Ana səhifə Toplum |
Abşeron yarımadası istisna olmaqla, Azərbaycan
ərazisində təhlükəli sürüşmə sahələrinin adları
açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji
Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz
Qaralov APA-ya
açıqlamasında deyib ki, onlar tərəfindən Azərbaycan ərazisində
Abşeron yarımadası istisna olmaqla, təhlükəli sürüşmə sahələrinin
xəritələri hazırlanıb.
Onun sözlərinə görə, xəritələrə Ağsu rayonu üzrə 5 sürüşmə sahəsi,
Cəlilabad rayonu üzrə Sadatlı sürüşmə sahəsi, Gədəbəy rayonu üzrə
Şahdağ sürüşmə sahəsi, Göygöl rayonu üzrə Dozular sürüşmə sahəsi,
Xızı rayonu üzrə Xızı sürüşmə sahəsi, İsmayıllı rayonu üzrə
Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu
kilometrliklərində sürüşmə sahələri, Diyallı və Vaşa sürüşmə
sahələri, Qobustan rayonu üzrə Cəyirli və Poladlı sürüşmə sahələri,
Quba rayonu üzrə Quba-Xınalıq yolu sürüşmə sahəsi, Quba-Qonaqkənd
yolu sürüşmə sahəsi, Güləzi və Küsnət sürüşmə sahələri, Qusar
rayonu üzrə Qusar-Sudur avtomobil yolunun 37-ci kilometrliyi
sürüşmə sahəsi, Qənərçay və Urva sürüşmə sahələri daxil edilib.
Ə. Qaralov qeyd edib ki, Lerik rayonu üzrə Veri-Əliabad sürüşmə
sahəsi, Lənkəran rayonu üzrə Horavenç sürüşmə sahəsi,
Lənkəran-Lerik yolunun 17-19-cu km sürüşmə sahəsi, Masallı rayonu
üzrə Güllütəpə sürüşmə sahəsi, Şabran rayonu üzrə Bakı-Samur
avtomobil yolunun 120-ci km-i sürüşmə sahəsi, Baş Əmirxanlı və
Surra sürüşmə sahələri, Şamaxı rayonu üzrə Bakı-Şamaxı magistral
yolunun 106-111-ci km-də bir neçə sürüşmə sahəsi, Bakı-Ağsu yolunun
132-156-cı km-də sürüşmə sahələri, Cabanı, Dədə Günəşli, Qaravəlli,
Muğanlı və Saqiyan sürüşmə sahələri, Tovuz rayonu üzrə isə Qəribli
sürüşmə sahələri təhlükəli sahələr olaraq müəyyən olunub.
Ə. Qaralov onu da qeyd edib ki, sürüşmə sahələrinin istiqamətləri
xəritə üzərində göstərilib: "Hazırda tərəfimizdən Abşeron
yarımadasında təhlükəli sürüşmə sahələrinin xəritələri
hazırlanır".
Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının
ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi
təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu
sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında qərar verib.
Qərara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
aparılan tədqiqatlar nəticəsində müəyyən edilən torpaq sürüşməsi
təhlükəsi olan sahələrin coğrafi koordinatları əks olunan xəritələr
kağız və elektron variantda təsdiq ediləcək. Torpaq sahəsinin
mənsubiyyətindən asılı olmayaraq, həmin təsdiq edilmiş xəritələrdə
göstərilən torpaq sürüşməsi təhlükəsi olan sahələrdə sürüşməyə
qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması
qadağandır. Bu qərarın icrasına nəzarət Fövqəladə Hallar
Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə
edilib.
Tarix
2016.02.02 / 13:58
|
Müəllif
Axar.az
|