Ana səhifə Kult |
Londonun məşhur "Voterstones" kitab evi və Avstriyanın "Dradivaberl" nəşrlər evində keçirilən təqdimatların ardınca yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı Almaniyanın Berlin şəhərində yerləşən Humboldt universitetində də oxuculara təqdim olunub.
Bu haqda "Axar.az"a BSU Yaradıcılıq fakültəsinin mətbuat bölməsindən xəbər veriblər.
Bir il öncə Avstriyada çap olunmuş əsərin təqdimat müzakirəsini Universitetin Azərbaycan tarixi kafedrasının müdiri şərqşünas alim professor Yeva Mariya Aux açıb. O, giriş sözündə Azərbaycanın tarixi və ədəbiyyatı haqqında danışıb, "Yarımçıq əlyazma"nın tarixi-mədəni qaynaqları, əsərdə cərəyan edən hadisələrin ümumi fonu barədə söz açıb. Professor Aux çap olunduğu vaxtdan bu yana romanın geniş müzakirələrə səbəb olduğunu, artıq dünyanın bir çox dillərinə tərcümə edildiyini qeyd edib. O, əsərin Avropa oxucuları üçün Azərbaycan ədəbiyyatına, tarixinə və mədəniyətinə açılan əhəmiyyətli bir pəncərə olduğunu deyib.
O, Kamal Abdullanın bədii yaradıcılğının özəllikləri haqqında danışdıqdan sonra söz müəllifə verilib.
Kamal Abdulla romanın yazılma tarixi və onun sonrakı taleyi barədə danışıb. Romana göstərilən marağa və təqdimatının təşkilinə görə təşkilatçılara öz təşəkkürünü bildirib.
Bundan sonra universitet tələbələri ifadəli oxu ilə romandan parçaları səsləndiriblər.
Tədbir müəllifin iştirakçıların suallarını cavablandırması ilə davam edib.
Sonda imzalama mərasimi keçirilib və müəllifin tələbələrlə söhbəti qeyri-rəsmi şəraitdə davam edib.
Tədbirin sonunda prof. Y.M. Aux bu görüşdə iştirak etdiyi üçün yazıçıya təşəkkür edib və ona yeni yaradıcılıq uğurları arzulayıb.
Görüşdə Azərbaycan və türk diaspor nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, əsəri alman dilinə Aygün Mehbalıyeva tərcümə edib. Kitaba ön sözü tanınmış filoloq prof. Ziqlinde Hartmann yazıb. Roman Avstriyanın nüfuzlu "Goldegg verlag" nəşriyyatında işıq üzü görüb.
Tarix
2014.02.11 / 18:08
|
Müəllif
Axar.az
|