Axar.az yazıçı Kamal
Abdullanın yeni "Sağlıq" hekayəsini təqdim edir:
***
İndi də elə bu məclisin sonuna yaxın həmən ətürpədən əndiribadi
fikir yenə gəlib ox kimi onun beyninə sancıldı. Bədənindən, elə
bil, elektrik cərəyanı buraxdılar, bütün vücudu gizildədi və o, bir
neçə anlığına ətrafındakılardan ayrıldı. Başqa bir məkanamı düşdü?!
Bir onu bildi ki, diksinən kimi oldu. Yuxuda olur bu cür, elə bil,
boşluğa yuvarlanırsan, uçunursan. İnanılası deyildi, amma onun özü
heç istəməzdi ki, son zamanlar tez-tez beyninə girib onu beləcə
həyəcanlandıran bu əndiribadi fikir həqiqətə çevrilsin. Belə ola
bilməzdi, amma kim bilir?! Ortada xeyli kiçik gerçəklik faizi ola
bilərdi. Və bu onu qorxudurdu.
Fikir isə bundan ibarət idi: o, heç zaman ölməyəcək.
…Məclis həmişə olduğu kimi hay-küylə keçirdi. Yeddi nəfər sadiq
orta məktəb dostu — 8 "b" sinfinin köhnə şagirdləri artıq qırx il
olardı ki, ayda bir dəfə, iki dəfə görüşüb beləcənə asudəlik içində
yeyib içir, boyat xatirələri isidib neçənci dəfə delikates kimi
bir-birinə sırıyırdılar. Bu restorana da artıq alışmışdılar —
xudmani, ayrıca otaq, televizor, demək olar ki, ev şəraiti… Nə
vacib işləri olsaydı belə bu məclislər həmişə tam heyətlə keçərdi,
onları buraxmaq olmazdı.
— Yox, sənin yadından çıxıb. Keçən dəfə belə
danışmırdın…
— Bilə-bilə axırını dəyişdirir. Sərf eləmir axı…
— Xeyir, vallah yox. Axırda axı mən özüm boynuma aldım ki, topu
məktəbə mən gətirmişəm. Özüm dedim. Hamınızın yanında dedim. Dedim,
demədim? Dedim.
— Özün demədin.
— Dedi, amma elə dedi ki… Arif əsl istintaq qurmuşdu…
— Arif müəllim otuzdurdu səni yerinə. Hələ "muçenik" elədi
səni.
— Bəli, bəli, həzərat. Mənim yaxşı yadımdadı. Dedi ki, sən
başqasının günahını boynuna alırsan. O cür ustalıqla sən ki dedin o
sözləri.
— Mən neyniyə bilərdim? Boynuma aldım, inanmadılar.
— Almasaydın, ondan yaxşı idi…
Bu "top" məsələsi uzun illərdi qaranlıq bir keçmişdə qalmış
məktəb illərinin əziz yadigarı idi. Onlar bu yarıdedektiv hadisənin
hər ştrixini, hər hərəkətini ciddi şəkildə dönə-dönə təhlil
etməkdən yorulmurdular.
Məsələ isə bundan ibarət idi. Çiskin bir payız günü Etimad sinfə
top gətirmişdi. Böyük tənəffüs zamanı 8 "b"-nin oğlanları sinifdəki
qızları çığırda-çığırda dəhlizə çıxartdılar. Birinci cərgədəki
partaları arxaya sürütdədilər. Balaca meydança alındı. İki dəstəyə
bölündülər. Oyun təzəcə qızışırdı. Birdən heç kimin gözləmədiyi
halda kim idisə topa elə bir zərbə vurdu ki, top gedib düz
pəncərənin ortasından dəymədimi, dəydi. Pəncərə şaqqıltıyla ortadan
sınıb çilik-çilik olmadımı, oldu. Hamı yerindəcə quruyub qaldı.
Şüşə qırıntıları məktəbin həyətinə, gediş-gəlişin gur yerinə
parıldayan yağış damlaları kimi yağmağa başladı. Həyətdən keçənlər
diksinib yana çəkildilər. Bir nəfər cır səslə aşağıdan
qışqırdı:
—Vəhşixanadı, məktəb deyil ki… Vəhşidilər bunlar!!
Vələdüznadılar!!
Beş dəqiqə keçmədi ki, əlində yekə bir şüşə parçası tutmuş cır
səsli, balacaboy, üzündəki sevinc dolu o mənfur ifadəni heç cür
gizlədə bilməyən kişiylə məktəbin direktoru Sona müəllimə hövlnak
sinfə daxil oldular. Sona müəllimənin rəngi ağappaq idi, otağa
ötəri göz atan kimi məsələni əlüstü başa düşdü. Uşaqların üzlərinə
belə baxmadı, amma əllərini, ayaqlarını xüsusi diqqətlə gözdən
keçirdi. Arxayın oldu ki, əli, qolu, ayağı yaralanan yoxdur. Sonra
acıqlı-acıqlı şüşəsi sınıq pəncərənin yanına keçib aşağı boylandı,
başını çoxmənalı şəkildə buladı. Yəni, "Görün, mən sizin başınıza
nə oyun açacam…" Cır səsli kişi əlində bayraq kimi tutduğu şüşə
parçasını xüsusi əda və səliqəylə jurnal stolunun üstünə qoydu.
Sona müəllimə məktəbin rəsm müəllimi cavan, enerjisi fontan vuran
Arif müəllimi sinfə çağırtdırdı:
—Neynirsən elə, amma öyrən gör, bu topu bu məktəbə kim
gətirib.
Top sinfin ortasında yetim uşaq kimi atılıb qalmışdı. Elə bil,
cüzamlı idi, heç kim ona yaxın durmaq istəmirdi. Top tərəfə baxan
belə yox idi.
— Baş üstə! — Arif müəllim bütün bədənini sim kimi dartıb
əllərini əskərlər kimi yanına sıxdı. Cır səsli kişinin də bədəni
onun kimi tarıma çəkildi.
Bundan sonra isə müsibət başladı. Arif müəllim sinifdə əsl
istintaq qurdu.
… —Allah üzümüzə baxmışdı ki, o alçağın başına düşməmişdi o
şüşə. Yadınıza gəlir nə boyda idi əlindəki şüşə parçası?!
— Bayraq kimi əlində tutub sinifə girəndə mən bilirsən, necə
qorxdum…
— Sona müəllimənin rəngi ağappaq olmuşdu… — Zakirin gözləri o
uzaq günü yada saldığından, ya da içdiyi arağın təsirindən —
süzülüb getdi.
— Fasilə edəcəyik, yoxsa?.. Bu top söhbəti qurtarmadı?! — Hənifə
birdən-birə darıxdı.— Plastinkanı dəyişin…
Hənifə demək istəyirdi ki, söhbəti dəyişin.
— Neynirsən sən fasiləni? — Vahid qaşlarını bərk-bərk çatıb ona
tərs bir baxış atdı. — Yedin, doydun?
— Həri, çay içmək istəyirəm, olmaz?! — Hənifə günahkar adamlar
kimi məlul-məlul dilləndi.
Stolun üstündəki yeməklər yeyilib qurtarmamışdı. Sonuncu araq
şüşəsi yarıdan çox dolu idi. Altı nəfərə "əlli-əlli" rahat vura
bilərdilər.
— Bunu da içək, sonra keçək çaya. Nə deyirsiz?! Çay olacaq?
Deyirlər ki, olacaq… — Malik əlini araq şüşəsinə uzatdı.
— Mən süzərəm. — Vahid özü içmirdi, amma adamları içirtməyi
sevirdi. Şüşəni Malikdən alıb altı nəfərin hər birinə, təbii ki,
özündən başqa, misqal dəqiqliyilə araq süzdü. — Olacaq, çay da
olacaq, tort da olacaq…
Kamran qəfildən ayağa qalxdı. Bu o zaman baş verdi ki,
ölümsüzlük haqqındakı həmən əndirabadi fikir gəlib onun beyninə
artıq girmişdi. O sağlıq demək istəmirdi. Amma fikrini
dəyişdi.
Məclisdə isə ara qarışıb məzhəb itmişdi. Hərə öz kefində
idi.
Zakir Etimada nəsə deyib onu güldürməyə çalışırdı, amma Etimadın
dodağı da qaçmırdı. Hənifə əlində pult diqqətlə televizorun
kanallarını bir-birinə qarışdırmaqla məşğul idi. Malik sağa-sola
baxıb, elə bil, kimisə axtarırdı, öz-özünə nəsə deyirdi, dodaqları
səssiz-səssiz tərpənirdi. Muradla Vahid pıçıldaşırdılar. Nəhayət,
hamı bir-birinə baxa-baxa başa düşdü ki, Kamran, deyəsən, danışmaq
istəyir, hətta bununçün ayağa belə qalxıb. Kamran isə səssizcə, bir
az da ədalı-ədalı ayaq üstdə durub gözləməyində idi. Buna
deyərdilər, qəd tutub. Yavaş-yavaş hamı sakitləşdi və ortalığa
sükut çökdü.
Etimad köksünü ötürüb yavaş və kədərli səslə dedi:
— Buyur, qardaş. Son söz qoy sənin olsun. — Etimad "son söz"
dəlisi idi. İndi də, elə bil, əziz tikəsini boğazından kəsib
Kamrana verirdi.
— Belə… Əzizi-mənlər! Mənim bir sağlığım olacaq. — Kamran sözünə
belə başladı.
Amma elə o dəqiqə onun sözünü yenidən hay-küylə kəsdilər. Çünki
Zakir yavaşdan "ha-ha-ha" eləyib göz-qaşını oynada-oynada barmağı
ilə Hənifəni ona- buna göstərməyə başlamışdı və bu şəkildə onun
oğrun-oğrun başqa bir işlə məşğul olduğunu "ifşa" edırdi.
— Sakit. Qulaq asın. Səbətnən gilasın nağılı deyil… Kişi söz
danışır… Bəsdi, televizorla oynadın… Böyümədi də bu adam. Bu
gün-sabah əlli yaşın olacaq… — Camaat hamı birdən-birə Hənifənin
üstünə düşdü. O isə televizorun səsini alıb indi də kanalları
rəngli mənzərələr kimi bir-birinə vurub keçirdi. Aydın məsələ idi —
intim axtarırdı. Pultu onun əlindən zorla aldılar.
Kamran təhər-tövrünü pozmadan sözünə davam elədi:
— Əzizi-mənlər! — Bu, onun sevimli xitabı idi. — Biz ki, ayda
bir dəfə, iki dəfə bu gözəl məkanda toplaşırıq, məclis qurub bu
günkü kimi yeyib içirik, deyib gülürük, ötən günləri yada salırıq,
eyni əhvəlatları az qala hər dəfə eyni həvəslə bir-birimizə ilk
dəfəymiş kimi danışırıq — bunun qiyməti — kim nə deyir, desin,
mənim gözümdə milyondu. Məktəb illərinin qiyməti yoxdu.
— Topu kim gətirmişdi, cəzanı kimlər çəkdi…
Hənifə ortaya bir atmaca atdı, eynən həmən top kimi və bu zaman
Kamrana elə gəldi ki, o zaman topu pəncərəyə vurub şüşəni sındıran
da elə bu Hənifənin özü olmuşdu. Hənifənin atmacasına reaksiya
verən olmadı.
— Mənlik deyil…— Yalnız Etimad atmacaya ciddən etiraz
elədi.
Kamran yenə müəmmalı və ədalı şəkildə susub gözlədi. Murad
çəngəllə stəkanı döyəclədi.
— Xamuş! Bir susun, görək bu adam nə deyir…
— Bu adam onu demək istəyir ki, — Kamran Murada minnətdarlıq
dolu bir təbəssümlə baxdı. — Bizim bir-birimizdən ayrı kimimiz
var?! Heç kimimiz yoxdu. Birimiz ağıllıyıq, birimiz dəliyik.
Birimiz etibarsızıq, birimiz hələ də uşaq qalmışıq. — Kamran əli
ilə yanında oturmuş Hənifənin başına tumar çəkdi. — O birimiz
qırdı-qaçdı… Əgər biz ağlımız kəsəndən sonra bir-birimizi tapıb
dost olsaydıq, bu isə mümkün deyildi, hər baxan düz deyərdi ki,
bunların ağlı həqiqətən yoxdu. Bu adamları axı bir-birinə heç nə
bağlamır… Bunlar niyə dost olmalıdılar?! Bəs o zaman belə bir sual
ortaya çıxır. Biz nə üçün bu günə kimi bir yerdəyik?! Və nə üçün
bizim bizdən başqa bir kampaniyamız yoxdur?! Razısız mənimlə?
— Maraqlı söhbətdi… — Ehtiyatı əldən verməyən Vahid ağır-ağır
dilləndi. "Bu hara yozur görəsən?"
Kamran isə davam elədi:
— Mən bilirəm ki, ağlım kəsəndən sonra, məsələn, Hənifə kimi…
adama ömrüm boyu "tamah" salıb dost olmazdım. Yox eee… Mənim
qərdeşimdi o… — Kamran məzəli bir ahənglə sözünü zarafata
çevirdi.
— Adamdı o?! — Zakir məsələni ciddi qəbul etdi.
— Heç gör mən səni yaxına buraxırdım?! Filosofa bax… — Hənifə də
söz altında qalmadı, xasiyyəti belə idi, hökmən bir cavab tapıb
deməliydi.
— Hə… — Kamran Hənifəyə cani-dildən məhəbbətlə baxdı və Hənifəni
uşaq kimi əzizlədi. — Qərdeşimdi bu mənim… — Sonra Kamran yenə əsas
mövzuya qayıtdı. — Nə isə… Bəs biz niyə bir-birimizdən əl çəkə
bilmirik, qırx ildi bir yerdəyik?! Birinci sinifdən bu günə qədər
qırx il… Bir-iki ilə əlli yaşımız olacaq…
— Hənifənin iyirmi yaçı olacaq… — Bu da Malikin əsas
zarafatlarından idi.— O axı inkişaf eləmir… Onda deqradasiyadı.
— Qoyun sözümü qurtarım, sonra qırın bir-birinizi… — Kamran
gördü ki, Hənifə əlini gizlicə su dolu stəkana sarı aparır. Suyu
Malikin üzünə çırpmaq istəyirdi. Kamran ərklə onu birəlli də olsa
qucaqlayıb stəkanı götürməyinə mane oldu və dayanmadan sözünə davam
elədi:
— Öz sualıma özüm də cavab verirəm. Biz niyə bu günə qədər bir
yerdəyik? Çünki bu, bizdən asılı olmayıb. Allah gətirib bizi
bir-birimizin yanına. Bax, bu mənim qərdeşim Hənifəni birinci
sinifdə oturdub mənim yanımda. Mənim seçki imkanım olmayıb.
Olsaydı…
Zakirin yadına Füzuli düşdü:
— Olsaydı, mənim bir ixtiyarım, olmaz idi səndən özgə yarım…
Ha-ha-ha…
Bu yersiz gülüşdən dərhal sonra Zakir ciddiləşib Zərbəli
müəllimi xatırladı:
— Allah Zərbəli müəllimə rəhmət eləsin.
Söhbət yenə də məcrasını dəyişdi.
— Allah hamısına rəhmət eləsin. Allah Rübabə müəlliməyə, Sona
müəlliməyə, Nabat müəlliməyə…
— Arif müəllim… — Bu, Etimad idi.
— Mariya Semyonovnaya, Sadığa, Mustafaya… Hacıya…
— Allah onların hamısına rəhmət eləsin… — Malikin, deyəsən
gözləri dolmuşdu, kövrək idi deyin, səsi həzin gəldi.
Onlar öz müəllimlərini xatırlayırdılar. Xatırladılar,
qurtardı.
— İndi də keçirəm sözümün sağlıq hissəsinə… Bitirirəm. Məni
diqqətlə dinləyin. — Kamranın ürəyi birdən-birə sıxıldı. O bu
sağlığı hökmən deyib sona çatdırmaq istəyirdi. Ona elə gəlirdi ki,
sağlıqdan sonra o əndirabani fikir bir daha onu narahat
etməyəcək.
Kamran bir əliylə yanında oturmuş Hənifənin başına yenə də sığal
çəkdi, o biri əlində tutduğu qədəhi isə düz başının üstünə
qaldırdı, uca səslə dedi:
— Mən içirəm bu badəni bizim aramızda axırıncı kim qalacaqsa
onun sağlığına. Heç kim bilmir, o axırıncı adam bizim aramızda kim
olacaq. Amma kimsə olacaq. Hamı gedir bu dünyadan, heç kim bu
dünyanı tutub qalmır.
— Əlbəttə, ölüm haqdı… — Vahidin səsi molla səsinə oxşadı. O,
dostlar arasında yeganə namaz qılan idi.
— Bəli, o adam ki, onun alnına yazılıb və o bizim hamımızdan
sonra gedəcək o biri dünyaya, mən təklif edirəm, bunu içək o
xoşbəxtin sağlığına.
Məclisdəkiləri söz tutdu və onlar bir müddət dinib-danışmadan
deyilən sağlığı "həzm" eləməyə çalışdılar.
— Nə danışır bu? Siz bir şey başa düşdüz?! — Nəhayət, Zakir
araya çökən səssizliyi pozdu. — Necə yəni, axırıncı adam? Deməli,
belə çıxır ki, o adam tək qalacaq?..
— Bəli, əzizi-mən, kimsə axırda tək qalacaq. Bu bizdən asılı
deyil ki… Kim axırda qalacaq onun sağlığına… Məsələn,
Hənifənin…
— Mənə lazım deyil. İçməyin mənim sağlığıma. İstəmirəm. — Hənifə
qaşqabağını salladı. Bu dəfə o, son dərəcə ciddi idi.
— Nolar?! Onda Zakirin sağlığı… — Kamran nəvaziş dolu təbəssümlə
Zakirə baxdı.
— Niyə mən? Mən niyə? İstəmirəm! Mənim də sağlığım olmasın! —
Zakir kobud bir tərzdə Kamranın sözünü kəsdi.
— Başa düşürəm. O zaman… könüllü yoxdu?
Yenə səslər bir-birinə qarışdı, hamı bir ağızdan
danışdı:
— Yoxdu, könüllü yoxdu. Bu çox axmaq sağlıqdı, Kamran. Başqa
plastinka qoyun… Mənə lazım deyil… Ay gic, deməli, bu adam bizim
aramızda hamıdan çox yaşayacaq, başa düşürsən? Cəhənnəmə ki…
İstəmirəm. Axırıncı? Adamın ürəyi partlayar… Tək, quqquluqu… Sən də
istəmirsən? Yox, mən niyə? Mən də istəmirəm… Kamran, sənin bu
sağlığına heç kim qol qoymadı… Başqa sağlıq de, içək.
Yoxsa…
— Topu kim gətirmişdi, onun sağlığına…
— Yox, şüşəni kim sındırdı, onun sağlığına…
— Yaxşı ki, şüşə o kişinin başına düşmədi. Sona hirsindən
əsirdi. Arif nə oyundan çıxmadı, topu kimin gətirdiyini öyrənmək
üçün… Amma heç kim Etimadı satmadı…
Dostlar ümidlə Etimada baxdılar. O, sağlığı öz üstünə götürə
bilərdi.
— Çox sağ olun uşaqlar…— Etimadın üzünü məsum bir təbəssüm
gəzdi. — Amma qoy bu sağlıq mənim sağlığım olmasın…
Kamranın sağlığı, əlbəttə ki, alınmamışdı. Onlar daha bir kəlmə
də danışmadılar. Qədəh qədəhə toqquşdurmadan araqlarını başlarına
çəkdilər. Elə bil, ölmüş bir adamı, sonra imkan olmayacaq deyə
əvvəlcədən yad edirdilər. Malik qədəhini qaytarıb yerə qoydu.
Əllərinin dalı ilə gözlərini qızaranacan ovuşdurdu. Sonra… Sonra
isə turşu xiyardan ləzzətlə bir dişdəm aldı və qəfildən çırtıq
çala-çala məşhur mahnının ahəngində səsini başına atdı:
— Deyin görək çay olacaq??? Deyirlər ki, çay olacaq…
Zakir ürəkdən qəhqəhə çəkdi:
— Ha-ha-ha…
Sim-Sim.az