Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik
Kamal Abdullayevin "Ümummilli lider Heydər Əliyev Azərbaycanda
multikulturalizmin siyasi banisidir" adlı məqaləsi Almaniyanın
nüfuzlu "Presse Anzeiger" (www.presseanzeiger.de)
portalında dərc olunub.
Axar.az xəbər verir ki, bu portal Almaniyanın ən böyük onlayn
saytıdır.
Məqalədə Ulu Öndər Heydər Əliyevin "Dövlət, ölkə nə qədər
çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər
biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini
verir" sözləri epiqraf kimi verilib.
Məqalədə Akademik Kamal Abdullayevin "Kitabi-Dədə Qorqud"
dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz
nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin
mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə
həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi
müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu ulu
öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı
üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti
ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf
etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ
siyasi mərhələ idi. Əslində, ulu öndər Azərbaycan
multikulturalizminin siyasi banisi oldu" kimi fikirləri, həmçinin,
Azərbaycan Konstitusiyasında ölkəmizdə yaşayan etnik toplumların
hüququ və azadlıqları ilə bağlı maddələri öz əksini tapıb.
Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və
inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamətin
yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf
etdirilməsi, Prezidentin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən
bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumların
keçirilməsi, ölkədə multikulturalizm siyasətinin inkişafı ilə bağlı
görülən digər işlər haqda məqalədə ətraflı bəhs edilib.
Məqalədə bildirilir ki, inkişafda olan multukulturalizmin
Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona
gətirib çıxarmışdır ki, bu gün artıq Yer kürəsinin hər yerində
ədalətsevər insanlar Azərbaycanı sarsılmaz multikultural dövlət
imici əldə etmiş mərkəz kimi tanıyır.
Bunlar Almaniyada multikulturalizmin Azərbaycan modelinə böyük
maraq olduğunu, bu marağın nəticəsi olaraq Almaniyanın Drezden
şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının
açılmasını və Augsburq Universitetində "Azərbaycan
multikulturalizmi" fənninin tədris olunmasını qeyd edə bilərik.