Bakı Ali Neft Məktəbində
(BANM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevlə
görüş keçirilib.
Bu barədə Trend-ə
BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşaviri, akademik Kamal Abdullayevin BANM-in professor-müəllim
heyəti və tələbələri ilə görüşü və onun elmi redaktoru olduğu
"Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının
təqdimatı keçirilib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin
Ali Məktəbdəki büstü önünə gül dəstələri düzülüb.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov
bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2016-cı ili "Multikulturalizm ili" elan edib Bu, olduqca
əhəmiyyətli hadisədir, belə ki, müasir dövrdə bu, yalnız Azərbaycan
üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin 2016-cı ili "Multikulturalizm ili" elan
etməsinin dünya ictimaiyyətinə, dünyaya bir çağırış olduğunu deyən
Elmar Qasımov ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdən
bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət
göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız
tərəfindən daim yüksək qiymət verildiyini vurğulayıb. Bu sahədə
böyük işlərin həyata keçirildiyini deyən rektor rəhbərlik etdiyi
Ali Məktəbin bu istiqamətdəki fəaliyətindən danışıb. Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə
əməkdaşlıqda bir sıra tədbirlərin keçirildiyini nəzərə çatdıran
Elmar Qasımov bunun davamlı olacağını deyib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev
Azərbaycanın bilikli, savadlı gənclərinin üstünlük təşkil etdiyi
Ali Məktəbdə olmaqdan məmnuluğunu ifadə edib. O, multikulturalizmin
tarixindən və multikulturalizm siyasətinin meydana gəlməsindən
danışaraq Azərbaycan multikulturalizminin inkişaf
perspektivlərindən söz açıb. 2016-cı ilin Azərbaycanda
"Multikulturalizm ili" elan olunduğunu multikulturalizmin
Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə
xalqımız üçün demokratik dəyərə çevrildiyinin göstəricisi olduğunu
vurğulayıb.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş
çoxşaxəli siyasətindən söz açıb. Multikulturalizm ənənələrinin
formalaşması haqqında söz açan akademik Kamal Abdullayev
multikulturalizm siyasətinin ölkəmizin demokratik inkişafının
tərkib hissəsi olduğunu deyib.
O, bu sahədə Ümummilli lider Heydər Əliyevin xidmətləri barədə
danışdı və bildirdi ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə bu məsələ hüquqi sənədlərdə, o cümlədən Azərbaycan
Respublikasının Konstitusiyasında əks olunub. Multikulturalizm
siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan
Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit
edilib.
Dövlət müşaviri qeyd edib ki, multikulturalizm məna etibarilə
çoxmədəniyyətlilik deməkdir, yəni çoxmədəniyyətli bir cəmiyyətdə bu
çoxmədəniyyətliliyin daşıyıcılarının bir-birinin yanında normal
şəkildə yaşaması deməkdir.
"Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı
haqqında söz açan akademik Kamal Abdullayev bu kitabda klassik şair
və yazıçılarımızın yaradıcılığının fərqli bir rakursda təqdim
olunduğunu deyib. O bildirib ki, ədəbiyyatımıza multikultural
dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl
meyarlardan biridir.
Akademik Kamal Abdullayev bu nöqteyi-nəzərdən, təqdim olunan
nəşrin müasir dövrdə öz aktuallığı ilə seçildiyini qeyd edib. O
bildirdi ki, ərsəyə gətirilən bu kitab multikultural ənənələrin
öyrənilmə cəhdidir.
Akademik Kamal Abdullayev kitabda orta əsrlərdən müasir
dövrümüzə qədər olan ədəbi-bədii nümunələrdə multikultural
dəyərlərin ifadəsinin təzahür formasının izah olunduğunu bildirib.
O, Azərbaycan klassiklərinin əsərlərindəki multikulturalizm
elementlərini izah edərək sözügedən nəşrdə bununla bağlı misallar
göstərildiyini deyib.
Sonra akademik Kamal Abdullayev görüş iştirakçılarının, o
cümlədən tələbələrin çoxsaylı suallarını cavablandırıb və müəllifi
olduğu, o cümlədən redaktorluğu ilə çıxan müxtəlif kitabları Ali
Məktəbin kitabxanasına və tələbələrə hədiyyə edib.
Rektor Elmar Qasımov akademik Kamal Abdullayevə BANM-in "Fəxri
qonaq" diplomunu təqdim edib.