru, 1995–1997-ci illərdə Elmi İstehsalat Olefinlər
İnstitutunun elmi işlər üzrə direktor müavini olub, 1997–2008-ci
illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya
Prosesləri İnstitutunda çalışıb. O, eyni zamanda 2007–2013-cü
illərdə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsi
katibinin müavini və akademik-katibi vəzifələrini tutub, 2013-cü
ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının
Neft-Kimya Prosesləri İnstitutunda işləyib.
N. Seyidov 1960-cı ildə neft kimyası ixtisası üzrə namizədlik,
1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1971-ci
ildə professor elmi adını alıb. O, 1989-cu ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Akademik N. Seyidov neft-kimya sintezi və yüksək molekullu
birləşmələr sahəsində fundamental araşdırmaları ilə tanınırdı. Onun
tədqiqatlarında bu sahənin ən aktual məsələləri öz elmi həllini
tapmış və alınan nəticələr yüksək praktik əhəmiyyəti ilə
səciyyələnib. Alimin rəhbərliyi altında yeni sintetik kauçukların
istehsal texnologiyası və onların sənayedə tətbiqi üçün tövsiyələr
işlənib hazırlanıb, eləcə də sintetik yağlar və aşqarlar alınması
istiqamətində geniş tədqiqat işləri həyata keçirilib. Neft-kimya
prosesində istifadə edilən, yüksək səmərəliliyə malik bir sıra yeni
katalizatorların alınması və tətbiqi N. Seyidovun adı ilə
bağlıdır.
N. Seyidov 350-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın,
16 xarici patentin müəllifi idi. O, elmi nailiyyətlərinə görə
100-dən çox müəlliflik şəhadətnaməsinə layiq görülüb. Alimin
130-dan artıq əsəri müxtəlif ölkələrdə nəşr olunub və mütəxəssislər
tərəfindən yüksək diqqətlə qarşılanıb.
N. Seyidov səmərəli elmi yaradıcılıqla yanaşı, indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində və Bakı Dövlət
Universitetində uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul
olaraq kimya elmləri sahəsində yüksək ixtisaslı kadrların
hazırlanması işinə böyük töhfələr verib. Onun rəhbərliyi ilə 40-a
yaxın elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsi alıb. Alim
çox sayda mötəbər beynəlxalq simpozium və konfranslarda Azərbaycan
elmini layiqincə təmsil edib.
N. Seyidovun məhsuldar elmi və pedaqoji fəaliyyəti yüksək
qiymətləndirilib. O, bir sıra orden və medallarla, həmçinin
ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərinə görə müstəqil
Azərbaycanın ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif
edilib.
Tanınmış alim, gözəl pedaqoq və səmimi insan N. Seyidovun xatirəsi
onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Mikayıl Cabbarov
İbrahim Quliyev
İsa Həbibbəyli
Tofiq Nağıyev
Dilqəm Tağıyev
Rəfiqə Əliyeva
Abel Məhərrəmov
Vaqif Fərzəliyev
Vaqif Abbasov
Akif Əzizov
Fuad Əliyev
Məhərrəm Məmmədyarov
Kamil Sadıxov
Musa Rüstəmov
Ağadadaş Əliyev
Tarix
2015.10.05 / 18:42
|
Müəllif
Axar.az
|