Yuxarı

Kapitanımız 52-ci limanında

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Axar.az-ın əməkdaşı, İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı, tanınmış şair Faiq Balabəylinin 52 yaşı tamam olur. Bu münasibətlə şairə yeni yaş ilində uğurlar arzulayır və onun bir neçə şeirini təqdim edirik:

Bircəciyim, de sözünü, duruxma,

Ömür keçir, gözləyəmməz yaş durub,

Məndən xəlvət ağlamısan deyəsən,

Qurumayıb, yanağında yaş durub.

Belə getmə, görənlər var, dur görüm,

Bir gülümsə, gözlərində nur görüm.

Günahım var, gəl boynumu vur görüm,

Müntəzirdi, qabağında baş durub.

Ay gözləri yaşla dolan ağıllım,

Ay baxışı min ovsunlu, nağıllım,

İçərimdən söküm-söküm dağıldım

Ağlayacaq əvəzimdə daş durub

***

Sərt külək uladı ac yalquzaq tək

çatmadım səsinə, qaldım uzaq, tək

sıyrıldım, qınımdan çıxdım bu gecə

qaynadım, qanımdan axdım bu gecə

O yalquzaq səsin, ulayan səsin

qaçaraq ardınca baxdım bu gecə

Çırpdım dizlərimə, döydüm özümü

əl atdım, gördüm ki, qında pas tutan -

xəncərim korşalıb, deşmir köksümü.

Nəyin həsrətiydi, nə idi ağrım

yarımçıq yaşadım, yarıldı bağrım.

Qoşulub yalquzaq səsinə gecə

küləyin səmtinə səni çağırım?

Əlləri köksündə, ağbirçək anam

hələ də yollardan çəkmir gözünü

asdım asılqandan dərdi kürk kimi

yumruğum sinəmə dəydi gürz kimi

gördün ki, pas atıb qında xəncərim,

tiyəsi korşalıb, deşmir köksümü.

Çocuq taleyi var bu məmləkətin

nə var aldatmağa şirniquş ilə...

üzümüz o qədər üzü yoladır

yollaşa bilərik lap bayquş ilə.

Tiyəsi pas atan xəncər vurduğu

dərinə getməyən yaram su verir

gündüz qaranquşdan gözlədiyimi

qaranlıq gecədə yarasa verir...

***

İndi hara üz tutum, indi kimi çağırım,

pıçıldayım dərdimi, yoxsa bərkdən çığırım,

istəyirəm üzümü göyə tutub bağırım:

Mən bədbəxt adamam,

yazıq adamam!

Tanrım, mənə boy verdin, boyun seçilsin dedin?

Toyumu qara etdin, toyun seçilsin dedin

Sinəmə bir dağ çəkdin, dağın kiçilsin dedin

Mən bədbəxt adamam,

yazıq adamam!

Balam gəldi dünyaya, adına oğul dedim

Dil açdı "ata" dedi, dilinə noğul dedim.

Sinəmdə düyün olan qubara dağıl dedim

Mən bədbəxt adamam,

yazıq adamam!

Qəlbim arzuyla dolu, damarımda qara qan

Mən sülhə boyun əydim, mən demədim "qana qan!"

Qara bulud üstümə kölgə saldı hayandan

Mən bədbəxt adamam,

yazıq adamam!

Hirsini yağış edib, bu bulud tökər dedim

Dərdlərimi şah etdim, özümə nökər dedim.

Ağrımı əzizlədim, adına "şəkər" dedim

Mən bədbəxt adamam,

yazıq adamam!

Gözlərim yol çəkəndən, siqaretə "yox" dedim

Ah çəkməyə heyim yox, mən dilimlə "ah" dedim

Sən yazdığın yazıdır, dur oxu, Allah dedim,

Mən bədbəxt adamam,

yazıq adamam!

Alnıma baxtımı yazdın, hərfin tanımaq olmur

Düzün oxumaq olmur, səhvin tanımaq olmur.

Elə göydən baxırsan, yəni tanımaq olmur,

Mən bədbəxt adamam,

yazıq adamam?!

***

Bu vecsiz oğlunu ağlama, anam

qəbrimə çilənən yaş heyif olar

mənim əvəzimə arzuladığın

doğa bilmədiyin daş heyif olar.

Beləcə yaşadım: nə çox, nə də az

hər kəsin ağzında eynidir avaz...

üzümə su səpsə bu gecikən yaz

dondursa qanımı qış heyif olar...

Çarpıldım qılınca, dəydim qalxana

dərd olub, gül kimi qondum yaxana

edam kötüyünü çəkin yaxına

kəndirə keçirilsə baş heyf olar...

Tarix
2016.02.23 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla