Bu gün Azərbaycan
respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev qış məktəbinin
iştirakçıları ilə görüşüb.
Axar.az xəbər verir ki, iştirakçıları salamlayan akademik
müxtəlif ölkələrin müəllim və tələbə heyətini Bakıda görməkdən
məmnun olduğunu deyib:
"Hamını Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
salamlayıram. Sizin gəlişinizi uzun müddətdir səbirsizliklə
gözləyirik. Mən Ukranya, İsveçrə, Türkiyə, Bolqarıstan, Yunanıstan
və başqa ölkələrdən gələn tələbələri salamlayıram. Portuqaliyadan
gələn bizim əziz qonaqlarımız bir daha sübut etdilər ki,
tələbəliyin ömür müddəti olmur. Biz ömür boyu öyrənməyə məhkumuq.
Artıq 2-ci gündür ki, Azərbaycandasınız. Hələ sizi Quba, Qusar və
Xaçmazda tələbələr gözləyir və sizi orada gözləyən idman
yarışlarının bəri başdan sevincini yaşayıram. Prezident İlham
Əliyev qış məktəbi ilə tanış olanda dedi ki, gəncləri mütləq yay
məktəbinə də dəvət etməliyik. Mən buradan yay məktəbinin
iştirakçılarını salamlamaq istəyirəm. Onlar artıq bir dəfə Bakıda
olublar.
Ümid edirəm ki, Azərbaycan Multikulturalizm fənni ilə
tanışlığınız bitəndən sonra buradakı dostlarınızla ünsiyyətiniz
davam edəcək. Çünki azərbaycanlı təsəvvüründə dostluq bir ömür boyu
insana verilən nemətdir. Hər birimiz əl-ələ verib çalışmalıyıq ki,
Azərbaycana olan maraq məhəbbətə çevrilsin. Dünyamızın məhəbbətə
çox ehtiyacı var".
Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan
etdiyini xatırladan akademik bunun Azərbaycan xalqı üçün çox böyük
əhəmiyyəti olduğunu bildirb:
"Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan
edib. Bunun bizim üçün çox böyük əhəmiyyəti var. Əslində, Prezident
İlham Əliyev çox böyük mesaj göndərib. Bu ili insanların bir-birinə
şəfqət, məhəbbət və mərhəmət göstərməsi ili kimi qeyd etməliyik. Bu
istiqamətdə Azərbaycanda əsrlərdən bəri multikulturalizm dəyərləri
çox önəmli yer tutub.
İnanıram ki, Azərbaycanda olduğunuz 8-10 gün ərzində siz də bu
təsəvvürlərə malik olacaqsınız".
Görüşdə Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin nəşr etdiyi "Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları" kitabı haqqında iştirakçılara ətraflı məlumat
verib:
"Bu kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində
yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural,
tolerant dəyərlər beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas yığılıb bir
kontekst daxilində toplanıb. Bu baxımdan kitabda ədəbiyyatımıza
multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini
müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir. Kitabda
söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara,
başqa xalqlara məxsus alimlərə sonsuz ehtiramın təsviri, tərənnümü
faktlarla öz təsdiqini tapıb. Bu isə Prezident İlham Əliyevin
dediyi "Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan
dəyərdir" sözlərinin əyani göstəricisidir".