Yuxarı

Qarabağda aprel əməliyyatları - 11 məqamda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin ilk iki günü Qarabağdakı hərbi əməliyyatlar son dərəcə ciddi məqamlarla yadda qaldı.

Axar.az xəbər verir ki, bu haqda analitik Vüqar Zifəroğlu yazıb. O, Qarabağdakı son əməliyyatların təsirlərindən söz açıb:

"1. Hərbi nöqteyi-nəzərdən ermənilərin ilk müdafiə xəttinin yarılması son dərəcə ciddi psixoloji məqam idi. 1994-cü ildən sonra ilk dəfə idi ki, müdafiə xətti yarılırdı və bu bizim qələbəmizlə nəticələndi. Hərbi cəhətdən düşmən qarşısında bu cür psixoloji üstünlük, şübhəsiz ki, orduda yüksək əhval-ruhiyyəyə səbəb olur. Bu da ciddi faktordur. Cəbhənin ön xəttinin yarılmasının mümkünsüzlüyü haqqında illərdən bəri Ermənistanın yaratmış olduğu psixoloji mifi Azərbaycan ordusu darmadığın etdi.

2. Daxili auditoriyanın – yəni xalqın belə bir psixoloji üstünlüyə ehtiyacı var idi. Bu üstünlük "məğlub xalq" yükünün ağrısını müəyyən qədər azaltmış oldu. Bu, həmçinin daxildə bütün siyasi-ideoloji fikir ayrılıqlarına rəğmən, hamının Qarabağ adlı dəyər uğrunda bir yumruq kimi birləşə biləcəyini və bu zaman da dövlətin, ordunun yanında, ona tam dəstək verməyə hazır olduğunu göstərdi.

3. Azad edilən nöqtələr və yaşayış məntəqələri ciddi strateji əhəmiyyətə malikdir. Adları çəkilən yüksəklik və yaşayış məntəqələrinin nəzarətimizə keçməsi gələcək hərbi əməliyyatlar üçün münbit şərait yaradır, Aran Qarabağında rahat manevr etməmiz üçün bütün imkanları yaradır.

4. Aprel əməliyyatları həm də Ermənistana real gücünün nə olduğunu göstərdi ki, bu da düşmən ölkədə düşdükləri ağır durumu daha qabarıq və açıq şəkildə anlamalarına şərait yaratmış oldu. Erməni daxili auditoriyası birinci Qarabağ savaşından sonra ilk dəfə açıq şəkildə məğlubiyyətin acısını daddı, Azərbaycanın gücünün və potensialının hətta kiçik hissəsini istifadə etməklə nəyə qadir olduğunu öz üzərində hiss etdi. Bu isə daxildəki siyasi proseslərə və eləcə də sosial narazılıqların artmasına öz təsirini göstərəcək.

5. Bu əməliyyatlar sübut etdi ki, Qarabağ münaqişəsi heç də "dondurulmuş" sayıla bilməz və hər an ciddi şəkildə alovlanaraq Cənubi Qafqazda müharibə ocağının yaranmasına səbəb ola bilər. Bu müharibə ocağı isə öz təsirini Azərbaycanın Yaxın Şərqin qapısı olması və həmçinin Türkiyə və Rusiya faktorlarına görə təkcə postsovet məkanına göstərməyəcək, miqyası genişlənəcək. Hər halda 3 günlük müharibənin od-alovu fəaliyyətsiz Minsk Qrupunun öz "donu"nu əritməsi üçün əslində bəs etməlidir.

6. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mifini dağıldı. Bu isə bəlkə də ən ciddi məqamlardan hesab oluna bilər. Təsəvvür edin, ermənilərin hər zaman kölgəsində gizlənməyə çalışdıqları KTMT-nin iki üzvü - Qazaxıstan və Belorusiya Azərbaycanın haqlı mövqeyini müdafiə edən bəyanat verdi. Digər ölkələr isə baş verənləri sadəcə müşahidə etməklə kifayətləndilər. Ermənilər çox gözəl anladılar ki, Azərbaycanla mümkün hərbi qarşıdurma baş verəcəyi təqdirdə KTMT adlı qurumdan dəstək olmayacaq. Ermənilərə yalnız ruslar havadarlıq edəcəklər.

7. Azərbaycan bir daha Rusiyanın mövqeyini özü üçün dəqiqləşdirmiş oldu. Sual oluna bilər ki, məgər bu mövqe bizim üçün aydın deyildi? Şübhəsiz ki, Rusiyanın, rəsmi Moskvanın Qarabağ məsələsinə və eləcə də ermənilərə də, bizə də münasibəti bəllidir. Açıq etiraf edək ki, istər siyasilər arasında, istərsə də, xalq arasında hələ də Rusiya ilə bağlı, yumşaq desək, tərəddüddə olanlar kifayət qədərdir və məhz bu son 3 gündə Rusiyanın mövqeyi və rus kanallarının "söz ifrazatı" onların gözlərini bir çox məsələlərə aça bilər.

8. Türkiyə və Pakistan – bu iki ölkənin mövcud müharibə ssenarisi reallaşarsa, Azərbaycanın yanında olacaqları ilə bağlı heç bir tərrəddüdə yer olmayacağını aşkar şəkildə ortaya qoymuş oldu. Bu dəstəyin həm siyasi, həm də hərbi sahələri əhatə edə biləcəyi vurğusu ön planda idi.

9. İran isə münaqişəyə daha konkret mövqe bildirməkdə bir o qədər maraqlı olmadığını nümayiş etdirdi. Amma bu iki gündə baş verənlər rəsmi Tehrandan fərqli olaraq Güney Azərbaycanda böyük həyəcanla izlənildi.

10. Qərbin münasibəti maraqlı oldu. Rusiya ilə müqayisədə Qərb daha sakit davrandı. Verilən açıqlamalarda da atəşkəsə çağırış tonu Rusiya rəsmilərinin isterik ajiotajından fərqlənirdi. Burda həmçinin diqqəti çəkən məqam Qərb mediası ilə bağlıdır. Ruslardan fərqli olaraq yayımlanan xəbərlərin əksəriyyətində Qarabağın Azərbaycan ərazisi olduğu və eləcə də toqquşmanın səbəbkarı kimi erməni tərəfinin olduğu vurğulanırdı.

11. İnformasiya müharibəsi sahəsində ciddi boşluqlar var. Bu, daha çox özünü müxtəlif informasiya portalları və sosial şəbəkələrdə göstərməkdədir. Maarifləndirmə işinə ehtiyac var. İnformasiya müharibəsində boşluq özünü əsasən üç istiqamətdə göstərdi: düşünülmədən paylaşılan xəbər və şəkillər ermənilər üçün kifayət qədər ciddi materiallar verdi ki, haqqımızda mənfi rəy formalaşdırsınlar (kəsik baş şəkli), erməni tərəfinin və Rusiya xəbər portallarının qəsdən dövriyyəyə buraxdığı dezinformasiyaların bizim saytlarda və sosial şəbəkələrdə yayımlanması (əldə edilən yüksəkliklərin təkrar ermənilər tərəfindən geri alınması), iri media konqlomeratlarında yayımlanan və həqiqəti əks etdirməyən informasiyalara isə çevik reaksiya verilmirdi. Nəticədə sözün həqiqi mənasında Rusiya mediasının hərtərəfli informasiya manipulyasiyasına məruz qaldıq, bu bizim öz daxili auditoriyamıza ciddi təsir etdiyi kimi, xaricə də öz təsirini göstərdi. Eləcə də, bir sıra iri media orqanları baş verənləri müəyyən qədər təhrif edilmiş formada dünyaya çatdırmış oldu. Məsələn, "Röyter" kimi nüfuzlu informasiya agentliyinin "Azərbaycan ordusu ilə Dağlıq Qarabağ erməniləri arasında döyüşlər başlayıb" başlığı ilə xəbər yayımladı.

Tarix
2016.04.04 / 11:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla